Müharibəyə getdiklərini açıqlayan məmur və deputatlarla bağlı həqiqət ÜZƏ ÇIXDI
Bizi izləyin

MDB

Müharibəyə getdiklərini açıqlayan məmur və deputatlarla bağlı həqiqət ÜZƏ ÇIXDI

Ukraynada müharibə başlayandan bəri Rusiyanın federal və regional səviyyədə 108 məmuru və deputatı cəbhəyə getməyə hazır olduqlarını açıqlasalar da, onların əksəriyyəti “VIP hissələrdə” qalıb və sağ-salamat evə qayıdıblar. Bəzi qanunvericilər hətta Türkiyəyə istirahətə getməyə və onlarla qanun layihəsinin həmmüəllifi olmağa macal tapıblar.

Publika.az xəbər verir ki, bu barədə “Novaya Qazeta. Yevropa”nın "VIP cəbhə" başlıqlı məqaləsində qeyd olunub.

Nəşrin hesablamalarına görə, müharibəyə getməyə hazır olduqlarını bəyan edən dövlət qulluqçularından yalnız 18-i həqiqətən cəbhəyə gedib. Bunlar əsasən cinayət təqibindən (çox vaxt dələduzluq və mənimsəmə) yayınmaq istəyənlərdir. Xidmətə gedən daha 62 nəfər güzəştli şərtlər alıb. Cəbhədəki məmurların yarısı altı aydan çox xidmət etməyib. Rusiya dövlətinin 20 nümayəndəsi müharibəyə getmək niyyətini açıqladıqdan sonra heç nə etməyib.

Məmur və deputatlardan daxil olan müraciətlərin əksəriyyəti 2022-ci ildə olub – 31 müraciət. Ötən il belə halların sayı 23 olub. 2023-cü ildə niyyətlilərin sayı təxminən iki dəfə az olub. Ən yüksəkvəzifəli “könüllü” general-polkovnik rütbəli senator Viktor Bondaryovdur. Onun yenidən xidmətə qəbul edilib-edilmədiyi bəlli deyil, çünki bu barədə heç yerdə məlumat dərc edilməyib.

Dövlət Dumasında “Vahid Rusiya”nı təmsil edən deputat Dmitri Sablin rəsmi olaraq 2022-ci ilin martından savaşdadır. “QROM – Kaskad” bölməsinin qurucusu və komandiri olan Sablin jurnalistlərin araşdırmasına görə, bu müddət ərzində 40-dan çox qanun layihəsinin həmmüəllifi olub. Həmçinin Sablin dəfələrlə NATO ölkəsi olan Türkiyədə istirahət edərkən görülüb. Ümumilikdə Duma deputatlarından 18-i müharibəyə getməyə hazır olduqlarını bildiriblər.

2024-cü ildə Belqorod vilayətindən altı məmur və bir deputat savaşa gedib. Onlar “BARS – Belqorod” könüllü dəstəsinə qoşulsalar da, döyüş zonasına getməyiblər və öz regionlarında qalıblar. Ümumilikdə müharibəyə getmək istəyən 49 dövlət qulluqçusu bu variantı seçib. Daha 10 nəfərin xidmət yerini müəyyən etmək mümkün olmayıb. Qeyd olunub ki, cəmi 11 məmur və deputat nizami hərbi hissələrə gəlib.

Nəşr vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrində ümumi əsaslarla cəmi səkkiz dövlət nümayəndəsi olub – onlardan üçü həlak olub, daha iki nəfər yaralanıb.

31 dövlət qulluqçusu hələ də xidmətini davam etdirir, doqquz nəfər isə altı aydan az əvvəl xidmətə gedib, ona görə də onların orada uzun müddət qalıb-qalmayacaqlarını dəqiq demək olmaz.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm