Hollivudun Rapunzelindən dəb taktikaları – FOTOLAR
Bizi izləyin

Layihə

Hollivudun Rapunzelindən dəb taktikaları – FOTOLAR

Son vaxtlar Holivudu təsiri altına alan dəb ilahələrindən biri də aktrisa El Fenninqdir. Publika.az-ın "Onların stili" layihəsində gözəl ulduzun stili haqqında ipucları əldə edə bilərsiniz.

Nağıl obrazlarına xas məsum gözəllik

18 yaşlı aktrisa El Fenninqi çoxları "Malefisenta" filmindən tanıyır. Həqiqətən də, filmdəki Yatan gözəl obrazı El Fenninqə çox yaraşmışdı. Çünki aktrisa sarı saçları, qüsursuz üz cizgiləri və məsum ifadəsi ilə nağıl obrazlarından seçilmir. Gənc xanıma Ancelina Colinin baş rolda olduğu "Malefisenta" şöhrət gətirsə də, onun kiçik yaşlarda rol aldığı filmləri də unutmaq olmaz. El Fenninq məşhur aktrisa Dakota Fenninqin bacısıdır. Elə buna görə də, kino sahəsinə gəlməsi heç kimi təəccübləndirməyib. Onun ilk ekran təcrübəsi də elə bacısı sayəsində, 2001-ci il istehsalı olan "I Am Sam" filmi ilə olub. El Fenninq adı çəkilən filmdə bacısının 2 yaşındakı halını canlandırıb. Aktrisa daha sonrakı illərdə "About Ray" filmindəki performansı ilə də kino tənqidçilərin rəğbətini qazanıb.

Kiçik yaşda böyük şöhrət

Ancaq bu gün Fenninqə şöhrət qazandıran təkcə aktrisalıq bacarığı deyil, gənc yaşda olmasına baxmayaraq, adını dəb ilahələri arasına yazdıra bilməsidir. Təsadüfi deyil ki, indidən bir çox məşhur jurnalın üz qabığına çıxmağı bacaran ulduz "Marc Jacobs" brendinin siması da olub. Əfsanəvi dizayner Karl Laqerfeldin sevimlilərindən olan El Fenninq 13 yaşından bəri müxtəlif fasilələrlə "Rodarte" üçün modellik edib.

Hollivudun zəriflik timsalı

Hər kəsin qeyri-adi, fərqli görünərək diqqət çəkməyə çalışdığı Hollivudda El Fenninq romantik və retro üslubun harmoniyasından yaratdığı özünəməxsus tərzi ilə ilham verməyi bacarır. Hollivudda bir çox gənc ulduz seksual görünməyə can atır. Buna görə də, həddən artıq dekolteyə, ağır makiyaja üstünlük verirlər. Bu isə onların olduqlarından daha böyük görünmələrinə gətirib çıxarır. Ancaq El Fenninq makiyajı sevməməsi səbəbilə, yaşından daha kiçik görünən ulduzlardandır.

Eli yalnız qırmızı xalıda makiyajlı görmək olar. Üz dərisi qüsursuz olduğu üçün ağır makiyaj etdirməyən aktrisa çılğın xarakterini göz makiyajında əks etdirməyi xoşlayır. O, bir çoxlarının ağlından belə keçməyən çalarları (sarı, çəhrayı, qırmızı) göz makiyajında istifadə etməyi sevir. Dodaqlarını isə bəzən çəhrayı rəngə, bəzən də neytral çalarlara boyayır.

El Fenninq saç stilini tez-tez dəyişməyi xoşlamır. Sarı saçlarını gah yandan, gah da ortadan ayırır. Hörükləri çox xoşlayan aktrisanın saçları adətən, düz və səliqəli olur. Dəbdə olsa da, dağınıq saç modellərini xoşlamır.

Onun film qalalarında geyindiyi romantik üslubdakı libasları göz oxşayır. Təsadüfi deyil ki, çoxları onu Hollivudun zəriflik timsalı hesab edirlər. El Fenninq seçdiyi saç modelləri və makiyajlarla üslubunu qüsursuz şəkildə tamamlamağı bacaran ulduzlardandır. Aktrisanın tərzindən ilham almaq istəyənlər qarderoblarına ipək parçadan geyimlər, çiçək printli don və ətəklər, gipürlü donlar əlavə etməlidirlər. Gənc aktrisa hər rəngi sınaqdan keçirsə də, solğun çalarlara üstünlük verir. İlk baxışda diqqəti çəkən, parlaq rənglərdən uzaq durur. Təbii gözəllik axtarışında olanlar üçün El Fenninq əla tapıntıdır.

Gənc ulduz jurnallardan birinə verdiyi açıqlamada geyimləri ilə insanları təəccübləndirməkdən həzz aldığını etiraf edib: "İnsanlar geyindiklərimin bir az qəribə olduğunu deyəndə bundan həzz alıram. Məncə bu çox xoş komplimentdir".

Yay mövsümünün ilham pərisi

Qarşıda bizi yay ayları gözləyir. Yay mövsümündə məhz gənc aktrisa El Fenninqdən ilham almağınızı məsləhət görərdik. Çünki El Fenninqin romantik üslubu yayın əhval-ruhiyyəsi ilə uyğunlaşır. 2016-cı ilin trendləri arasında olan çəhrayı, mavi, sarı, yaşıl kimi rənglərdə geyinməyi planlaşdırırsınızsa, təqdim etdiyimiz fotolara mütləq nəzər salın!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm