• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Dahi rus şairini Bakıya bağlayan nə idi? - Əliağa Vahidlə...

Dahi rus şairini Bakıya bağlayan nə idi? - Əliağa Vahidlə...

Dahi rus şairi Sergey Yesenin xalqımıza digər ədəbiyyat dühalarından bir addım yaxındır. Çünki o, “ömür kitabı”nın bir neçə səhifəsini məhz Bakıda keçirib. Şairin paytaxtımıza ilk səfəri 1920-ci ildə baş tutub. Yaradıcılığında əsas yer tutan bir sıra əsərlərini də Bakıda tamamlamağa müəssər olub.

İlk səfərindən 4 il sonra Sergey yenidən Bakıya gəlib, bir neçə gün qalır. 1925-ci ildə qatarla Tiflisdən Moskvaya dönərkən yolu Bakıdan keçir. Bu şəhərin vurğunu olan şair 1 gün də olsa doğma məkanda ayaq saxlayır.

Yesenin “Fars motivləri” əsərini də bu illər ərzində Bakıda yazıb, bitirir. Burada “Bakinskiy raboçiy” qəzetinin təşkil etdiyi ədəbi dərnəklərdə iştirak edir, tez-tez Mərdəkan qəsəbəsində baş tutan şairlərin yığıncaqlarına qatılır. Həmin ilin may ayında şair xəstəxanaya yatırılır. Onun xəstəliyinin dəqiq səbəbi naməlum qalsa da, belə bir fərziyyə var ki, hələ 17 yaşında ikən intihara cəhd məqsədilə içdiyi sirkə essensiyası onun ciyərlərini çox zəiflətmişdi. Müalicənin səbəbi də bu olub. Lakin bu, dəqiq fakt deyil. Bir müddət sonra Bakıdan Moskvaya dönən nəzm ustası “Əlvida Bakı” şeirini qələmə alır.

Şairin Bakıya son səfəri Sofya Tolstaya ilə birgə baş tutur. Yesenin Azərbaycanı da, istiqanlı xalqımızı da çox sevirdi. Böyük ədəbi xadim daim bakılıların diqqəti və qayğısı ilə əhatələnirdi. O, çox vaxt milyonçu Murtuza Muxtarovun Mərdəkandakı imarətində qalırdı. Hazırda Dendrari adı ilə fəaliyyət göstərən bu ərazidə Sergey Yeseninin ev muzeyi yerləşir.

“Fars motivləri”

Sergey Yeseninin ən böyük arzusu İranda olmaq idi. Odur ki, dostu Çagin Bakının Xəzər sahillərini, çadralı qadınlarla dolu küçələrini ona gəzdirərək buranın İran olduğuna inandırır. Muxtarovun fəvvarəli, gözəl bağ-bağatlı imarətində qonaq olan şairə tezliklə sirrin üstünü açıb, buranın İran yox, Bakı olduğunu bildirirlər.

Yesenin Bakıda olduğu müddətdə onu bir sıra Azərbaycan şairlərilə tanış edirlər. Günlərin bir günü şair çayxanaya gəlir, çayını içib, hesabı ödəmək istəyəndə, xidmətçi bildirir ki, borcu qalmayıb və bir məşhur şairimiz onun hesabını ödəyib. Bu şair ölməz qəzəlxanımız Əliağa Vahid idi. Tezliklə iki qüdrətli ədəbiyyat nümayəndəsi arasında sıx dostluq telləri yaranır. Vahid onu tez-tez şeir məclislərinə aparardı. Sergey Azərbaycan dilində başa düşməsə də, qəzəllərimizin nizamını çox sevirdi. Bir gün Yesenin Vahidə deyir: “Sənin şeirlərin nə haqdadır?” Vahid belə cavab verir: “Şair nədən yazar, eşq, həyat, ölüm”

Vahidlə birgə muğam məclislərini ziyarət edən Yesenin folklorumuzun şahı olan xalq musiqilərimizə, xüsusən də tarın ifasına vurulmuşdu. O, Bayatı-Şirazı dəfələrlə dinləyər, həzz alardı.

Bakını və bakılıları çox sevən Yesenin “Küləklər şəhəri”nə olan dərin sevgisini belə ifadə edirdi: “Bu şəhərdə gəzişərkən, kölgəmi hiss etmirdim”.

122 yaşlı “eşq şairi” haqda bir çox qaranlıq məqamları üzə çıxarsaq da, onun həyatına və yaradıcılığına aid hələ qaranlıq qalan onlarla faktlar, məlumatlar var.

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR