Xəstəliyini gizlədən xalq artisti: “Allah verən candır, nə vaxt istəsə...” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Xəstəliyini gizlədən xalq artisti: “Allah verən candır, nə vaxt istəsə...” - MÜSAHİBƏ

Xəstəliyini gizlədən xalq artisti: “Allah verən candır, nə vaxt istəsə...” - MÜSAHİBƏ

Xalq artisti, İstiqlal Ordenli sənətkarımız Əlibaba Məmmədovun səhhətində problemlər yaranıb. Ayaqlarının şişdiyi, həkim nəzarəti altında olduğu deyilən ustad xanəndəyə baş çəkdik.

Publika.az-a danışan xanəndə xəstəliyini hamıdan gizlətdiyini də bildirib.

- Ay Əlibaba müəllim, olmasın azar, eşitdik xəstələnmisiniz, bizi yaman qorxutdunuz…

- Yaşlı adamam, niyə qorxursunuz ki. Bir ay əvvəl vəziyyətim pisləşdi, qanaxma ilə məni təcili Mərkəzi Kliniki Xəstəxanaya çatdırdılar. Həkimlər qanaxmamı güclə saxladılar. İndi də evdə müalicəm davam edir.

- Həkimlərin diaqnozu nədir?

- Düz 45 ildir ki, mədəmdə yara var, buna görə mütəmadi müalicə olunmuşam. Elə başımı girələyirdim. Bir ay bundan əvvəl qəfildən səhhətim pisləşdi, mədəmdəki yara qanaxma verdi.

- Neçə gün yatdınız xəstəxanada?

- Bir həftə. Həkimlər deyir ki, yaşla əlaqədar kapilyar damarlar partlayır, buna görə qanaxma verir. İndi də ayaqlarım şişib, mədə-bağırsaq sistemində problemlər dərinləşib. Nə bilim, xəstəlik birdi-ikidi, bütün orqanlarımda problemlər yaranıb.

- Nə əcəb müalicə üçün Türkiyəyə getmirsiniz?

- 60 yaşım olsaydı, xarici ölkələrin birinə gedib müalicə olunardım. İndi 87 yaşım var, öz evimdə rahat olmaq istəyirəm. Allah verən candır, nə vaxt istəsə, gəlib alsın.

- Yaşın nə fərqi var ki, Fikrət Qoca ilə Musa Yaqub da Türkiyədə müalicə olunandan sonra səhhətlərində müsbət irəliləyişlər oldu.

- Onlar məndən cavandır, həm də, istəmirəm qərib ölkədə narahatlıqlar yaşayım. Heç burda xəstəxanada qala bilmirəm. O ki ola xarici ölkə.

- Yəqin ki, xəstəliyinizə görə, dərs dediyiniz Milli Konservatoriyaya da getmirsiniz?

- Tələbələrimə yazığım gəlir. İstəmirəm yetim qalsınlar. Həftədə bir dəfə məni maşina qoyub dərsə aparırlar, dərsdən sonra da evə gətirirlər. İlin sonunda ali məktəbdən çıxacam. Bu halda evdən bayıra çıxmaq istəmirəm.

- Sənət dostlarınız xəstə olduğunuzdan xəbərdardır?

- Heç sənət dostlarım bilmir ki, bu vəziyyətdəyəm. Xəstəxanada yatdığımı da hamıdan gizlətmişəm.

- Niyə ki?

- İstəmirəm mənə görə narahat olsunlar. Eşidən kimi gəlmək istəyəcəklər. Niyə işlərini-güclərini qoyub mənə vaxt ayırsınlar? Siz də heç nə yazmayın, istəmirəm xəstəliyimlə camaatı narahat edim.

- Siz bizim çox dəyərli sənətkarımızsınız, sizə görə narahat olmamaq olar?

- Çox sağ olun, amma adi xanəndəyəm, məni çox ilahiləşdirməyin.

- Siz də bu qədər təvazökar olmayın, Əlibaba müəllim…

- Doğru sözümdür. Mən xanəndəyəm və həmişə də işim tələbə yetişdirmək, xalqıma xidmət göstərmək olub. Xalqımın mənə sevgisi ən böyük sərvətimdir. Yoxsa ki, maddi cəhətdən heç varlı xanəndə də olmamışam. Xalq məni dolandırıb. İndi istəmirəm mənə görə narahat olsun. Xoşbəxt yaşamışam, indi də gəlib çatmışam 87 yaşa.

- Özünüz oxumusunuz axı:

Ömür deyir qocalmışam,

Ürək deyir yaşa hələ!

- Qismət Allahdandır, ömrü verən də odur, alan da.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm