Azərbaycanın təklifləri yüksək qiymətləndirilir - RƏY
Bizi izləyin

Nida.az

Azərbaycanın təklifləri yüksək qiymətləndirilir - RƏY

"Azərbaycanın Ermənistanla sülh danışıqlarına dair 5 maddədən ibarət təklifləri demokratik, sülhsevər dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır və bilavasitə Azərbaycanın haqqıdır: "Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün məqsədi də məhz hər iki ölkə arasında sülh sazişinin bağlanmasına xidmət edir. Şarl Mişelin danışıqların nəticəsi barədə mətbuata verdiyi açıqlamalardan da bu görüşün əhəmiyyəti aydın duyulur, yüksək qiymətləndirilir".

T.Rzayev vurğulayıb ki, Brüssel görüşü yalnız region üçün deyil, eyni zamanda digər xalqların da nümayəndələri üçün əhəmiyyətlidir: "Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq əməlləri, 30 il torpaqlarımızın işğal altında saxlanması uzun illər Cənubi Qafqazda sabitliyi, əmin-amanlığı pozub, insanları bir-birinə düşmən edib. Dövlətimizin rəhbəri sülhün tərəfdarıdır. Çünki yalnız sülh yolu ilə, qurub yaratmaqla, dağıdılmış yurd yerlərini bərpa edib abadlaşdırmaqla xalqımız öz yaralarını sağalda bilər. Məhz bu yolla Cənubi Qafqazda xalqların dincliyinin, əmin-amanlığının təmin edilməsi mümkündür. Şarl Mişelin bəyanatında səsləndirilən ifadələr gələcəkdə regionda sülhün yaradılmasına ümidləri artırır. Avropa İttifaqı Şurasının Prezidenti öz müsahibəsində bildirib ki, "Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik". Sülh danışıqlarına başlamağa hazırlıqla bərabər, görüşdə delimitasiya ilə bağlı işçi qrupunun və birgə komissiyanın təşkili, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilişi məsələləri də gündəmdə olub. Avropa İttifaqı bu sahədə lazımi dəstək verməyə hazır olduğunu bildirib. Qarabağla əlaqədar Avropa İttifaqının nümayiş etdirdiyi mövqe ədalətə, Azərbaycanın milli maraqlarına uyğundur və Azərbaycan Prezidentinin diplomatik fəaliyyətinin uğurları və siyasi gedişlərinin parlaq ifadəsidir. Sənəddə "Dağlıq Qarabağ" ifadəsinin və ATƏT-in Minsk qrupunun adının çəkilməməsi isə göstərir ki, artıq bu ifadələr tarixin arxivindədir və heç zaman dirçələ bilməz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm