Azərbaycan gənci dövlətçilik prinsiplərini ən vacib vəzifə hesab edir - Prezident mükafatçısı
Bizi izləyin

Nida.az

Azərbaycan gənci dövlətçilik prinsiplərini ən vacib vəzifə hesab edir - Prezident mükafatçısı

Azərbaycanda Gənclər Günü Heydər Əliyev tərəfindən təsis olunub. Ölkəmizdə təməli Ümummilli Liderimiz tərəfindən qoyulan gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gənci vətənpərvərdir, dövlətçilik prinsiplərini özünün ən vacib vəzifəsi kimi görür, milli-mənəvi dəyərlərimizi təbliğ edir və qoruyur.

Bunu Publika.az-a açıqlamasında Prezident mükafatçısı,“ASAN Könüllüləri” Təşkilatının sədri və Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Emiliya Bayramova deyib.

O bildirib ki, bu gün harda yaşamağımızdan asılı olmayaraq, hər birimizin qürur mənbəyi olan Azərbaycan ən yüksək zirvələri fəth edir: “Təbii ki, bu inkişaf, tərəqqi biz gəncləri daha da ruhlandırır, gələcəyə daha böyük inamla addımlamağımıza əsas yaradır. Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacibdir. Bu gün Azərbaycanda vətənpərvər, intellektual gənclər ordusu formalaşıb və bu proses davam edir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərin vətənpərvər ruhda tərbiyəsinin, milli şüurunun inkişafı, məşğulluğunun təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib və beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simpoziumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağımızı böyük iftixar hissi ilə zirvələrə qaldırırlar. 44 gün davam edən İkinci Qarabağ Müharibəsində, haqq savaşımızda Azərbaycan gənclərinin mübarizliyinin və vətənpərvərlik ruhunda tərbiyə olunmasının bir daha şahidi olduq”.

E.Bayramova qeyd edib ki, cəmiyyətin aparıcı qüvvəsi gənclərdir: “Məhz bu səbəbdən tərəqqi və inteqrasiya bizlərlə birgə addımlayır. Hər bir gənc nə qədər sağlam ruhlu, savadlı, vətənpərvər olarsa, tarixi keçmişimizi, zəngin mədəni irsimizi, milli dəyərlərimizi yaşatmağı və təbliğ etməyi özünün ən ali məqsədi kimi görərsə, bir o qədər də Azərbaycanı daha çox inkişafa aparar. Ölkəmizdə gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də könüllülük fəaliyyətidir. Könüllülük vətənə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın, dövlətə təmənnasız sevginin göstəricisidir. Cənab Prezidentimiz İlham Əliyevin də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda qeyd etdiyi kimi: “Könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir və bildiyiniz kimi bu hərəkat bizdə “ASAN xidmət” Mərkəzlərində başlamışdır. ASAN könüllüləri ilk könüllülərimiz olmuşdur”. ASAN könüllüləri hərəkatının müəyyən etdiyi əsas missiya könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq və ölkəmizin gənclər siyasətinə töhfə verməkdir. ASAN könüllüləri hərəkatı artıq 29 000-dən çox üzvü özündə birləşdirir. Bu günə qədər vətənpərvərlik, təhsil, ekologiya, sosial, səhiyyə, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 750-dən çox layihə və 5000-dən çox təlim və seminar həyata keçirərək 100 000-dən artıq gənci əhatə etmişdir.

Prezident mükafatçısı əlavə edib ki, ənənəvi olaraq 2 fevral - Azərbaycan Gəncləri Günündə Gənclər Forumunun keçirilməsi və gənclərin mükafatlandırılması dövlətimizin gənclərə olan diqqət və qayğısının göstəricisidir: “Ölkə başçısının gənclərlə səmimi görüşməsi, onların suallarını cavablandırması hesab edirəm ki, təkcə forumda iştirak edən gənclərdə deyil, bütün Azərbaycan gənclərində stimul yaradır. Çox sevindirici haldır ki, ölkə gəncliyinin stimullaşdırılması dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu il Prezident İlham Əliyevin iştirakı ilə çox maraqlı formatda böyük bir forum keçirildi. Forumda ölkə başçısı gənclərə öz tövsiyə və tapşırıqlarını verdi, həmçinin onları necə görmək istədiyini bildirdi. Bu forum ölkəmizin gənclər siyasətinin gələcək inkişafında əsaslı rol oynayacaq. Fikrimcə, forumda cənab Prezidentin bütün gəncləri bir-bir dinləməsi və onların suallarını əhatəli şəkildə cavablandırması gənclər üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkə başçısı bu il də müvafiq sərəncama əsasən elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gəncləri mükafatlandırdı.

Fəxr hissi ilə deyə bilərəm ki, mükafatlanan gənclər sırasında mən də varam. İctimai və sosialyönümlü fəaliyyət üzrə cənab Prezidentin “2022-ci il Gənclər üçün Prezident mükafatı”na layiq görülmüşəm. Artıq ikinci dəfədir ki, ASAN Könüllüləri cənab Prezident tərəfindən belə ali bir mükafata layiq görülür. Biz də Azərbaycan gəncliyi olaraq, dövlətimizin və Prezidentimizin bizə olan diqqət və qayğısını daim öz üzərimizdə hiss edərək göstərilən etimadı layiqincə doğrultmağa çalışırıq. Həmçinin, bir daha ölkə gəncliyi adından bizə göstərdiyi dəstəyə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm