Yaşlanmaqdan qorxan Ayaz Salayev: “Xəyanəti bağışlayaram, əgər...” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Yaşlanmaqdan qorxan Ayaz Salayev: “Xəyanəti bağışlayaram, əgər...” - MÜSAHİBƏ

Bu gün əməkdar incəsənət xadimi, tanınmış kinorejissor, kinoşünas, ən əsası maraqlı insan Ayaz Salayevin doğum günüdür. Yaşlanmaqdan qorxsa da, deyim ki, daha bir il yaşlandı və 56 yaşını tamamladı. Amma, kompliment kimi çıxmasın, səmimiyyəti, sadəliyi ilə yaşlanmış kişidən çox yaşa dolmuş uşaqları xatırladır.

Rejissorun Publika.az-a müsahibəsini təqdim edirik.

- Ayaz müəllim, doğum gününüzü qeyd edəcəksiniz?

- Dostlarım məni doğum günümdə darıxmağa qoymurlar. Dünən də yığışıb ad günümü qeyd etdilər. Amma çoxdandır ki, mən doğum günlərimi qeyd etməyi sevmirəm. Uşaqlıqdan bəri.

- Niyə?

- Nə bilim. Nəsə ürəyim açılmır.

- Rəqəmlərin sizin üçün fərqi var, məsələn, yaş 20 oldu, 40, 50, yaxud 80?

- Əlli yaşdan sonra mütləq fərqi var. Əllidən sonra insana qocalıq qorxusu gəlir.

- Mən elə bilirdim yaşlanmaqdan yalnız xanımlar qorxur…

- Yox, bütün insanlar yaşlanmaqdan qorxur.

- Bəs bu qorxunu necə aşmaq olar?

- İnanın ki, bilsəydim, elə birinci bu qorxunu özüm aşardım.

- Bir dəfə müsahibələrinizin birində demişdiniz ki, həyatınızın ən böyük səhvi yaradıcılığınızda verdiyiniz fasilə olub…

- Elə indi də o fikirdəyəm. Heç vaxt yanımda mənə yol göstərən müdrik insan, müəllim, ustad olmayıb. Olsaydı, yəqin ki, bu səhvi buraxmazdım. İndi də elə bir insana ehtiyacım var. Onun həsrətini çəkirəm.

- Uzun illər öncə, mənə verdiyiniz müsahibənizdə demişdiniz ki, qaranlıqdan qorxursunuz və gecələr işıqda yatırsınız. Qaranlıq quşu “Yarasa”nı çəkmək gecə qorxusunu yenmək istəyindən yaranmadı ki?

- Yox. Əfsus ki, ən yaxşı fikirlər mənə gecələr gəlir. Əslində mən qaranlıqdan qorxmuram. Hətta nevropatoloq mənə sual verəndə ki, gecələr necə yatırsınız? Deyirəm ki, meyit kimi. Yorğun olsam, diskotekanın ortasında yerə uzanıb yata bilərəm. O mənada demişəm ki, işıqda da yata bilirəm.

- Fərqli, eyni zamanda sözün yaxşı mənasında qəliz insansınız. Məncə, çoxları bu fikirdədir. Razılaşırsınız mənimlə?

- Özümü kənardan görə bilmirəm, amma əslində mən sadə insanam, amma bilmirəm niyə insanlara elə gəlir ki, mən qəlizəm.

- Bəlkə özünüzə kənardan baxasınız, onda fikriniz dəyişəcək?

- Heç vaxt özümə kənardan baxmıram.

- Niyə?

- İnsan özünü kənardan görürsə, bu artıq özünüdərkdir və oradan o yana ölümdür.

- İndi anlamadım, siz özünüzü dərk etməkdən qorxursunuz, yoxsa ölümdən?

- Sadəcə bunu istəmirəm.

- Həyatdan bezəndə, yorulanda çıxış yolunu nədə görürsünüz?

- Mən heç vaxt həyatdan yorulmuram, bezmirəm. Həyatın pisiylə, yaxşısıyla onu sevirəm. Həmişə həyatı maraqlı yaşayıram. Min il yaşamaq istərdim.

- Məsələn, mən bəzən işləmək, harasa getmək, kiminləsə danışmaq istəmirəm, amma özümü buna məcbur edirəm. Siz necə, həmişə istədiyinizi edirsiniz, yoxsa özünüzü nəyəsə məcbur etdiyiniz vaxtlar da olur?

- Olur. Gündə işə gedib-gəlməyə məcburam. Fkirləşirəm ki, bunun əvəzinə vaxtımı daha maraqlı keçirə bilərdim. Amma işləməliyəm, çünki ailəm, uşaqlarım var, onlara baxmalıyam.

- Ayaz Salayevin qadın haqqında düşüncələri mənə çox maraqlıdır. Qadın sizin üçün hansı mənanı kəsb edir?

- Qadın mənim üçün çox dəyərlidir və çox şeydir. Mənim anlamımda qadın özlüyündə dəyərlidir, uşaqların anası kimi yox. Məsələn, mən heç vaxt sonsuz qadını atmaram. Onunla xoşbəxt ola bilərəm.

- Bu mənada özünüzü şanlı kişi sayırsınız?

- Bəli, bəli.

- Bəs sizin anlamınızda bədbəxt kişi anlayışına kimlər daxildir?

- Mən təsəvvür edə bilmirəm ki, kişi özünü necə bədbəxt edə bilər. Mən heç vaxt qoymaram ki, bədbəxt olum.

- Yəni demək istəyirsiniz ki, hər şey insanın öz əlindədir?

- Sağalmaz xəstəlikləri bir tərəfə qoysaq, bəli, xoşbəxt və bədbəxt olmaq insanın öz əlindədir.

- Ayaz müəllim, qadına çox böyük dəyər verirsiniz. Ümid edirəm, bəzi kişilər nəticə çıxarar. Maraqlıdır, qadının vizual görkəmi sizin üçün önəmlidir, yoxsa, ürəyi, daxili aləmi?

- Ayy, ayy, ayy… Təbii ki, vizual görünüş son dərəcə əhəmiyyətlidir. Amma qadın ağıllı və işıqlı olmalıdır. Mənim üçün ikincisi önəmlidir.

- Axı kişilər ağıllı qadını sevmirlər.

- Mən istərdim qadın məndən ağıllı olsun. Bununla bağlı kompleksim yoxdur.

- Qadın olan yerdə xəyanət söhbəti də ortaya çıxır. Sizin xəyanətə münasibətiniz maraqlı olardı?

- Bu suala cavab verməyə qorxuram. Amma cavab verəcəm. Siz şəhvani xəyanəti nəzərdə tutursunuz?

- Xəyanətin elə bir adı var də…

- Mənim anlamımda xəyanət şərtidir. Əgər xəyanət edən kəs gəlib mənə desə ki, xəyanət etmişəm, mən onu bağışlayaram.

- Olub belə hal?

- Bəli, dostlarım xəyanət edib, bağışlamışam. Yalnız bir xəyanəti bağışlamıram, o da Vətənə olan xəyanətdir. Qalan bütün xəyanətləri bağışlayaram.

- Çoxlu pulunuz olsa, sənətinizə xərcləyərdiniz?

- Heç vaxt. Öz pulumu sənətə niyə xərcləməliyəm, sənət özü qazanc gətirməlidir. Puşkin kimi şair şeirlərindən pul qazanırdı.

- Yaxşı onda deyin görək, varlı olsaydınız, pullarınızı nəyə xərcləyərdiniz?

- Böyük məmnuniyyətlə, çoxuşaqlı ata olardım. Pul həmişə çatmayan bir şeydir və hamı üçün vacibdir. İnsanlar iki qismə bölünür. Birinci tip insanlar üçün sənəti pul qazanmaq üçün vasitədir. Digərləri üçün əksinə əsas sənətidir, pul ikinci yerdə gəlir.

- İnsanlarla həmişə səmimi olursunuz?

- Elə şeylər var ki, istəməzdim haqqımda onu bilsinlər, onsuz da bunu heç kim də bilmir. Amma qalan bütün şeylərdə səmimiyəm. Bəzən də ehtiyatlı oluram.

- Amma indi söhbətinizdə səmimiydiniz...

- Nə danışdım ki, özümlə bağlı? Siz məni qorxutdunuz.

- Qorxmayın, sizə problem yaradacaq qədər incəliyə varmadıq. Ayaz müəllim, bayaq dediniz ki, həyatdan heç vaxt bezmirsiniz. Bəs insanlarla ünsiyyət necə, hərdən sizi bezdirmir ki?

- Bezdirir, amma mən həmişə ünsiyyət prosesində açılıram, inkişaf edirəm. Ünsiyyət omasa, məndə inkişaf getməz. Əfsuslar olsun ki, insanların fikrindən çox asılı oluram. Buna görə bezsəm də, bəzən məcbur oluram.

- Mənimlə söhbətə də məcbur oldunuz?

- Əksinə, mənim üçün çox maraqlı oldu.

Publika.az kollektivi adından biz də Ayaz Salayevi təbrik edir, ona uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm