Plastik saat, ucuz ayaqqabı, hər dolların 5 senti – 1,3 milyard insanın ən varlısı
Bizi izləyin

Milyonçu

Plastik saat, ucuz ayaqqabı, hər dolların 5 senti – 1,3 milyard insanın ən varlısı

O, 1,3 milyard əhalisi olan Çinin ən varlı sakinidir. Bahalı tünd kostyumlar geyinməyi və plastik saat taxmağı sevir. “Forbes” onun sərvətini 33,1 milyard dollar həcmində qiymətləndirib. Bu şəxs Honkonqun böyük hissəsinə nəzarət edir. Çinlilərin dediyinə görə, Honkonqda xərclənən hər dolların 5 senti onun cibinə axır. Söhbət iş adamı, “supermen” ləqəbli Li Ka-Şinqdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “Cheung Kong Group” və “Hutchison Whampoa” şirkətlərinin sahibi, Çin vətəndaşı Li Ka-Şinqin həyat hekayəsini təqdim edir.

Li Ka-Şinq 1928-ci ildə Çaojouda kasıb müəllim ailəsində dünyaya göz açıb. Valideynləri ilk olaraq ona Li Ka-Li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honkonqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı olub. Belə ki, Çində müəllim ixtisası ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən də Şinqin atasına hər kəs hörmət edirmiş.

Çətin uşaqlıq

Yazılanlara inansaq, atası onun alim olmasını istəyirmiş. Arzusunun reallaşması üçün oğluna ancaq “oxu” deyərmiş. Li Ka-Şinq özü bu haqda belə deyir: “Atam məndə öyrənmək və həyatda nəyin əsas olduğunu bilmək arzusu yaratdı. Həyatımda proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, atamın mənimlə fəxr etməsi üçün hər şey edəcəkdim”.

Li Ka-Şinqin uşaqlığı müharibə illərinə təsadüf etdiyindən çox ağrılı, səfalət içində keçib. Belə ki, gələcəyin milyarderinin 8 yaşı olanda Yaponiya Çinə qarşı hərbi əməliyyatlara başlayır. Ailə daimi yaşayış yerindən ingilislərin nəzarətində olan Honkonqa üz tutur. Atası özü ilə ancaq ən dəyərli əşyalarını - şagirdlərinin hədiyyə etdiyi kitabları götürür. Honkonqda yaşayan varlı tacir qardaşının onlara dəstək olacağını düşünür. Lakin qardaşı onu və ailəsini evinin yaxınlığına belə buraxmır. Ailə günlərlə küçədə yaşadıqdan sonra bir balıqçının komasına yerləşir. Bir il sonra Linin atası vərəmdən vəfat edir. Qardaşı ailəni dolandırmaq üçün əmisinin qapısında fəhlə işləyir. Həmin günləri xatırlayan Li Ka-Şinq “mən həyatla üz-üzə gəldim. Həyatı necə varsa, elə də gördüm. On iki yaşım var idi, amma özümü 20 yaşında, hətta daha böyük hiss edirdim”, - deyə bildirir.

Təhsil, karyera

Sosial, maddi çətinliklərə rəğmən, Honkonqa yerləşəndən sonra təhsilini davam etdirməsi üçün valideynləri onu məktəbə qoyurlar. Çətinliklər fonunda Li Ka-Şinq təhsil almaqda davam edir. Amma atası vəfat etdikdən sonra təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalır. Ailəsini dolandırmaq üçün əmisinə üz tutur və iş istəyir. Əmisi onu kəmər satıcısı kimi işə götürür. Əslində vəziyyət elə imiş ki, Li ən ağır işlərə də razı olmağa hazır olub. Bir qədər sonra o, daha perspektivli iş tapır. Dəmir qapılar istehsal edilən zavodda möhür vuran işləyir. Qazandığı pulun anasını dolandırmağa çatdığını görəndə isə təhsilini davam etdirməyi qərara alır. Zavoddakı növbəsindən sonra gecə məktəbinə gedir. Məhz həmin ərəfədə nəyin bahasına olursa-olsun, uğur əldə edəcəyinə dair özünə söz verir. 1940-cı illərin sonunda plastik əşyalar istehsal edən şirkətə işə düzəlir. Müharibədən sonra plastik əşyalardan gündəlik həyatda daha çox istifadə edilməyə başlanılır, bu da böyük tələbat yaradır. Li günün 16 saatını durmadan işləyir. Onun öz işini qurması isə sırf təsadüf nəticəsində baş verir. Dediyinə görə, bir dəfə işlədiyi şirkətin rəhbəri xəstələnir. Həmin ərəfədə isə təcili işgüzar məktub hazırlanmalı imiş. Li kömək etməyi qərara alır. Yazdığı məktub o qədər savadlı, səhvsiz olur ki, şirkətin direktoru ona departament rəhbərliyi vəzifəsini təklif edir. Li buna cavab olaraq topdansatış sektorunun ona həvalə edilməsini istəyir. Bir il ərzində digər topdansatış menecerlərindən 7 dəfə çox məhsul satmağı bacarır. Tale sanki çinli gəncin üzünə gülməyə başlayır. 19 yaşında artıq ona şirkətdə rəhbər vəzifələrdən birini verirlər. Maraqlıdır ki, Lini gələcəkdə daha yaxşı elmi perspektiv gözləsə də, o, biznes qurmağı qərara alır və şirkətdən ayrılır: “Öyrənəcəyim heç nə qalmamışdı. Həmin şirkətdə direktor da ola bilərdim. Amma belə vakansiya yox idi”. Kiçik kapitalla plastik əşyaların topdansatışı ilə məşğul olmağa başlayır. Bundan əlavə, keçmiş müdirinə də satışda kömək edərək xidmətinin əvəzində komissiya alır. Sərəncamında sərbəst vəsaitin qaldığını görüb Honkonqdakı bütün xarici qəzetlərə abunə olur. Həmin mətbu orqanlardan o, əsasən Qərb cəmiyyətində baş verənləri, eləcə də böyük bizneslərdəki vəziyyətlə bağlı məlumatları oxuyur, proseslərlə tanış olur. Bütün xəbərləri mütaliə etdikdən sonra Li qərara alır ki, çinli istehsalçılar öz məhsullarını çox ucuz qiymətə Qərbə sata bilərlər. Daha keyfiyyətli məhsul istehsal etməyi öyrənmək məqsədilə Avropaya gedir. Qayıtdıqdan sonra yeni texnologiyalar əsasında işini davam etdirir. 1966-cı ildən başlayaraq torpaq sahələri almağa başlayır. Bu məsələdə siyasi situasiya da onun xeyrinə işləyir. Belə ki, Çində kommunist hakimiyyətinin bərqərar olacağından təlaşa düşən daşınmaz əmlak və infrastruktur sahəsində fəaliyyət göstərən xarici investorlar sahib olduqları nə varsa dəyər-dəyməzinə satıb, ölkəni tərk edirlər. Li Ka-Şinq ağıllı investor kimi prosesdən yararlanmağı bacarır. 70-ci illərin ortalarında “Cheng Kong Holdings” şirkətini yaradır. 1979-cu ildə o, müxtəlif sahələri əhatə edən ingilis şirkəti “Hutchison Whampoa”nı əldə edir. Şirkət Honkonqun bütün dəniz nəqliyyatına və faktiki olaraq, port obyektlərinə nəzarət edirdi. Hazırda da “Hutchison Whampoa” dəniz konteyner daşımalarının 12% -nə nəzarət edir. Doğrusu, adi bir sahibkarın belə nəhəng, rentabelli şirkəti necə əldə etməsi illərdir medianın müzakirə mövzusu olaraq qalır. Li Ka-Şinqin bioqrafiyasında da bu məsələnin üzərindən keçilməsi şübhələri artırır. İşgüzar dairələrin versiyasına görə, razılaşma London və Honkonq rəsmilərinin iştirakından kənarda əldə olunub.

Sahib olduqları

Milyarderin Çin iqtisadiyyatının, demək olar ki, bütün sahələrində şirkətləri var. Onun daşınmaz əmlak sahəsindəki biznesinin operatoru “Hutchison Whampoa Property” (yaşayış kompleksləri – “Whampoa Garden”, “Laguna City”, “South Horizons”, “Rambler Crest” və “Caribbean Coast”, ofis kompleksləri – “Cheung Kong Center”), otel biznesinin operatoru “Harbour Plaza Hotel Management” dir (“Harbour Plaza” otel şəbəkəsi). Pərakəndə ticarət sahəsində milyarderin “Watsons” parfümeriya-kosmetika şəbəkəsi, “Park-n-Shop”, “Gourmet”, “Taste” və “Great” supermarket şəbəkələri, “Watsons Wine Cellar” içki, siqar mağazalar şəbəkəsi, “Fortress” elektrik məhsulları mağazalar şəbəkəsi fəaliyyət göstərir. Loqistika sahəsində “Hutchison Port Holdings”, yük terminalı “Hong Kong Air Cargo Terminals”, telekommunikasiya sahəsində mobil operator “Hutchison Telecommunications International”, internet-provayder “Hutchison Global Communications” və TOM Online, enerji və neft məhsulları sahəsində “Power Assets Holdings”, “Hongkong Electric”, “Power Assets Investments” və “Associated Technical Services”, Kanadanın neft-qaz şirkəti “Husky Energy”,” Cheung Kong Infrastructure Holdings”, qida emalı sənayesində “Watsons Water”,” Mr. Juicy”, eləcə də bir sıra sahələrdə şirkətlər ona məxsusdur.

Şəxsi həyatı

Milyardlara baxmayaraq, La Ka-Şinq hələ də plastik saat taxır, ucuz ayaqqabı geyinir. Yeri gəlmişkən, o duldur. 27 illik həyat yoldaşı vəfat edib. Bir daha evlənməyən iş adamının 2 oğlu var. Onların hər ikisi atalarının biznesində iştirak edirlər. Onu da bildirək ki, La Ka-Şinq digər milyarderlər kimi xeyriyyə ilə məşğul olur. Çinin ən varlı sakininin mafiya ilə əlaqələrinin olduğu da irəli sürülür. Özü isə uğurunun sirri kimi riski sevdiyini göstərir: “Milyardlarla dollar kredit götürürəm və onu iqtisadiyyatın müxtəlif sahələrinə yatırıram. Milyarder olmaq üçün başını işlətmək kifayətdir”. O ki qaldı Li Ka-Şinqin arzusuna, “bağban olmaq istərdim” deyə bildirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm