Gedişhaqqının qaldırılması iflasın qarşısını ala bilməyəcək - Ekspert
Bizi izləyin

Nəqliyyat

Gedişhaqqının qaldırılması iflasın qarşısını ala bilməyəcək - Ekspert

Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkət İqtisadiyyat Nazirliyinə və paytaxt meriyasına müraciət edərək tariflərə yenidən baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və yaranmış vəziyyətin birgə müzakirəsini xahiş ediblər.

Müraciətdə vurğulanır ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat vəsait ayrılıb: “Həmin vəsaitin bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait bizə ödənilməyib”.

Məsələyə münasibətini açıqlayan nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov Publika.az-a bildirdi ki, problem çox ciddi və aktualdır:

“Hələ bir neçə il əvvəl bildirmişdim ki, vəziyyət belə davam edərsə, Bakının yerüstü nəqliyyat sektoru tamamilə çökəcək. Artıq ilk işartıları görünməyə başlayıb və 10 gündür ictimai nəqliyyat iflic vəziyyətdədir. Hər yerdə tıxac var. Əvvəllər “pik saatı” anlayışı vardı, indi o da itib. Bu da vahid nəqliyyat kompleksindəki halqalardan biri olan yerüstü nəqliyyatın tamamilə zəifləməsilə bağlıdır. Problem kökündən həll edilməsə, vəziyyət nəzarətdən çıxacaq və tıxacların qarşısını almaq mümkün olmayacaq. Daşıyıcıların Müraciətində iki əsas məsələ diqqətə çatdırılıb: bunlardan biri gedişhaqqının artırılması, digəri isə onlara ayrılan maliyyə yardımının verilməməsi ilə bağlıdır. İkisi də ciddi məsələdir. Əminliklə deyə bilərəm ki, gedişhaqqının qaldırılması iflasın qarşısını ala bilməyəcək. Həll etsə belə, müvəqqəti olacaq. Sonrakı illərdə problemlər yenidən baş qaldıracaq. Deyəcəklər ki, yanacaq, ehtiyat hissələri və avtobus parklarının saxlanması ilə bağlı bütün xərclər artımı üstələyir. Təcrübə göstərir ki, gedişhaqqının qaldırılması həm şəhərlərarası daşımalarda, hətta “Bakı Metropoliteni”ndə qiymət artımına səbəb olacaq. Bu isə insanların maddi vəziyyətinə təsir edəcək, əhali arasında sosial gərginliyi artıracaq”.

Onun sözlərinə görə, burada böyük artımdan söhbət gedə bilməz:

“Güman edirik ki, hökumət belə bir addım atmayacaq. Əgər bu baş versə, ictimai nəqliyyat daha da çökəcək, əhali taksilərin xidmətindən istifadə etməyə başlayacaq. Vəziyyətdən bir çıxış yolu var: Dövlət bu sahəyə maddi-iqtisadi cəhətdən əsaslandırılmış maliyyə dəstəyi verməlidir. Ya dotasiya yolu ilə, ya da başqa bir yolla mexanizm tapılmalı, vəziyyətə müdaxilə edilməli və ictimai nəqliyyat dirçəldilməlidir. Hətta Dövlət Təhlükəsizlik Xidməti məsələni nəzarətə götürməlidir. Əsas məsələ nəqliyyatda milli maraqların qorunmasıdır. Paytaxtın nəqliyyat sisteminin çökməsi sakinlərin həyat tərzinə, əsəblərinə mənfi təsir edir. Bu işi görənlər barədə araşdırma aparılmalıdır. Müraciətdə səslənən 280 milyon manat vəsait təkcə Bakı üçün deyil, sərnişindaşımanın bütün sahələri üçün ayrılıb. Burada aviasiya, dəmiryolu, şəhərlərarası və paytaxtda sərnişindaşıma kimi sahələr var. Təkcə Bakının ictimai nəqliyyat sahəsinə ən azı 10 milyon manata yaxın vəsait ayrılır. Bu vəsait paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlər arasında düzgün bölünsə, onlara da təkan olar”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm