Nida Təhlil
Dilemma qarşısında qalan Avropa: Xalq mövcud rejimlərdən niyə narazıdır?
Avropanın bir sıra ölkələrində müşahidə olunan sosial-siyasi gərginlik, etiraz aksiyaları və sağ-millətçi qüvvələrin güclənməsi qitənin gələcəyi ilə bağlı ciddi suallar yaradır. İqtisadi və enerji problemləri, təhlükəsizlik qayğıları, miqrasiya böhranı ilə yanaşı, ABŞ-ın Avropaya münasibətdə sərt siyasəti də proseslərə təsirsiz ötüşmür. Bütün bunlar Avropada mövcud siyasi sistemin və qüvvələr balansının dəyişdiyinə dair müzakirələri gücləndirir.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Oqtay Qasımov Fransa, Almaniya, ümumiyyətlə, Avropada cərəyan edən sosial-siyasi vəziyyəti şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Avropada son dövrlər baş verən hadisələr uzun müddətdir davam edən proseslərin məntiqi sonluğu kimi qiymətləndirilməlidir. Politoloq qeyd etdi ki, Avropa uzun onilliklər ərzində rifah səviyyəsinin ən yüksək olduğu coğrafiya hesab edilib. İkinci Dünya müharibəsindən sonra Amerikanın təhlükəsizlik çətiri altına girən Avropa ölkələri maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsini sosial xərclərə yönəltməklə rifah cəmiyyəti yaradıblar. Nəticədə Avropada həyat səviyyəsi dünyanın digər regionları ilə müqayisədə xeyli yüksəlib.
"Son beş ildə baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi Avropanı bir çox məsələlərlə bağlı dilemma qarşısında qoyub. Bu problemlərin başında isə təhlükəsizlik məsələsi dayanır. Avropa ölkələri ABŞ-ın təhlükəsizlik çətirinin artıq onları əvvəlki kimi etibarlı şəkildə qorumadığını düşünürlər. Donald Trampın siyasəti fonunda Avropa dövlətləri öz təhlükəsizliklərini müstəqil şəkildə təmin etməyə çalışırlar", - deyə Oqtay Qasımov bildirdi.
Politoloq vurğuladı ki, bu vəziyyət hərbi xərclərin artmasına, nəticədə isə sosial xərclərin azalmasına gətirib çıxarır:
"Avropanın üzləşdiyi digər ciddi problem iqtisadiyyat və enerji sahəsindəki çətinliklərlə bağlıdır. Avropa böyük idxalçı olduğundan dünyada baş verən hadisələr onun iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə Yaxın və Orta Şərqdəki proseslər, İran-Amerika müharibəsi, enerji qiymətlərinin yüksəlməsi və Rusiyanın neft-qazından imtina edilməsi Avropa iqtisadiyyatına mənfi təsir göstərir".
O.Qasımov qeyd etdi ki, bu amillər qiymətlərin bahalaşmasına, inflyasiyanın artmasına və sosial vəziyyətin pisləşməsinə səbəb olur. Nəticədə cəmiyyətlərdə narazılıq artır və insanlar etiraz aksiyalarına qoşulurlar.

Politoloq Avropanın üzləşdiyi problemlər sırasında miqrasiya məsələsinə də xüsusi diqqət çəkdi. Bildirdi ki, bir çox Avropa ölkələrində miqrantların sayı yerli əhalinin sayına nisbətdə kifayət qədər artıb. Bu isə həmin dövlətlərin gələcəyi ilə bağlı müəyyən suallar doğurur.
"Sadalanan problemlər Avropada siyasi qüvvələr arasındakı balansın dəyişməsinə səbəb olur. Belə ki, qlobalist sol cərəyanlar tənəzzülə uğradığı halda, sağ-millətçi partiyalar güclənir. Bu proses ilk növbədə Avropanın daxilindəki problemlərdən qaynaqlanır", - ekspert vurğuladı.
Bununla yanaşı, müsahib Avropada baş verən proseslərdə kənar müdaxilələrin də rol oynadığını istisna etmir. Xüsusilə ABŞ administrasiyasının Avropa ilə münasibətlərdə kifayət qədər sərt mövqe tutduğunu bildirir. Politoloq ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ötən il Münhen Təhlükəsizlik Konfransında Avropanı aşağılamasını və sərt tənqid etməsini də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirdi.
"Vaşinqton Avropanı dilemma qarşısında qoymağa çalışır. Eyni zamanda ABŞ administrasiyası Avropa ölkələrində qlobalist sol cərəyanlara qarşı mübarizədə sağ qüvvələrə dəstək verir və onların mövqelərinin davamlı şəkildə güclənməsinə çalışır", - deyən O.Qasımov əlavə etdi ki, bu siyasət Avropada baş verən etirazlarda da özünü göstərir.
Müsahib vurğuladı ki, Avropada etiraz aksiyalarının əsas səbəbləri Rusiya-Ukrayna müharibəsinin yaratdığı ciddi sosial-iqtisadi problemlər, sol yönümlü siyasətin nüfuzunu itirməsi və Avropa cəmiyyətlərinin real təhlükələrlə üz-üzə qalmasıdır. O, ABŞ-ın kənar müdaxilələrinin də bu proseslərə təsir göstərdiyini qeyd etdi.
"Avropanı qarşıda daha çətin dövr gözləyir. Hazırda dünyada yeni nizam qurulur və Avropa bu proseslərdən kənarda saxlanılmağa çalışılır. Qitənin həm təhlükəsizlik, həm də enerji baxımından xarici asılılığı isə qarşıdakı dövrdə əlavə çətinliklər yaradacaq. Bütün bunların gələcəkdə Avropa üçün daha ağır sınaqların yaşanacağının siqnalı sayıla bilər", - deyə politoloq Oqtay Qasımov fikrini yekunlaşdırdı.
Müəllif: Adəm Abbaslı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)




















.jpg)
.jpg)