Rəşad Kəsəmənli: “Qadınlar kişiləşəndə çox iyrənc olurlar” – FOTOLAR
Bizi izləyin

Layihə

Rəşad Kəsəmənli: “Qadınlar kişiləşəndə çox iyrənc olurlar” – FOTOLAR

Publika.az-ın “Kokteyl” layihəsinin budəfəki qonağı Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli oldu. Onunla həm atası ilə bağlı xatirələrindən, həm şairlərin ilham pərisi hesab olunan qadınlardan, həm də şəxsi həyatından danışdıq.

- Həyatda nədə özünüzü şanslı hesab edirsiniz?

- Qazandıqlarıma görə ilk növbədə Allaha şükür edirəm, daha sonra isə Nüsrət Kəsəmənlinin oğlu olduğuma görə özümü şanslı sayıram. 100 yaşım da olsa, zirvələrin ən yüksək pilləsinə qalxsam da, atamın bizə miras qoyduğu adla həmişə fəxr edəcəm. Bəzi tanınmış şəxsiyyətlərin övladları populyarlıq əldə etdikdən sonra valideynlərinə qarşı nankorluq edir, mən isə bu ada heç vaxt nankorluq etməmişəm.

- Nüsrət Kəsəmənlinin oğlu olmaq çətindir?

- Bu adı qorumaq, ona layiq olmağa çalışmaq bəlkə də o adı miras qoymaqdan daha çətindir. Məni tanıyanlar da yaxşı bilir ki, atamın adından heç vaxt sui-istifadə etməmişəm. Hətta məktəbdə oxuyanda Nüsrət Kəsəmənlinin oğlu olduğumu gizlədirdim. Çünki mənə atama görə qiymət yazılmasını istəmirdim. Amma atamın bir çox məsələdə mənə yol açması və stimul verməsi danılmaz faktdır. Sonuna qədər olmasa da, hər halda böyük təkan idi. O təkanı sonacan davam etdirmək üçün insanın özündən güc, qüvvə tələb olunur.

- Həm şairsiniz, həm aktyorsunuz, həm də efirdə öz dəsti-xətti, danışıq tərzi ilə seçilən aparıcılardansınız. Hansı sizdə daha uğurlu alınır?

- Şairlik Allah vergisidir. Onun məktəbi olmur, bəzən də genlə ötürülür. Əgər şairlik qabiliyyətim varsa, hansı peşənin sahibi olmağımdan asılı olmayaraq onsuz da yazacaqdım. Özümə ən yaxın bildiyim sahə təbii ki, aktyorluqdur. Onu da qeyd edim ki, məktəbi bitirdikdən sonra birinci BDU-nun hüquq fakültəsinə daxil olmuşdum. Müharibə vaxtı II kursdan çıxıb, könüllü şəkildə hərbi xidmətə yollandım. Əsgərlikdən gəldikdən sonra təhsilimi davam etdirə bilərdim, amma aktyorluğu seçdim. Çünki aktyorluq sənəti ruhuma daha yaxındır.

- Peşman deyilsiniz?

- Qətiyyən.

“Senzuranın olmasının tərəfdarıyam”

- Şairlər, yazıçılar, ümumilikdə yaradıcı insanlar sərbəst olmağı sevirlər. Televiziyanın isə bəlli qaydaları və müəyyən senzuraları var. Maraqlıdır, aparıcılıq sizi sıxmır ki?

- Şair də, aktyor da, bəstəkar da, rəssam da daxilən azad olmalıdır. Məni qəfəsə salsalar da, o dörd divarın arasında mütləq nə isə yaratmağa can atacam. Yəni yaradıcılıq eşqini hər hansı yolla bağlamaq mümkün deyil. Əksinə, yaradıcı insana nə qədər çox təzyiq göstərsən, onun yazmaq və yaratmaq həvəsi daha da artır.

Əslində, senzuranın olmasının tərəfdarıyam. Onun aradan qalxması müsbət nəticələr vermədi. Yaxşı ki, televiziyaların bəzilərində bəzi senzuralar hələ də qalıb. Sovet dövründəki senzuranın yenidən bərpa olunması və bütün kanalların ona əməl etməsini çox istərdim. Təəssüflə qeyd etməliyəm ki, bu gün istedadı olmayan, tanışlıqla, pul bahasına, yaxud başqa yollarla efirə çıxanların sayı durmadan artır. Kiminsə irəli getməsinin qarşısını ala bilmərəm. Allah kimin ruzisini necə veribsə, onu elə də qazansın. Amma hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar.

- Aktyorların maddi problemlərlə üzləşməsi, maaşının az olması sizin bu sənətə olan sevginizi azaltmayıb ki?

- Bu sənəti pula görə sevməmişəm, var-dövlətdə gözü olan insan deyiləm. Pula görə sevsəydim, ilk təhsilimin dalınca düşərdim. Mənəvi zövqümü maddi zövqdən daha üstü tuturam. Gördüyüm işdən zövq alıramsa, deməli, sevgim azalmayıb.

“İncəsənət Universitetini bağlayaq!”

- Gənc aktyorların rollarını bəyənirsiniz?

- Bu gün aktyorluq çox ucuzlaşıb. Bir-iki filmdə çəkilənlər də özünü aktyor kimi təqdim edir. Günah filmlərə öz tanışlarını çəkən rejissorlardadır. Əlbəttə, peşəkar rejissorlar belə etmir. Yaraşıqlı və ya gözəl olduğuna görə kimisə filmə çəkmək nə qədər doğrudur? Bu halda inkişafdan söhbət gedə bilməz. Əgər meyar ancaq yaraşıq, gözəllikdirsə, onda İncəsənət Universitetini bağlayaq! Peşənin incəliklərini, təməlini bilmədikdən sonra hansı roldan söhbət gedə bilər?

- Son vaxtlarda çəkilən filmlərin ssenariləri sizi qane edir?

- Yenə də eyni vəziyyət. Rejissorlar öz tanış ssenaristləri ilə işləyir. O qədər gözəl ssenari yazanlar var ki, onlara diqqət göstərən yoxdur. Nəticədə bu gün çəkilən film və serialların 60-70 faizinin səviyyəsi sıfıra bərabər olur. Sənətini sevən insan öz peşəsinə qarşı belə hörmətsizlik etməməlidir. Şəxsən mən rejissor olsam, hətta doğma qardaşım baş rola çəkilməyi xahiş etsə, o rolu ona vermərəm.

- Gözələ baxmaq savabdır, yoxsa günah?

- Gözələ hansı gözlə baxmağınızdan asılıdır. Gözəlin özünü necə təqdim etməsini də nəzərə almaq lazımdır. Məsələn, abırlı-həyalı, oturuşuna-duruşuna fikir verən və geyiminə diqqət edən xanıma baxanda kişinin beynindən heç vaxt pis fikir keçmir. Əksinə, belə gözəl xanımların olması ilə fəxr edirsən.

“Belə qadından iyrənərəm”

- Yanınızdan çox cəlbedici makiyaj edən və qısa don geyinən xanım keçsə, onun haqqında nə düşünərsiniz?

- Özünü necə ifadə etməsi çox vacibdir. Qısa paltar geyinmiş xanım özünü elə təqdim edər ki, ilk baxışda yaratdığı təəssürat tamamilə yox olar. Sakit şəkildə başını aşağı salıb keçsə, heç fikir vermərəm. Amma hərəkətlərində vulqarlıq əlamətləri olsa, təbii ki, belə qadından iyrənərəm.

- Sevgi insan həyatında nəyi dəyişir?

- İki insanın bir-birinə olan hissləri qarşılıqlıdırsa, onda dünyanın nə qədər rəngarəng olduğunu kəşf edirsən. O rənglər onsuz da var, sadəcə, aşiq olana qədər insanın gözündə bir pərdə olur. Sevdiyini anladığın andan etibarən o pərdə qalxır və sən dünyada nə qədər gözəl rənglər olduğunu anlayırsan. Eşq qarşılıqlı olmayanda isə əvvəlki rəngləri də itirirsən. Və bu, iradəsiz insanların bədbəxtliyinə gətirib çıxarır.

- Bəs ayrılıq insana nələr öyrədir?

- Fərdidir. Mən heç vaxt hüznlü ayrılıq yaşamamışam. Ayrılıq da əzabdır. Amma hesab edirəm ki, insanın həyatda qarşılaşdığı başqa çətinliklər ona daha çox dərs verir. Məni mən edən də üzləşdiyim çətinliklərdir. İstənilən problem insanı düşünməyə, vəziyyətdən çıxış yolu axtarmağa vadar edir və sən müxtəlif problemlərdən çıxış yolunu beynində proqramlaşdırırsan.

- Nə vaxtsa tərk edilmisiniz?

- Yox, o hissi yaşamamışam. Tərk edilməyin nə olduğunu bilmirəm. Əslində, tərk ediləcəyimi hiss edəndə tərk edən tərəf özüm oluram. Kiminsə məni tərk etməsinə heç vaxt icazə vermərəm.

- Onda tərk edən tərəf həmişə siz olmusunuz?

- İstər sevgi, istər dostluq, istərsə də digər məsələlərdə kimisə incitməmişəm.

- Axı bu, mümkün deyil. İstəsək də, istəməsək də bəzən kiminsə qəlbinə dəyirik...

- Heç kim deyə bilməz ki, mən nə vaxtsa kiminsə hissləri ilə oynamışam. Hətta ətrafımda başqalarının duyğuları ilə oynamaq istəyən adamlar görəndə onlara məsləhət verirəm. Hissinin adı nədirsə, onu ilk gündən qarşı tərəfə demək lazımdır. Aldatmaq qədər alçaq hiss yoxdur! Təəssüf ki, indi çoxları sevgi hissi adı altında başqa hisslər keçirirlər, ehtirası sevgi kimi təqdim edirlər. Qarşı tərəf isə o hisslərin sevgi olduğunu zənn edir və sonda məhv olur. Ən yaxın dostum belə kimisə aldatsa, bir qızın hissləri ilə oynadığını bilsəm, ona şərəfsiz kimi baxaram.

- Qadın üçün ən dəyərli hədiyyə nədir?

- Diqqət.

- Həyat yoldaşınıza qarşı çox diqqətcilsiniz?

- Əlbəttə.

- Ona aldığınız ən dəyərli hədiyyə nə olub?

- Çox çətin sual oldu. (fikrə gedir) Bizim ən dəyərli varlığımız övladlarımızdır. Əgər maddiyyatdan söhbət gedirsə, mənə belə gəlir ki, həyat yoldaşımın ən dəyərli hədiyyəsini hələ verməmişəm.

- Kişilər hansı qadınlara ilk baxışdan və ömürlük aşiq olur?

- İlk baxışdan aşiq olmaq xarici görünüşə vurulmaq deməkdir. O, çox vaxt aldadıcı olur. Vitrinə qoyulmuş şirniyyat çox ləziz görünə bilər, amma dadına baxanda gözlədiyimiz ləzzəti almaya da bilərik.

- Onda sualı belə qoyum: ömrünüzün sonuna qədər birlikdə yaşamaq istədiyiniz qadını tapdığınızı nədən anlayırsınız?

- Bunu anlamaq üçün onu yaxından tanımalısan və müəyyən zaman keçməlidir. Bir insanla tanış olmusansa, bütün müsbət keyfiyyətlərini göstərməli və onun ayaqlarına sərməli deyilsən. “Kozırlarımı” ən ülvi və müqəddəs insanın belə qabağına qoymaram. Gözəl insandırsa, sona qədər gözəl olacaq. Amma ilk tanışlıqdan bütün müsbət tərəflərimi göstərsəm, onun hər nazı ilə oynasam, o adamın düşmənə çevrilmə ehtimalı artır. Hər bir şeyi ayaqlarının altına sərə biləcəyim bir insan varsa, o da anamdır.

- Bəs həyat yoldaşınız?

- O, uşaqlarımın anasıdır, mənim ömür-gün yoldaşımdır. Amma anam haqqında dediyim fikri həyat yoldaşım haqqında da deyə bilmək üçün hələ illər keçməlidir. Bəlkə də çoxları məni qınayacaq. Kaş məni qınayanların daxili dünyamı görmək və orda nələrin baş verdiyini sezmək şansı olaydı. Yəqin ondan sonra mənimlə razılaşdılar.

- Sözlərinizdən belə hiss olunur ki, sizdə özünümüdafiə instinkti güclüdür.

- Bəli.

- Adətən uşaqlıqda ciddi travmalar yaşamış insanlar özünü qorumağa meyilli olur.

- Uşaqlığımla bağlı ağır xatirələrim yoxdur. Sadəcə, kiçik yaşlarından bəri söz götürməyi xoşlamamışam. Atam məni hər hansı məsələyə görə danlayanda çox pis olurdum, sonra bir kənara çəkilib özüm-özümü ittiham edir və bu hərəkəti bir daha təkrar etməməyi özümə söz verirdim. Buna görə də bu gün çox ehtiyatlı davranıram. İnsanın ipi öz əlində tarımda olmalı və onu vaxtında çəkməyi bacarmalıdır.

“Kökümə xəyanət edə bilmərəm”

- Həyat yoldaşınız işlərinizə müdaxilə edir?

- Bəli edir, amma məni dəyişmək mümkünsüzdür. Həmişə öz bildiyimi etmişəm. Kökümə xəyanət edə bilmərəm. Atamın yaxşı bir sözü var idi: “Ata kimi tək sənə məxsusam, şair kimi xalqa”. Bu gün kiməsə görə sənətdən uzaqlaşsam, xalqa xəyanət etmiş olaram.

- Bu, aranızda mübahisə yaratmır ki?

- Xırda mübahisələr hamının ailəsində olur, onu da yoluna qoyuruq. Əgər bir insanla ailə qurmusansa, onu dəyişdirməyə çalışmaq lazım deyil. Sadəcə, olduğu kimi qəbul eləməlisən. Mən isə ömrümün sonuna qədər dəyişilməz olaraq qalacam.

“Evlənmək üçün dəlicəsinə aşiq olmaq lazım deyil”

- Ailə qurmaq üçün insan özünü maddi və mənəvi cəhətdən hazır hiss etməlidir, ya dəlicəsinə vurulmalıdır?

- Evlənmək üçün dəlicəsinə aşiq olmaq lazım deyil. Bu gün evlənmək istəyən gənclərə öz daxili dünyasına uyğun olan bir insanla ailə qurmağı tövsiyə edirəm. İnsanın zahiri görünüşü də əbədi deyil. Sürətpərəst insanların gözü kor olur. Qarşı tərəfin gözəlliyinə görə onun çox səhvini bağışlayır. O sürət adiləşdikdən sonra bir vaxtlar sənin gözünə görünməyən ayıblar qabarır və onların üstündən daha keçmək olmur. Sizi inandırım ki, xasiyyətinizə uyğun və təbii ki, meymun olmamaq şərti ilə normal görünüşlü qız zamanla kişi üçün dünyanın ən gözəl xanımına çevrilir.

- Bir qadının xasiyyətinə bələd olmaq, onu tanımaq üçün nə qədər vaxt keçməlidir?

- Dəqiq rəqəm deyə bilmərəm. Bəzən illərlə tanıdığın insandan elə rəftar görərsiniz ki, şoka düşərsiniz. Yaxşı kamuflyaj olan qadınlar və kişilər çoxdur. Onları tanımaq, əsl simaları öyrənmək üçün bəlkə bir ömür də kifayət eləməz. Belələrindən bizi Allah qorusun!

- Kişi üçün hisslərini idarə etmək çətindir, yoxsa qadın üçün?

- Mənim üçün asandır.

- Yəni, heç vaxt hisslərinizin köləsi olmamısınız?

- Özümə nəyisə qadağa qoydumsa, heç kim məni qərarımdan döndərə bilməz. Məsələn, evlənməzdən əvvəl kiməsə bağlanmağı özümə qadağan etmişdim. Dünyanın ən gözəl qadını da gəlsəydi, məni bu fikrimdən döndərə bilməzdi.

- Qadın intuisiyası dəqiqdir, yoxsa kişi məntiqi?

- Ümumilikdə götürsək, qadın intuisiyası daha dəqiq olur.

“Ona qadın kimi baxmaram”

- Qadınlar hansı hallarda dözülməz olur?

- Əlbəttə ki, əxlaqsız qadınlar hamı üçün iyrəncdir. Əxlaqını kənara qoysaq, mənim üçün həyasız qadından murdar insan yoxdur. Emosiyalarını çirkin şəkildə büruzə verən qadınla birlikdə Robinzon Kruzonun yaşadığı adaya düşsəm, ona qadın kimi baxmaram.

- Bəs qadını nə çirkin göstərir?

- Həyasızlıq. Bir də qadınlar kişiləşəndə çox iyrənc görünürlər.

- Kişiləşmək dedikdə konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Özünü kişi kimi aparması məni qıcıqlandırır. Kişi rəqsini ifa edən qadınlar görəndə çox əsəb keçirirəm. Kişi kimi hoppanıb-düşürlər, üstəlik, ayaqqabılarını da çıxarırlar... Dədə-babadan qadın rəqsləri zərifliyi ilə seçilib. Allah lazım bilsəydi, səni kişi yaradardı da... Daha niyə kişi kimi rəqs edirsən? Hələ gəlinlərin qayınana və qayınata olan məclisdə qabağa düşüb oynamasını görəndə lap dəhşətə gəlirəm. Onda Allahdan məni keçmişə aparmasını arzu edirəm. Amma bəzi ailələrdə elə kişi funksiyasını qadınlar görür. Mən o kişilərə necə "kişi" deyim? Zənnimcə, ailəni kişi qorumalıdır.

- Həyat yoldaşınızı, yaxud başqa xanımları sakitləşdirmək xətrinə güzəştə getməyə tez-tez məcbur olursunuz?

- Heç vaxt güzəştə getmirəm. Qadın psixologiyası elədir ki, bir dəfə güzəştə getmisənsə, sonra ondan sui-istifadə edəcək. Bu qadında bir növ alışqanlıq yaradır. O fikirləşir ki, bu xahişimlə razılaşdısa, o biri sözümü də həyata keçirə bilərəm. Əgər kişi bir məsələdə qadına “yox” deyibsə, zamanla peşman olsa da, sözündən dönməli deyil. Bu, mənim qəddar insan olmağımdan irəli gəlmir. Sadəcə, kişi xarakteri polad kimi möhkəm olmalıdır.

- Qadınlarla işləmək çətindir?

- Yox. Mən hər cür qadınla dil tapa bilərəm.

- Rəşad Kəsəmənlini necə qadın həyəcanlandıra bilər?

- İncəliyi, özünə hörməti, nəcibliyi olan qadın. Fikirlərini baxışı ilə ifadə etməyi də çox önəmlidir. Qadın özü haqqında elə təəssürat yaratmalıdır ki, ətraf mühit onun məhv olacağından qorxmalıdır. Kişilər isə belə xanıma baxanda onu bədbəxt etməkdən, onu incitməkdən utanmalıdır. Qadın həmişə incə olaraq qalmalıdır.

- Xəyanətin izini silmək mümkündür?

- Bu məsələyə qadın və kişinin baxışı fərqlidir. İndi ailədə qızları o qədər səhv tərbiyə ediblər ki, bu məsələni eyni tərəziyə qoyublar. Kişi qadın xəyanətini bağışlamamalıdır.

- Qadın kişini bağışlamalıdır?

- Əlbəttə.

- Bu, nə dərəcədə ədalətlidir?

- Qadınların özünü kişi ilə eyni tərəziyə qoymasını başa düşə bilmirəm. Əgər bərabərlikdən söhbət gedirsə, onda müharibəyə niyə ancaq kişilər gedir? Allah qadını kişiyə görə və kişidən sonra yaratdı. Müqəddəs kitabımız “Qurani Kərim”də də kişinin bir neçə qadınla ailə qurmasına icazə verilib, qadının isə bir neçə kişi ilə evlənməsi halal buyrulmayıb.

Ümumiyyətlə, kişi xəyanəti də fərqlidir. Hesab edirəm ki, kişinin bir gecəlik əyləncəsini xəyanət adlandırmaq olmaz. Onun kənarda başqa bir qadını saxlaması, ona həyat yoldaşı kimi dəyər verməsi, onun namusunu çəkməsi əsl xəyanətdir. Kişi bir qadının qeyrətini çəkər və bir xanıma diqqət göstərər. Birgecəlik macəralar arının başqa gül qoxlaması kimidir – boş şeydir.

- Kişilər hansı qadına görə ölümə də getməyə hazır olar?

- Əsl kişi ailəsinə görə həmişə ölümə getməyə hazırdır. Düşünmürəm ki, hansısa kişi kənarda görüşdüyü qadına görə özünü təhlükəyə atmağa razı olsun.

- Evlilik sevgini öldürür?

- Bunu düşünmək lazım deyil. Bu hisslər bitəcəksə, onun ömrünün nə qədər olmasının nə əhəmiyyəti? Ailə quranda özümdən çox uşaqlarıma layiqli, qayğıkeş ana ola biləcək xanım axtarırdım. Mənə gözəl hisslər yaşadan, lakin ana kimi zay, qadın kimi pinti bir xanım nəyimə gərəkdir?

- Xanımınızın işləməyinə icazə verirsiniz?

- Həyat yoldaşımla o, işləməzdən əvvəl tanış olsaydım, razı olmazdım. İş mühiti və kollektivini tanıdığım üçün bundan narahat deyiləm.

- Çoxları sizi dinə bağlı olan imanlı bir şəxs kimi tanıyır. Qızlarınızın başını bağlamasını istərdinizmi?

- Çox istərdim, amma onları heç vaxt məcbur etmərəm. Seçim bəndənin öz ixtiyarına buraxılır. İslamda məcburiyyət yoxdur. Nə həyat yoldaşımı, nə qızlarımı hicab taxmağa məcbur etmərəm. Valideynin əsas missiyalarından biri uşaqların dini tərbiyəsi ilə məşğul olmaqdır. Həyat yoldaşımla mən islam dinini uşaqlarımıza gözəl şəkildə öyrədirik.

- Qız övladı şirindir, yoxsa oğlan?

- Bizim nəsildə qız yox idi, ona görə də nə vaxtsa qızım olacağını heç vaxt düşünmürdüm. Özümü qız atası kimi təsəvvür etmirdim. Hətta qızım olacağını ailəm əvvəlcə məndən gizlətməyə çalışmışdı. Qızım olacağını həkimə zəng vurub öyrəndim. Qızım olmasını istəmədiyim üçün evdə həqiqəti deməyə ehtiyat edirdilər. Xəbəri sakit şəkildə öyrəndiyimi deyəndə elə bildilər ki, bununla barışmışam. Əslində isə, içimdə püskürməyə hazırlaşan vulkan qaynayırdı. Qızım haqqında danışmağa başlayanda və elçilik məsələsinə çatanda özümü saxlaya bilmədim, divara yumruq vurdum.

- Niyə qız istəmirdiniz?

- Bu, qısqanclıq deyil, sadəcə, qız uşaqlarına çox həssasam. Bu, o demək deyil ki, uşaq olandan sonra ondan imtina edəcəm. Uşağın atılan dırnağına da qurban olaram. Qızımı xəstəxanadan gətirdikdən sonra sinəmdə yatırdım. İkinci övladımın da qız olduğunu biləndə sevindim. Bir Allah bilir ki, onları nə qədər çox istəyirəm. Təbii ki, oğul atası olmaq da gözəl hissdir. Mən olmasam, ailəmin dayağı o olacaq. Onu da qeyd edim ki, abort edən cütlüklərə nifrət edirəm. Bu, böyük günahdır. Allah gec-tez bunu edənlərin cəzasını verəcək. Necə olur ki, ananı istəyirsən, amma qızı istəmirsən? O qız uşağı da gələcəkdə ana olacaq.

- Yaxşı gündə, pis gündə... Arxasını tamamlayın...

- Gözümün nuru, dayağım, həyatım – anam! Anam çox əziyyətlər çəkib. Onun çəkdiyi əzabları çəkə bilən, ağır yükü çiynində daşıyan bir qadın tanısaydım, eybəcər də olsa, onu sevərdim. Anam atasını çox gənc yaşda itirib, özü də erkən yaşda dünyadan köçdü. Dayım isə müharibədə yaralanıb, gözü kor olub. Anam cavan yaşlarından zəhmətə qatlanıb, həm öz ailəsinə, həm də qardaşlarına baxıb. Ən əsası isə bir dəfə də olsa, heç kimdən rüşvət almayıb.

- Atanızın qəbrini tez-tez ziyarət edirsiniz?

- Xeyr. “Doğmalarımın məzarını tez-tez ziyarət edirəm” deyən insanlara inanmayın, çünki yalan danışırlar. Üstündən bir neçə il sonra qəbri tez-tez ziyarət etmək mümkün olmur. Əlbəttə ki, vaxtım olanda atamın qəbrini ziyarət edirəm, xüsusi ilə doğum, anım və bayram günlərində mütləq gedirik.

- Qəbiristanlığa çatanda hansı hisslər keçirirsiniz?

- Ora yaxınlaşanda sırf atamı yox, axirəti düşünürəm. Hər dəfə ora gedəndə yeni-yeni qəbirlər görürəm. Günlərin bir günü onlar arasında mən də olacam. Bunu pessimistlik kimi yox, reallıq kimi qəbul edirəm və vahiməyə düşməməyə çalışıram. Ölünün məzarını tez-tez ziyarət etmək nə ölüyə, nə də ki insanın özünə heç nə vermir. Mən atamı hər gün öz ürəyimdə yad edirəm. Elə bir gün yoxdur ki, onu xatırlamayım, bəzən də onunla məsləhətləşirəm.

- Ən çox nəyi vaxtında ona deyə bilmədiyiniz üçün təəssüf edirsiniz?

- Vaxtında deyə bilmədiklərimdən çox, edə bilmədiklərimin təəssüfünü çəkirəm. Kaş atam sağ olaydı, onun üzünə həsrətində olduğum təbəssümü qondurmağa çalışardım. Kaş hansısa uğuruma sevindiyini görə biləydim... Kaş insanların onun şeirlərinə, yaradıcılığına necə dəyər verdiyini görər və fərəhlənərdi... Onda dünyalar mənim olardı!

“Mən ölümü sevməyə başlayıram”

- Ölüm qorxusu ölümdən daha betərdir deyirlər. Sizcə, atanız ölümdən qorxurdu?

- O, ölümün gözünə dik baxırdı! Atamın ölümündən sonra bu mövzuda şeir yazdım. Onda içimdə bir hiss oyandı, başa düşdüm ki, ölümdən qorxmaq lazım deyil. Onsuz da hamımız nə vaxtsa öləcəyik. İtirdiyimiz insanların sayı artdıqca bizi o biri dünyada qarşılayanların sayının artmasını düşünmək mənə təsəlli verdi.

Ümidlərim boşa çıxıb söndükcə

Mən bəxtimin yolunu daşlayıram.

Bu dünyada haqsızlığı gördükcə

Mən ölümü sevməyə başlayıram.

Yaşadıqca ömrüm düşür yumağa

Bu cahanın unudulmuş daşıyam

Alışdıqca gözlərim ağlamağa

Mən ölümü sevməyə başlayıram.

Ayılmaqçün kabus dolu röyadan

Mən hər gecə Allaha yalvarıram

Sevdiklərim köç etdikcə dünyadan

Mən ölümü sevməyə başlayıram.

Nağıl dolu qoynuna baş qoymaqçün

Nənəmin həsrətiylə yaşayıram

Darıxdıqca atamın qucağıyçün

Mən ölümü sevməyə başlayıram.

Yaxşısını yamanına satdıqca

Halalını haramına qatdıqca

O dünyada gözləyənim artdıqca

Mən ölümü sevməyə başlayıram.

Sevgilimlə vidalaşıb gedəcəm

Mən yarıma bir xəyanət edəcəm

Elçi düşüb Əzrayıla deyəcəm

Mən ölümü sevməyə başlayıram.

- Qardaşınız Araz Kəsəmənli 15 ildən artıq həbsxanada yatıb. Onun həbs cəzası bitdikdən sonra yenidən həbs olundu. Ümid edirəm ki, bu sualıma görə inciməzsiniz. Sizcə, qardaşınız, yoxsa siz atanıza layiqli övlad ola bildiniz?

- Əlbəttə, hər ikimiz. Qardaşımın başına gələnlər bədbəxt hadisədir, ikinci dəfə günahsız yerə həbs olundu. Bəzi hadisələr insanlara yanlış şəkildə təqdim olunur. Reallıqdan xəbəri olanlar yaxşı bilir ki, o, atama yerdən göyə qədər layiqli oğul olub və bu gün də layiqli övladdır. Buna şərəfimlə, mənliyimlə, qürurumla cavab verə və əminliklə deyə bilərəm ki, qardaşım atamın başını heç vaxt aşağı əyməyib. Başını aşağı əyməyə, gözdən pərdə asmağa çalışdılar, amma bütün bunları Allah görür. Ümid edirəm ki, ona böhtan atanlar öz layiqli cavablarını alacaqlar. Mən də, qardaşım da uzun illərdir namaz qılırıq. İkimizin də vicdanı Allah qarşısında pakdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm