Qafqazda tək hakimlik mifinin dəfn edilməsi...
Bizi izləyin

MDB

Qafqazda tək hakimlik mifinin dəfn edilməsi...

Hamıya məlumdur ki, Rusiya 30 ildir ki, Qafqazda tək hakimlik rolunu oynayır, 30 ildir Qarabağ münaqişəsindən istifadə edərək həm Azərbaycanı, həm də Ermənistanı öz ovcunun içərisində saxlayırdı.

Ermənistanda rusiyönümlü Serj Sarkisyanın devrilməsi və qərbyönümlü Paşinyanın hakimiyyətə gəlməsi Rusiyanın kefinə soğan doğranmış oldu. Paşinyanın rusiyönümlü kanalları bağlatdırması, rusiyönümlü jurnalistləri işdən çıxartdırması, rusiyönümlü sabiq prezident Köçaryanı həbs etdirməsi (sonra isə azadlığa çıxır) Rusiya ilə bağlı mövqeyini ortaya qoymuş oldu.

Paşinyan Ermənistanın 44 günlük müharibədəki biabırçı məğlubiyyətinin səbəblərini Rusiya silahlarının nasazlığına, İsgəndər raketlərinin çoxunun partlamamasına bağlamaqla öz boynundan atmış oldu. Paşinyan 44 günlük məğlubiyyəti ilə Qarabağın çox hissəsini itirməklə əslində istəyinə tam olmasa da, çatmış oldu. Nikol Paşinyan hal-hazırda Qarabağla bağlı maraqlanmaması Qarabağın heç vaxt Ermənistana məxsus olmadığını da dolayısı yolla qəbul etmiş oldu. Sərhəddə baş verən gərginlik, Ermənistanın KTMT-yə müraciəti və təşkilatın Ermənistana dəstək verməməsi Paşinyanın əlinə Rusiya əleyhinə bəhanə düşmüş oldu.

O, seçkilərdə qalib gələrsə, 44 günlük savaşdakı məğlubiyyətini rus silahlarının nasazlığına bağlayırdısa, sərhəddəki olayları KTMT-nin və ya Rusiyanın Ermənistana dəstək olmamasına bağlayacaq və bununla da o təşkilatı və Rusiyanı ruslaşaraq zombiləşmiş erməni cəmiyyətinin gözündən salmaq istəyəcək. Nikol Paşinyanın məqsədi Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarıb Qərbə inteqrasiya etməkdir. Bu Paşinyan üçün çətin sınaqdır. Çünki, Paşinyan istəyinə çatmaq üçün erməni cəmiyyətinin psixologiyasını ruspərəstlik və ya rusiyönümlü fikirlərini silib tamamilə dəyişdirməkdir. Bunun çox vaxt alacağı labüddür və Paşinyanın özü də bunun fərqindədir.

Nikol Paşinyan Azərbaycana sərhəd məsələsinin həlli ilə bağlı ABŞ və Fransa müşahidəçilərinin sərhədə yerləşdirilməsini təklif etmişdi. Əslində Paşinyanın bu təklifi əbəs yerə deyil. O ABŞ və Fransanı bölgəyə geri gətirib Rusiyanın Qafqazın tək hakimi mifinin dəfninin təməlini qoymuş oldu.

Qafqazda "ofsayt"da qalan oyunçu ABŞ-dır. Ancaq ABŞ Azərbaycanla Ermənistanı və Gürcüstanın da vasitəçiliyi ilə Ağdamdakı mina xəritələrinə qarşılıq 15 erməni əsirlərini qaytarılması ilə bağlı anlaşmaya razılaşdırmaqla bölgədə Rusiyaya qarşı taktiki gediş etdi. Bununla da o Rusiya tərəfindən topal ördəyə çevrilmiş, Paşinyana ayaqda durmaq üçün dayaq vermiş oldu. ABŞ-ın Qafqaza girişinin 2 açarı var: Paşinyan və Gürcüstan. Gürcüstanı NATO-ya üzv etməklə Qafqaza faktiki olaraq daxil olacaq. Paşinyan vasitəsilə isə Ermənistan-Azərbaycan sərhədində müşahidəçi statusunda daxil olmaq istəyir.

Qafqazda digər oyunçu isə Türkiyədir. Türkiyə Rusiya ilə birgə Ağdamda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə faktiki olaraq Qafqaza daxil oldu. Türkiyə hələ ki, Rusiyadan geridədir. Çünki Rusiyanın Qarabağda 2 minlik əsgəri var. Türkiyə də əsgərinin sayını 2 minə çatdırmaq istəsə də Rusiya buna əngəl törətdi. Türkiyə prezidenti isə tərəzini tarazlaşdırmaq üçün bugün Şuşaya səfər etdi və Azərbaycan prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsini imzaladı. ŞUŞA bəyannaməsinin əsas müddəası:

"Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur."

Şuşaya ilk öncə səfər etməklə Rusiyaya "mən də varam" dedi. Bəyannaməni isə imzalamaqla Rusiyanın əl-qolunu demək olar ki, zəncirləmiş oldu. Rusiyanın ermənilərin əli ilə törədəcəyi təxribatlarla bağlı planları da suya düşmüş oldu. Çünki azad olunmuş torpaqlara hücum etmək ilk öncə Türk ordusunu qarşısına almaq deməkdir. Bütün bu proseslər isə ilk öncə Paşinyana sərf edir. Çünki o da Rusiyanın Qafqazda dayayaqlarının zəifləməsinə maraqlıdır. Bununla da Rusiyanın Qafqazın tək hakimi anlayışının dəfninin təməlini Paşinyan qoydu, Türkiyə Rusiya ilə Ağdam Birgə Monitorinq Mərkəzi ilə dəfni sürətləndirdi, Ərdoğan isə Şuşaya səfər edib, orada Şuşa Bəyannaməsini imzalamaqla bu dəfni bitirmiş oldu və bununla da Rusiyanın üzərinə torpaq atılmış oldu.

Fazil Bayramlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm