Bakının erməni-daşnaklardan azad edilməsi böyük tarixi hadisə idi - Musa Qasımlı
Bizi izləyin

Tarix

Bakının erməni-daşnaklardan azad edilməsi böyük tarixi hadisə idi - Musa Qasımlı

Sentyabrın 15-i Bakının yadelli qüvvələrdən azad edildiyi gündür. Bu günün böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var.

Publika.az Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlının bununla bağlı qeydlərini təqdim edir. Tarixçi alim 100 il əvvəl baş verən proseslərə nəzər salır, bu hadisənin misilsiz əhəmiyyəti barədə fikirlərini bölüşür.

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Rusiyanın ordu hissələri silahlarını ermənilərə vermişdi. Onlar buna qədər Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər.

O vaxt azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlman olduqları üçün etibar etmədiyi azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Buna görə də onlar hərb sənətini öyrənə bilmirdilər. Yalnız “Vəhşi diviziya” adlandırılan hərbi dəstələr var idi ki, onlar da könüllərdən təşkil olunmuşdu.

Belə bir şəraitdə Bakıda hakimiyyəti ələ keçirən düşmən qüvvələr dinc türk, müsəlman əhaliyə zülm edirdi. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olundu və Xalq Cümhuriyyəti quruldu. Bakı erməni-bolşevik işğalında olduğundan hökumət Gəncədə fəaliyyət göstərməyə başladı.

Həmin dövrdə yenicə qurulmuş hökumətin Bakını azad etmək üçün kifayət qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu yardımı yalnız qardaş Türkiyədən gözləmək olardı. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər paşa qardaşı Nuru paşanı ordunun komandanı təyin etdi və Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən əsgərlər cəlb etmək üçün o, Qafqaz İslam Ordusu adlandırıldı.

Türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi və bu yürüşün mənəvi əsasları da var idi. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi sayılırdı. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına məruz qalmışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənclər Çanaqqala savaşında türk qardaşlarının yardımına yetişmişdilər.

Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarəti ələ keçirirdi. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdırsa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon əhalinin 3 milyonunu türk və müsəlmanlar təşkil edirdi.

Hücumların qarşısında tab gətirə bilməyən Bakı soveti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində qurulan Sentrokaspi diktaturası general Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də müqavilə imzaladı. Müqavilənin şərtinə görə, Osmanlı qoşunlarının Kür çayını keçməsinin qarşısı alınmalı idi. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binalarına, dinc əhaliyə zərər toxunmadı. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında davam gətirmədi və şəhərdən qaçdı. Beləliklə, Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

Bakının azad edilməsi, əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Azərbaycan və türk silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi və azərbaycanlıların milli ruhunu yüksəltdi. Onlar çarizm işğalından sonrakı dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar.

Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, həmin məzarlar daim ziyarət olundu. Nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu, qardaşlıq abidəsinə çevrildi. 1918-ci ilin martında soyqırımı qurbanlarının, 20 Yanvar şəhidlərinin, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, yalnız insanların ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm