Tarix
Napoleonun əvəzinə ölən adam – Avropa hökmdarı dar ağacından necə qaçıb? – SİRLİ TARİX
Avropanın hökmdarı – onu məhz belə adlandırırdılar
–1821-ci ilin 5 may tarixində Müqəddəs Yelena adasında tənha öldü.
Bu ölüm Fransa inqilabından sonra onun qılıncı altında dirçələn və
özünün intibah dövrünü yaşayan Avropada Bonapart epoxasının sonu
idi. Lakin doğrudanmı bu epoxa məhz XIX əsrin bir yaz günündə başa
çatmışdı? "Napoleonun oxşarının sirri" manşetləri ilə rastlaşanda
tarixin dərin qatlarında gizlənmiş gizlinlər boylanmağa
başlayır.
Publika.az Napoleon Bonapartın ölümdən necə qaçdığı haqda
araşdırmanı təqdim edir.
Yakobinlərin hakimiyyəti, Jironda rejimi, Direktoriya, Konsulluq və
nəhayət, Napoleon imperiyası. 1789-cu ildə dünya tarixinin gedişini
dəyişdirən Fransa inqilabı Napoleon imperiyasında tamamilə başqa
mahiyyət aldı. Artıq ölkəyə, eləcə də Avropaya Bonapartlar ailəsi
rəhbərlik edirdi. Avropanı ayaqları altına alan bu bəstəboy
korsikalı (Korsika: Napolenonun vətəni olan Fransa əyaləti) dünyaya
ağalıq iddiasına düşdü. Soyuq Rusiyaya hücum, 1812-ci ildə qanlı
Borodino döyüşü və əldən düşmüş imperiya ordusunun Avropaya
qayıdışı ona dünya ağalığını nəsib etmədi. Lakin bəstəboy adam
iddiasından əl çəkmirdi. Nəhayət, 1815-ci il Voterlo döyüşündə
məğlub oldu və Müqəddəs Yelana adasına ölüm sürgününə göndərildi.
Bəstəboy korsikalı burada da dinc dayanmadı. Qaçış yollarının
araşdırılması, bonapartçıların təklif etdiyi planlar...
"Napoleonun oxşarının sirri" də buradan başlayır. Napoleon hələ
taxtda olanda onun gizli "bonapartizm" təşkilatı tərəfindən
imperatorun oxşarlarının axtarışına başlanılır. İmperatorun əmri
ilə aparılan axtarışlarda dörd oxşar tapılır. Oxşarların taleyi
müxtəlif cür oldu: biri atdan düşərək şikəst oldu; biri ağlını
itirdi; biri isə uzun müddət imperatoru müşaiyət edirdi. Hətta
1814-cü il məğlubiyyətindən sonra Elba adasına sürgün olunan
Napoleonun yanında idi və adada müəmmalı şəkildə öldürüldü.
İmperator Elba sürgünündən qaçaraq yenidən Fransanın başına
keçməyi bacardı. Lakin cəmi 100 gün sonra Voterlo döyüşündə məğlub
olaraq, Müqəddəs Yelena adasına sürgün edildi və 1821-ci ilin 5 may
tarixində öldü. Burada dördüncü oxşar yada düşür. O, Napoleon
ordusunun kapralı olan Ejen Robo idi. Hansı ki, 1821-ci il 5 may
tarixində Napoleonun yerinə ölən adam...
Voterlo döyüşündə məğlub olan imperator Yelena adasına sürgün
ediləndən sonra heç kimə lazım olmayan Ejen Robo Baleykur kəndində
öz evinə qayıdır. Sakit kənd həyatı yeksənək olaraq axıb gedirdi.
1818-ci ildə isə Baleykurda nəsə qeyri-adi hadisə baş verdi:
Robonın komasına təmtəraqlı kareta yaxınlaşır və karetadan düşən
adam bir neçə saat komada qaldıqdan sonra kəndi tərk edir. Robo
qonşularına danışırdı ki, gələn adam ondan dovşan almaq istəyib,
sonra da onu ova çıxmaq üçün uzun müddət dilə tutub, lakin o
razılaşmayıb.
Bir neçə gün keçir və Robo bacısı ilə kənddən yoxa çıxır. Uzun
müddətdən sonra Napoleonu devirmiş hakimiyyət onun oxşarını –
Robonu axtarmağa başlayır. Nəticədə, yalnız onun bacısını tapırlar.
Bu kasıb kənd qızı Nant şəhərində cah-cəlal içində yaşayırdı. O
bildirir ki, guya pulu ona qardaşı verib, özü isə uzaq səfərə yola
düşüb, amma ünvanının hara olduğunu bilmir.
"Matrosların yanında işə girdi və uzaq səfər yola düşdü, haradasa
dənizlərdə üzür..." – "dublikat" Bonapartın varlanmış bacısı
deyir.
Axtarışlar heç bir nəticə vermədi, Robo sanki yerin dibinə
batmışdı...
Beləliklə Napoleonun ölümü haqda əfsanələr yarandı. Təxminlər
belədir ki, Napoleon oxşarı Ejen Robonu öz əvəzinə Müqəddəs Yelena
adasında qoyaraq qaçmağı bacarıb. Şübhələri artıran maraqlı
məqamlardan biri belədir: kardinal Jozef Fuşe (Fransa
inqilabından sonra bütün hakimiyyətlərdə polis naziri olmuş,
Napoleondan sonra qısa müddət ölkəni idarə etmiş ən təhlükəli adam
– alman yazıçısı Stefan Sveyq "Jozef Fuşe – Siyasi xadimin
portreti" əsərində bu kardinalı belə xarakterizə edir) və
imperatorun anası Letisiya Napoleonun 1818-19-cu illərdə qaçmağı
bacardığına əmin olduqları üçün, adaya birinci dərəcəli həkim
göndərməkdən imtina etdilər. Əvəzində gənc həkim Françesko
Antommarçini göndərdilər. Övladlarından heç nəyi əsirgəməyən
Letisiya Bonapart böyük oğlunun oxşarının müalicəsinə pul xərcləmək
istəmirdi.
Bu nəzəriyyənin tərəfdarlarından olan T.Uillera "Kim burada
dincəlir. Napoleonun son illəri haqda yeni tədqiqat"
(Nyu-York-1974) kitabında yazır ki, Napoleon Elbadan qaçışla
təcrübə əldə etmişdi.
"Elbadan qaçışın sirləri açılmadığı üçün onu Müqəddəs Yelena
adasında da təkrarladılar. Napoleon kimi insanın öz taleyi ilə
barışdığına inanmaq olmaz. O, adanı tərk etməyə qərar verdi, lakin
elə etdi ki, həbsxana gözətçiləri onun qaçışından şübhələnmədilər",
- deyə müəllif yazır.
Bonapartçılar Napoleona bir neçə dəfə qaçış təklifi etmişdi.
Onlardan biri imperatorun keçmiş misirli məşuqəsi Polina Fures idi.
O, Napoleondan ayrılandan sonra ər tapdı – əvvəlcə Santenderdə
(İspaniya), daha sonra Qotenburqda konsul olan istefa çıxmış zabit
Ranşu Anri. 1816-cı ildə Polina öz məşuqu ilə Rio-de-Janeyroya
gəlir və orada Napoleonun xilası üçün nəzərdə tutduğu gəmini alır.
Bu cəhdi uğursuz alınsa da, o, Braziliyada digər bonapartçılarla
birlikdə hərəkət etməyə davam etdi. İmperatorun keçmiş məşuqu
1869-cu il martın 18-də öldü.
Napoleonun tərəfdarları müxtəlif təklif irəli sürürdülər. Misal
üçün, Fulton sualtı gəmisi ilə qaçış planı variantlardan biri idi.
Lakin taxtdan salınmış imperator bütün təklifləri rədd edirdi.
Görünür, ehtiyatda başqa, daha etibarlı variant var idi.
Maraqlıdır ki, Müqəddəs Yelena adasına sürgün olunandan sonra
Napoleonu tez-tez görməyə gələn həkimlər, rəssamlar, yaxud
səyahətçilər var idi. Bu görüşlər 1918-ci ilə qədər davam etdi.
Lakin həmin tarixdən 1821-ci ilə qədər Napoleon heç kimlə təmas
qurmamışdı.
Ejen Robonun sirli itməsinə qayıdaq...
İtaliyanın Verona şəhərində Revar adlı fransız peyda olur. O, kiçik
mağazada Petruççi adlı tacirlə ortaq olur.
Həmin vaxt Müqəddəs Yelena adasında məşhur əsirdə də qəfil
qəribəliklər müşahidə olunmağa başlayır. O, unutqan olur, öz həyatı
ilə bağlı faktları yaddan çıxarır və yazı xətti ciddi şəkildə
dəyişir. Özü kökəlir. Rəsmi hakimiyyət bunu Allahın bəlası hesab
edir.
Veronada peyda olan fransız Revar da qəribəlikləri ilə diqqəti cəlb
edir: o, nadir hallarda öz mağazasında görünür, küçəyə ümumiyyətlə
çıxmır. Qonşular qeyd edir ki, gəlmə fransız Napoleonun
portretlərinə çox oxşayırdı. Buna görə ona "İmperator" ləqəbini
verirlər.
Revar ona edilən müraciətlərə təmkin və təbəssümlə cavab verirdi.
Ticarətə gəlincə, Petruççinin sözlərinə görə, ortağının bu işdə
kiçik də olsa heç bir istedadı yox idi. O, dəyən zərərə görə məyus
olmur, pula laqeydlik göstərir.
Bir neçə il belə davam edir. 1821-ci ilin 5 mayında Müqəddəs Yelena
adasında Napoleon Bonapart rəsmən ölür. Və 1823-cü ilin 23
sentyabrında Napoleona iki damcı su kimi bənzəyən Revar mağazanı
ataraq Veronanı tərk edir. Bu, qəribə şəraitdə baş verdi.
Günorta saatlarında mağazanın qapısı döyüldü. Həmin vaxt hər iki
ortaq içəridə idi. Gələn xidmətçi ortaqlardan birinin Revar
olduğuna əmin olandan sonra ona surğuc çapı ilə bərkidilmiş məktubu
verdi. Revar məktubu oxuyub Petruççiyə həyəcanla bildirdi ki, o,
təcili getməlidir və yığışmaq üçün evə yollandı.
Saat ikidən sonra o qayıtdı. Əşyaları kareta yüklənmişdi. Revar öz
ortağı ilə vidalaşaraq, ona zərf qoydu: əgər üç ay ərzində o
qayıtmayacaqsa, Petruççi məktubu təyinatı üzrə çatdırmalı idi.
Karetin tıqqıltısı daş yolda eşidilməz olanda Petruççi zərfin
üzərinə baxdı. Orada yazılmışdı: "Əlahəzrət Fransa kralına".
Nə üç ay sonra, nə də heç vaxt Revar Veronaya qayıtmır. Petruççi
Parisə yola düşür və məktubu Fransa kralına təqdim edir. Onu
mükafatlandırırlar.Petruççi baş verənlər haqda 30 il susdu. Bu
müddətdən sonra o, danışmağa başladı: onun beş il ortağı olmuş
Revar Napoleon Bonapartın özü idi. Petruççi bu dediklərini vəzifəli
şəxslər və şahidlər önündə imzaladı.
***
Bunu əfsanə adlandıranlar da var. Lakin Ejen Robun doğma kəndində
kilsədəki kitabda yazılanlar əfsanə ehtimallarını zəiflədir.
"Fransua Ejen Robo 1771-ci ildə bu kənddə doğuldu. Müqəddəs Yelena
adasında öldü". Kitabdan ölüm tarixi silinmişdi.
Napoleon Müqəddəs Yelena adasında olarkən, onun adada yaşayan ən
yaxın ətrafı 1817-1818-ci illərdə müxtəlif bəhanələrlə oranı tərk
etməyə başlamışdı. 1819-cu ildə adada yalnız daha əvvəl yaşamış
fransızlar qalmışdı. Bu da şübhəli məqamlardandır.
Napoleonun bəzi bioqrafları imperatoru arvadı ilə birlikdə sürgündə
də müşaiyət edən general Bertrandın 1918-ci il 25 avqust tarixli
məktubunu ortaya çıxarıblar.
Məktubun kimə yazıldığı məlum deyil. Lakin orada qəribə fraza var
idi: "Qələbə, qələbə! Napoleon adanı tərk etdi".
Bu qəribə məktubun yazıldığı tarixdə adaya Amerika istehsalı olan
sürətli gəmi yaxınlaşır. Ehtimal olunur ki, Ejen Robo adaya həmin
gəmi ilə gəlib. Napoleon da o gəmidə adanı tərk edib.
Napoleon Veronaya gedəndən sonra Robo ilə əlaqə saxlamağa davam
edir. Ehtimal ki, imperator əsil vəsiyyətini adaya adyutantı ilə
göndərib.
Adada ölən adamın Napoleon olmadığı ehtimalını artıran məsələlərdən
biri də tabutun böyük olması idi. Belə ki, balacaboy olan
Napoleonun tabutu 1,78 santimetr idi. Həmçinin, ölən Napoleonun
geyimində, saçlarında və başının ölçüsündə uyğunsuzluq var idi.
Lakin bütün bu versiyalar rəsmi təsdiqini tapmır. Buna görə də
tarix Müqəddəs Yelena adasında ölənin, yoxsa Parisdə Əlillər Evində
dincələn şəxsin əsil Napoleon olduğunu heç vaxt dəqiq
bilməyəcək.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov