Qeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU
Bizi izləyin

Milyonçu

Qeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU

Hətta müasir texnologiyadan uzaq olan şəxslər belə Stiv Cobsu (Steve Jobs) yaxşı tanıyır. O, uzun müddət şəxsi həyatını ictimaiyyətdən gizli saxlasa da, sonralar rəsmi biqrafiyasının qələmə alınmasına razılıq vermişdi. Bəs Stiv Cobs kimdir?

Publika.az Apple imperiyasının qurucusu haqda bilmədiyiniz ən maraqlı faktları sizinlə bölüşəcəyik. Çünki Cobsun həyatı da ixtiraları kimi maraqlı və əsrarəngizdir.

Suriyalı tələbənin “istənməyən” oğlu

1955-ci fevralın 24-də ABŞ-ın San Fransisko şəhərində politologiya fakültəsinin gənc tələbəsi suriyalı Əbdulfəttah Candali və Coanna Şiblin nikahdankənar oğlu dünyaya gəlir. Cütlük körpədən imtina etdikdən sonra, onu Kaliforniyada yaşayan Pol və Klara Cobs ailəsi övladlığa götürür. Bir müddət sonra isə Stivin bioloji valideynləri suriyalı tələbə Əbdülfəttah və Coanna rəsmi nikaha daxil olurlar, buna səbəb isə ikinci övladlarının dünyaya gəlməsi olur. Stivin bioloji bacısı yazıçı Mona Simpson doğma valideynlərinin ailəsində böyüyür. Bacısı ilə Stivin ilk görüşü isə nə az, nə çox 27 il sonra Monanın romanının təqdimat mərasimində baş tutur. Tezliklə onların arasında bir-birinə qarşı əsl doğmalıq, səmimi münasibət yaranır. Mona hər zaman Stiv haqda böyük qürurla bəhs edirdi. Bacısı ona bioloji valideynlərindən tez-tez danışsa da, Stiv onlarla görüşdən boyun qaçırırdı. Atası illər sonra verdiyi müsahibələrin birində belə deyir: "Oğlumla hətta bir fincan qəhvə içmək belə, məni dünyanın ən xoşbəxt insanı edərdi, lakin “suriyalı qürurum” ilk addım atmaqda hər zaman mənə mane olub. Stiv öz növbəsində atasından geri qalmasa da, anası ilə daha isti münasibəti olub. Belə ki, o, bəzi tədbirlərinə anasını da dəvət edərdi. Buna baxmayaraq Stiv öz uğurunda şəxsi müsbət keyfiyyətlərinə və ən əsası onu böyüdən valideynlərinə borclu olduğunu qeyd edirdi.

Xırda biznesdən maqnatlığa doğru gedən yol

Stivin elektronikaya həvəsi məktəb illərindən yaranmağa başlamışdı. Adaşı Stiv Voznyakla tanışlıqdan sonra isə kompüter texnologiyaları ilə bağlı biznesə qoşulmağa qərar verir. Əfsanəvi əməkdaşlığın ilk məhsulu isə "BlueBox" adlı cihaz olur. Bu cihaz öz sahibinə ödənişsiz şəhərlərarası zənglər etmək imkanı qazandırırdı. 1 ədəd "BlueBox"-un dəyəri isə 150 dollar təşkil edirdi. Cihazın hazırlanıb, quraşdırılması ilə Voznyak, qeyri-qanuni satışı ilə isə 13 yaşlı Cobs məşğul olurdu. Bu əmək bölgüsü tərəfdaşlar arasında gələcəkdə də, eyni qaydada davam etdiriləcəkdi. Yalnız bu dəfə tam qanuni biznes şəkilində.

1972-ci ildə məktəbi bitirən Cobs Oreon ştatında yerləşən Rida kollecinə qəbul olur. Stiv elə həmin il maddi çətinlik üzündən “Atari” şirkətinə işə daxil olur. Bu şirkət əsasən kompüter oyunlarının istehsalı ilə məşğul olurdu. 4 il sonra Voznyak ilk kompüterini yaradır, Cobs isə həm “Atari”də işinə davam edir, həm də dostunun istehsal etdiyi kompüterlərin satışı ilə məşğul olur. Elə bu əməkdaşlıqdan “Apple” şirkəti yaranır. "Apple" adını Cobs şirkətə təsadüfən vermir. Axı yalnız bu halda firmanın telefon nömrəsi “Atari” şirkətindən öndə gələcəkdi. "Apple" şirkəti 1976-cı il 1 aprel (gülüş günü) tarixində fəaliyyətə başlayıb. Firmanın ilk ofisi isə Cobsun valideynlərinin qarajı idi. Şirkətin ilk məhsulu "Apple 1" adı ilə tarixə düşən kompüter olur. Hər il tərəfdaşlar bu kompüterdən 200 ədəd sataraq, kifayət qədər məhşurlaşırlar. Bu kompüterlərin hər birinin qiyməti isə 666 dollar 66 sent dəyərində idi.

“Alma” imperiyasının qurucusu

Qazandığı uğurlara rəğmən 80-ci illərin əvvəllərində Stiv Cobs artıq böyük şirkətə çevrilən "Apple"-də tədricən nüfuzunu itirməyə başlayır. Onun şirkəti idarə tərzi öncə bəzi söz-söhbətlərin, sonra isə böyük konfliktlərin yaranmasına gətirib, çıxardır. Beləcə, 1985-ci ildə 30 yaşlı Cobs İdarə heyətinin qərarı ilə şirkətdən uzaqlaşdırılır. Bundan sonra özünü biznesin bir sıra uğurlu yönlərində sınayır. 2006-ci ildə məşhur "Wolt Disney" şirkətinin 7% idarəsi Cobsun ixtiyarına keçir.
Məşhur maqnat 1997-ci ildə yenidən "Apple" şirkətinə geri dönür. 2000-ci ildən "iMac" kompüterlərinin uğurlu istehsalına başlanılır. Bunun ardından şirkət "iPhone", "iPad" kimi dünyaya səs salan layihələrə imza atır.

Xəstəlik

2003-cü ildə tibbi müayinə zamanı Cobsda nadir rastlanan xərçəng növü aşkarlanır. Mədəaltı vəzin xərçəngi. Bu xəstəliyin əməliyyatla tam sağalması mümkün olsa da, Stiv əməliyyatdan imtina edir. 9 ay təbii üsullarla müayinə olunan nüfuzlu biznesmen, sonunda əməliyyat olunmağa qərar verir. 2008-ci ildə isə Cobs yeni bəla ilə üz-üzə qalır. Bu dəfə isə o qaraciyər köçürməsi əməliyyatı keçirdir. 2011-ci ildə Cobs "iPad 2"-nin təqdimetmə mərasimində iştirak edir. Elə bu tədbirdə bütün mətbuatın gözü onda idi. Stiv çox arıqlamışdı. Elə həmin il “dünyanı dəyişən insan” 56 yaşında bu dünyaya gözlərini əbədi yumur. Gənclik illərində o, ölümü həyatın ən böyük ixtirası adlandırırdı və ölümdən qorxmadığını vurğulayırdı. Lakin 1990-cı ildə Lorenlə ailə qurduqdan sonra fikirləri tamam dəyişir. Onların çox xoşbəxt ailəsi vardı. Bu nikahdan 4 övladları dünyaya gəlmişdi. Yaxınlarının dediyinə görə, Stiv çox gözəl ailə başçısı idi. Övladlarının valideyn iclaslarında şəxsən iştirak edir, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmirdi. Son müsahibələrinin birində Stiv “Həyatı çox sevdiyini, və ölümdən qorxduğunu demişdi. “Mən ailəmi çox sevirəm, onlar mənim həyatımdır, buna görə də həyatdan ayrılmaq istəmirəm”

Zövqün zirvəsində duran zövqsüz milyonçu

Stiv Cobs rəsmi mərasimlərə tanınmış geyim dizaynerlərinin məhz onun üçün hazırladıqları bahalı kostyumlarda qatılırdı. Lakin, adi günlərdə o sadə cins, qara köynək və idman ayaqqabısında gəzirdi. Bu da mətbuatın gözündən yayınmırdı. Çox vaxt jurnalistlər ona zarafatla “Apple şirkəti oz markalarını yeniləyir, amma Stivin geyimi illərdir eyni qalıb” deyirdilər.
Bu sözlər isə milyonların qibtə edəcəyi sərvətə sahib, şəxsi təyyarəsində səyahətlərə çıxan Stivi heç də qıcıqlandırmırdı. O, hər zaman deyirdi: “Başqalarının haqqımda nə düşündüyü mənə zərrə qədər maraqlı deyil. Bir vaxtlar mənim heç öz otağım yox idi və dostlarımın mənzilində quru döşəmədə yatırdım. Yemək almaq üçün isə boş “Coca-Cola” şüşələri satırdım. Hər bazar günü pulsuz nahar etmək üçün kilsəyə 10 kilometr yolu piyada gedirdim. Nə olsun ki, mən o günlərimdə də çox xoşbəxt idim!”

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm