Nəqliyyat
Tıxacdan ÇIXIŞ yolu: Paytaxtı BOŞALTMAQ! - TƏKLİF
Son vaxtlar Bakı şəhərinin dalana dirənmiş tıxac problemi əsas müzakirə mövzularından biridir. Paytaxtın demək olar ki, bütün küçə və prospektlərində günün istənilən saatında tıxac var. Bu problem xüsusilə səhər və axşam saatlarında dözülməz həddə çatır. İctimai şəxslər, ekspertlər, millət vəkilləri mövcud problemin səbəbi və həlli ilə bağlı təkliflər səsləndiriblər.
Məsələn, deputat Elşən Musayev təklif edib ki, tıxac problemini aradan qaldırmaq üçün biz dənizdən istifadə etməliyik. O, Türkiyədə belə bir təcrübənin olduğuna diqqət çəkib:
“Əslində bunun üçün bir neçə dayanacaq qurmaq lazımdır. Bu halda Bakıdan Sumqayıta, eləcədə Günəşli, Əhmədli və digər nöqtələrə dəniz vasitəsilə gediş-gəliş mümkün olar, avtomobil yollarının yükü azalar”.
Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər bu tıxacda böyük pay sahibidir. Onun sözlərinə görə, xüsusilə son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb. İnfrastruktur genişlənməsəydi, o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi.
Deputat söyləyib ki, əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Digər metod bir sıra təhsil müəssisələrinin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. V.Bayramov ABŞ təcrübəsini buna misal göstərib:
“ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu, iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır. Eyni zamanda ictimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhfə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir”.
Eyni zamanda, tıxac problemini aradan qaldırmaq üçün Bakı Dövlət Universitetindən başqa bütün universitetləri, televiziya və radioları, xəstəxanaları bölgələrə köçürmək, nazirlikləri bölgələrə paylaşdırmaq, taksi sayını azaltmaq üçün Türkiyədəki kimi “dolmuş” kiçik mikroavtobusları işə salmaq və s. təkliflər səsləndirilir.
Bəs, bu sadalanan təkliflərin həyata keçirilməsi nə dərəcə realdır?
Mövzu ilə bağlı Publika.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda tıxac problemini həll etməyin mümkün olduğunu qeyd edib.
“Yaxşı komanda ilə sadəcə bir neçə ay ərzində paytaxtda avtomobil tıxaclarının sayını azaltmaq mümkündür. Ən azından subyektiv səbəblərdən yaranan tıxacları azaltmaq olar. Qismən də sıxlığın qarşısını almaq mümkündür”, - o əlavə edib.
Tıxacların yaranma səbəbindan danışan E.Cəfərov hesab edir ki, ki, Bakı şəhərində əhali sayına nisbətən avtomobil sayının çox olması ən başlıca səbəblərdəndir:
“Azərbaycan üzrə ümumi avtomobil sayı çox deyil, amma paytaxt sakinlərinin və qonaqların sayına görə çoxdur. Təəssüf ki, avtomobillərin hərəkəti üçün lazımi qədər yol infrastrukturu mövcud deyil. Yəni çox avtomobil buraxılışlı yollarımız azdır, yollar daha çox “butulka” effektlidir. Vaxtilə Bakıda yol infrastrukturu qurularkən körpülər, yol ötürücüləri, tunellər tikirlərkən bilinmir ki, bu işlər hansı standartlara uyğun aparılıb. 10 il sonranı görməməklə, əhali sayının artması nəzərə alınmadan yollar salınıb. Bu gün də biz bunun acısını çəkirik”.
Tıxac problemini aradan qaldırmağın 3 yolu
Tıxac probleminin həll olunması üçün 3 əsas istiqaməti qeyd edən ekspert, parklanma, yol infrastrukturu və ictimai nəqliyyatın qaydaya salınması istiqamətində mərhələli iş apararaq bir neçə ay ərzində bu məsələni həll etməyin mümkün olduğunu deyib:
“Tıxacları yaradan səbəblərdən biri sürücülərin avtomobillərini daha çox yolun hərəkət hissəsində saxlamasıdır. Parklanma yerlərinin olmaması, bunun düzgün təşkil olunmaması və cəmiyyətə parklanma yerlərinin ünvanlarının açıqlanmaması tıxaca səbəb olur. Dövlətin balansında olan avtomobil dayanacaqlarının ünvanı açıqlanmalıdır ki, vətəndaş rahatlıqla avtomobilini həmin yerlərdə saxlaya bilsin.
İkinci məsələ odur ki, yol infrastrukturu yaxşı qurulmayıb. “Butulka” effektli yollardır, gah enlənir, gah da daralır. Bu gün də yolların daraldılması prosesi gedir. Bakıda avtomobil yollarına aid bütün tikintilər dayandırılmalıdır. Yolların ortasında olan beton plitələr hamısı sökülməli, yol genişləndirilməlidir. Beton arakəsmələrin yolun ortasında yerləşdirilməsi “butılka” effektinə gətirib çıxarır və avtomobil sıxlığı yaradır.
Üçüncü səbəb isə Bakı şəhərində ictimai nəqliyyatın normallaşdırılmasıdır. Bu gün paytaxtda ictimai nəqliyyat bərbad vəziyyətdədir və buna görə də vətəndaşlar fərdi avtomobillərə, taksilərə üstünlük verir ki, bu da sıxlıq yaradır”.
Eldəniz Cəfərov universitetlərin bir qisminin bölgələrə köçürülməsi təklifini real hesab edir:
“Bizim iqtisadiyyatımız dayanıqlıdır, ali təhsilin müəyyən faizi də pulludur. Tələbələrin ödədiyi illik təhsil haqqı ali məktəblərin balansına gedir. Onlar istəsələr həmin pula nəinki korpus, hətta yeni universitet də tikə bilərlər. Ali məktəblərin və ya korpuslarının şəhər kənarına, bölgələrə köçürülməsi sıxlığı aradan qaldıra bilər. Bu, həm də digər regionların inkişafına da təkan yaradacaq.
Ali məktəblərlə yanaşı müxtəlif dövlət və özəl qurumların da bölgələrə köçürülməsi labüddür. Məsələn, bir neçə nazirlik Qəbələyə, Lənkərana, Sumqayıta və s. digər digər regionlara, eyni zamanda hava limanları olan bölgələrə köçürülə bilər”.
Ekspert tıxacı aradan qaldırmaq üçün dünya təcrübəsindən də yararlanmağı təklif edib:
“Estoniyanın paytaxtı Tallinn şəhərində ictimai nəqliyyatla bağlı problem yoxdur, baxmayaraq ki, orada metro xətti yoxdur. Bəs Tallinndə bu sıxlığa qalib gəlmək necə mümkün oldu? Estoniyanın ən populyar universitetləri Tallində deyil, digər şəhərlərdədir. Həmin ali məktəblər Avropanın ən yaxşı təhsil verən universitetləri hesab olunur. Azərbaycanda da bunu etmək mümkündür. Bütün universitetlərin Bakıda yerləşməsinə ehtiyac yoxdur”.
Bəs, ali məktəblərin indiki mərhələdə bölgələrə köçürülməsi nə dərəcədə mümkündür?
"Qarabağ və Şərqi Zəngəzurda universitetlər inşa olunsun"
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov universitetlərin köçürülməsini hazırda real hesab etmir:
“Çünki bu proses kifayət qədər çox maliyyə tələb edir. Amma bu fikri müsbət qiymətləndirirəm. Ali məktəblərin şəhər kənarına və ya bölgələrə paylanması yaxşı ideyadır. Müxtəlif ölkələrdə bu cür təcrübələr mövcuddur. Universitet şəhəri deyə bir anlayış var, ali məktəblər, elmi tədqiqat mərkəzləri kompakt olaraq həmin şəhərdə fəaliyyət göstərir. Bu cür faydalı təcrübələr mövcuddur. Amma onlar bir il ərzində köçürülməyib. Zaman-zaman şəhər planlamasına əməl olunur. Azərbaycanda bu məsələdə problemlər mövcuddur. Hesab edirəm ki, universitetlərin şəhər kənarından daha çox ayrı-ayrı şəhərlərə köçürülməsi daha məqsədəuyğundur. Məsələn, Gəncədə üç universitet fəaliyyət göstərir ki, orada altı-yeddi, Lənkəranda bir yox, bir neçə ali məktəb ola bilər. Eyni zamanda digər şəhərlərdə də bunu etmək mümkündür. Bu, həm də regionların sosial-iqtisadi inkişafına dəstəkdir”.
İ.Orucov təklif edib ki, hazırda yenidən qurulan Qarabağın və Şərqi Zəngəzurun rayonlarında ali məktəb binaları tikilə bilər:
“Qarabağda quruculuq işləri aparılır, şəhərsalma plan üzrə gedir. Orada bu təcrübəni həyata keçirmək daha çox mümkün olar. Misal üçün, Ağdam şəhərində üç, Cəbrayılda iki universitet tikmək olar. Çünki həmin şəhərlər yenidən qurulur, bunu orada reallaşdırmaq daha real görünür, nəinki Lənkəran, Gəncə və digər şəhərlərdə. Paytaxt şəhər mədəni mərkəz olduğu üçün orada alim məktəblərin olması labüddür. Amma əksər universitetlərin paytaxtda cəmlənməsi doğru deyil. Bu, böyük şəhərlər üçün ciddi problemlər yaradır. Tıxacların ən başlıca səbəblərindən biri də məhz ali məktəblərin böyük əksəriyyətinin Bakıda yerləşməsi ilə bağlıdır. Planlı şəkildə bu problemi həll etmək olar”.
Qeyd edək ki, Azərbaycanda minik avtomobillərin sayı 1 milyon 349 minə çatıb. Ümumi avtoparkda isə 1.7 milyon nəqliyyat vasitəsi var. Ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Bu ilin ilk 9 ayında isə sahibkarlar Azərbaycana 45 min 519 avtomobil gətiriblər. Ölkəmizdə hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...