Azərbaycan sabitlik adasıdır - Deputat
Bizi izləyin

Nida.az

Azərbaycan sabitlik adasıdır - Deputat

Dünya sanki Üçüncü Dünya müharibəsi ərəfəsindədir. Cərəyan edən hadisələr də sanki bu savaşın başlanğıcıdır. Ölkənin milli maraqlarını qorumaq iqtidarında olmayan lideri olanda dövlət böyük qüvvələrin poliqonuna çevrilir. Azərbaycan isə bu gün sabitlik adasıdır. Dövlətimiz və xalqımız Prezident İlham Əliyevin məharətlə, qətiyyətlə həyata keçirdiyi siyasət nəticəsində xarici təhlükələrdən və müdaxilələrdən qorunur, sabit inkişaf yolundadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşılaşdığı bütün problemləri həll etmək və suverenliyimizi qoruyub saxlamaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün öz iqtisadiyyatını gücləndirdi, ordu quruculuğuna böyük önəm verdi. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev qarşıya qoyulan bütün məqsədlərə çatıb.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, bu uğurların əldə olunmasında xalqımızın, ordumuzun, bütün vətəndaşlarımızın birlik və vəhdətinin şahidi olduq: “Dövlət başçısı bu birliyə nail oldu və biz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. 30 il ərzində çox çətin dövrlərdən keçmişik. Həm daxildə, həm də xaricdə hər zaman ölkəmizi çətin duruma salmaq istəyən, Azərbaycanın inkişafını istəməyən qüvvələr olub və bu gün də var. Ancaq xalqımız Prezidentə inanır və onun rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlara imza atacağına ümidlidir. Bu məqsədlə biz ölkə başçısının daxili və xarici siyasətini dəstəkləyirik. Azərbaycan xalqı bunu görür və gözəl başa düşür. Azərbaycan xalqı ölkə daxilində və xaricində fəaliyyət göstərən bədxahlara öz təpərini göstərməli və cavab verməlidir”.

Deputat qeyd edib ki, hazırda dünyada gərgin dövr yaşanır: “Rusiya və Ukrayna arasında savaş nəticəsində çox sayda uşaqlar, qadınlar və yaşlılar həlak olub. Artıq 1.5 milyondan çox ukraynalı öz torpaqlarından qaçqın düşüb. Həmçinin, azərbaycanlı soydaşlarımız da Ukraynanı tərk edirlər. Onların ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin diqqətindədir, soydaşlarımız xüsusi reyslər vasitəsilə ölkəmizə gətirilir. Dövlətimiz onların yanındadır. Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarımızın yanındadır. Pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndaşlarına sahib çıxır, onları planlı şəkildə təxliyə edir. İstənilən halda unutmamalıyıq ki, bu gərgin vəziyyətdə proseslərin başlamasının əsas səbəbkarları bu müharibəni görməyən və savaşın nəticələrini hesablaya bilməyən şəxslərin və Ukraynanı Rusiya ilə müharibəyə qızışdıran qüvvələrdir ki, onlar bu gün Ukraynanı faktiki olaraq tək qoyublar. Nəticə olaraq əziyyət çəkən isə Ukrayna xalqıdır”.

N.Həmzəyev bildirib ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən dövlətlərdən biri oldu: “Biz hibrid müharibə apardıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də qonşularımızla münasibətlərin qorunub saxlanılmasını həyata keçiririk. Bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr qururuq. Öz strateji müttəfiqlərimiz var və müharibənin olmamasının tərəfdarıyıq. Bu mübarizədə nəticə etibarilə müharibənin dayanmasının tərəfdarıyıq. Prezident İlham Əliyev hər iki tərəfi sülhə çağırıb. Ümid edirik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da birbaşa iştirakı və dəstəyi ilə Ukrayna və Rusiya arasında sülhə nail olunacaq. Ölkəmiz çox çətin və qəliz bir coğrafiyada yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanda sabitliyi qoruyub saxlaya bilir. Dövlətimiz Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir. Ölkəmiz bundan sonra da sülh və sabitliyi qoruyub saxlayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm