“Kobra”: “Gecənin döyüşünə mən çıxacam” – MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Kobra”: “Gecənin döyüşünə mən çıxacam” – MÜSAHİBƏ

5 qat dünya çempionu Pərviz Abdullayev növbəti dəfə ölkəmizi beynəlxalq arenada təmsil etməyə hazırlaşır. Azərbaycanın və “Qəbələ” İK-nın idmançısı, “Kobra” ləqəbli döyüşçü bu günə qədər 44 peşəkar döyüş keçirib, onlardan 40-da qalib gəlib. İndi onu Hollandiyanın Amsterdam şəhərində keçiriləcək “Glory World Series” gözləyir. Bu turnirdə kikboks sahəsində dünyaca məşhur, demək olar ki, əfsanə sayılan idmançılar mübarizə aparacaq.

Publika.az-a müsahibəsində yarışın səviyyəsindən danışan idmançı həmçinin, bu yarışa düşmək üçün apardığı mübarizəni də xatırladı.

- Belə başlayaq – Məşqlər, keçdiyiniz hazırlıq və rəqibiniz...

- İlk olaraq ümumi “Glory World Series” haqqında məlumat verim. Bu yarış peşəkar kikboksun ən yüksək zirvəsidir. Burada döyüşmək hər insana nəsib olmur. Mən ilk azərbaycanlı olaraq “super fight” – yəni gecənin döyüşündə çıxış edəcəyəm. Bu da mənim üçün böyük fəxr hissidir ki, belə bir yarışda Azərbaycanı təmsil edəcəyəm. Yarış dekabrın 4-də Hollandiyada “Amsterdam Arena”da baş tutacaq. Məşqlərə gəlincə, bu dəfə Bakıda, şəxsi məşqçim Mehman Umudov və Füzuli Musayevin rəhbərliyi altında hazırlaşmışam. İnanıram ki, bu döyüşdə qalib gələcəm. Rəqibim Aziz Kallahdır. Əslən Mərakeşdən olan bu idmançı Hollandiyanı təmsil edir. Hollandiyada yaşayır, orada da məşqlərini edir. Gənc olmasına baxmayaraq, çox güclü idmançıdır. Bizim döyüşümüz bir çox kanallar vasitəsilə canlı yayımlanacaq.

- Necə oldu ki, bu cür yarışda iştirak etmək qərarına gəldiniz?

- Bu yarışda döyüşmək arzum idi. İllərlə bura düşmək üçün çalışdıq, mübarizə apardıq. Nəhayət, promouterim yarış təşkilatçıları ilə danışdı və son döyüşlərimi bəyəndikləri üçün məni bu yarışa dəvət etdilər. Onu da qeyd edim ki, bu yarışa gedə bilməyimdə böyük əməyi olanlardan biri də Hacı Səbuhi Rəcəbdir. Klubumuzun - “12 May Cobra” klubunun prezidenti, eləcə də Türkiyə Sambo Federasiyasının və Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Hacı Səbuhi Rəcəbin bu yarışda iştirak etməyim üçün böyük köməkliyi dəyib. Biz artıq onunla 5 ildir ki, bir yerdə işləyirik. Ona da bu dəstəyə görə öz təşəkkürümü bildirirəm.

- Sosial şəbəkələrdə paylaşdığınız videolardan da görmüşük, özünüz də qeyd etdiz ki, karatedə dərin iz qoymuş Füzuli Musayevlə də məşqlər etmisiniz? Nə vaxtdan onunla hazırlaşırsınız? Füzuli müəllimlə məşq keçməyin çətin tərəfləri varmı?

- Bəli, artıq 5 ilə yaxındır ki, Füzuli müəllimlə məşqlər edirəm. Füzuli müəllim istər məşqlərdə, istərsə də həyatda mənə çox şeylər öyrədib. Onunla məşq etmək çətin yox, çox zövqvericidir. O, karateçi olduğundan hazırda ayaqlarla daha yaxşı işləyirəm.

- Füzuli müəllim məşq zamanı daha çox nəyə diqqət ayırır?

- Nizam-intizama...

- Yəqin ki, rəqibin görüntülərini izləmisiniz? Sizcə rəqibinizin güclü tərəfləri hansıdır?

- Rəqibim çox texnikalı idmançıdır. Sağ ayaqla vurduğu zərbələri çox güclüdür. Amma mən də buna hazırlaşmışam. İnanıram ki, döyüşdə onun zərbələrini dəf edə biləcəyəm.

- Yarışda mükafat fondu nə qədər tətbiq edilib?

- Hələ dəqiq məlum deyil.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm