Müsahibə
Məleykə Abbaszadə: “Test sistemi dəyişməyəcək” - MÜSAHİBƏ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Trend-ə müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Son zamanlar test sistemi ilə bağlı tənqidi fikirlər
səslənir. Sizcə, bu gün daha çox tənqid hədəfi olan qəbul
imtahanları ilə bağlı hansısa islahatların aparılmasına ehtiyac
var?
- Biz həmişə imtahanın mahiyyətini, məzmununu, formasını elmi
müstəvidə müzakirə edirik. Həmin müzakirələrin keçirildiyi
seminarlarda iştirak açıqdır. Bu seminarlarda müzakirə edilən
məsələlər daha sonra bu sahədə müəyyən qərarverici funksiyaları
olan qurumlar arasında hüquqi müstəvidə müzakirə edilir. Yalnız bu
müzakirələrdən sonra həmin qərarlar Ədliyyə Nazirliyində hüquqi
sənəd kimi qeydiyyatdan keçir və biz buna riayət etməyə başlayırıq.
Məsələn, bu ilki qəbul qaydaları Təhsil Nazirliyi ilə
razılaşdırıldıqdan sonra ƏN-də qeydiyyatdan keçib.
Düzdür, dərsliklər dəyişdirilir, biz onların əsasında hansısa mövzuları ya qəbul proqramlarından çıxarırıq, ya oraya daxil edirik. Amma qəbul imtahanları ilə bağlı əsas istiqamətdə hansısa islahatların aparılmasına ehtiyac yoxdur. Düzdür, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə dair Fəaliyyət planında 12 - illik təhsil sisteminə keçid nəzərdə tutulub, lakin keçid mexanizmi hələlik hazırlanmayıb. Məktəblərdə şagirdlərə eyni metodika tədris olunur, onlara eyni proqram üzrə dərs keçirlər. Biz bunu dəyişdirə bilmərik. Hər bir dövlət qurumunun öz işi var, hər kəs də öz işini görür.
- Bəs, hansı dövr üçün qəbul imtahanı ilə bağlı ciddi
islahatların aparılmasına ehtiyac olmayacaq?
- Ən azı, 3 il ərzində. 2008-ci ildə Nazirlər Kabineti tərəfindən
yeni kurrikulum və qiymətləndirmə standartları təsdiqlənib. Artıq 8
ildir ki, orta məktəblərdə yeni kurrikulumla tədris aparılır. Biz
özümüz hələ 2012-ci ildə məsələ qaldırmışdıq ki, həmin şagirdlər
üçün qəbul imtahanı yalnız test əsasında aparılmalı deyil, onlar
üçün ayrı növ imtahanlar da olmalıdır. Buna hazır olmaq üçün
müvafiq işlər görülməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan
Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli
Fərmanı ilə TQDK-ya monitorinq imtahanlarının keçirilməsi həvalə
olundu və Komissiya 2013-cü ildən 5-11-ci siniflərdə monitorinq
imtahanlarının keçirilməsinə başladı. Monitorinq imtahanlarında
2013-cü ildə 23052, 2014-cü ildə - 41675, 2015-ci ildə 42945 şagird
iştirak edib.
- Başqa növ imtahanlar hansı formada ola
bilər?
- Biz indi bunun necə ola biləcəyini müzakirə etməmişdən əvvəl
gərək orta məktəblərdə şagirdlər üçün keçirilən monitorinq
imtahanlarının elmi nəticələrini müzakirə edək. Başqa növ
imtahanları da aparmaq üçün biz gərək bu uşaqların biliyini elmi
nöqteyi-nəzərdən 5-6-7-ci siniflərdə yoxlayaraq müəyyənləşdirək ki,
onlar proqramı nə qədər mənimsəyirlər və dövlət tərəfindən qəbul
olunan həmin o qiymətləndirmə standartları necə işləyir? Tərəzi
işləkdir, yoxsa yox? Çünki o təhsil standartlarını biz dəyişdirə
bilmərik, onlar qəbul olunub, dövlət sənədidir. Onlara əsasən də
dərsliklər yazılıb.
Kütləvi imtahanlar indi necə təşkil olunursa – şəffaf,
insan faktorundan azad, elə də təşkil olunacaq, buna zəmanət
veririk
- Artıq 3 ildir ki, monitorinq imtahanları keçirilir və
müəyyən elmi nəticələr əldə edilib. Monitorinq imtahanlarının
nəticələri gələcəkdə abituriyentlər üçün qəbul imtahanının hansı
formada keçirilə bilməsinə imkan verir?
- Onlar üçün də mərkəzləşdirilmiş imtahanlar keçiriləcək. Təbii ki,
gələcəkdə hər abituriyentə aid olan individual kitabça olacaq.
Kitabçadakı sualların bir hissəsi testlər olacaq, abituriyentlər
onların cavablarını “Cavab kartı”nda qeyd edə biləcəklər.
Kitabçanın qalan hissəsində isə esse formasında olan tapşırıq,
müxtəlif növ açıq suallar, bacarıq və kompetensiyaları ölçməyə
imkan verən tapşırıqlar olacaq. Bunun insan faktoru olmadan
yoxlanılması texnologiyasını artıq biz işləmişik və monitorinq
imtahanı zamanı onu tətbiq edirik. İkinci bir məsələ yazı işlərini
yoxlamaq üçün müəllimlərin-markerlərin hazırlanması ilə bağlıdır.
Biz 2012-ci ildən bunu da edirik. Artıq ölkə üzrə təxminən 2000
müəllim buna hazırdır. TQDK-ya isə hər bir fəndən 3 min, cəmi isə
minimum 10-15 min hazırlanmış müəllim lazımdır. Digər tərəfdən,
markerlər bizdə hələ ki, iki fənn - “Ana dili” və “Riyaziyyat” üzrə
hazırlanıb. Növbəti mərhələdə hansı fənn üzrə markerlərin
hazırlanacağı 9-cu sinif üzrə buraxılış imtahanında 3-cü fənn kimi
hansı fənnin təsdiq olunacağından asılı olacaq. Amma mənə elə gəlir
ki, Təhsil Nazirliyi buraxılış imtahanlarının fənlərinin sayını
çoxaltmağa elə də meyilli deyil. Buna görə də biz 9-cu siniflər
üçün hələ iki fənn üzrə buraxılış imtahanı keçiririk. İstəyirəm ki,
ictimaiyyət yadına salsın ki, şagirdlərin 8 fənn üzrə buraxılış
imtahanı verdikləri vaxtlar da olub. Onun nə ilə nəticələndiyini
yenidən təkrar demək istəmirəm. O imtahanlar (o imtahanları biz
keçirmirdik) faktiki olaraq, bilik səviyyəsini müəyyənləşdirmirdi.
2012-ci ildən Prezident İlham Əliyevin fərmanına əsasən, buraxılış
imtahanlarının keçirilməsi TQDK-ya tapşırıldı. Biz buraxılış
imtahanlarını iki fəndən keçirməyə başladıq, mükəmməl də imtahan
keçirildi, bu gün də keçirilir. Buraxılış imtahanlarının
nəticələrinin qəbul imtahanlarının nəticələri ilə yüksək
korrelyasiyası mövcuddur. Lakin onların çətinlik dərəcəsi
fərqlidir. Buraxılış imtahanlarında yaxşı uşaqları seçmək
istəyiriksə, onların çətinlik dərəcəsini bir az artırmalıyıq. Amma
məktəblərimiz buna hələ hazır deyil. Mənə elə gəlir ki, bu, yalnız
3 ildən sonra – kurrikulumla təhsil alanlar 11-ci sinfi bitirdikdən
sonra mümkün ola biləcək. Güman edirəm ki, o vaxtadək 12 - illik
təhsil sisteminə keçidlə bağlı məsələlər də müəyyənləşəcək.
- Onda belə çıxır ki, gələcək üçün də test sisteminin ləğvi
nəzərdə tutulmur?
- Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa - şəffaf,
insan faktorundan azad - elə də təşkil olunacaq, insan faktoru
yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət
veririk. Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi
qiymətləndirən bir üsuldur. Hazırda bu sistemlə əlaqədar mövcud
qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu
deyil. Bu sistem qalacaq. Tapşırıqların forması, məzmunu isə
proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ
sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar
indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara
uyğun yeni növ imtahanları aparmağa hazırıq. Mən ona da söz verirəm
ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o
imtahanların nəticələrinə heç zaman insan faktoru təsir
göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq
imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib.
“Hər şeyi test imtahanının üstünə atmaq olmaz”
- Təhsil naziri Mikayıl Cabbarov hesab edir ki, qəbul
imtahanlarının hazırkı forması əmək bazarı üçün müasir, uğurlu
məzunun seçilməsinə imkan vermir...
- Birincisi, ali təhsilli gənclər əmək bazarına bakalavr
səviyyəsini başa vurduqdan sonra buraxılırlar. Demək, əmək bazarına
tələb olunan həmin xüsusiyyətləri universitetlərdə formalaşdırmaq
mümkündür. İndi bu istiqamətdə çox miqyaslı işlər aparılır, SABAH
proqramı icra edilir. Amma SABAH proqramı əsasında oxuyan tələbələr
bütün tələbələrin az faizini təşkil edir. Nə üçün? Çünki hamını bu
proqrama cəlb etmək kifayət qədər çox vəsait tələb edir. İkincisi,
9-cu sinfi bitirəndən sonra şagirdlərin 20%-i əmək bazarına heç bir
qəbul imtahanı vermədən qoşulur. Onlar həmin əmək bazarının
tələbinə uyğun deyillər, bu xüsusiyyətlər şagirdlərdə 9-cu sinfədək
formalaşsaydı, onlar məktəbdən çıxmazdılar. 11-ci sinif üzrə
buraxılış imtahanında 2-3 qiyməti alanlar da ali məktəbə sənəd
vermirlər. 11-ci sinfi bitirən məzunların 23%-i ali məktəbə sənəd
vermir, amma əmək bazarına qoşulur. Demək, hər il 1-ci sinfə
gedənlərin ən azı - 43% heç qəbul imtahanlarına qədər gəlib çatmır.
Onlar da əmək bazarını formalaşdırırlar. Onların kompetensiyalarını
məktəb formalaşdırmalıdır. Bizim qəbul imtahanlarına gəlib
çatanların 18%-i aşağı bal toplayaraq ali məktəbə qəbul olunmur,
onlar da əmək bazarına qatılır. Hər il birinci sinfə gedənlərin
yalnız 26%-i 11 ildən sonra ali məktəbə qəbul olunur. İndi deyin,
hansı rəqəm daha çoxdur – 61% yoxsa 26%? (qalan 10% - peşə
liseylərinə və kolleclərə qəbul olanlar, 3% - 9-cu sinfə gəlib
çatmayanlar təşkil edir.) Cavab göz qabağındadır. Ona görə də
burada hər şeyi test imtahanının üstünə atmaq olmaz. Əsas məsələ
odur ki, orta məktəbin 9-ci sinfini bitirən və ya 11-ci sinfi
bitirərək ali məktəbə sənəd verən insanlar müvafiq tələblərə uyğun
olaraq, savadlı olsunlar, müasir informasiya texnologiyalarını
mənimsəsinlər, indiki dövrün tələblərinə uyğun kompetensiyalara
sahib olsunlar. Dövlətimiz bunun üçün hər bir şərait yaradıb, mühüm
təhsil layihələri həyata keçirilir, müasir standartlara cavab verən
məktəb binaları inşa olunur, məktəblərin İT texnologiyaları ilə
təminatı üçün çox böyük vəsait xərclənir, yeni dərsliklər
istifadəyə verilir, mütəmadi olaraq müəllimlərin treninqləri
keçirilir və s.
- İradlardan biri də budur ki, test imtahanının
çatışmazlığı məzunun taleyinin 3 saatda həll edilməsidir. Siz bunu
çatışmazlıq hesab edirsiniz?
- Mən bu iradı yaxşı başa düşürəm. Kimsə bir gün xəstə ola bilər və
onun həmin günki nəticəsi real nəticəsindən fərqli ola bilər. Yaxşı
olardı ki, qəbul imtahanlarını ildə heç olmasa, 2-3 dəfə keçirmək
imkanımız olsun və beləliklə, hər kəs öz vaxtını özü seçsin.
Hazırda əvvəlki və bu ilki ilin məzunları üçün qəbul imtahanları
ayrı-ayrı vaxtlarda keçirilir. Aydın məsələdir ki, bu ilki məzunlar
ancaq proqramı tam keçdikdən sonra imtahanda iştirak edə bilərlər.
Ancaq hər bir uşağa bir ildə 2-3 dəfə imtahanda iştirak etməyə və
onun ən yaxşı nəticəsinin nəzərə alınmasına imkan vermək çoxlu
maliyyə vəsaiti tələb edəcək. SAT imtahanları ildə 3-4 dəfə
keçirilir, amma hər bir iştirakçı bir imtahanda iştirak etmək üçün
80-90 dollar ödəyir. Türkiyədə qəbul imtahanlarının ayrı-ayrı
mərhələləri ödənişli olmaqla ümumilikdə təxminən 40-50 dollar
təşkil edir. Bizim imtahanlarda iştirak üçün isə rüsum 2 manatdır.
Bir abituriyentin imtahan verməsi dövlətə təxminən 20 manata başa
gəlir. Buna görə də rüsumlar imtahanların xərcinin cüzi hissəsini
təşkil edir. Abituriyentlər üçün il ərzində bir necə dəfə imtahan
keçirmək üçün bizim xərclərimiz artmalıdır.
- Əgər abituriyentin sağlamlıq durumu ilə bağlı müəyyən
istisna hallar nəzərə alınmazsa, 3 saat abituriyentin özünün bilik
səviyyəsini göstərməsinə kifayət edirmi?
- 3 saat abituriyentin öz biliyini göstərməsi üçün tam normaldır.
İmtahan 3 - 3,5 saatdan çox ola bilməz. Əsas odur ki, sualların
sayı fənlər üzrə 25-30-dan az olmamalı, suallar proqramı əhatə
etməlidir. Belə halda bizim abituriyentləri bir-birindən
fərqləndirmək imkanımız olur. Test imtahanı uşaqların biliyini
müəyyənləşdirmək, onları bilik səviyyəsinə görə sıralamaq üçün
kifayət qədər standartlaşdırılmış, şəffaf imtahandır. Burada ayrı
söhbət ola bilməz. Biz testdən fərqli- ayrı üsulla da imtahan
keçiririk. Müəyyən sahələrdə yazı işləri tətbiq edirik, müəyyən
sahələrdə - qabiliyyət imtahanlarında şifahi imtahanlar olur. Amma
kütləvi şəkildə keçirilən imtahanlarda (ən kütləvi imtahanlar da
buraxılış və qəbul imtahanlarıdır) daha dəqiq üsula o zaman keçmək
lazım ola bilər ki, ilkin seçim, yəni testlə keçirilən imtahan
zamanı iştirak edən 100 min abituriyentin 80 mini 400 baldan yuxarı
nəticə göstərsin. İndi vəziyyət belə deyil. Ancaq əgər belə olarsa,
onda həmin abituriyentlərin bilik səviyyəsi təqribən eyni
olduğundan onlar arasında başqa - müxtəlif ixtisaslar üzrə lazım
olan fərqli xüsusiyyətlərə əsasən ayrı bir imtahan da keçirməyə
ehtiyac duyardıq. Ancaq keçən il dövlət ali məktəbləri üzrə plan
yerlərinin 12%, özəl ali məktəblər üzrə plan yerlərinin 50%-i faizi
vakant qalmışdı. Buna görə də 200 baldan yuxarı nəticə göstərən hər
bir abituriyent həmin plan yerlərinə daxil ola bilərdi.
- Bu gün testin məzmununu yararlı hesab etməyən
mütəxəssislər var. Təhsil naziri də bu fikirdədir ki, test
imtahanlarında nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim
variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini
özündə əks etdirən sualların olması daha yaxşı olardı. Sizcə, belə
bir dəyişikliklərin edilməsinin vaxtı çatmayıb?
- Biz artıq 3 ildir ki, kurrikulum üzrə yeni qiymətləndirmə
tapşırıqlarını nəşr edərək istifadəyə vermişik. Həmin tapşırıqlar
məhz tənqidi təfəkkür, yazı vərdişləri, yaradıcı yanaşma
bacarıqlarını yoxlayırlar. Əgər bununla tanış olsalar, görərlər ki,
şagirdlərə monitorinq imtahanlarında testlə yanaşı, açıq suallar,
yazı işləri, mətn üzrə işlər, təfəkkürü formalaşdıran tapşırıqlar
da verilir. Amma bu tapşırıqları monitorinq imtahanlarında istifadə
etdiyimiz zaman əldə olunan statistikaya baxın. Biz gərək əvvəlcə
bunu elmi müstəvidə müzakirə edək. Artıq bizim tərəfimizdən bu
işlər aparılır. 2014-cü ilə dair nəticələr ictimaiyyətə təqdim
olunub və saytımızda
(http://tqdk.gov.az/activities/monitorinq-exam/) yerləşdirilib. Bu
material daha geniş şəkildə Təhsil Nazirliyinə təqdim edilib.
2015-ci ilə aid olan materiallr da bu yaxınlarda ictimaiyyətin
diqqətinə çatdırılacaq. Biz yeniliklər edirik, ancaq bunu görmək
istəmirlər, bizə məsləhət görürlər ki, bunu dəyişmək lazımdır. Bir
misal gətirim: Biz 2005-ci ildə ilk dəfə magistraturaya qəbul
imtahanını tamamilə yeni formada keçirəndə - bakalavrların məntiqi
təfəkkürünü yoxlayanda bizə çox saylı iradlar tutuldu ki, bu, lazım
deyil. İndi isə müəyyən olunub ki, nəinki magistr olmaq istəyən
bakalavrların, hətta bakalavr olmaq istəyən abituriyentlərin də
məntiqi təfəkkürünü yoxlamaq lazımdır. Bu fikirlər indi səslənilir.
Bunu tətbiq etmək üçün şagirdlərdə məntiqi təfəkkürü inkişaf
etdirmək lazımdır. Kurrikulum islahatı da elə buna yönəlmişdi.
Ancaq bu, nə dərəcədə özünü təsdiq edə bilib? Mən təklif edərdim
ki, mütəxəssislər 6-7-ci sinif şagirdləri arasında Azərbaycan
bölməsi üzrə “Ana dili”, rus bölməsi üzrə “Rus dili” və
“Riyaziyyat” fənni üzrə monitorinq imtahanlarının nəticələri ilə
tanış olsunlar və fikirlərini bildirsinlər. Sözün düzü, monitorinq
imtahanlarının elmi nəticələrinin açıqlanmasından sonra bu
məsələnin elmi müstəvidə geniş müzakirə olunacağını gözləyirdim.
Amma bizə bu materialla əlaqədar sual ünvanlanmadı. Bu məsələləri
bizimlə müzakirə etmək istəyənlər 2015-ci ildə keçirilmiş
monitorinq imtahanlarının 400 səhifəlik nəticəsini oxumalıdırlar.
Biz bütün mütəxəssisləri müzakirələrə dəvət edirik.
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq






































