Ermənistan seçim qarşısında: Paşinyan inad edir, Putin mesaj verdi
Bizi izləyin

Müsahibə

Ermənistan seçim qarşısında: Paşinyan inad edir, Putin mesaj verdi

Ermənistan seçim qarşısında: Paşinyan inad edir, Putin mesaj verdi

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda diqqət mərkəzinə çevrilib. Görüşdə səsləndirilən mesajlar, xüsusilə Kremlin İrəvana yönəlik tələbləri və Paşinyanın cavabları geniş müzakirə olunur.

Publika.az-a müsahibə verən politoloq Oqtay Qasımov görüşün pərdəarxası məqamlarını şərh etdi.

- Moskva görüşündə diqqət çəkən əsas məqamlar nə oldu?

- Vladimir Putinlə Paşinyan arasında Moskvada keçirilən görüş maraqlı məqamlarla diqqət çəkdi. Belə ki, Vladimir Putin diplomatik dillə əslində Ermənistan tərəfinə Rusiyanın müəyyən tələblərini çatdırdı və faktiki olaraq ultimativ şəkildə bəzi tələblər irəli sürdü. Bunlardan biri Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olduğu ilə bağlı mesajlar idi. Burada Ermənistanla Rusiya arasında altı ayda 6,5 milyard dollarlıq ticarət dövriyyəsinin xatırlanması təsadüfi deyildi.

- Putin Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışır?

- Vladimir Putin Rusiyada yaşayan erməni seçicilərin - yəni ikili vətəndaşlığı olan şəxslərin seçkilərdə iştirakı məsələsini qaldırmaqla faktiki olaraq Ermənistanın daxili işlərinə qarışmağa cəhd etdi. Lakin bu, Paşinyan tərəfindən kifayət qədər dəqiq və prinsipial mövqe ilə qarşılandı.

Paşinyan bildirdi ki, Ermənistanda demokratik mühit mövcuddur və seçkilər qanun çərçivəsində keçirilir. O vurğuladı ki, Ermənistan qanunlarına uyğun olaraq seçkilərdə yalnız Ermənistan vətəndaşları iştirak etməlidirlər. Bu baxımdan ikili vətəndaşlığı olan şəxslərin, o cümlədən Samvel Karapetyanın seçkilərdə iştirakı mümkün deyil.

- Paşinyan hakimiyyətdə qalsa, Ermənistanın kursu dəyişəcək?

- Əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun Qərb yönümlü siyasətdən imtina edəcəyi gözlənilmir. Onun siyasəti Rusiyayla iqtisadi münasibətləri qoruyub möhkəmləndirmək, eyni zamanda Avropa İttifaqı ilə əlaqələri genişləndirmək və təhlükəsizlik arxitekturasını alternativ formatlarda qurmaqdan ibarətdir. Yəni balanslaşdırılmış siyasət davam etdiriləcək.

- Rusiyapərəst qüvvələr hakimiyyətə gəlsə nə dəyişəcək?

- Rusiyanın dəstəklədiyi Koçaryan, Karapetyan və digər qüvvələr hakimiyyətə gəlsə, Ermənistanın yenidən Rusiyanın forpostuna çevrilməsi ehtimalı arta bilər. Lakin bu, həm də beynəlxalq proseslərdən, xüsusilə Avropa İttifaqı və ABŞ-ın mövqeyindən asılı olacaq.

- ABŞ və Qərb Ermənistanla hansı istiqamətdə işləyir?

- ABŞ Ermənistanla çoxşaxəli əməkdaşlıq qurmağa çalışır və strateji tərəfdaşlıq sənədləri bu istiqamətdə mühüm rol oynayır. Eyni zamanda TRİP layihəsi ilə bağlı razılaşmalar da mövcuddur.

- Ermənistan kəskin geosiyasi dönüş edə bilərmi?

- Bütün bu proseslər asan olmayacaq. Hakimiyyətə gələn qüvvələr birdən-birə kəskin şəkildə Rusiyayönümlü siyasətə keçməyəcək və Qərblə münasibətləri dərhal kəsməyəcəklər. Avropa İttifaqının mülki missiyası kimi təşəbbüslərin də qısa müddətdə dayandırılması real görünmür, çünki bunlar dövlətlərarası razılaşmalar əsasında həyata keçirilir.

Tarix də göstərir ki, hətta Rusiyapərəst mövqeyi ilə seçilən Serj Sarkisyan dövründə belə Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma siyasəti aparıb. Ümumilikdə Ermənistanın siyasi qüvvələri həm Rusiya faktorundan istifadə etməyə, həm də Qərblə əlaqələri inkişaf etdirməyə çalışıblar.

- Bu proseslər region və Azərbaycan üçün risk yaradırmı?

- Ermənistanın Qərb və Rusiya arasında rəqabət meydanına çevrilməsi regionda müəyyən risklər yaratsa da, bu, ciddi və kəskin dəyişikliklər vəd etmir. Çünki artıq Azərbaycan və Ermənistan arasında əsas münaqişə həll olunub, sülh müqaviləsi üzrə razılaşma əldə edilib və Qarabağ məsələsi bağlanıb.

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib və bu, geri dönüşü olmayan prosesdir. Rusiyanın regionda əsas təsir aləti olan münaqişə faktoru artıq aradan qalxıb.

Bu baxımdan Azərbaycan üçün ciddi təhlükə gözlənilmir. Müəyyən risklər olsa da, onların ölkə üçün ciddi problemlər yaradacağı ehtimalı yüksək deyil.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm