Maslyakov Elçibəyi təhqir etdi, biz onun otağına daxil olduq və... - Tahir İmanovdan SƏRT SÖZLƏR
Bizi izləyin

Nida.az

Maslyakov Elçibəyi təhqir etdi, biz onun otağına daxil olduq və... - Tahir İmanovdan SƏRT SÖZLƏR

Video əlavə olunub.

***

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının ermənilərin təkidi ilə adını "Buta” olaraq dəyişdirilməsi bütün Azərbaycan ictimaiyyətinin indi əsas müzakirə mövzularındandır. Müşfiq Abbasovun rəhbərlik etdiyi heyəti şən və hazırcavab olmadıqları, ermənilərin təxribatlarına əks-arqument qoya bilmədikləri üçün tənqid edənlər çoxluq təşkil etdi. Doğrudur, Müşfiq bəy sonradan komandanın adının "Şuşa" olaraq bərpa edildiyini və Sankt-Peterburqda bu adla çıxış edəcəkləri ilə bağlı razılığa gəlindiyini də vurğuladı. Amma bu, Azərbaycan dövlətinin qalib vətəndaşlarını razı salmadı. Qalib xalqın ictimaiyyəti Soçidəki erməni təxribatına komandamızdan da qalib tərəf kimi reaksiya verməyi gözləyirdi...

Baş verən son hadisələrlə bağlı "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artisti Tahir İmanovun fikirlərini öyrənməyə çalışdıq. Tahir İmanov Publika.az-a müsahibəsində söylədi ki, bu kimi təxribatlar doxsanıncı illərdə də olurdu. Amma o zamankı komandamız daha fərqli, daha hazırcavab, daha kontur-arqumentli idilər...

Əməkdar artist Tahir İmanovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Tahir bəy, sizin KVN komandanız hələ ötən əsrin 90-cı illərində bu cür təxribatlarla üzləşirdimi?

- Təbii ki... O zamanlar da çox şeylər olub. Doxsanıncı illərdə orada öz mövqeyimizi göstərməsəydik, bizə bu vaxta qədər hörmətlə yanaşmazdılar. Heç vaxt!..

- Həmin təxribatlardan yadınızda qalanı varmı?

- Yaxşı yadımdadır, o vaxt məşhur bir hadisə olmuşdu. Bu hadisə 1993-cü ildə baş vermişdi. Həmin dönəmlərdə o zamankı Rusiya prezidenti Boris Yeltsini hamı parodiya edirdi. Bütün komandalar, – söhbət beynəlxalq KVN komandalarından gedir – Rusiyanın bütün yumor ustaları onu parodiya edirdilər, biz də Yeltsini parodiya elədik, nədənsə bu Aleksandr Maslyakovun xoşuna gəlmədi. Elə düz səhnədə, oyun zamanı bizim o zamankı prezidentimiz Əbülfəz Elçibəyi təhqir elədi. Bu, sözün əsl mənasında təhqir idi. Sonradan həmin hissənin bir az yumşaq forması efirə getdi. Bəzi şeyləri, yəni təhqir olan hissəsini kəsdi. Amma etiraz olan hissəsini efirdə saxladı. Baxmayaraq ki, şəxsən mən və Anar Məmmədxanov başda olmaqla komandanın digər üzvləri heç vaxt seçkilərdə Əbülfəz Elçibəyə səsimizi verməmişik. Bu, bizim mövqeyimizdir və bizim buna haqqımız var. Düzdür?

- Təbii ki...

- Demirəm ki, Əbülfəz Elçibəyi sevirdik və ya sevmirdik. Sadəcə olaraq səsimizi başqa adama vermişdik. İndiyə kimi hamı səsimizi kimə verdiyimizi bilir. Hansı siyasi kursun əsgəri olduğumuzu da hamı yaxşı dərk edir. Sadəcə olaraq Aleksandr Maslyakovun bu cür hərəkəti bizə toxundu. Çünki daxilimizdə olan məsələləri özümüz bilərik. Amma xaricdə olan məsələlərdə, böyük işlərdə biz heç kimə imkan vermərik ki, ölkəmizin başçısını təhqir eləsin. Ona görə ki, kimliyindən asılı olmayaraq, o, bizim ölkəmizin rəhbəridir. Elə oyun bitən kimi Aleksandr Maslyakov öz qrim otağına keçdi. Təsəvvür edin, 23 yaşlı bir kapitan Anar Məmmədxanov onun ardınca getdi. 23 yaşında bir gənc idi. Mənim onda cəmi 18 yaşım var idi. Anar Məmmədxanov başda olmaqla komandamızın bir qrup üzvü Maslyakovun qrim otağına yollandıq. Salamsız-kəlamsız, birinci sual verdik ki, sizin nə ixtiyarınız var ki, bizim prezidentimizi söyürsünüz və təhqir edirsiniz?!

- Bəs Maslyakov nə cavab verdi?

- O, sadəcə mat-məəttəl qaldı. Çünki o vaxtda kimi Aleksandr Maslyakova nəinki pis söz, nəinki başqa söz, hətta ona xoş sözdən başqa kimsə hansısa sərt fikir bildirməmişdi. Tutulub qaldı, “nu rebyata” dedi. Anar Məmmədxanov çox sərt formada, həddindən artıq sərt bir tərzdə ona dedi ki, biz bir də eşitsək ki, bizim prezidentimizi, ölkəmizi, ümumiyyətlə, dövlət simvollarımızı, dövlət rəmzlərimizi təhqir edirsiniz, o zaman bizdən inciməyin. Baxın, belə-belə hadisələr o zaman da KVN-də olurdu. Bu hadisə o zaman KVN aləmində yayıldı. Bütün komandalar həmin dövrdə bu hadisələrdən xəbərdar oldu. Düşünürəm ki, hamı həmin hadisədən özünə bir dərs çıxardı. Başqa cür ola da bilməz. Ümumiyyətlə, bizim komandamız KVN-lərin məkanı olan yerə həmişə daxil olanda bilirdilər ki, oraya elə-belə uşaqlar girməyiblər. Başa düşürsünüz?!. Çəkinirdilər, ehtiyatla yanaşırdılar. Düşünürəm ki, onların hər hansı bir təkliflərinə, - söhbət arqumentsiz təkliflərdən, sözlərdən gedir – təhqirlərinə əks-arqument, əks-cavablar olmalıdır. Bu, mütləq şəkildə belə olmalıdır. Yəni, hazırcavablıq əsas şərtdir. Əgər onların yanında nə qədər baş əysən, bir o qədər də başından vuracaqlar. Əgər susmasan və oradakı digər hərəkətlərə nə qədər hazırlıqlı olsan sənin hörmətin bir o qədər artacaq. Hələ 1993-cü ildə biz çempion ola-ola bizim əlimizdən kuboku aldılar. Biz qalib olsaq da kuboku götürüb başqa komandaya verdilər.

- Bəs o zaman buna qarşılıq olaraq komandanın üzvləri hansı hazırcavablığı nümayiş etdirdi?

- O zaman hətta biz davaya da hazır idik. Sözün əsl mənasında... Necə ki, biz uşaqlıqda siniflər, məhələlər arasında dava edirdik, o cür davaya da hazırlıqlı idik. Həmin vaxt onsuz da mən məktəbi təzə-təzə bitirmişdim davaya da hazır idim (gülür). Bu səbəbdən də ilk dəfə olaraq zala polis çağırdılar və oraya milis işçiləri daxil oldu. Çünki görürdülər ki, biz haqsızlığa dözmürük və hər bir hərəkətə də hazırıq.

- Bəs indi bizim komandamız hansı qərarı qəbul etməli idi? “Şuşa” adını “Buta” ilə əvəzləmək doğru qərar idimi? Yarışda iştirakdan imtina eləməli idi, yoxsa dayandırmalı idi?

- Bilirsiniz, təbii ki, dayandırmalı idilər. Sizin sualınızın cavabı artıq bəllidir. Bunu balaca, yeddi yaşında uşaq da deyə bilər ki, bizim komandamız mütləq şəkildə oradan çıxıb getməliydilər. Çünki onların arqumentləri, danışdıqları uşaq bağçasındakı azyaşlıların cavablarına oxşayır. Əvvəlcə dəyiş, sonra dəyişmə, nə bilim nə... Ora uşaq bağçası deyil, siz oraya KVN oynamağa gəlmisiniz. Siz oraya Azərbaycan kimi qalib ölkəni təmsil etməyə getmisiniz. Bütün bu baş verənlər mənim üçün Vətənə xəyanətdir. Başqa bir şey deyil.

- Bəs bu kimi hallardan həmin KVN komandasından başqa daha kimlər günahkardır?

- Bir daha xahiş edirəm, tələb edirəm, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələyə öz münasibətini bildirsin. Bu KVN-çiləri oraya göndərərkən “haqqın.az” saytında Diaspora Komitəsinin belə bir xəbəri getmişdi ki, “Şuşa” komandası Soçidə keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək. Bəlkə də, sonra həmin xəbəri siliblər, dəqiq bilmirəm, amma məndə “skrin-şut”u, ekran görüntüsü qalır. Həmin komandanın yaradılmasında böyük rolu Diasporla İş üzrə Dövlət Komitəsi oynayıb. Olayların baş verdiyi gündən bu yana hər gün deyirəm ki, onlar bununla bağlı açıqlama verməlidirlər. Həmin komitədən isə bildiriblər ki, bizim bu komandaya heç bir aidiyyətimiz yoxdur. O zaman ya “haqqın.az” saytı yalan danışır, ya da Diasporla İş üzrə Dövlət Komitəsi...

- Ermənilərin təxribatı onsuz da bu cür yarışlarda həmişə olacaq. Təcrübəli KVN-çi kimi sizdən soruşmaq istəyirəm, bu cür təxribata qarşılıq olaraq bizim komanda onlara hansı cavabı verməli idi?

- İlk növbədə, bu cür hallara rast gəlməmək üçün hələ Bakıda olarkən, təşkilatçılar, onları maliyyələşdirən qurumlar mütəxəssislərə müraciət etməli idilər. Azərbaycanda kifayət qədər KVN-in peşəkarları var. Azərbaycanda kifayət qədər beynəlxalq KVN-in ən böyük titullarını, ən böyük kuboklarını ölkəmizə gətirən insanlar mövcuddur. Söhbətin kimdən getdiyini hamımız başa düşürük. Ən azından onlara müraciət etmək lazım idi. On ilə yaxındır ki, Azərbaycanda yeni KVN hərəkatı başlayıb. Öncə bu işlə Mədəniyyət Nazirliyi məşğul idi. İndi Diasporla İş üzrə Dövlət Komitəsi məşğul olur. Nə Gənclər və İdman Nazirliyi, nə də Diasporla İş üzrə Dövlət Komitəsi biz KVN-çilərə müraciət eləməmişdi. Söhbət fəaliyyətdə olan “KVN-şik”lərdən gedir; Bəhram Bağırzadə, Cabir İmanov, Tahir İmanov, Ənvər Mansurov, Azər Məmmədzadə, Ələkbər Əliyev... Heç biri bizə müraciət eləməyib. “Parni iz Baku”nun baş verən son olaylara münasibəti də var. Bunların hamısının qarşısını almaq olardı. Sadəcə olaraq hər bir işdə olduğu kimi beyin işlətmək lazım olardı, başqa orqanları yox...

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm