Müharibə belə bitsə, İranda xalqı nə gözləyir? - Məhəmməd Rəhmanifər açıqladı
Bizi izləyin

Müsahibə

Müharibə belə bitsə, İranda xalqı nə gözləyir? - Məhəmməd Rəhmanifər açıqladı

Müharibə belə bitsə, İranda xalqı nə gözləyir? - Məhəmməd Rəhmanifər açıqladı

ABŞ və İran arasında iki həftəlik atəşkəs rejimi regionda yeni siyasi və hərbi balans müzakirələrini gündəmə gətirib. Bu qısa fasilənin arxasında hansı səbəblərin dayandığı, tərəflərin real gücü və müharibənin nəticələri ilə bağlı fərqli yanaşmalar var.

Güney azərbaycanlı araşdırmaçı-yazar, siyasi şərhçi Məhəmməd Rəhmanifər Publika.az-a açıqlamasında bu prosesin pərdəarxasını geniş təhlil edib.

Atəşkəsin arxa planı

Siyasi şərhçi atəşkəsin əslində daha çox ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu dedi: "Sonradan aydın oldu ki, Birləşmiş Ştatların savaşla bağlı təxminləri doğru çıxmayıb. Yəni belə deyə bilərik ki, ABŞ İranın raket sayını və qabiliyyətini düzgün qiymətləndirə bilməyib. İngiliscədə buna “underestimate” deyirlər, yəni olduğundan daha aşağı qiymətləndiriblər və belə düşünürdülər ki, ilk hücumlarda İranın raket sistemlərini tamamilə sıradan çıxara biləcəklər. Halbuki bunu edə bilmədilər”.

Hörmüz boğazı və uğursuz planlama

Rəhmanifərin sözlərinə görə, ABŞ-ın Hörmüz boğazı məsələsi ilə bağlı heç bir planı yox idi: "Gördük ki, İran hərbi hazırlıq çərçivəsində boğazı bağladıqda, ABŞ heç bir ciddi addım ata bilmədi. Nə qədər NATO-ya və müttəfiqlərinə müraciət etsə də, onlar müsbət cavab vermədilər. Bu da ayrıca bir mövzudur ki, niyə ABŞ-a müsbət yanaşmadılar. Amma hər halda onlar köməyə gəlmədilər və ABŞ bu məsələni həll edə, Hörmüz boğazının açılmasını təmin edə bilmədi”.

İranın vəziyyəti və rejim faktoru

İranın bu atəşkəsə o qədər də ehtiyacı olmadığını deyən siyasi şərhçi qeyd etdi ki, bu, o demək deyil ki, Tehran müharibənin davam etməsini istəyirdi: "Müharibə nəticəsində ölkə çox ağır zərbələr alıb, bir çox yerlər və infrastruktur dağılıb. Zavodlar, fabriklər, istehsal sahələri və digər obyektlər demək olar ki, məhv edilib".

M.Rəhmanifər bildirdi ki, normalda bir dövlət bu vəziyyətdə vətəndaşlarının qayğısına qalmalıdır, çünki gələcəkdə bu insanlar işsiz qalacaq, sosial çətinliklərlə üzləşəcək: "Onsuz da iqtisadiyyat artıq ağır vəziyyətdə idi və bu müharibədən sonra daha da çətinə düşəcək. Bu dağıntıları aradan qaldırmaq asan olmayacaq. Hətta bəzi müəssisələrin yenidən qurulması demək olar ki, mümkünsüzdür. Amma unutmayaq ki, İranda klassik mənada dövlət deyil, bir rejim hakimdir. Bu baxımdan hakim təbəqə üçün əhalinin hansı çətinliklərlə üzləşəcəyi o qədər də əhəmiyyətli deyil. Bu rejimi biz artıq İslam İnqilabı Keşikçiləri Korpusu - yəni "Sepah Pasdaran” rejimi kimi qiymətləndirə bilərik. Hətta “İran İslam Respublikası” demək də artıq formal xarakter daşıyır”.

Müharibənin qalibi kim oldu?

Siyasi şərhçi əlavə etdi ki, müharibənin qalibi məhz “Sepah Pasdaran” oldu, çünki bu struktur özünü qoruyub saxlaya bildi və hakimiyyətdə qaldı: "Əgər müharibə burada bitmiş hesab olunursa, qalib tərəf məhz onlardır. Deyə bilmərəm ki, İran qalib oldu, çünki ölkə artıq dağıldı: ciddi zərbələr aldı və zəiflədi. ABŞ isə bu müharibədə qalib sayıla bilməz. Əksinə, uğursuzluqla üzləşdi. Bu münaqişə əslində ötən ilin 12 günlük müharibəsindən sonra davam edən bir proses idi. Həmin müharibə yarımçıq qalmışdı. Orada əsas məqsədlər İranın nüvə proqramını tam dayandırmaq və raket potensialını ciddi şəkildə məhdudlaşdırmaq idi. 12 günlük müharibədə İsrail bunu əldə edə bilmədi. Düzdür, bəzi uğurlar əldə edə bildilər, amma əsas hədəflərə çata bilmədilər. Hətta əlavə olaraq rejim dəyişikliyi də müzakirə olunurdu. Amma bu məqsədlərin heç biri tam şəkildə həyata keçmədi”.

Müharibə bitməyib - yeni risklər qalır

“Bu mərhələdə də bu hədəflərə çatmaq mümkün olmadı. Nə zənginləşdirilmiş uran məsələsi həll olundu, nə İranın hərbi potensialı aradan qaldırıldı, nə də rejim dəyişdi" deyən müsahibimiz bildirdi ki, müharibənin yenidən alovlanma ehtimalı qalır, çünki nə İsrail, nə də ABŞ məqsədinə çatıb.

ABŞ üçün ağır nəticələr

Rəhmanifərin fikrincə, müharibə ABŞ üçün ciddi iqtisadi və siyasi xərclərə səbəb oldu: "Bu, təkcə maliyyə deyil, həm də siyasi nüfuz baxımından itkilər deməkdir. Xüsusilə Körfəz və ərəb ölkələri bundan sonra ABŞ-a əvvəlki kimi güvənməyə bilər, çünki Birləşmiş Ştatların onları qoruma qabiliyyəti sual altına düşüb. Nəticədə ABŞ regiondakı təsir gücünü və “yenilməzlik” imicini müəyyən dərəcədə itirmiş oldu.

Bu baxımdan ABŞ böyük səhvlər edib və bu addım müharibənin gedişinə ciddi təsir göstərib. Əgər bu müharibə burada bitərsə, demək olar ki, Birləşmiş Ştatlar ağır vəziyyətlə üz-üzə qalacaq”.

Kissincer yanaşması və “gerilla qələbəsi”

Siyasi şərhçi Henri Kissincerə (ABŞ-ın keçmiş dövlət katibi və diplomatı) aid maraqlı fikri də xatırladı: "Kissincerə görə, konvensional (nizamlı) ordu üçün qələbənin meyarı rəqibi tam darmadağın etmək olduğu halda, gerilla taktikası ilə döyüşənlər üçün sadəcə sağ qalmaq və müqaviməti davam etdirmək artıq strateji qələbə sayılır".

Onun sözlərinə görə, hazırda İran tərəfi məhz belə - "gerilla" tipli müqavimət sisteminə malik bir rejim kimi görürünür. Rəhmanifər hesab edir ki, bu reallığı nəzərə aldıqda demək olar ki, ABŞ bu prosesdən qalib çıxmayıb, əksinə, ciddi məğlubiyyət və ağır nəticələrlə üz-üzədir.

Daxili vəziyyət və gələcək

Müsahib sonda vurğuladı ki, İranda yaşayan xalqlara gəldikdə isə - istər Cənubi Azərbaycanda yaşayanlar, istərsə də fars əhali - əgər müharibə bu mərhələdə dayanarsa, onları daha çətin və qaranlıq günlər gözləyir. Onun qənaətincə, ölkənin iqtisadiyyatı artıq çökmüş vəziyyətdədir və bundan sonra vəziyyət daha da ağırlaşacaq:

"Siyasi baxımdan da rejimin xalqa təzyiqləri daha da artacaq. Əgər əvvəl müəyyən qədər yumşaqlıq qalmışdısa, bundan sonra o da tamamilə aradan qalxacaq. Nəticədə, ölkədə tam şəkildə sərt və avtoritar idarəetmənin, faktiki olaraq diktatura rejiminin daha açıq formada şahidi olacağıq”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm