Dövlətçiliyimizin xilas günü: heç bir təhlükə Heydər Əliyevi yolundan döndərə bilmədi
Bizi izləyin

Tarix

Dövlətçiliyimizin xilas günü: heç bir təhlükə Heydər Əliyevi yolundan döndərə bilmədi

“1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi. 1990-cı il 20 Yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

O qeyd edib ki, düşmən havadarlarının gücündən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi:

“Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə baxmayaraq, əhalini ağır vəziyyətdən xilas etdi. Qısa müddət ərzində qonşu dövlətlərlə səmimi münasibətlər qurmağa nail oldu. Muxtar Respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağını düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edən Azərbaycan xalqı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı.

20 Yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicat yolunu orada axtarırdı. Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı qurtarmaq üçün Bakıya gəldi. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə, güclü liderə, Ali Baş Komandana ehtiyac var idi. Cümhuriyyətin acı taleyini yaşamamaq üçün qüdrətli dövlət başçısına ehtiyac var idi. Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üç rəngli bayrağı əbədi etmək üçün Heydər Əliyevə hava və su qədər ehtiyac var idi. Heydər Əliyev də gəldi”.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev illərlə rəhbərlik etdiyi xalqın ən çətin günlərində onun yanında oldu:

“Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev dağılmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətimizin sükanı arxasına keçdi və bu yolda əngəl olan bütün maneələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə yazırdı:

“Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbilə Azərbaycana, hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı, nə ordusu, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir”.

Heydər Əliyev 15 iyuna gələn yolu xilas etdiyi kimi, 15 iyundan sonra da şərəfli bir tarixin əsasını qoydu. Ölkədə daxili sabitliyə nail oldu, dövlət çevrilişi cəhdlərini zərərsizləşdirdi, təcavüzkar Ermənistanla atəşkəsə, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu, Azərbaycanı müəyyən təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul etdirdi. 1990-cı il 20 Yanvar və Xocalı soyqırımına siyasi qiymət verilməsinə nail oldu. 31 Martın Azərbaycanlıların Soyqırım Günü kimi təsbit olunmasına, azərbaycanlıların Ermənistan SSRİ-dən deportasiya olunması haqqında fərmanların verilməsinə, Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə nail oldu.

ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasına, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul olunmasına, müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasına və ilk parlament seçkilərinin keçirilməsinə nail oldu. Aqrar islahat həyata keçirməklə torpağın təmənnasız olaraq kəndlilərə verilməsinə, qonşu dövlətlər, o cümlədən dünyanın nüfuzlu dövlətləri ilə balanslaşdırılmış siyasətin həyata keçirilməsinə, dünyanın, o cümlədən BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunmasına nail oldu. Ordu quruculuğu sahəsində uğurlar qazanmaq və düşməni öz torpaqlarımızdan çıxarmaq üçün ali hərbi məktəblərin yaradılmasına nail oldu, azərbaycançılıq ideologiyasının və “bir millət, iki dövlət” konsepsiyasının həyata vəsiqə almasına, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu”.

Professor əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsini başlamağa məcbur etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, düşməni darmadağın edərək onu danışıqsız bəyanata imza atmağa məcbur etdi. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə öz tarixi nəticəsini verdi.

Məlum olduğu kimi, 1923-cü ildə sovet Rusiyasının təzyiqi nəticəsində Qarabağda erməni separatizmini dirçəltmək üçün muxtar qurum yaradıldı. Bu qurum mövcud olduğu 100 il ərzində erməni maraqlarına xidmət etmiş və Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün çoxsaylı cəhdlər göstərmişdi. 44 günlük Vətən Müharibəsindən sonra da bu qurum separatçı mövqeyindən əl çəkmədi. Azərbaycanın suverenliyinə nail olmaq, Qarabağda əmin-amanlığı bərpa etmək, Ermənistandan Qarabağa qanunsuz yolla gələn hərbi birləşmələrin fəaliyyətinə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində qondarma qurum ləğv edildi, üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində dalğalanmağa başladı”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm