Magazin1
“Həyat yoldaşımın dinlədiyi musiqi janrını dəyişdirmişəm” - BRİFİNQ
"Brifinq"in qonağı IV Muğam Müsabiqəsində "Tamaşaçıların rəğbəti" mükafatına layiq görülən Ayşən Mehdiyevadır. Fəaliyyətini AzTV-nin Səsyazma Evində solist kimi davam etdirən gənc xanəndə özü və yarışmalarda keçdiyi sənət fəaliyyəti haqda danışdı. Ayşən xanımı müşayiət edən həyat yoldaşı Ramin bəy də arada suallarımızı cavablandırdı.
Taleh Şahsuvarlı: Redaksiyamıza
gəlməzdən əvvəl layihəmiz haqqında nə qədər məlumatlı
idiniz?
- Xalq artistləri Gülyanaq Məmmədova, Aygün Bayramova ilə keçirilən
"Brifinq"ləri oxumuşdum.
Nərgiz Ehlamqızı: Ayşən xanım,
niyə müsahibə vermirsiniz? Google axtarış sistemində demək olar ki,
heç bir müsahibənizə rast gəlmədik. "Brifinq"ə hansı təəssüratla
gəldiniz?
- Doğrudan da, çox müsahibə vermirəm. AzTV-nin solisti olduğum üçün
media üçün bir az məhdudiyyət var. Redaksiyanıza gəldiyim üçün şad
oldum.
Nəmin Muradova: O
məhdudiyyətlər nədən ibarətdir?
- Hazırda müqaviləmiz tamamlanıb, indi mənim üçün heç bir
məhdudiyyət yoxdur.
Sevil Hilalqızı: AzTV-də
solistləri necə işə götürürlər?
- Ştatda işləyənlər və ictimai əsaslarla çalışanlar var. Kim necə
işləyəcəyini özü təyin edir.
Aqil Lətifov: Siz hansı
şərtlərlə işləyirdiniz?
- Mən ştatda işləyirdim.
T.Şahsuvarlı: Məhdudiyyətlərdən
biri də toyla bağlıdır?
- Yox, elə bir məhdudiyyət yox idi, sadəcə özüm toya getmirəm. Elə
toylar var ki, xanəndə ifa edəndə kiminsə əl qaldırıb oynamağı
yaxşı çıxmır. Gələcəkdə toylara getsəm, yəqin, seçim
edəcəyəm.
T.Şahsuvarlı: Niyə bizim
sənətçilər daha çox toya getmək istəyir, nəinki sənət yaratmaq?
Maddi məsələ anlaşılandır. Sənətlə pul qazanmaq uzun yol tələb
edir, amma yaxşı sənətlə daha çox pul qazanmaq mümkündür, nəinki
toylarla.
- Düzdür, sənətlə pul qazanmaq olur. Amma sənəti yaratmaq üçün də
pul lazımdır. Ona görə də ifaçılar toylara gedir. Bir işimizin
gözəl alınması üçün müəyyən vəsait lazımdır. Səsyazmada canlı
alətlərdən istifadə olunmalıdır, studiyanın pulu ödənməlidir. Ona
görə də sənət yaratmaq üçün toy lazım olur.
Sevil Hilalqızı: Ayşən
Mehdiyeva özünü oxucularımıza necə təqdim edərdi?
- Sənət fəaliyyətim Muğam Müsabiqəsindən əvvəl də vardı. Musiqi
təhsilimi nəzərə almasaq, demək olar ki, 5 ildir bu sənətdəyəm.
Muğam Müsabiqəsindən öncə başqa yarışmalarda iştirak etmişəm. IV
Muğam Müsabiqəsi tanınmağıma kömək oldu.
N.Muradova: Əvvəlcə "Xalq
ulduzu" yarışmasına qatıldınız, sonra Muğam Müsabiqəsinə getdiniz.
Bir az bu yolunuzdan danışın, müsabiqələrə qatılmanız kimin ideyası
idi?
- Mən IV "Xalq ulduzu" yarışmasında iştirak etmişəm, amma ondan
öncəki seçimlərdə kəsilmişdim. İkinci dəfə seçim turuna gedəndə
valideynlərimə demədim, artıq o zaman Mədəniyyət və İncəsənət
Universitetinin birinci kurs tələbəsi idim. Heç kəsin xəbəri
olmadan seçim turuna gəldim, düzü, ümidim yox idi, amma finala
vəsiqə qazandım. 500 nəfərin içindən 16-lığa düşdüm. 2-ci "Xalq
ulduzu" müsabiqəsində hansı mahnını ifa edib kəsilmişdimsə, elə
həmin mahnını oxudum ki, görüm bu dəfə necə olacaq?
N.Muradova: Hansı mahnı
idi?
- "İntizar" mahnısı idi. Ola bilər yaşım az idi, o qədər də
püxtələşməmişdim, amma 2 il sonra müsabiqəyə gələndə inadına eyni
mahnını oxudum.
"Məmmədbağır Bağırzadə səsimi bəyənmirdi"
T.Şahsuvarlı: Xalq artisti
Gülyaz Məmmədova Sizi öz tələbəsi kimi təqdim edib. Sizə harada
dərs deyib?
- Muğam Müsabiqəsində ustadım Gülyaz xanım olub. Allah rəhmət
eləsin, Məmmədbağır Bağırzadə, Ağaxan Abdullayev, Qəzənfər Abbasov,
Ruzi İbişov müəllimim olub.
N.Ehlamqızı:
Haralısınız?
- Tovuzluyam.
T.Şahsuvarlı: Tovuz hara, muğam
hara, aşıq yaradıcılığına nə əcəb
meyllənməmisiniz?
- Əslində saz ifa edirdim, Fəzail Miskinlidən dərs almışdım. Amma
çoxdandır ifa etmirəm. Tovuz rayonunda muğam ifaçısı çox deyil,
amma mənim istiqamətim muğama oldu.
S.Hilalqızı: Bu sənətə
gəlməyinizdə təşəbbüskar kim olub?
- Anamın gözəl səsi olub, o istəyib ki, oxuyum. Atam əvvəl razılıq
vermirdi. Bakıda musiqi məktəbinə yazıldım. Fortepianoda ifa etmək
istəyirdim, musiqi məktəbinin direktoru mənə qulaq asdı, dedi ki,
bu qızın gözəl səsi olacaq. Sonra məni xanəndəliyə Məmmədbağır
Bağırzadənin sinfinə yazdılar. İlk vaxtlar Məmmədbağır müəllim məni
bəyənmirdi. Deyirdi ki, bu qız kimdir, bunu kim gətirib?
T.Şahsuvarlı: Məmmədbağır
Bağırzadəni necə xatırlayırsınız?
- Çox sadə insan idi. 4 il mənə dərs keçdi, bu müddət ərzində
görürdüm ki, məndə püxtələşmə gedir.
T.Şahsuvarlı: Sizin səsinizlə
Nəzakət Məmmədovanın səsi oxşayır. "Heç küsməyin yeridirmi"
mahnısını hər ikiniz ifa etmisiniz. Nəzakət xanımla özünüzü necə
müqayisə edirsiniz?
- Düzünü desəm, Nəzakət Məmmədovaya nadir hallarda qulaq asıram.
Şövkət Ələkbərova, Rübabə Muradovanı çox dinləyirəm. Almaz Orucova,
Gülyaz və Gülyanaq Məmmədovalara qulaq asıram.
S.Hilalqızı: Sizi səsinizə görə
başqa kimə bənzədirlər?
- Müsabiqədə Şövkət xanımın səsinə bənzədirdilər. Əlibaba Məmmədov
həmişə vurğulayırdı ki, fərqli səsin var.
T.Şahsuvarlı: İfanızdakı
"Bayatı-Şiraz" muğamında seçilmiş mətn çox
fərqlidir...
- Əbülqasım Nəbatinin qəzəlidir. Birinci təsnifi, yaxud bəstəkar
mahnısını seçirəm, mahnıya uyğun qəzəl seçməyə çalışıram. Elə olur,
sevgiyə aid mahnı oxuyurlar, muğamı isə Vətən mövzusunda ifa
edirlər. Bu da uyğun gəlmir. Ona görə çalışıram ki, mahnıda hansı
sözlər varsa, qəzəldə də o sözlər olsun.
T.Şahsuvarlı: "Bayatı-Şirazı"ı
ifa edəndə tamaşaçı ilə emosional rabitənin qurulması hansı hiss
yaradır? Üzeyir Hacıbəyov deyirdi ki, bu muğam qəmgin təəssürat
yaradır...
- "Bayatı-Şiraz" üstündə çox mahnılar var. Ritmik mahnıları qəmgin
oxuya bilmərik. "Bayatı-Şiraz" üstündə "Qönçələrin rəqsi" mahnısı
lirika ilə gedirdi, qəzəli də ona uyğun seçmişdim, çox zaman
oxuyanda tamaşaçını unuduram, onları görmürəm. İfaçı gözünü açıb
tamaşaçıya baxanda mənə elə gəlir ki, bir az da
həyəcanlanır.
A.Lətifov: Həyat yoldaşınızla
necə tanış olmusunuz?
- Həyat yoldaşım mənim tanımadığım qohumumdur.
Ayşən Məmmədovanın həyat yoldaşı Ramin bəy sözə başlayır: Ayşən
xanımı 2011-ci ilə qədər tanımamışam. Təsadüf nəticəsində
bir-birimizlə tanış olduq. Bir gün Ayşən xanımın atası Rəhman
müəllimlə yol gəlirdik, dedi ki, necə qohumsan, heç bizə
gəlib-getmirsən. Günlərin bir günü zəng elədim ki, təsadüfən həmin
gün Ayşənin atasının ad günü imiş, bilmədən tort alıb getdim,
gördüm ki, doğum günüdür. Orada Ayşən xanımı gördüm.
N.Muradova: Ayşən xanımı
ekranda görməmişdiniz?
"Yox" cavabını verən həyat yoldaşının sözlərinə Ayşən Mehdiyeva
davam edir: "Deyiblər ki, belə bir oxuyan var, o da qayıdıb ki,
belə ifaçı tanımıram (gülür).
Şəxsi həyatla bağlı suallarımızın çoxunu elə xanəndənin həyat
yoldaşına ünvanlayırıq
N.Muradova: Xanəndə olması
Sizdə narahatlıq yaratmır ki?
- Xanəndə, müəllim, həkim, evdar xanım olsun, fərq etməz hər şey
insanın xarakterindən asılıdır.
Rəqsanə Həsənova: Sənətlə bağlı
hər hansı çərçivə qoymusunuz?
- Çərçivə qoymaq üçün bir səbəb yoxdur.
N.Muradova: Gülyanaq Məmmədova
"Brifinq"də qonaq olanda onun həyat yoldaşı dedi ki, hansısa
verilişə çıxmaq baxımından müəyyən çərçivələr
olur...
- Toy tipli verilişə hansısa xalq artisti dəvət olunanda Ayşən
xanım özü deyir ki, onun səviyyəsinə uyğun deyil, nahaq o verilişə
gedib. O, özü seçim edə bilir, mənim nəsə deməyimə ehtiyac
qalmır.
"Həyat yoldaşımın dinlədiyi musiqi janrını dəyişdirmişəm"
A.Lətifov: Həyat yoldaşınızın
mahnılarına qulaq asırsınız?
Ayşən Mehdiyeva replika atır: Onun janrını mən dəyişdirmişəm
(gülür). İndi hərdən məndə səhv tutmaq istəyir.
- Ayşən xanımı tanıyana qədər rus estradasına qulaq asırdım, indi o
janrdan tamamilə kənarlaşmışam (gülür).
S.Hilalqızı Ayşən Mehdiyevadan
həyat yoldaşının ona ifası ilə bağlı iradlarında haqlı
olub-olmadığını soruşur:
- Hə, hərdən olur.
S.Hilalqızı: Ayşən xanım, bəzən bizdə muğama elə yanaşılır ki, sanki muğam qəmli notlar üzərində qurulub. Məsələn, Elnarə Abdullayevanın səsində mərsiyə elementi olduğuna görə xoş gəldiyi deyilir. Muğamda nikbin notlar varmı? Niyə muğama elə yanaşılır?
- Xanəndəyə çox vaxt deyirlər ki, bunu oxu. Ruh məsələsi var, gərək insan bədahətən ifa etmək istəsin. İfaçı ritmik mahnını da lirika kimi çatdıra bilər. Günün əhvalının, ruh halının təsiri var.
S.Hilalqızı: Sanki bizim ruh
halımız qəmgin notlara köklənib. "Segah"ı çox
sevirik...
- Mənə elə gəlir, bu, yaşla bağlıdır. Gənc nəsil ritmi
xoşlayır.
S.Hilalqızı: Janr problemi
varmı?
- Türkiyə tamaşaçısı bütün janrlara qulaq asır. Bizim tamaşaçı bir
şeyi sevirsə, təkcə onu sevir. Aşıq saz çalsa, televizorun pultunu
götürüb başqa kanala çevirəcək, qulaq asmayacaq. Amma onlar elə
deyil, hər şeyə qulaq asırlar. "O səs Türkiyə" yarışmasında fikir
verirsiniz, rok mahnı ifa edəni də, bağlama çalanı da eyni dərəcədə
alqışlayırlar.
R.Həsənova: Hansısa mahnıya
müraciət edəndə nələrə diqqət edirsiniz? Hansı özəllik Sizi daha
çox maraqlandırır?
- Mənə elə gəlir ki, müğənni ən çox öz həyatına uyğun şeyləri, ruh
halına uyğun ifa edir. Bu gün əhvalın yaxşıdırsa, ritmik mahnı
oxuyacağam. Məsələn, ailə həyatı qurmazdan əvvəl başqa mövzuda
oxuyurdumsa, indi tamam başqa bir şey oxuyuram. Son vaxtlar
səsyazmalarıma fikir verirəm ki, çoxu ritmik mahnılardır. Həm də
mətnləri başqadır.
S.Hilalqızı: Yəqin,
axtardığınızı tapmısınız...
- Ola bilər (gülür).
N.Ehlamqızı: Mahnıdan başqa nə
oxuyursunuz? Hansı kitablarla maraqlanırsınız?
- Sözün düzü, oğluma görə kitab oxumağa vaxt tapa bilmirəm. Ancaq
muğamların qəzəlləri üzərində çalışıram. Onu da qeyd edim ki, heç
vaxt eyni qəzəli oxumamışam. Çalışıram ki, mahnıya uyğun qəzəl
tapım.
S.Hilalqızı: “Leyli” olmaq
bütün xanəndələrin arzusudur. Opera və Balet Teatrı ilə əməkdaşlıq
edirsiniz?
- Yox, təklif almamışam.
N.Muradova: Deyirlər, onlar
təklif etmir, Siz təkliflə gedə bilərsiniz. Gülyanaq Məmmədova özü
də “Leyli” üçün şəxsən müraciət edib...
- Gülyanaq xanım professional müğənnidir, müəllimədir. Mənə elə
gəlir mən onun səviyyəsində oxuya bilmərəm, ona görə də hələ ki
təklif edə bilmərəm.
"Hələ özümü "Leyli" obrazında görmürəm"
N.Muradova: Güllü Muradova gənc
xanəndə kimi “Leyli” obrazını canlandırdı. Siz də gənc kimi belə
bir təkliflə çıxış edə bilərsiniz...
- Mənə elə gəlir ki, hələ hazır deyiləm. İndi yaşım və təcrübəmlə
özümü “Leyli” obrazında görmürəm. Oynasam da, Gülyanaq və ya
Nəzakət xanımın verdiyi hissi verə bilmərəm.
N.Muradova: Amma Leyli cavan
qız olub, tamaşaçı səhnədə də gənc “Leyli”ni görmək
istəyir.
- Onlar artıq püxtələşiblər, tamaşaçıya o hissi vermək çox
çətindir. Məşq üçün çağırsalar, gedərəm.
"Həyat yoldaşımın səsi olsaydı, "Leyli"ni onunla ifa edərdim"
N.Ehlamqızı: Səhnədə “Leyli”lər
çoxdur. Onlar bu operanı Mənsum İbrahimovla ifa edirlər. İndi İlkin
Əhmədov, Səbuhi İbayev də “Məcnun” rolunu canlandırır. Siz hansı
tərəf müqabili ilə “Leyli və Məcnun”u ifa etmək
istərdiniz?
- Həyat yoldaşımın səsi olsaydı, çox istərdim onunla ifa edim
(gülür).
T.Şahsuvarlı: Niyə hamı “Leyli”
olmaq istəyir, sınanmış rol oynamaq arzusundadır. Bəlkə, daha
fərqli müəllif proyektləri düşünsünlər, şablonluqdan çıxsınlar?
Məsələn, Uğur Işılak Osmanlı sultanlarının şeirini oxuyub bir albom
buraxdı. Çox istəyəm ki, bir nəfər Şah İsmayılın şeirlərini oxusun.
Bizimkilər ancaq Füzulinin qəzəllərini ifa
edir...
- Muğam Müsabiqəsindən qabaq bir ictimai birliklə çalışırdıq,
Mirhəmzə Nigarinin qəzəllərini oxuyurduq. Azərbaycanda çox
tanınmayan qəzəlxandır, əslən Qarabağlıdır, Amasiyaya sürgün
olunub. Muğam Müsabiqəsinin ilk həftəsində onun qəzəlindən ifa
etmişdim, həmin qəzələ söz toplusu deyənlər oldu. Uğur Işılakı
misal gətirdiniz, onun kimi edə bilərik, bəs ona tələbat
varmı?
S.Hilalqızı: Müxtəliflik,
rəngarənglik olsa və piarı yaxşı qurulsa uğur
qazanacaq.
- Düzdür, ziyalı təbəqə diqqət göstərəcək, amma böyük əksəriyyət
maraqlanmayacaq.
S.Hilalqızı: Sizin Ruhi Əliyeva
ilə qohumluğunuz yoxdur?
- Çox adam soruşur, amma qohumluğum yoxdur.
N.Ehlamqızı: Səs tonunuz, üz
quruluşunuz çox bənzəyir. Həm də yerlisiniz.
- Hə, çox adam oxşadır, amma qonşu kənddənik.
N.Muradova: Həyat yoldaşınız
bayaq Sizinlə tanışlıq hekayəsini dedi, bəs Siz niyə onu
seçdiniz?
- Yoldaşım tamam fərqli adamdır, mənim kimi adama dözürsə, böyük
şeydir, yəqin, ona görə seçmişəm (gülür).
S.Hilalqızı: Çox
kaprizlisiniz?
- Yox, deməzdim (gülür). Sənət bir az ağırdır, çox kişi onu qəbul
eləmir.
N.Muradova: Qastrol səfərləri
çox olur?
- Yox. İtaliya, Türkiyəyə getmişəm. O da evlilikdən öncə
olub.
N.Ehlamqızı: Muğam
Müsabiqəsindən sonra iştirakçılarla əlaqələriniz davam
edir?
- Hə, bəziləri ilə AzTV-də bir yerdə işləyirik. Kamilə Nəbiyeva,
Günay İmamverdiyeva, Zabitə Alıyeva ilə münasibətlərimiz
yaxşıdır.
S.Hilalqızı: Flora Kərimova,
Mirzə Babayev mahnıların mətnlərinə çox fikir verirdi. Məsələn,
Rübabə Muradovanın “Qaragilə” mahnısını zövqlə dinləyirəm, sanki
ifaçı sözlərə fikir verməyib. Bilinmir, orada söhbət kişidən gedir,
yoxsa qadından. Siz mahnının sözlərinə diqqət
edirsiniz?
- Mahnıdakı mətn qadına aiddirsə, onu heç vaxt qadın oxuya bilməz,
gərək onu kişi oxusun. Qəzəldə də eynən bu cür olmalıdır. Qəzəldə
qadın vəsf olunursa, qadın özü, yaxud başqa qadın üçün oxuya
bilməz. “Qaragilə” mahnısını mən də ifa etmişəm. Orada deyilir ki,
“Nə sənə qız gərəkdir, nə mənə oğlan”. Birinci müraciət formasına
görə, deməli, qız oğlana müraciət edir. Qadın ifa
etməlidir.
T.Şahsuvarlı: Qaragilə balaca
meyvədir, kişiyə necə qaragilə demək olar?
- Bu mahnının çox vaxt qadınlar ifa edir. Çünki deyilir ki,
“Gəlmişəm otağına oyadam səni, qaragilə”. Mahnının sözləri qadına
aid sözlər deyil.
S.Hilalqızı: Həm də müğənnilər
sətiraltı mənalara diqqət yetirmir...
- Əlbəttə, fikir verilməlidir. Bəlli bir müddətdə qəzəlxanla
işləmək lazımdır. Mahnılarda elə sözlər var ki, fars dilindədir,
biz başa düşmürük. Həmin sözləri təhlil edəndə sətiraltı mənaya
diqqət yetirmək lazımdır.
T.Şahsuvarlı: Müasir şairlərdən
kimləri oxumağı xoşlayırsınız?
- Biz ən çox qəzəlxanlarla məşğul oluruq. Nüsrət Kəsəmənlinin
şeirlərini oxuyuram.
T.Şahsuvarlı: Hansı tarixi
yerləri ziyarət edirsiniz? Tarix olaraq nəyi görmək Sizin üçün
xoşdur?
- Səyahətə gedəndə tarixi yerlərlə maraqlanırıq.
Söhbətə Ramin bəy qoşulur: Əslində harasa gedəndə tarixi abidələr,
məkanlar maraqlandığımız yerlər sırasında olur. Tarixi yerlər az
olanda əsəbiləşirik. Kinoteatr, restoranlar Bakımızda da var, amma
getdiyimiz yerin tarixi abidələrini ziyarət daha maraqlıdır.
Aldığımız təəssürat, bizdən əvvəlki insanların yaşayış tərzi bizə
maraqlı gəlir.
T.Şahsuvarlı: Tarix adına yadda
qalan nə var?
- Sumela monastrı çox maraqlı idi. Xristianlar biz müsəlmanlardan
qorxublar, adam dəhşətə gəlir ki, insan necə çıxıb qayaların
arasında özünə məskən salıb? İndi maşınla həmin monastıra getmək
bir neçə saata başa gəlir. Atla, piyada necə çıxıblar? Avqust
ayında dünya xristianları həmin qayalıqlara axışır. Dolmabaxça
sarayını da bəyəndik. Orada böyük çilçıraq var. Tarixçəsini
danışanda bələdçi dedi ki, vaxtilə o çilçırağı kreditlə
alıblar.
N.Ehlamqızı: Özünüzün kreditlə
aranız necədir? Müğənnilərin əksəriyyəti kreditdən əziyyət
çəkir.
- Şükür, kreditimiz yoxdur. Heç kəsi qınamaq olmaz, nəyəsə ehtiyacı
var, bəlli məbləğdə pulu yoxdursa, amma alıb kreditlə ödəmək
istəyir.
A.Lətifov: Hazırda hansı mahnı
üzərində işləyirsiniz?
- Oğlumun ad gününə mahnı yazmışam, hazırda
aranjimandadır.
N.Ehlamqızı: İctimaiyyət üçün
təqdim edəcəksiniz, yoxsa ailə üçün nəzərdə
tutulub?
- Bəstə deməyim, quraşdırmışam, ilk təcrübəmdir, fikirləşdim ki,
bəyənməzlər, bir neçə nəfər dinlədi, ən sonda Gülyaz xanım qulaq
asdı. O, çox şeyə sonadək qulaq asan deyil. Oturub axıra qədər
mahnıya qulaq asdı, sonda dedi “çox gözəldir”. Elə bir insan
dedisə, deməli, nəsə var.
“Gülyaz Məmmədova ilə duet oxumaq istəyirəm”
R.Həsənova: Gülyaz Məmmədovanın
tərəf müqabili bacısıdır. Onunla heç duet oxumaq
istəmisiniz?
- Oxumamışam, amma istəyərəm. Gələn həftə tələbələrlə konsertimiz
olacaq, inşallah, orada duet ifa edəcəyik.
A.Lətifov: Serial və ya film
üçün Sizə təkliflər olub?
- Yox, olmayıb.
T.Şahsuvarlı: Artistisizm Sizdə
nə qədərdir?
- Səhnəyə çıxıb oxuyuruq, amma xanəndədə aktyorluq bacarığı
olmalıdır. Ən azı mahnının ruhuna girməyi bacarmalıdır.
A.Lətifov: Estradanı yox,
muğamı seçdiyiniz üçün heç peşman olmusunuz?
- Əvvəllər klassik bəstəkar mahnıları oxumuşam, estrada janrında 2
mahnım olub. Muğamı niyə seçdim? Çünki bizi xarici səfərlərə
çağıranda heç kəs bizdən estrada mahnıları istəmir. Hansı bizdən
Azərbaycana uyğun xalq mahnısı, təsnif və ya muğam oxumağı xahiş
edir. Estrada janrı xaricdə də var. Ona görə bu sənətə gəldim. Mənə
elə gəlir ki, estrada janrında mahnı ifa etsəydim, yəqin, həyat
yoldaşım da qəbul etməzdi.
Gənc ifaçının həyat yoldaşı söhbəti davam etdirir: Estrada janrında
Ayşən xanım daha çox tanınardı, bu yol çətin yoldur. Burada
pillə-pillə gedirsən, estrada janrında da isə sürət yüksək
olur.
N.Ehlamqızı: Tovuzdan deputat
seçilən Qənirə Paşayeva ilə əlaqəniz var?
- Tədbirlərdə birgə iştirak etmişik. Amma xüsusi münasibətimiz
yoxdur.
“Ən bahalı geyimim 200-300 manatdır”
N.Muradova: Səhnə geyiminiz çox
bahalı olur?
- Yox, çox da baha olmur. Amma yaraşıb-yaraşmamasına diqqət edirəm.
Çox vaxt milli geyimdə efirə çıxıram. Ən bahalı geyimin 200-300
manatdır. Çox vaxt Türkiyədən alıram.
R.Həsənova: Sosial şəbəkələrdə
aktivsiniz?
- Oğluma görə çox daxil ola bilmirəm. Anamla həyat yoldaşım mənim
səhifəmi idarə edir (gülür). Profilimlə yanaşı, səhifəm də var, ona
da Ramin bəy baxır.
Ramin bəy deyir ki, Ayşən Mehdiyevanın adına səhifəni Cənubi
Azərbaycandan bir xanım açıbmış: “Gələn mesajlara Ayşən xanım özü
baxır, sadəcə paylaşımları biz edirik”.
Ayşən Mehdiyeva hərdən statuslar yazdığını da bildirir: “Çox nadir
hallarda olur ki, fikirlərimi sosial şəbəkələrdə paylaşıram. Hərdən
əsəbiləşən kimi ürəyimi boşaldıram. Bir şey də var, nəsə yazan kimi
jurnalistlər bunu tirajlayır”.
Nərgiz EHLAMQIZI
Foto: Rəşad ABBASOV
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş mehmanxanada tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO