“Lord”: “Hələ ki məndən qorxurlar” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Lord”: “Hələ ki məndən qorxurlar” - MÜSAHİBƏ

Bu günlərdə keçirilən Azərbaycan çempionatında "Lord" ləqəbli Ramal Aslanov 10-cu qələbəsini qazandı. Kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, idman ustasını indi növbəti döyüş gözləyir.

"Dinamo" idman cəmiyyətinin üzvü Publika.az-a müsahibəsində baş tutacaq döyüşündən və yanlış anlaşılmadan danışdı.

- Sizi türk idmançı Ali Çakırla döyüş gözləyirdi. Nə oldu?

- Xeyr, səhv başa düşülüb. Ali Çakır və mən - ikimiz də eyni çəkidə döyüşəcəyik. Amma başqa-başqa rəqiblərlə... Sadəcə ikimizin də meneceri eyni adamır. O da sosial şəbəkədə paylaşım edib ki, iki döyüşçüm Almaniyada döyüşəcək - Türk kaplanı və Azəri aslanı... Düzdür, Ali Çakırla döyüşüm olmalı idi. Ancaq Türkiyə tərəfi etiraz etdi. Dedilər ki, iki qardaş ölkəyik, yaxşı deyil.

- Keçirəcəyiniz döyüşlə bağlı məlumat verərdiz. Nə vaxt olacaq? Rəqibiniz kimdir?

- Yarış mart ayında Almaniyada baş tutacaq. Böyük yarışdır. Mən bir idmançı ilə qarşılaşacam. "Super fight" peşəkar döyüşlərdə nadir hallarda 4-lüklər, 8-liklər olur. Adətən bir döyüş olur. O da 40 gündən bir keçirilir.

- Siz kikboks yığmasının da üzvüsüz...

- Bəli. 71 kq-da artıq 10 ildir çempion oluram. Uduzmuram, “1 nömrə”yəm. Həm də boksda yığma komandanın üzvüyəm. Eyni zamanda kikboksun peşəkarları arasında 2015-ci ildə Azərbaycan çempionu olmuşam. Bir sözlə, həm peşəkar döyüşürəm, həm də yığmanın üzvüyəm.

- Martda baş tutacaq yarışı gözləmisiz bu vaxta qədər? Heç bir yarışa qatılmamısız?

- Xeyr, WAKO dünya çempionatından qayıtdıqdan sonra sadəcə bir həftə dincəldim. Sonra məşqlərə qaldığı yerdən davam etdim.

- Bəzən kikboksda peşəkar döyüşlərə çıxan idmançılarımız qaydasız döyüşlərdə də qüvvəsini sınayır. Bəs sizə belə bir təklif olubmu?

- Xeyr. Heç qaydasız döyüşə çıxmaq fikirim də yoxdur. Amma qeyd edim ki, kikboksun peşəkar döyüşü qaydasız döyüşdən də çətindir.

- Qorxub çıxmaq istəmədiyiniz döyüş olubmu?

- (gülür) Hələ ki, məndən qorxurlar... Məni yetərincə tanıyırlar.

Qeyd: Kikboksçumuz Ramal Aslanov almaniyalı kikboksçu Mervin Rozendtruiklə Almaniyada martın 26-da dünya kəməri uğrunda mübarizə aparacaq. Bu döyüş barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev də "Facebook" səhifəsində bildirib: “Azərbaycan Respublikası Kikboksinq Federasiyasının yığma komandasının üzvü, “Dinamo” İdman Cəmiyyətinin idmançısı, hamımızın sevimlisi Ramal Aslanov (Lord) çox önəmli, dünya kəməri uğrunda mübarizəyə hazırlaşır. Mən inanıram ki, Ramal bu kəmər uğrunda layiqincə vuruşacaq və bütün Azərabaycan xalqını sevindirəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm