Türkiyənin sanksiyalara qoşulmaması onları narahat edir - Şərh
Bizi izləyin

Nida.az

Türkiyənin sanksiyalara qoşulmaması onları narahat edir - Şərh

“ABŞ Prezidenti Co Bayden hələ seçkiqabağı kampaniyası vaxtı qondarma erməni soyqırımı ilə bağlı vədlər vermişdi. Daha sonra o, bu məsələyə rəsmi münasibət bildirən ABŞ-ın ilk prezidenti oldu. Hərçənd ki, 1981-ci ildə sabiq prezident Ronald Reyqan da Holokost hadisələrini anarkən onları 1915-ci ilin məlum hadisələri ilə müqayisə edərək ilk dəfə soyqırımı ifadəsini işlədib. Bundan başqa, 2019-cu ildə ABŞ-da Konqres və onun yuxarı palatası olan Senat da bu hadisələrə ermənilərin soyqırımı kimi qiymət verib. Bundan əlavə, ABŞ-da 49 ştat və Kolumbiya federal mahalı da bu hadisələrin soyqırımı olduğunu bəyan edib”.

Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, Avropa İttifaqı, Rusiya, Kanada, Braziliya və digər dövlətlər də bu hadisələrə məhz bu rakursdan qiymət veriblər: “Əlbəttə, ölkənin siyasi isteblişmentləri tərəfindən 1915-ci il hadisələrinə olan bu sayaq münasibət erməni diasporunun məqsədəyönlü və uzun müddət apardıqları lobbiçilik siyasətinin əməli nəticəsidir. Lakin burada Türkiyə, onun dövlətçiliyi, həyata keçirilən siyasətə qərəzli mövqe və baxışların olması da birmənalıdır. Qərb dünyası uzun müddət Şərqin müsəlman xalqlarına və ölkələrinə, Asiya və Afrikanın müstəmləkə boyunduruğundan qurtulmağına qarşı olub. İfrat neomüstəmləkəçi mövqe sərgilədiklərinə baxmayaraq, 107 il əvvəl baş vermiş hadisələrə siyasi don geyindirməyə çalışırlar”.

Politoloq hesab edir ki, Türkiyənin artan rolundan narahat olduqları üçün saxta “erməni soyqırımı” məsələsini gündəmdə saxlamağa çalışırlar: “Son 20 ildə Türkiyənin istər regional, istərsə də qlobal müstəvidə sərgilədiyi mövqe, onun ABŞ-ın yeni dünya nizamı və idarə olunan xaos doktrinası ilə əlaqədar məsələlərə fərqli baxış Qərbi narahat edir. Türkiyə Prezidenti Ərdoğanın dünya birliyinə, əslində isə məlum güclərə ünvanlanmış dünya 5-dən iridirkimi çağırışları bu dövlətə qarşı qlobal güclər tərəfindən təhdid və təzyiqlərin güclənməsinə səbəb olub. Gülənçilər vasitəsilə Ərdoğan iqtidarını hakimiyyətdən uzaqlaşdırmaq, Türkiyəni parçalamaq və ondan qopacaq torpaqlar hesabına Kürdüstan layihəsini reallaşdırmaq üçün müxtəlif variantları işə saldılar. Türkiyənin Rusiyaya yönəlik sanksiyalara qoşulmaması müəyyən dairələri narahat edir. Türkiyə Ukraynada dünyanın yeni geosiyasi konturlarını cızmağa çalışan qlobal maliyyə mərkəzlərini qane etmir. Odur ki, bu sayaq təzyiq formalarına gedirlər. Lakin bütün bunlar, o cümlədən 1915-ci ilin hadisələrinə görə Osmanlını ittiham etmək, genosid siyasətinin həyata keçirilməsi barədə bəyanatlar vermək hüquqi əhəmiyyət və status kəsb etmir.

Türkiyəyə qarşı bu sayaq hərəkətlərə yol verənlər isə anlamalıdır ki, bütün bunlar Türkiyədə anti-Qərb ovqatını gücləndirir. Bununla yanaşı, Türkiyəni anti-Qərb mövqeyində duran dövlətlərlə əməkdaşlığını gücləndirməyə və genişləndirməyə sövq edir. Türkiyənin Rusiya, İran, Çin, Pakistanla münasibətlərinin çağdaş durumu, onun Türk və İslam dünyasında olan nüfuzu, bu dövlətlərlə logistika, iqtisadiyyat, ticari, enerji və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı maraqlara söykənən siyasəti bu təhdidləri aradan qaldıracaq. Təbii ki, saxta “erməni soyqırımı” məsələsi həm də Türk dünyasına yönəlik bir təhdiddir. Bunun qarşısını almaq üçün bütün türkdilli dövlətlər vahid mövqedən çıxış etməlidir. Hansısa türkdilli dövlət başçısı Ermənistana səfər edirsə, o zaman qondarma “soyqırımı” abidəsini ziyarət etməkdən imtina etməlidir. Türkdilli dövlətlər arasında inteqrasiya dərinləşdikcə, bu məsələdə vahid mövqedən çıxış etmək imkanları artacaq. Bunun üçün də vahid konsepsiya, ardıcıl siyasət olmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm