İlhamə Qasımova onların bostanına daş atdı: “Ayıbdır...” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

İlhamə Qasımova onların bostanına daş atdı: “Ayıbdır...” - MÜSAHİBƏ

Yavaş-yavaş Avropada da məşhurlaşan, Avropa hit-paradlarında yer alan tək-tük sənətçilərdəndir. Əksər müğənnilərdən fərqli olaraq, adı qalmaqallarda da hallanmır.

Müğəni İlhamə Qasımova bu özəlliklərinə görə, artıq çoxlarının sevimlisidir. Artıq özünü aktrisa kimi də sınayıb. Odur ki, onu tezliklə filmdə də görəcəyik. Çəkildiyi filmdə rolu elə də böyük olmasa da, o, bu işi də zövq alaraq edib.

- Dostunuz Oksananın çəkdiyi “Şər qarışanda” filmində çəkilsəniz də, tanıtım çarxında sizi görmədik. Niyə?

- Çünki filmdə baş rolu canlandırmamışam. Treylerdə həyəcan yaşanan məqamlar üstünlük təşkil edir. Filmdə zəhmli məktəb direktorunu canlandırıram. Çünki uşaqlıqdan görmüşəm ki, direktorlar bir qədər zəhmli olur. Filmdə 4-5 yerdə məni görəcəksiniz.

- Filmdə çəkildiyinizə görə qonorar almısınız?

- Əslində, Oksana mənə qonorar təklif etdi. Düzdür, məbləğ deyilmədi. Amma söhbət düşəndə, özüm dedim ki, mənə qonorar ayırmaq lazım deyil.

- Niyə imtina etdiniz?

- Nə qədər çətin iş olduğunu bilirəm. Üstəlik, Oksananın ilk işidir. Ona dəstək olmaq istədim. Ssenari çox xoşuma gəldi. Həmçinin bu işi dostum üçün görmüşəm. Gördüyüm işə görə isə dostumdan pul almaram.

- Film çəkilişində çətinliyiniz oldu?

- Mənim çətinliyim ancaq yol ilə bağlı oldu. Çünki çəkilişlər rayonda aparılırdı. Mənim isə Bakıda çəkilişlərim vardı. Odur ki, filmin çəkiliş günlərində yollarda qalmalı oldum. Elə olurdu 5 dəqiqəlik film çəkilişinə görə uzaq yolu yenidən çəkiliş meydançasına gedirdim.

- Bu çətinliklərdən sonra sizi yenidən filmlərdə görmək mümkün olacaq?

- Düzü bir dəfə təklif olub. Amma sevgi- məhəbbət mövzuları mənə maraqlı deyil. Həmçinin tərəf-müqabilim elə aktyor olmalıdır ki, kişi kimi ondan xoşum gəlsin. Bu, belə olmasa, obrazı istədiyim kimi canlandıra bilmərəm. Tanıdığım insanlar isə mənim dostlarımdır. Dostlarımla da sevgi-məhəbbət mövzusunda filmə çəkilə bilmərəm. Bu məndə süni alınacaq.

- Onda gərək xarici aktyorlarla çəkiləsiniz. Çəkilmək istədiyiniz əcnəbi aktyor var?

- (Gülür) Sayı-hesabı var ki... (gülür). Ayıbdır e (gülür). İndi ad çəksəm, deyəcəklər buna bax da. Bred Pitt ilə yox, Corc Kluni ilə çəkilmək istəyərdim. Özü də, hər ikimiz mayın 6-da anadan olmuşuq. Al Paçino ilə də tərəf-müqabili olmaq istəyərdim. Bu sıraya Coni Deppi də əlavə edərdim.

- Sadaladıqlarınız yaşlı deyil?

- Söhbət yaşından yox, xarizmasından gedir. Əsas aktyorun rolunun öhdəsindən gəlməsidir. Pattinsonu da bəyənmirəm. Onu “Alatoranlıq” filmindən çoxları tanıdı. Sonrakı filmlərinə baxdım. Gördüm ki, o, romantik oğlan obrazından çıxa bilmir. Bu gün mənim üçün bir nömrəli aktyorlar Endi Reydmen və Mayk Fasbenderdir.

- Biraz da Oksana ilə dostluq münasibətinizdən danışaq. Sözünüzün çəp gəldiyi vaxtlar olur?

- Əlbəttə, olur. Mübahisələrimiz də olur. Elmi mövzularda müzakirələrdə isə az qala biri-birimizin saçımızı yoluruq. Tibb sahəsindən danışanda onunla mübahisə etməyimi sevmir (gülür). Amma bu mübahisələr həddini aşmır. Bu da sevindirici haldır.

- Səhnəyə ilk gəldiyiniz gündən, demək olar ki, imicinizdə dəyişiklik etməmisiniz. Daha çox qara geyimlərə üstünlük verirsiniz. Buna səbəb nədir?

- Qara geyimlər biclikdir. Azca kilo alan kimi qara geyinirəm. Çünki qara rəngli geyimlər insanı arıq göstərir. Almaniyada çalışanda, orda insanların tünd rənglərə üstünlük verdiyini gördüm. Özüm də al-əlvan rənglərlə risk etməyi sevmirəm. Al-əlvan geyinəndə isə öz-özümdən xoflanıram. Amma onu da deyim ki, 17 yaşımdan bəri çoxlu dəyişikliklər etmişəm. Hər semestr bir formada gedirdim. Polis bölməsində işləyəndə isə elə dəyişmişdim ki, növbətçi tanımadığı üçün məni idarəyə buraxmırdı. Elə radikal dəyişiklik etmişdim ki, dəftərxana müdiri gəldi, o da məni tanımadı. Saçlarımı kişi saçı kimi də kəsdirdiyim, ağ, sarı, qırmızı və hətta badımcan rənginə boyadığım vaxtlar olub. Sonradan isə dəyişikliklərdən bezdim. Saçlarım da tökülməyə başladı. Daha başıma açmadığım oyun da qalmadı. Anladım ki, bunlar boş şeylərdir. İndi isə bir estrada müğənnisi olaraq belə imic yaratmışam. Səsi olmayan müğənnilər gündə bir imiclə çıxır. Heç olmasa, bu yolla özlərini yaddaşlarda saxlamaq istəyirlər.

- Bu, atmacadır?

- Atmacadır, ya nədir, özləri bilər. Mənə də atmaca atırlar da. Bu nədir geyindi və s. Hətta burdan bəzi stilistlərə də sözümü demək istəyirəm. İnsan ayağını yorğanına görə uzadar. Milyonlar qazanmıram ki, hər gün “Dolce Gabbana” və ya başqa brendlərdən paltarlar alım. Amerikada yaşamıram. Orda yaşayıb hər konsertimdən milyonlar qazansam və yenə indiki kimi geyinsəm, həmin stilistlərlə razılaşardım. Amma belə deyil. Ona görə də, xahiş edirəm, sözlərinizə fikir verin. Mən borcla pal-paltar ala, yaxşı görünmək üçün kredit götürə bilmərəm. Bəzilərindən fərqli olaraq, indiyədək heç bir dərziyə, stilistə, salona və ya studiyaya borcum qalmayıb. Arxamca da danışmırlar ki, filankəs üçün bunu etdim, hələ də mənə borcludur. Buna görə də hara gedirəmsə, qapılar üzümə taybatay açılır. Çünki bilirlər ki, cibimdə pul varsa, həmin qapını döyəcəm. Əks halda, heç vaxt!

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm