• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Milyon dollarlıq toy çaldıran rusiyalı milyarderin Bakı izləri- MİLYONÇU

Milyon dollarlıq toy çaldıran rusiyalı milyarderin Bakı izləri- MİLYONÇU

İllər sonra o, mətbuatın gündəminə oğlunun dəbdəbəli toyu ilə gəldi. 20 milyon dollar xərcləndiyi irəli sürülən mərasimdə dünya ulduzları Cennifer Lopes, Stinq, Enrike İqlesias, Partisiya Kaas və Elton Con iştirak etdilər. Bununla da toy Rusiyada "ilin hadisəsi" adlandırıldı. Söhbət 8 il əvvəl Rusiyadan qaçıb Böyük Britaniyaya sığınan Mixayil Quçeriyevdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Britaniyadakı “GCM Global Energy Inc”, Rusiyadakı "Rusneft", "Rus kömürü" və digər şirkətlərin sahibi Mixayil Quçeriyevin həyat hekayəsini təqdim edir.

Bu günün neft maqnatı yükdaşıyan olub

Mixayil Quçeriyev 1958-ci il martın 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində çoxuşaqlı inquş ailəsində dünyaya göz açıb. 1961-ci ildə ailəsi Çeçenistanın paytaxtı Qroznıya köç edib. Qroznıda 23 nömrəli orta məktəbdə təhsil almağa başlayıb.1975-ci ildə məktəbi bitirdikdən sonra yükdaşıyan işləyib. 1976-cı ildə Qazaxıstana gedərək Cambul Texnoloji İnstitutunda gecə bölümündə kimya mühəndisi ixtisası üzrə təhsil alıb. Paralel olaraq Cambul xalq sənətkarlığı fabrikində fəhlə işləyib. 1982-ci ildə universiteti bitirdikdən sonra yenidən Qroznıya qayıdıb. Bir müddət zavod rəhbəri kimi işləyib.

İş həyatı

1988-ci ildə sovet-italyan birgə müəssisəsi olan “Çiital” mebel fabrikini, eləcə də SSRİ-nin ilk korporativ banklarından biri “Qafqaz”ı yaradıb. 1991-ci ildə Çeçen-İnquş iş adamları Assosasiyasının rəhbəri seçilib. 1992-ci ildə Çeçenistanda Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini buraxaraq Rusiyaya köçüb. Elə həmin il o, sənaye və maliyyə şirkəti olan investisiya və innovasiya Bankı –BİN-i təsis edib. 1993-cü ildə “BİN” AKB-yə rəhbərlik etməyə başlayıb. Hansı ki, hazırda Rusiyanın 30-a yaxın bankı bu quruma daxildir.

2000-ci ildə Quçeriyev Rusiya-Belarusiya şirkəti olan “Slavneftə” rəhbər təyin edilib. 2002-ci ilin sentyabrında o, neft-qaz şirkəti olan “Russneft”i yaradıb. Yeri gəlmişkən, 2004-cü ildən “Russneft” dünyanın ən böyük neft-qaz şirkətlərinin onluğuna daxildir. Quçeriyevin uğurları bununla bitmir. 2005-ci ildə o, "Rusiya kömür" ASC-i təsis edib. 2006-cı ildə onun sərvətinin həcmi 2,6 milyard dollara yüksəlib.

Putinlə yola getmir

2006-cı ildən başlayaraq Quçeriyevin Putin hökuməti ilə münasibətləri gərginləşir. 2007-ci ildə Rusiya hüquq mühafizə orqanları onu qeyri-qanuni sahibkarlıqda günahlandıraraq cinayət işi qaldırırlar. Elə həmin gün ittiham şirkətə yönəldilir. “Russneft”in hissələrinin 50 faizinə həbs qoyulur. Məhkəmə Quçeriyev haqqında şərti həbs qərarı çıxarır. Bundan sonra o, “Russneft”dəki rəhbər postunu tərk edərək payını biznesmen Oleq Deripaskaya satır. Satışdan əldə etdiyi 3 milyard dolları da götürüb Londona qaçır. 2007-ci ilin oktyabrında Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyir. Yeri gəlmişkən, bu informasiya təsdiqini tapmayıb.

Rusiyaya qayıdış

Nəhayət, 2009-cu ildə Rusiyanın polis orqanları gözlənilmədən Quçeriyev haqqında həbs qərarını dəyişir. 2010-cu ilin mayında valideynlərinin və oğlunun məzarını ziyarət etmək üçün çarter reysi ilə İnquşetiyanın hava limanı “Maqas”a enir. Yanvar ayında Oleq Deripaskadan şirkətinin səhmlərini geri alır. Aprel ayında isə ona qarşı irəli sürülən bütün ittihamlar geri çəkilir. 2013-cü ilin yayında Quçeriyev yenidən “Russneft”in yeganə qanuni sahibi olur.

Ailəsi

M.Quçeriyev evlidir, iki övladı var. O da Rusiyadakı bütün qeyri-rus milyarderləri kimi şəxsi həyatını, övladlarını mediadan uzaq tutur. Quçeriyevin ailəsi ilə bağlı xəbərlər yalnız oğlu Çingiz Quçeriyevin 2007-ci ildə 21 yaşında avtomobil qəzasında həlak olduğu zaman gündəmə gəlib. Belə ki, M.Quçeriyevin Rusiya hökuməti ilə münasibətlərinin pisləşdiyi zamanda oğlunun ani vəfatı geniş müzakirələrə yol açmışdı.

Hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülürdü. İş adamının yaxınlarının mətbuata açıqlamalarına görə, Ç.Quçeriyev qəzada başından yaralanıb və beyinə qan sızması nəticəsində həlak olub. Bəzi mənbələr isə onun qəzada sağ qaldığını, hətta hadisədən sonra xəstəxanaya gedərək yardım aldığını deyirdilər. Hər iki halda fakt faktlığında qalır. Çingiz Quçeriyevin vəfatı ailəsi üçün zərbə olur. Mühacir həyatı yaşayan Mixail Quçeriyev oğlunun dəfnində iştirak edə bilmir. Lakin oğlu ilə vidalaşmaq üçün nəşini gizli şəkildə Bakıya gətizdirə bilir.

M.Quçeriyevin digər ailə üzvlərinə gəlincə, qardaşı Sait-Salam, eləcə də qardaşı oğlu Mixail Şişxanov iş adamlarıdır.

20 milyon dollarlıq toy

Gəldik son günlər Rusiya mətbuatının manşeti olan toy mərasiminə. Milyarderin oğlu Səid Quçeriyevin xanımı özündən 8 yaş kiçik İnquşetiyadan olan kasıb ailənin qız Xədicə Ujahovadır. Onların toyu Moskvadakı Telman İsmayılova məxsus “Safisa” restoranında baş tutub. Təkcə toy mərasiminin keçirildiyi salonun bəzədilməsinə 14 milyon rubl (330 min 840 manat) xərclənib. Toyda Cennifer Lopes, Stinq, Enrike İqlesias, Partisiya Kaas və Elton Con oxudular. Sarı mətbuatın nümayəndələri toyun təntənəsindən danışarkən onu Rusiyada "ilin hadisəsi" adlandırdılar.

Milyardları

İş adamının sərvətinin həcmi 2005-ci ildə 0,73 milyard dollar olub. 2006-cı ildə bu rəqəm 2,7 milyarda, 2007-ci ildə 3 milyarda yüksəlib. 2008-ci ildə onun sərvəti 2,6 milyarda,2009-cu ildə 1,9 milyarda qədər düşdü. 2010-cu ildə Rusiyaya qayıtmasından sonra sərvətinin həcmi yenidən artmağa başladı. Həmin il 2,2 milyard dollar sərvət toplayan inquş əsilli iş adamı 2011-ci ildə 2,5 milyarda, 2012-ci ildə 6,7 milyarda sahibləndi. 2015-ci ildə isə onun sərvətinin həcmi 2,4 milyard dollar oldu.

Hazırkı sərvəti

Hazırda milyarder “Russneft”in səhmlərinin 70, “Neftisa”nın 70, “Binbank”ın 39,4 faizinə, eləcə də daşınmaz əmlaka (“Nasional”, “Petrovskiy passaj”, “Smolenskiy passaj” mehmanxanaları) sahibdir. Bundan əlavə, onun şirkətləri sırasına dövriyyəsi 1 milyard dollar olan Britaniyadakı “GCM Global Energy Inc” də daxildir. Rusiya mətbuatının iddialarına görə, sözügedən şirkət Qazaxıstan və Azərbaycandan neft daşıyır. M.Quçeriyev eyni zamanda radiolara sahibdir. Onun kolleksiyasına 8 radio – “Vеsna FM”, “Vostoк FM”, “Stolitsa FM”, “Love Radio”, “Radio Daça”, “Taksi FM”, “Şanson” və “Qovorit Moskva” daxildir. “Şanson” u 2015-ci ildə 66 milyon dollara satın alıb. Digər 7 radionun alışına isə 100 milyon dollar xərcləyib. İş adamının ortaqları qardaşı Sait-Salam, eləcə də qardaşı oğlu Mixail Şişxanovdur.

Hobbisi

M.Quçeriyev şeir yazmağı sevir. Onun yazdığı şeirlərə bəslənən musiqilər Filip Kirkorov, Valeriya və İosif Kabzonun ifasında səsləndirilib.

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>