İngilis general: “Bakıda baha şeylər ucuz, ucuz şeylərsə...”
Bizi izləyin

Tarix

İngilis general: “Bakıda baha şeylər ucuz, ucuz şeylərsə...”

Düz yüz il bundan əvvəl -1918-ci ilin isti avqust günlərində Bakının azad edilməsi uğrunda mübarizə özünün apogey nöqtəsinə çatmışdı. Qafqaz İslam Ordusu Sentrokaspi diktaturası – “hərbi nazir” Mart soyqırımının fəal iştirakçılarından olan erməni generalı Akop Baqratuni, baş qərargah rəisi polkovnik Avetisov, əsgər və zabitlərinin böyük bir hissəsi, o cümlədən, dəhşətli mart günlərinin “qəhrəmanlarından"”polkovnik Amazasp və başqaları ilə ölüm-dirim savaşı aparırdı.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev məlumat paylaşıb.

Onun sözlərinə görə, erməni Milli Şurası və Sentrokaspi “diktatorlarının” dəvəti ilə avqustun 17-də Britaniya silahlı qüvvələrinin general-mayoru Lionel Denstervil təxminən 1000 nəfər seçmə əsgər və zabitdən ibarət yaxşı silahlanmış ordusu ilə özünün yazdığı kimi “inqilabçı rus şəhərindəki erməniləri türklərin soyqırımından xilas etmək üçün” Bakıya varid olmuşdu:

“Bu həmin dövr idi ki, artıq Qurd qapısına çatmış Qafqaz İslam ordusu yalnız silah-sursat deyil, ərzaq sarıdan da çox böyük korluq çəkirdi. Təkcə onu demək kifayətdir ki, içməli suyu onlarla kilometr məsafədən - Yevlaxdan qazanlarla gətirirdilər. Amma ingilis generalının xatirələrindən göründüyü kimi, mühasirə vəziyyətində olan Bakıda onun əsgərləri heç də pis güzəran keçirmirdilər: Denstervil 1921-ci ildə Londonda çap etdirdiyi “Densterforsun macəraları” kitabında Bakı günlərini xatırlayaraq yazırdı: “Ordunun ərzaq təminatında ciddi çətinliklərlə üzləşirdik. Doğrudur, heç vaxt keyfiyyətli təzə ət və çörək sarıdan korluq çəkmirdik. Lakin qidanı daha faydalı edən və həzmə kömək göstərən tərəvəz, cem, yağ, süd kimi ərzaq məhsullarını tapmaq demək olar ki, qeyri-mümkün idi. Bir dəfə bəxtim gətirmişdi - Ənzəlidən əla bal almışdım. Bir, ya da iki dəfə döyüşçülərə az da olsa, həqiqi pivəni xatırladan Bakı pivəsi verə bilmişdik. Baha şeylərin ucuz, ucuz şeylərin isə baha qiymətə satıldığı Bakıda əsgərlərin qida rasionuna delikateslər daxil etməyə də imkanımız olurdu. Məsələn, təzə kürü bu qəbildən idi. Lakin kürü nəfis dad məsələsidir. Belə qurman zövqünə malik olmayan əsgərlər isə hamının bəyəndiyi bu gözəl neməti “siyənək yağı” adlandırır və çox da xoşlamırdılar”.

Vilayət Quliyev daha sonra qeyd edib: “Belə məqamda məşhur “Səhranın ağ günəşi” filmindəki kürü yeməkdən bezən keçmiş çar gömrükxanasının rəisi Pavel Luspekayevi xatırlamamaq olmur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm