Rusiyanın Türkiyəyə qarşı qaz şantajı – Təfərrüat
Bizi izləyin

Nida.az

Rusiyanın Türkiyəyə qarşı qaz şantajı – Təfərrüat

Oktyabrın 3-də Rusiya Müdafiə Nazirliyinin Su-30 döyüş təyyarələrinin Türkiyə hava sahəsinə daxil olması iki ölkə arasındakı iqtisadi əməkdaşlığı da zərbə altına qoyub. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya qarşı bəyanatlarında rus qazının alınması məsələsinə yenidən baxılacağını istisna etməyib. Ərdoğan bildirib ki, Türkiyə Rusiyadan təbii qaz alan bir nömrəli alıcıdır və Türkiyənin itirilməsi Rusiya üçün ciddi itkidir. O, lazım olarsa Türkiyənin ən müxtəlif yerlərdən təbii qaz ala biləcəyini vurğulayıb.

Bu arada qeyd edək ki, Rusiya tərəfi məsələdə daha sakit görünür. “Qazprom” sədri Aleksey Miller yaranmış vəziyyətin "Türk Axını" ilə bağlı işlərə təsir etməyəcəyini deyir. O qeyd edib ki, ortada reallaşdırılmasına başlanan razılaşma var: “İndi Türkiyə ilə hökümətlərarası müqavilənin mətni hazırlanır. Bu boru xəttinin tutumu və layihənin reallaşdırılma müddəti ilə bağlı deyil. Lakin müqavilə mətninin hazırlanmasına dair işlər gedir. Heç bir faktor bu işlərimizə təsir edə bilməz"

Nəzərə çatdıraq ki, Türkiyə həcmcə Avropada Almaniyadan sonra Rusiya qazını alan ikinci böyük alıcıdır. 2014-cü ildə Türkiyə Rusiyadan 27,33 mlrd kubmetr qaz alıb.

Publika.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Türk axını” layihəsindən imtinanı istisna etmir: “Ona görə ki Moskva ilin əvvəlindən Türkiyəyə 10,25%-lik qaz endirimi vəd etsə də, praktikada həyata keçirmədi .Çox gümani ki bunu Ankaranın “Türk axını” ilə bağlı layihəsinə tam razılığını alandan sonra gerçəkləşdirmək ümidində idi. Ərdoğan hökuməti isə “bu endirim” məsələsinin irimiqyaslı bir layihədə ölkəsinin milli maraqları ilə adekvat olmadığı iradəsini ortaya qoyurdu. Əlavə dividentlərə ehtiyac olduğunu Moskvaya dəfələrlə çatdırdı. Ancaq təəssüf ki Kreml bunları qulaqardına vurdu və “Suriya böhranı”ndan Türkiyəyə qarşı təzyiq kimi yararlanmaq yolunu tutdu. Nəticədə “Türk axını” layihəsinin buraxılış gücünü 2 dəfə azaltdığını elan etdi. Necə deyərlər, Türkiyənin rus qazı vasitəsilə enerji tranziti ölkəsinə olan ümidlərini yox etdi”.

İ.Şabanın sözlərinə görə, Türkiyə məsələnin ciddiliyini başa düşür və ona görə də bir-birinin ardınca sərt bəyanatlar verir: “Ankara hətta onu da anlayır ki, belə bir şəraitdə, ümumiyyətlə, “Türk axını” layihəsindən imtina edə bilər. Hesab edək ki, Türkiyə Rusiya ilə “Türk axını” layihəsində əməkdaşlığı dayandırır və bu layihə tarixin arxivinə göndərilir. Bu zaman Ankaranın siyasi çəkisi Avropa Birliyi və ABŞ qarşısında artır və Suriya məsələsində artıq Ərdoğan da özünün individual maraqlarını cilovlayaraq Qərb “cəbhəsindən” çıxış etməyə başlayır. Qərb isə Rusiyaya qarşı qaz məsələsində bütün cəbhəboyu sədd çəkməyə müvəffəq olduğundan artıq Ukrayna istiqamətində ona öz şərtlərini diktə etmək barədə düşünür. Rusiyanın manevr imkanları daralır, çünki “Şimal axını” layihəsinin genişləndirilməsi, əslində, Türkiyəyə və Avropaya “Türk axını”ndan ötrü təsir etmək üçün düşünülmüşdü. Rusiya da mümkün variantları hələ əvvəldən göz altına alıb. Ona görə də bu ilin iyununda ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putin 2019-cu ildən sonra da Ukrayna üzərindən Avropaya qaz ixracının davam edəcəyinin mümkün olacağını demişdi. Digər tərəfdən, təsəvvür edək ki, Türkiyə ilə Rusiya arasında əlaqələr daha da kəskinləşir və Ankara, ümumiyyətlə, “Qərb marşrutu” üzrə 2021-ci ildən Rusiyadan qaz almasına son qoymaq qərarına gəlir. Düzdür, “Qazprom”la Türkiyənin daha 3 özəl şirkəti arasında belə müqavilə var, ancaq onların həcmi elə də böyük deyil. Bu zaman Türkiyə üçün hansı ciddi fəsadlar ola bilər? Son 5 ildə Türkiyənin qaz istehlakı təqribən 10 milyard kubmetrə qədər genişlənib. Çünki iqtisadiyyatı da artıb, əhalisi də. BP-nin statistikasına diqqət yetirsək, 2010-cu ilin nəticələrinə görə, Türkiyə 39 milyard kubmetrə yaxın qaz istehlak etmişdisə, artıq 2014-cü ildə bu rəqəm 48,6 milyard kubmetr olub. Bundan əlavə, 5 il öncə Türkiyə idxal etdiyi qazın təqribən 31 milyard kubmetrini boru ilə, 7,9 milyard kubmetrini isə tankerlərlə almışdısa, ötən il artıq 41 milyard kubmetr qazı boru kəmərləri ilə alıb. Sıxılmış qazın idxalını azaldıb. Rusiyadan alınan qazın həcmi isə 27,3 milyard kubmetr olub. Bu il üçün Türkiyənin Rusiyadan qaz idxalını təqribən 12%-dən çox azaltması gözlənilir. Təkcə ikinci rübdə bu göstərici 15% olub. Yəni Türkiyənin Rusiyadan qaz idxalı əvvəllər olduğu kimi artan xətlə inkişaf etmir”.

İ.Şaban deyir ki, 2019-cu ildən Türkiyə bazarına “Şahdəniz-2” layihəsindən qaz daxil olmağa başlayacaq və bir il sonra onun həcmləri layihə gücünə (6 mlrd kubmetr) çatacaq: “Həmin il Türkiyə İraqdan da 5 milyard kubmetr qaz idxalına başlamağı planlaşdırır. Türkiyənin problemsiz Təbriz-Ərzurum kəmərilə də əlavə olaraq 3-4 milyard kubmetr İran qazı qəbul etmək imkanı var. Bundan əlavə, Türkiyə həmin həcmdə sıxılmış qaz idxalını da artıra bilər. Ancaq bu hələ son deyil, çünki gələn onilliyin ortasında TANAP-ın genişləndirilməsi zamanı Türkiyə bazarına daha çox qazın daxil olması imkanı yaranacaq. Bunun mənbəyi Xəzər qazı olacaq. Özü də məsələnin mahiyyətində heç də bu həcmlərin hamısının Avropaya nəqli dayanmır. Əsas ödəmə qabiliyyətli istehlakçıların olmasıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm