“Otağı da süpürürəm” - Anar Niftəliyevin 10 yaşlı sonbeşiyi və gizli imzası - FOTO
Bizi izləyin

Müsahibə

“Otağı da süpürürəm” - Anar Niftəliyevin 10 yaşlı sonbeşiyi və gizli imzası - FOTO

O, Azərbaycan mediasının xəbər “axar”ını müəyyənləşdirən, ən çox oxunan və inanılan xəbər portalları arasında ilk sıralarda yer alır. Bu gün Axar.az-ın 10 yaşı tamam olur. 10 il tarix üçün kiçik bir rəqəm olsa da, insan həyatı, həmin həyatda ortaya qoyacağı uğurlu işlər üçün böyük bir rəqəmdir. Bir xəbər portalı üçün 10 il ərzində oxucuların bu qədər dəstək və inamını qazanmaq asan iş deyil. Bu münasibətlə Axar.az komandasını təbrik edirik. Qeyd edək ki, Axar.az-ın baş redaktoru Anar Niftəliyev redaksiyada özünəməxsus intizamı və işgüzarlığı ilə digər redaktorlardan fərqlənir.

Publika.az Anar Niftəliyevlə müsahibəni təqdim edir:

- Bu qədər çox işləməyinizə səbəb nədir?

- Məncə, hər kəsin həyatda bir missiyası var. Axar.az-a gələrkən düşünürdüm ki, ölkəmizə necə yararlı ola bilərəm? Hər zaman beynimdə bir fikir mənə rahatlıq verməyib: məsələn, əsgərimiz gecə-gündüz səngərdə oyaqdır, bəs mən nə edirəm? İnformasiyanın ölkələrin taleyində, milli strategiyasında hansı rolu oynadığını yaxşı dərk edirik. Ona görə də biz informasiya cəbhəsində yatmadan, gecə-gündüz çalışmalıyıq. Səbəb budur. Bundan əlavə səliqəli insanam, saytda səliqə-sahman olmasa, yata bilmərəm.

- Media cameəsində redaktorlar daha çox müdir obrazında görünür, xüsusilə son dövrlər bu təəssürat genişlənib. Amma siz redaktə ilə yanaşı yazı da yazırsınız, istər xəbər olsun, istər müəllif yazıları...

- Mən hətta otağı da süpürürəm - ciddi deyirəm.

- Bu iş sevgisidir, ya xarakter...

- Hər ikisi. Bu il artıq mənim jurnalistika fəaliyyətimin 32-ci ilidir. İndiyə qədər 27 redaksiyada çalışmışam. Ancaq Axar.az-da yarandığı ilk vaxtdan - 10 ildir işləyirəm. Gün ərzində çoxsaylı yazı, xəbərlərim olur. Bəziləri imzasızdır və ya fərqli imzalarla dərc edilir. Bu, hər zaman jurnalist olaraq qalmaq istəyimdəndir. Biz müəllimlərimizdən belə öyrənmişik. Allah Şirməmməd Hüseynova rəhmət eləsin, ölənə qədər yazdı. O, bizim üçün bir nümunədir.



- Demək, ən çox işlədiyiniz redaksiya Axar.az olub. Burada 10 il qalmağınıza səbəb nədir?

- Doğrusu, işə yeni başlayanda maksimum 1-2 il qala biləcəyimi təxmin edirdim. Ancaq indi 10 illiyimizi qeyd edirik. Burada uzunmüddətli qalmağımın əsas səbəbi baş direktorumuz Aynur Camalqızı və onun şəxsi diqqəti, yoldaşlığı, həssaslığı, arxamızda olması, himayəsidir, heç bir zaman mənəvi dəstəyini əskik etməməsidir. İkincisi, böyük ölçüdə ürəyimdən keçəni, fikirlərimi burada ifadə edə bilirəm. İnsan özünü bir yerdə ifadə edə bilirsə, oradan niyə getsin ki? Nə vaxt özümü ifadə edə bilməyəcəyəmsə, yəqin ki, onda ayrılacam.

- Yazılarınızda istifadə etdiyiniz “Şeyx Teymur” imzasının mənası nədir?

- Bu sualınıza, inşallah, 20 yaşımızda cavab verərəm.

- Axar.az-ın hər zaman 3-cü övladınız olduğunu deyirsiniz. Övladlarınız arasında qısqanclıq olurmu?

- Çox olur, həmişə narazılıq edirlər. Axı, qız uşaqları daha qısqanc olurlar. 2014-cü ildə 1 yaşımızı qeyd etmişdik. Dünən bununla bağlı şəkillərimizi paylaşdıq. Övladlarım onda balaca idilər. Bəzən şəkillərə baxanda pis oluram. Sanki övladlarım diqqətdən kənarda qaldılar. Ancaq Axar.az mənim övladlarımdan balacadır. Valideyn də axı balaca, sonbeşik övladına daha çox diqqət ayırır.



- 10 il necə keçdi?

- Keçmişə baxanda, redaksiyada olub keçənləri, iş prosesimizi, çəkişmələri, xoş günlərimizi yada salanda görürük ki, 10 il çox böyük bir zamandır. Ancaq bir anlıq xatirələri yada salmadan düşünəndə insan bunu çox qısa bir zamanmış kimi hesab edir. Bu, müstəqil mediamız üçün az zaman deyil. Axar.az yarandığı ilk gündən oxucuların dəstəyini, qayğı və sevgisini görüb. Gecə-gündüz çalışmışıq ki, o ilk gördüyümüz dəstəyi, hörməti sevgiyə çevirək. Oxucuların görmək, oxumaq istədiyi, söykənmək istədiyi bir informasiya məkanına çevrilək. Mən niyə çox yazıram? Bizim nəsil çox şey görüb. 90-cı illərin tələbələriyik. Bütün hərəkat gözümüzün önündə olub. Bu hərəkatlarda iştirak etmişik, meydanlarda olmuşuq. Və indi yazanların əksəriyyəti o dövrləri yaşamayan uşaqlardır. Çox təəssüflər olsun ki, indi bizim nəslin nümayəndələrinin əksəriyyəti yazmır. Bizim nəslin yazmaması hadisələr zəncirini qırır. Proseslərin gənc nəslə çatdırılmasında çox ciddi problem yaradır. Ona görə yazmağa məcburam. O hadisələri görmüş bir şəxs kimi müqayisələri daha uğurlu apara bilirəm. Uşaqlara nə qədər danışsam da, görürəm ki, onlar görmədiklərini bizim kimi, o hadisələri yaşayanlar kimi təsəvvür edə bilmirlər. Çünki onlar çörək növbələrini yalnız oxuyublar hardansa, şahidi olmayıblar. Biz Bakını “almağa” gələn öz tanklarımızı da görmüşük, Bibiheybətdən Nəvahi postuna qədər uzanan didərgin köçünü – həftələrlə, aylarla köhnə sovet yük maşınlarının altında yatıb-duran məcburi köçkünləri də, Şuşanı işğal dəhşətini də. Ona görə indi hətta bir ailənin Füzuliyə, Laçına, Zəngilana qayıtmasının mənim üçün nə demək olduğunu, bunun xoşbəxtliyini ifadə etmək çətindir. O hadisələri yaşayanların indiki tarixi böyüklüyü ilə dərk etmə fürsəti, imkanı daha çoxdur.

- Axar.az Azərbaycan mediasında artıq ilk üçlükdədir. Səviyyəni bu qədər qaldırmanız digərlərində narazılıq yaradırmı? Hiss edirsinizmi bunu?

- Əlbəttə! Hamı işləməyib, amma yeyib-içib, gəzmək istəyir. Bu, xüsusilə redaktorlara aiddir. Hətta mənə və bizim redaksiyaya qarşı qəribə bir qısqanclıq da olur. Hər zaman deyirəm ki, yaxşı, siz həm səfanızı çəkib, həm də saytınızın ən yaxşılardan olmasını gözləyirsiniz? Bu mümkün deyil. Ya gecə-gündüz fasiləsiz çalışıb, bu informasiya səngərini tərk etməyəcəksən və öz sözünü deyəcəksən, ya da gedib gəzəcəksən və səngərdən xəbərin olmayacaq. Biz dünya mediasını izləyən adamlarıq. Bu infromasiya savaşını necə apardıqlarını görürük. Səngəri bir an da tərk edə bilmərik. Bizim ərəb əlifbası ilə Azərbaycan dilində versiyamız, fars bölməmiz var. Bunlar təsadüfən yaranmayıb axı. Azərbaycanda fars bölməsi hətta “Azərtac”da belə yoxdur. Bu məni çox təəccübləndirir. Biz 10 yaşımızda bununla fəxr edə bilərik, ancaq bu statusu tez bir zamanda itirməyi çox arzulayıram. İstəyirəm ki, bütün, xüsusilə də öndə gedən saytlarımız bu versiyaları yaratsınlar. Bu milli hədəfimizdir. Bizim nəslin hələ də redaktorluq etdiyi saytlar bu layihələri mütləq həyata keçirməlidir, özləri bilir nəyə görə belə deyirəm. Biz etməsək, yeni nəsil heç vaxt etməyəcək.

- Mediamızda nələri düzəltməyə ehtiyac görürsünüz?

- İstərdim ki, qeyri-peşəkarlıqdan qurtulaq, oxucuları mənasız şou və yaxud məişət xəbərləri ilə bataqlığa sürükləmək kimi peşəyə yad düşüncədən xilas olaq, oxucularımıza layiq olduqlarını verə bilək; “nə qazandım” yox, “bu gün oxucuya nə verə bildim” tezisi ilə yaşayaq.

Sonra - mediamızda redaksiyaların redaktorların boyuna biçilməsi ənənəsi var. Axar.az da daxil olmaqla, bütün redaksiyalara arzu edirəm ki, bu qədər redaktordan asılı olmayaq. Gənclərin enerjisi, fərqli yanaşması təcrübə ilə birləşəndə çox möhtəşəm olur. Fərdlərdən asılılıq tamamilə aradan qalxmalıdır. Əlbəttə, müstəqil mediamızın yaşı azdır və bu asılılığın səbəbi odur. Ancaq daha vaxtdır, redaksiya strategiyaları olmalıdır – onda bu problem də aradan qalxacaq.

- Bu fikirlərinizdə sanki Axar.az-ı “başsız” qoymaq istəyi hiss olunur...

- Bu il Axar.az-ın 10, mənimsə 50 illik yubileyimdir. Düşünürdüm ki, bu il bir qədər geri çəkilim, saytın əsas yükünü gənclərə verək, mən də öz yazılarımı yazım. Saytın işində də ümumi məsləhətçi kimi iştirak edim. Amma təəssüf ki, bu arzumu gerçəkləşdirmək üçün potensial namizəd hələ yetişməyib.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm