Lalə Məmmədova: “Sevgi etirafları çox olur” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Müsahibə

Lalə Məmmədova: “Sevgi etirafları çox olur” - MÜSAHİBƏ/FOTOLAR

Əməkdar artist Lalə Məmmədova əxlaqı, davranışı, danışığı, geyimi və görünüşü ilə əksər həmkarlarından həmişə fərqlənib. Elə bu səbəbdən də bir neçə il öncə ailəsinin dağılması onu sevənlər, tanıyanlar üçün, sözün əsl mənasında, şok oldu. Hazırda 2 qızına həm atalıq, həm də analıq edən müğənni özünü ən gözəl yaş dövründə hiss edir. Hətta ikinci dəfə ailə qurmağa da hazırdır.

Publika.az əməkdar artist Lalə Məmmədova ilə müsahibəni təqdim edir.

- Çox baxımlısınız. Bəlkə də kiminsə könlünü fəth etmisiniz...

- Ən gözəl yaş dövründəyəm. Əlbəttə ki, mən də çox istərəm ki, həyatımda sevgi olsun. Bir misal var, deyir nə edirsən et, eşq ilə, sevgi ilə et. Sadəcə, tələsmirəm. Hər şeyi zamanın axarına buraxıram. Allah nə yazıbsa, o da olacaq. Çox istərəm ki, həyatımda dəyər verdiyim və ən əsası sevgimə layiq biri olsun. Təəssüf... İnsan onun sevgisinə layiq olmayan birini də sevə bilər. Çox arzulayıram ki, qarşıma dəyərli insan çıxsın.

- İkinci dəfə ailə qurmaqdan çəkinmirsiz ki?

- Ataların bir misalı var, süddən ağzı yanan, qatığı üfürə-üfürə içir (gülür). Əslində, yaşadığım heç nəyə görə peşman deyiləm. Bu, mənim uğurumdur. Keçmişimdən nəticə çıxarıram. Bəlkə də 5-10 il sonra ayrı cür fikirləşəcəm. Həyat bizə elə şeylər öyrədir ki... Təkcə onu demək istəyirəm ki, hər qadın kimi mənim də həyatımda sevgi olmalıdır. Çünki qayğılarla çox yüklənmişəm.

- Artıq subaysınız. Sevgi etirafı edənlər olub?

- Olub, nədir? (gülür). Maşallah.

- Bəs evliykən də olurdu?

- Yox, evliykən belə risk edən olmayıb. Hal-hazırda isə çoxdur. Düzdür, belə şeylər danışmağı sevmirəm. Amma sevgi etirafları çoxdur. Mən isə sevən hər kəsi sevə bilmərəm. Bilirəm ki, seçim etməli və onlardan birinə şans verməliyəm.

- Ondan tələbiniz nə olacaq?

- Təbii ki, 10-15 il əvvəlki tələblərimdən fərqlidir. İndi yaşamışam, görmüşəm. Ona görə tələblərim daha böyükdür.

- 2 qız övladınız var. Sənətdə yolunuzu davam etdirmələrini istərdiniz?

- Bu, mənim istəyimlə olan bir iş deyil. Əgər fitri istedad varsa, onun qarşısını nəinki mən, heç kəs ala bilməyəcək.

- Bəs qızlarınızda istedad görürsünüz?

- Böyük qızım özü üçün elə-belə oxuyur. Gözəl zövqü var. Amma onu “fitri istedad” adlandırmazdım. Savadlı musiqiləri dinləməyi xoşlayır.

- Məsələn kimi dinləyir?

- Ani Lorak, Aygün Kazımova, Röya, Zülfiyyə Xanbabayevanı dinləyir. Xarici estradanı isə lap çox sevir.

- Şıltaqlıqları olur?

- Eh... Telefonumu götürür, “Instagram” hesabımdan xarici müğənnilərə sevgi etirafları edir. Bir başqası görsə, deyər bu Lalə Məmmədova niyə belə yazır? Görən olubsa, bilsin ki, bunları edən qızımdır.

- Sosial şəbəkə bir sıra müğənnilər üçün kabusa çevrilib. Orada müğənniləri təhqir, alçaldıcı sözlər yazan istifadəçilər çoxluq təşkil edir. Belə hallarla rastlaşırsınız?

- Yox. Rastlaşmıram. Buna görə də çox sevinirəm. Şəkillərimə, paylaşımlarıma hər zaman hörmətlə yanaşılıb. Nadir hallarda ürəkbulandıran şərhlər görürəm. Onda da baxıram ki, şəkli, barəsində məlumat belə olmayan, anonim açılan və məhz səhifəmə girib xoşagəlməz söz yazmaq üçün qeydiyyatdan keçiblər. Onu da qara siyahıya salıb heç əhəmiyyət verməmişəm.

- Sizcə, müğənninin məşhur olması nə qədər vacibdir?

- Bir günün içində də məşhurlaşmaq olar. Baxır necə məşhur olacaqsan və sənə münasibət necə olacaq. Əsas budur. Çox vaxt müğənni olduğumu da unuduram. Küçədə rahat gəzirəm. Üzümə baxıb gülənləri görəndə müğənni olduğum yadıma düşür. Hətta illər əvvəl oxuduğum elə mahnılarım olub ki, məşhurlaşacağına inanaraq ifa etmişəm, amma düşündüyümün əksi çıxıb. Mahnı lazımı auditoriya yığa bilməyib. Həmin mahnılar indi sevilməyə başlayıb. Hər şeyə zaman lazımdır.

- Həmkarlarınızın çoxu özünü aktyor kimi də sınayıb filmə çəkilir...

- (sözümü kəsərək) Mən də çəkilmişəm. Amma kommersiya filminə yox, bədii filmə çəkilmişəm. Mirzə Fətəli Axundzadənin “Sübhün səfiri” və “Lənkəran xanının vəziri” filmlərində rol almışam. Bəlkə də çoxları həmin filmlərdə məni tanımayıb. “Sübhün səfiri” filmində vəzirin xanımı Şölə xanım obrazını canlandırmışam. Təxminən 2-3 il əvvəl çəkilən filmdə baş rolları Rasim Balayev və Məlahət Abbasova oynayıb. Mən isə epizodik roldayam.

- Niyə filmə çəkilməyə davam etmirsiniz?

- Çünki çox vaxt aparır. O qədər boş zamanım olmur.

- Təkliflər gəlir?

- Təkliflər çox gəlir. Özü də təkcə film üçün yox. Seriallara və veriliş aparıcılığı üçün həddən çox təklif alıram. Amma mən oxumalıyam. Axı müğənniyəm. Bəlkə də nə vaxtsa, diqqətimi cəlb edən ssenari olsa, qəbul edərəm. Onu da hansısa prodakşn deyil, dövlət çəkməlidir. Tam peşəkar komanda ilə çalışmaq istəyərdim.

- Son illərdə sanki “stop” etmisiniz. Səs salan mahnı və klipləriniz yoxdur. Niyə?

- Mahnılar var. Mahnımın biri 2013-cü ildə partlayış yaratdı. Sözləri və musiqisi Murad Arifə məxsus “Bu şəhər ikimizə dar” mahnısı gözlənilən effekti verdi. Axı fabrik deyiləm. Amma kifayət qədər yeni mahnılarım var. Faiq Sücəddinov, Aygün Səmədzadə ilə bir neçə mahnı işləmişəm. Sadəcə, gördüyüm işləri təmtəraqla təqdim etmirəm. İfa etdiyim mahnılar gec də olsa, kəşf olunur. Repertuarımda bayağı mahnı tapa bilməzsiniz. Öz yolu olan ifaçıyam. Kütlə üçün çalışmıram. Ürəyimə yatan mahnıları oxuyuram. Bəlkə də bu, çatışmayan cəhətimdir. Bilmirəm... Ancaq zövq almadığım mahnını oxuya bilmərəm.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm