32 milyard varidat, Maykl Cekson və Bill Qeytslə ortaq iş və Bakıda biznes - MİLYONÇU
Bizi izləyin

Milyonçu

32 milyard varidat, Maykl Cekson və Bill Qeytslə ortaq iş və Bakıda biznes - MİLYONÇU

O, ərəb ölkələrinin ən varlı iş adamı sayılır. “Bloomberg Billionaires Index”in hazırladığı siyahıya əsasən pulunun həcminə görə, dünyada 20-ci yeri tutur. Bir müddət əvvəl bütün sərvətini xeyriyyə məqsədilə bağışlayacağını açıqlayıb. Söhbət 32 milyard dollardan və Səudiyyə kral ailəsinin üzvü şahzadə əl-Valid ibn Təlaldan gedir. O Əl-Valid ki, əl-Səud klanının 10 000 nəfər şahzadəsindən biridir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində əl-Valid ibn Təlalın həyat hekayəsini təqdim edir.

Ata şahzadə, ana şahzadə

O, 1955-ci ildə kral ailəsində anadan olub. Tam adı əl-Valid ibn Talal ibn Əbdüləziz əl-Səuddir. Babası Əbduləziz ibn Səud Səudiyyə Ərəbistanının qurucusudur. Atası maliyyə naziri, şahzadə Talal İbn Əbdüləziz, anası isə Livanın baş naziri Riada Solhanın qızı, şahzadə Monadır. Əl-Validin valideynləri o uşaq ikən boşanıblar. Bu hadisə də əl-Validə çox pis təsir edib.

Ana himayəsi

Beləliklə əl-Valid gənc yaşına qədər anası ilə birlikdə Livanda – Beyrutda yaşayıb. Livan o zaman ən demokratik və avropalaşmış Orta Şərq ölkəsi hesab olunurdu. Lakin çox keçmir Livanda vətəndaş müharibəsi başlayır. Milli ideyalarla maraqlanan əl-Valid az qala Yasir Ərafatın tərəfdarına çevrilir. Amma atası buna imkan vermir. Oğlunu kral Əbdüləzizin adını daşıyan hərbi akademiyaya oxumağa göndərir. Bu qərar əl-Validin ürəyincə olmasa da, ənənələr atasına tabe olmağı tələb edirdi. Çox-çox sonradan atasının bu addımına haqq qazandırır.

Gələcəyin iş adamı hərbi akademiyadan sonra təhsilini davam etdirmək üçün 1966-cı ildə okeanın o tayına - Amerikaya gedir. Əvvəlcə Kaliforniyadakı Menlo kollecini bitirir. Ardınca Nyu-Yorkda Syrakus Universitetinə qəbul olur. 1979-cu ildə biznes idarəetməsi üzrə bakalavr dərəcəsi, 1985-ci ildə isə politologiya və iqtisadiyyat üzrə magistr dərəcəsinə sahiblənir Yeri gəlmişkən, yazılanlara görə, əl-Valid çox sərt saray qaydaları ilə tərbiyə edilir. Gənc yaşında iki dəfə evlənidrilir. Lakin hər iki evlilik boşanma ilə bitir.

Şahzadənin biznesdə ilk addımları

Əl-Valid öz biznesini 1979-cu ildə qurur. 1979-cu ildə kolleci bitirib vətənə qayıdan şahzadə atasının hədiyyə etdiyi 15 min dollarla “Kingdom Holding Co” investisiya korporasiyasını yaradır. Əvvəlcə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmək istəyən xarici şirkətlərə bəzi xidmətlər göstərir. Kral ailəsinə yaxın olduğundan bu amil onun işini həyatında müsbət rol oynayır. Biznesini tez bir zamanda inkişaf etdirərək mənfəət əldə edir. 300 min dollar kredit götürərək ərazilərin alqı-satqısı ilə məşğul olur. Yen də sahib olduğu mövqedən istifadə edib əraziləri ucuz qiymətə alıb, baha qiymətə satır. Çox keçmir ki, bu ərazi maxinasiyaları ona 2 milyon dollar gəlir gətirir. Əl-Validin özü isə bu maxinasiyaları təkzib edib deyir ki, malik olduğu kapitalı bağlanmış müqavilələrə görə ödənilən “komisyon” haqları sayəsində qazanıb. Yəni ölkədə hər hansı şirkət bir müqaviləni reallaşdırmaq üçün şahzadənin və ya hər hansı yüksək çinlinin köməyindən yararlanmalıdır. Bunsuz mümkün deyil. Və bu qanunu hesab edilmir. Komissiya adətən müqavilənin dəyərinin 30 faizini təşkil edir.

Daha yuxarıya doğru

Zaman keçdikcə əl-Valid biznesinin formatını dəyişdirir. Pulunu investisiya etməyə başlayır. “Birləşmiş Səudiyyə Kommersiya Bankı”nın səhmlərini alır. 1986-ci ildə bu investisiyanı yatırırkən onun iflas edəcəyi proqnozlaşdırılırdı. Lakin iki il sonra ikinci dərəcəli bank mənfəət gətirməyə başlayır. Əl-Validin investisiya yönümlü daha bir uğurlu addımı daşınmaz əmlak olur. Bunun sayəsində onun paytaxtda hündürlüyü 300, 600 metrə çatan göydələnləri yaranır.

34 yaşında beynəlxalq investisiya bazarına daxil olur. 1990-cı ildə 550 milyon dollara “Citibank”ın səhmlərinin 20,8%-ni əldə edir. Yeri gəlmişkən, həmin ərəfədə bank maliyyə böhranı yaşayırdı. Heç kəs ümid etməzdi ki, 7 ildən sonra əl-Validin səhmlərinin dəyəri 12 dəfə artacaq. Məhz bu investisiya sayəsində o, dünyada tanınmış iş adamına çevrilir.

"Avro Disney" əyləncə parkını

İş adamı 350 milyon dollara Paris yaxınlığında yerləşən, iflas təhlükəsi ilə üz-üzə olan "Avro Disney" əyləncə parkının səhmlərinin 24.8%-ni alır. Hansı ki, bir il sonra həmin səhmlərin dəyəri 600 milyon dollara qalxır. Bundan əlavə o, Maykl Ceksonla “Əyləncə Krallığı” korporasiyasını yaradır. Artıq dayanmaq bilməyən əl-Valid 90-cı illərin ikinci yarısında mehmanxana biznesi ilə məşğul olmağa başlayır. “Hollivud Planeri” restoranlar şəbəkəsinin, “Feyrmont” qrupunun, ”Movenpik” mehmanxana şəbəkəsinin, “Four sizens ” otel şəbəkəsinin (bu şəbəkənin Bakıda – Azneft meydanında da oteli var – red.) əsas səhmdarlarından birinə çevrilir. 2000-ci ilin yazında fond indekslərin dağılması zamanı yüksək texnologiya ilə məşğul olan investorlar risklərlə üzləşir. Lakin şahzadə valyuta məzənnələrinin qalxacağına əmin olduğundan dünyaca məşhur olan IT şirkətinə 15 milyard sərmayə qoyur. İnternet provayder şəbəkəsinin səhmlərini əldə edir. Əl-Valid Bill Qeyts və Qreyq Makkoyla “Teledesic” (dünyanın hər yerini İnternetlə təmin edir) layihəsində iştirak edir. Hazırda əl-Validin imperiyasına banklar, TV kanalları, hotellər, kənd təsərrüfatının bir sıra sahələri, pərakəndə ticarət, avtomobil və sənaye avadanlıqlarının istehsalı, elektron avadanlıqların buraxılışı, kompüter və kompüter proqramları daxildir. Eləcə də, “Citibank” sərmayəsindən sonra AOL, Apple Inc., MCi Inc., Motorola, News Corporation Ltd. kimi Amerika şirkətlərinin səhmdarlarından birinə çevrilir. Onun investisiyaları arasına Londondakı “Savoy Hotel” və Monakodaki “Monte Carlo Grand Hotel” də daxildir.

Şəxsi göstəriciləri

Digər şahzadələr kimi əl-Valid də çox dindardır. Nə siqaret çəkir, nə də alkoqollu içki içir. Dinin tələblərinə riayət edən milyonçu Ər-Riyadda möhtəşəm məscid də inşa etdirib. Dinə olan bağlılığı onun investisiya qoyuluşlarında da rol oynayır. Əl-Valid tütün və spirt istehsal edən şirkətlərin səhmlərini almır. Şahzadə özü qumar oynamasa da, qumar oyunlarından böyük mənfəət əldə edir. Həmin pulları xeyriyyəçilik üzrə sərf edir. Əl-Valid siyasətdən kənar gəzir. Gəncliyində Yasir Ərəfata qoşulmağın bir addımlığında olan şahzadənin maraqlı tərəflərindən biri də yəhudilərlə tərəfdaş olmasıdır. Bununla belə o, İsrail işğalçılarına qaşı mübarizə aparan fələstinlilərin ehtiyacları üçün 27 milyon dollar yardım bağışlayıb.

Əl-Validin qulluğunda 400 qulluqçu dayanır. Onların saxlanmasına isə hər ay 1 milyon dollar xərcləyir. Nəhayət o, əldə etdiyi uğurları belə dəyərləndirir: “Mən çox işləyirəm. Əgər hər hansı işdə uğur qazanırsansa, növbəti uğur öz ayağı ilə gələcək. Mən dindaram. Bu dəyər mənə yardım edir. Əgər Allahın sayəsində parlayırsansa, həmişə ciddi qalmalı, kasıblara yardım əli uzatmalısan. Əks halda Allah səni cəzalandıracaq”.

Şahzadə hər gün saat 10-da yuxudan qalxır. On beş dəqiqə məşq edir, səhər yeməyi yeyir.11.00-dan 16:00-dək ofisdə işləyir. 16:00- 17:00 arası sadə lanç və qısa istirahət edir. 19:00-dan gecə 02:00 qədər ofisdə işləyir. Sonrakı üç saat ərzində üzgüçülüklə məşğul olur, idman edir, namaz qılır, 5:00-da yatır. Bu arada o çox az yeyir. Özü bu haqda belə deyir: “Mən kalorinin sayğacıyam”

“Kral Qülləsi”

İndiyə qədər “A-380” təyyarəsini satın alan ilk fərd kimi dillərə düşən əl-Valid hazırda Ciddə şəhərində "Krallıq qülləsi" adlı göydələn inşa etdirir. 63 aydan sonra hazır olması nəzərdə tutulan göydələn dünyanın ən yüksək binası olacaq.“Kingdom Holding Co” investisiya korporasiyasının sahibi “Arabnews” qəzetinə verdiyi açıqlamasında deyib ki, təxminən 1000 metr yüksəkliyi olacaq bina Dubaydakı "Burc Xəlifə"ni də geridə qoyacaq. 5,3 milyon kvadrat metr sahədə tikilın “Kral Qülləsi”nin inşasının 20 milyard dollara başa gələcəyi bildirilir.

Şəxsi həyatı

Əl-Valid rəsmi şəkildə 3 dəfə evlənib. Sonuncu xanımı şahzadə Armi ilə 2006-cı ildə tanış olub. Dərhal evlilik təklif edib. Əl-Valid özü şəxsi həyatı haqqında jurnalistlərin suallarına cavabda belə deyir: “Mənim 100 arvadım var. Onların şəkilləri otağımın divarını bəzəyir”. Bununla belə, şahzadə tək yaşayır.

Varidatı

Onun adı dünyanın ən zəngin insanları sırasında ilk iyirmilikdə yer alır. “Forbes” onun pulunu 2012-ci ildə 18 milyard dollar qiymətləndirib. 2010-cu ildə isə bu rəqəm 19,4 milyard dollar, 2009-cu ildə 13,3 milyard dollar olub. Bu arada şahzadə jurnalın qiymətləndirməsindən narazıdır. Belə ki, o, “Forbesin onun pulunu az göstərdiyini düşünür. Hətta bir neçə il əvvəl tərəflər arasında bu yöndə narazılıq yaşanmışdı. O, jurnalı varidatını azaltdığı, şəxsini daha "kasıb" göstərdiyi üçün London Ali Məhkəməsinə vermişdi. Əl-Valid deyirdi ki, “Forbes” onun sərvətini 9,6 milyard dollar az göstərib. O, əslində milyarderlər reytinqində 26-cı yerdə deyil, ilk onluqda olmalıdır.

"Forbes"in heyəti isə əl-Valid ibn Təlalı qiymətli kağızlar bazarında manipulyasiya etməkdə günahlandırır. Jurnal ekspertlərinin fikrincə, şahzadə reytinq tərtib olunmasına bir-iki ay qalmış bazara müdaxilə etməklə şirkətinin səhmlərini bahalaşdırır. Bu halın bir neçə il ardıcıl olaraq eyni formada baş verdiyi söylənilir.

Bill Qeyts, Uorren Baffet və əl-Valid...

Əl-Validin son hoqqası isə 32 milyard dollar sərvətini xeyriyyə məqsədilə xərcləyəcəyini açıqlamasıdır. Dediyinə görə, bu xeyriyyəni müsəlman və xristian ölkələrində ehtiyacı olanlara xərcləyəcək. Nəzərə çatdıraq ki, ondan əvvəl belə bir təşəbbüslə Bill Qeyts, Uorren Baffet çıxış ediblər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm