Dünya çempionumuz: “Yaxın adamdırsa...” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Müsahibə

Dünya çempionumuz: “Yaxın adamdırsa...” – MÜSAHİBƏ/FOTOLAR

Bu yaxınlarda Türkiyənin Antalya şəhərində Ümumdünya O-Sport Federasiyası tərəfindən keçirilən 8-ci dünya çempionatında ölkəmizi təmsil edən idmançılardan biri də Ceyhun Fərzəliyev olub. O, bu yarışda keçirdiyi bütün döyüşlərdə qalib gələrək çempion adı qazanıb. Bu çempionat bir ildən bir, müxtəlif ölkələrdə, püşkatma yolu ilə keçirilir.

Xatrılatma –Uşaqlıqdan idmana olan maraq...

Ceyhun Fərzəliyev 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Uşaq vaxtlarından idmana həvəsi olan Ceyhun 6 yaşından idmana yazılıb. Daha sonra kənd şəraitində bir müddət güləşlə, karate ilə məşğul olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub. C.Fərzəliyev haqqında daha ətraflı məlumatı öz dilindən təqdim edək.

Publika.az-a müsahibə verən dünya çempionu yarışda məxfi saxlamaq istədiyi işindən də danışdı:

- Universitetə başladığınız dövrdə idmanı davam etdirdiniz, ya bir müddət fasilə oldu?

- Xeyr, əksinə daha da mütəmadi olaraq idmanla məşğul olmağa başladım. Özümü idmansız təsəvvür edə bilmirəm. Bundan sonra Respublika dərəcəsində idman uğurlarım olub. Cüdo, sambo və boks idman növlərində dəfələrlə respublika daxili yarışlarda iştirak edib nəticələr əldə etmişəm. Artıq MMA (qaydasız döyüş) ilə 3 ildən çoxdur ki, məşğulam. Xidməti işlə əlaqədar olaraq – müxtəlif rayonlarda fəaliyyət göstərdiyim üçün məşqlərimi də o plan üzrə qururam.

- Hər rayonda başqa-başqa məşqçilərlə?

- Məsələn Tovuzda, Astarada, hazırda isə Balakəndəyəm. Bu rayonlarda təbii ki, özüm üçün yaxşı müəllimlər seçmişəm. Sağ olsunlar, Tovuzdan Samir müəllim, Astaradan Rafiq müəllim, Balakəndə də Samir müəllim var – onlarla məşqlərimi etmişəm.

- Sirr deyilsə, işiniz nədən ibarətdir?

- (bu suala Ceyhun bəy cavab vermək üçün tərəddüd etdi) – Bunu məxfi saxlayaq... (Daha sonra qərarını dəyişən dünya çempionu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyini dedi). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşıyam. Mənə dəstək olan rəhbərliyimə minnətdaram. Şəxsi məşqçim Sərhəd müəllim və federasiyamızın prezidenti Vüqar müəllimə də təşəkkür edirəm.

- Cüdo, sambo... Başqa hansı idman növləri var?

- 5-6 il cüdo sambo ilə məşğul olmuşam. Amma daha çox boksla... Boks millisinin də üzvü olmuşam. 10 il boksla məşğul olmuşam.

- MMA-da adətən hər idmançının bir döyüş üslubu olur. Daha çox əl zərbələrinə üstünlük verən də olur, keçmişdə güləş idman növləri ilə məşğul olanlar isə daha çox güləş stilində vuruşur. Bəs siz?

- Əslində bu bizim döyüş anında seçdiyimiz taktikadır. Hər rəqiblə fərqli döyüşürəm. Hamısı ilə eyni cür döyüşsək, uğurlu alınmaz.

- Maraqlıdır, siz bu yarışa hansı federasiyanın tərkibində getmişdiniz?

- Çoxmübarizəli qarışıq döyüş növləri federasiyası daxilində... Düzdür, bu yarışa komanda ilə birlikdə getməmişdim. Bizdə nəqliyyat problemi olduğu üçün idmançılarımız avtobusla yola düşməli idilər. Amma mən 2 gün öncədən təyyarə ilə yola düşmüşdüm. Oranın havasına, şəraitinə uyğunlaşmaq lazım idi ki, döyüşmək üçün daha əlverişli şərait yaransın. Ancaq qayıdanda öz idmançılarımızla bərabər qayıtdım.

- Neçə döyüş keçirdiniz?

- 3 döyüş keçirdim. Əslində 4 rəqiblə görüşməli idim, amma bir rəqibim çıxmadı. Bir az anlaşılmazlıq oldu. Niyə çıxmadığını tam aydınlaşdıra bilmədim. Hansısa problemlər oldu. Yarımfinalda iranlı rəqiblə görüşdüm. Finalda da qətərli döyüşçü ilə qarşılaşdım. Ən ağır döyüşü yarımfinalda keçirdim. Hətta çox ciddi zədələr aldım. Ayaq barmaqlarım ciddi şəkildə əzilmişdi, gözümüzün altında açılma olmuşdu. Bizim üçün ən çətini o idi ki, döyüşü keçirən İran İslam Respublikası olduğu üçün baş hakim də iranlı idi. 2 raundun hesablamalarına görə yan hakimlərin bir neçəsi qələbəni mənə verdi, digər 2 yan hakim isə döyüşü bərabər qiymətləndirmişdi. Baş hakim də iranlı olduğu üçün 2 raundu bərabərə qəbul etdilər. Əlavə raund təyin etdilər. Lakin burada qalib gəldim. Finala adladım. Bu yarışda İran izləyiciləri daha çox idi. Azərbaycanlı izləyicilər də az deyildi, öz dəstəklərini verirdilər.

Finalda da çətin döyüş oldu. Çünki yarımfinaldan qalan zədələrim var idi. Rəqibim də 6 qat dünya çempionu idi. Hətta öz məşqçim mənə dəfələrlə xəbərdarlıq etmişdi ki, çox diqqətli vuruşmaq lazımdır. Mən də öz idman texnikamdan ağıllı şəkildə istifadə edərək qalib gəldim. O, öz vizitkasını mənə verdi, güman ki, döyüş təklif edəcək.

- Qətərli idmançı yenidən sizi döyüşə dəvət etsə çıxacaqsız?

- Təbii ki. Çıxmamağım gülməli alınar.

- Yarışa ev sahibliyi edən türkiyəlilər kimə azarkeşlik edirdi?

- Onlar da təbii ki, azərbaycanlılara...

- Nə vaxtsa yaxın dostunuz və ya sizə yaxın adamla döyüşdə qarşılaşmısınız?

- Bir dəfə boksda öz idman yoldaşımla qarşılaşmışam. Amma qaydasız döyüşdə belə bir hadisə baş verməyib. Bu yarışda düşünürdüm ki, rəqiblərimdən biri azərbaycanlı, öz idman yoldaşım ola bilər. Amma şükürlər olsun ki, olmadı.

- İştirak etdiyiniz üçün peşmançılıq çəkdiyiniz döyüş olub?

- Əgər hər hansı bir yarış təşkil olunursa, orada iştirak etmək üçün həmin idmançı qərarı özü verir. Amma hansısa bir yarışda iştirak etdiyim üçün peşmançılıq hissi keçirməmişəm.

- BDU-nun Şərqşünaslıq fakültəsini bitirmişiniz. Amma bu sahədə çalışmamısınız...

- Bəli, Şərqşünaslıq fakültəsini bitirmişəm. Əlavə təhsil olaraq hüquq təhsili almışam. Hazırda da Elmlər Akademiyasının nəzdindəki İnsan hüquqları İnstitutunda doktoranturada təhsil alıram. Mənim üçün həmişə təhsil daha önəmli olub. Bu, valideynlərimin də arzusu olub, mənim də. Həyatda çıxış yolunu elə təhsildə görmüşəm. Amma bir qida kimi, idmandan heç vaxt ayrıla bilməmişəm.

- Futbola marağınız var?

- Bəli, tələbəlikdə futbola da çox maraq göstərirdim. Yaxşı da oynayırdım. Bir dəfə ayağım sınmışdı, gipsli-gipsli topa zərbə vururdum...

- Bəs hansısa idmançını döyüşə çağırmaq fikriniz varmı?

- Belə fikrimiz var. Federasiyamızın həm baş məşqçisidir, həm də özü 8 qat dünya çempionudur. Onun rəhbərliyi altında bir neçə döyüş təşkil olunmalıdır. Bu barədə müzakirələr gedir. Hələ dəqiq qərar verməmişik.

- Ali təhsiliniz sizin idman uğurlarınıza nə qədər təsir edir?

- Doğru vurğuladınız, təhsil insanın cövhəridir. Mən bəlkə idmansız yaşaya bilərəm, amma təhsilsiz əsla. Düşünürəm ki, insan həyata baxışını təhsili ilə formalaşdırır.

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm