Müsahibə
Elşad Qurbanov: “Oğlumla gəlinimdən gümraham” - MÜSAHİBƏ/FOTOLAR
Budəfəki həmsöhbətim müəllimdir. Bakı Dövlət Universitetində kafedra müdiri səviyyəsinədək yüksəlib. Peşəsində, karyerasında böyük bir mərhələni arxada qoyaraq bəlli bir səviyyəyə çatdığı kimi, ömrünün də 65 ilini geridə qoyaraq həyatının müdriklik çağına adlayıb.
O, Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Elşad Qurbanovdur.
Təcrübəli müəllimdən, müdrik insandan nə öyrənmək mümkündürsə, hamısını soruşduq. Publika.az-ın həmin müsahibəsini təqdim edirik.
- 65-in kürəyini yerə vurdunuz. Bu yaş sizə nə deyir, nə pıçıldayır?
- Allah rəhmət eləsin Üzeyir Hacıbəyova, 50 yaşlı Məşədi İbadı məsxərəyə qoymuşdu, amma özü gəlib 50 yaşına çatanda demişdi ki, 50 yaş nədir axı? İndi baxıram ki, doğrudan da, 65 nədir axı? İşlər çoxdur. Yaşlandıqca insan daha da püxtələşir, bir qədər də kövrəkləşir. Öz aləmində istəyir ki, onu bir az da tərifləsinlər. Hərçənd tərifi xoşlamıram. Rəqəmlər önəmli deyil, baxır bu ömrü kim necə yaşayır…
- Yaxşı, bəs, 65-i bir alim ömrünın hansı mərhələsi saymaq olar?
- Həm insan, həm də alim ömrü kimi 65 həyatın müdriklik vədəsidir. Elmə bir qədər gec gəlmişəm. Bəlkə də elmə 22-25 yaşında gələn adam üçün 65 yaş çox görünə bilər. Elm sahəsinə gələndə 28-29 yaşım vardı. Amma gec gəlsəm də, məndən qabaq gələnləri ötüb keçdim. Bunun bir çox səbəbləri də vardı. Qərbi Azərbaycanda doğulduğum məskən balaca və çox füsunkar bir kənd idi, çox kasıbçılıqla böyümüşəm. Kəndimizdən çıxan alimlər, elm adamları həmişə yay tətilini burda keçirərdilər. Onlar kəndimizə qoluqısa, ağ köynək, qara şalvar və yay ayaqqabılarında gələndə onlara qibtə ilə baxardıq. Öz-özümüzə sual edərdik ki, ay Allah, görəsən, nə vaxtsa, biz də belə geyim-kecimdə kəndimizə yay tətilinə gələ biləcəyikmi? Beləcə, arzularımın arxasınca getdim və yaşıdlarımı da ötüb keçdim, qısa zamanda alim dərəcəsi aldım.
- Deyirsiniz ki, arzularınızın ardınca gəldiniz və arzularınıza çatdınız…(sözümü kəsir)
- Yox hələ, tam çatmamışam, arzular davam edir.
- İnşallah çatarsınız. Demək istəyirəm ki, bu arzuların ardınca gedərkən, heç qarşınıza daş-kəsək dığırlayanlar oldumu?
- İnsanın istedadı və zəhmətkeşliyi varsa, onun yüksəlişini, sadəcə, ləngidə bilərlər. Qarşısını almaq isə o qədər də mümkün görünmür. O qaynar bulağa bənzəyir. Qarşısını kəssən, mütləq, kənarlardan özünə yer edib, axacaq. Mənim də qarşımda əngəllər çox olub. Deyim ki, səbəb də özüm olmuşam.
- Necə yəni?
- Qərbi Azərbaycanda, ermənilərin içində böyümüşəm. Əzilməmək üçün xaraktercə döyüşkən olmuşuq. Elimizdən-obamızdan ayrı düşdük, çətinliklərlə qarşılaşdıq. İstər-istəməz bu əzab-əziyyət insanı sındırır. Amma ruhdan düşmədim, əyilmədim, məğrurluğum mənə mane olsa da, təzyiq və təsirlərə qalib gəldim.
- Elə isə, özünüzə “əhsən” dediyiniz məqamlar çox olub?
- Yox, özümə həmişə tənqidi yanaşmışam. Özümü qınamışam ki, bir az da artıq iş görə bilərdim, niyə eləmədim?
- Elmin çox maraqlı sahəsini seçmisiniz - botanika…
- Bəli, botanika sahəsində çalışıram və Azərbaycanın elə bir güşəsi yoxdur ki, ora ayağım dəyməsin. Yəni, bütün günü kabinetdə oturub işləyən adam olmamışam. Anadan olandan ta bu günə qədər təbiətlə təmasda olmuşam.
- Yəqin ki, təbiətlə təmas sizin xasiyyətinizə də təsir edib. Şeir yazmırsınız ki?
- Şeir yazmıram, amma yumoru, satiranı, lətifə deməyi çox sevirəm. Romantikəm. Bu da doğulduğum kəndin təbiətindən başlanıb, bu gün də davam edir.
- Bir sözlə, təbiət vurğunusunuz. Bildiyimiz qədər "Vətənpərvər alim" medalına da laiyq görülmüsünüz… Bir alim kimi uğurlarınız çoxdur. Maddi təminatınız necə, sizi qane edir?
- Yaxşı təqaüd alıram. Akademiyanın müxbir üzvü, eləcə də, kafedra müdiri olduğuma görə məvacibim də yüksəkdir. Rektor və prorektordan sonra ən yaxşı maaşı mən alıram. Hətta söz düşəndə də deyirlər ki, ən yaxşı məvacibi Elşad müəllim alır.
- Gözə gəlməkdən qorxmursunuz?
- Yox. Çünki hesab edirəm ki, bu, zəhmətimin bəhrəsidir. Onu da deyim ki, heç vaxt maddiyyat dalınca qaçmamışam. Allah hər insanın ruzisini yetirir. Övladlarım, nəvələrim var, onları xoşbəxt görəndə özümü xoşbəxt sayıram.
- Maraqlıdır, xobbiniz, əyləncəniz var?
- Şahmat oynamağı xoşlayıram. Hər bazar günü gəlinlərim, nəvələrim, oğlanlarım yığışıb bizə gəlir, xoşuma gəlir onlara qulluq edim. Fantaziyamı işə salıb, mətbəxdə özüm onlara yemək hazırlayıram. Hansı ki, Azərbaycan kulinariyasında o yeməkləri tapa bilməzsiniz.
- Birinin reseptini bəlkə bizə də deyəsiniz.
- Birini deyim. Malın bel ətini döyürəm. Yarpaq halına gətirib, içinə göbələk, şabalıd, nar, mayonez qoyub bükürəm. Sonra onu qovururam.
- Bu qabiliyyətinizdən də xəbərdar olduq. İnsanlarda hansı xüsusiyyət sizi qıcıqlandırır?
- Yalan danışan və gopbaz adamlardan zəhləm gedir. Acı olsun, amma həqiqət olsun.
- Bəs özünüzdə bəyənmədiyiniz xasiyyət hansıdır?
- Ailədə çox ciddi, mühafizəkaram. Amma nəvələrimə qarşı mülayiməm. Evdə səliqə-səhmanı xoşlayıram. Əgər səliqəsizlik görsəm, dözə bilmirəm.
- Geyiminizdən də görünür ki, şıq, səliqəli geyinməyi xoşlayırsınız.
- Hələ indi ürəyimcə, şıq geyinməmişəm. Brend geyimləri çox sevirəm. Alış-verişi də daha çox xarici ölkələrə gedəndə edirəm.
- Yəqin ki, peşənizlə bağlı olduğundan klassik geyimlərə üstünlük verirsiniz?
- Adətən, kostyum geyinirəm. Universitetə kostyum və qalstuksuz ayaq basmamışam. Amma həftəsonları istədiyim kimi, əsasən, idman üslubunda geyinirəm.
- Bu qastuk sizi boğmur?
- Bəzən dostlar mənə irad tutur, deyirlər ki, barı, axşam evə gedəndə qalstuku boynundan çıxart. Amma qalstukun müsbət tərəfi də var. İnsana gözəl görünüş verir. Mən də buna görə taxıram.
- Gözəllik qurban tələb edir, deyirsiniz. Qarderobunuzda ən çox hansı geyim elementi üstünlük təşkil edir?
- Ağ köynəklər. Rəngli köynəkləri yalnız şənbə-bazar geyinirəm. Bax, sənin köynəynə oxşar bir köynəyim var, Praqadan almışam.
- Maşallah, brend köynəklər geyinirsiniz, sonra da deyirlər ki, Azərbaycanda müəllimlər kasıb yaşayır…
- Müəllim yox, başqa bir sahənin adamı olsaydım, bəlkə də indi biznesmen idim, villalarım, mağazalarım olardı. Bəlkə də heç nəyim olmazdı. Çünki bizneç sahəsində səriştəm yoxdur, yəqin ki, müflisləşmiş biznesmen olardım. Amma müəllimlikdən zövq alıram. 65 yaşım var, hələ də gümraham, enerjiliyəm, pul da qazanıram. Oğlumla, gəlinimlə bir yerə gedəndə, baxıram ki, onlar yorulub, mən yorulmuram.
- Maşallah. Maraqlıdır, sərt müəllimsiniz, yoxsa mülayim?
- Tələbələrimi sevirəm. Mən gələndə dediniz ki, bu yaşı mənə vermək olmur. Cavan qaldığıma görə tələbələrimə borcluyam. Adətən, ikinci kurs tələbələrinə dərs deyirəm. Onlar məni çox ciddi müəllim kimi tanıyırlar. Bəlkə də mənim güldüyümü görməyiblər. Amma Universiteti qurtarana yaxın hamısı yanıma gəlir ki, nə yaxşı sizin kimi müəllimimiz olub. Yəni universiteti qurtarana yaxın mehribanlaşıb, dostlaşırıq. Əgər tələbələrlə yumşaq davransan, bundan sui-istifadə edəcəklər. Buna görə çox ciddi müəlliməm, deyəsən, bir az zəhmim-zadım da var. Qorxulu adama oxşayram (gülür).
- Adətən, yaşlı nəsil gənc nəsildən narazılıq edir. Sizcə, bu, nə dərəcədə ədalətlidir?
- Bütün dövrlərdə belə olub. Yaşlı nəsil yeni nəsli heç vaxt tərifləməyib. Gələn nəsil də keçmiş nəsli bəyənməyib. Bəlkə də bu, qanunauyğunluqdur. Bugünkü gəncliyin mütaliəsi zəifdir, oxumurlar. Amma kompüter texnologiyasını mükəmməl mənimsəyiblər, daha məlumatlıdırlar. Məsələn, bizdə müəllim var ki, əlini kompüterin “siçanına” vurmur, qorxur ki, içindən ilan çıxıb onu çalar.
- Yeri gəlmişkən, sosial şəbəkələrdə varsınız?
- Bəli. Mənimlə dost olmaq üçün nə qədər növbədə dayananlar var, heç birini dostluğuma qəbul etmirəm.
- Niyə ki?
- Onlarla yazışmağa vaxtım yoxdur. Hətta buna görə mənə irad tuturlar, laqeydlikdə suçlayırlar.
- Yaxşı ki, mən sosial şəbəkədə yoxam, yoxsa sizə dostluq göndərsəydim, qəbul etməzdiniz, mən də pis olardım. Maraqlıdır, sosial şəbəkədə sizi daha çox nə maraqlandırır?
- Hərdən baxıram və mənə maraqlı gəlir ki, görüm haqqımda tənqidi fikirlər yazırlar, yoxsa yox. Tənqiddən nəticə çıxarıram.
- Nə yazırlar ki?
- Demək olar ki, heç tənqidi fikirlərə rast gəlmirəm.
- Bəs tərif?
- Nə gizlədim, təriflər çox olur.
- Bəs saytları necə, izləyirsinizmi?
- Mütləq.
- Ən çox hansı xəbərləri izləyirsiniz?
- Azərbaycanda baş verən ictimai-siyasi xəbərləri izləyirəm.
- Bəs şou-biznes, qalmaqallar?
- Yox, Muğam Mərkəzinə gedib, muğam müsabiqələrini canlı-canlı izləyirəm. Muğamı çox sevirəm.
- Bəs estrada?
- Estradanı sevmişəm, keçmişdə. Rəşid Behbudov, Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova, Oqtay Ağayevi xoşlamışam.
- Bəs indikilərdən - Röya, Aygün Kazımova, Brilliant Dadaşova?
- Heç birini dinləmirəm. Onlar oxuyanda kanalı çevirirəm.
- Səslərini bəyənmirsiniz, yoxsa özlərini?
- Bəzilərinin şıltaq hərəkətləri, bəzilərinin isə səsləri məni qıcıqlandırır. Məlahətli səs yoxdur. Zeynəb Xanlarovanın səsindən var? Yoxdu. Mən muğam müsabiqələrini izləyirəm, özü də qabaqcadan hiss edirəm ki, hansı birinci olacaq?
- Bəs insanları necə, qabaqcadan tanıya bilirsinizmi? Sizə insan sərrafı demək olar?
- Yox, yanıldığım vaxtlar da olub. Bir insanı tanımaq üçün gərək ikinci dəfə dünyaya gələsən. İnsanı tanımaq üçün bir neçə şərt var. Dostunu bir ona vəzifə veriləndə, bir pul bölgüsü olanda sına, bir də qudalıqda.
- Söhbətimiz o qədər şirindir ki, bilmirəm necə yekunlaşdırım. Sözün düzü, illərin jurnalisti olsam da, bir müəllim qarşısında özümü tələbə qədər həyəcanlı hiss etdim. Fikirləşirəm ki, görəsən, bu müsahibəyə görə, mənə neçə yazardınız?
- Qiyməti hələ yazı çıxandan sonra verəcəm. Yazını oxuyandan sonra zəng edib, qiymətimi deyəcəm. Mən qiymətdə də çox xəsisəm. Çalışın yazıda bir hərf səhvi də olmasın. Çünki mən Azərbaycan dilini çox gözəl bilirəm.
- Amma bunu oxucular bilməyəcək.
- Heç narahat olmasınlar. Növbəti müsahibəmdə deyərəm...
Cəvahir Səlimqızı
Foto: Rəşad Abbasov
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
















.jpg)




















