Şuşa bəyannaməsi hansı yeni reallıqları meydana gətirdi? – DETALLAR
Bizi izləyin

Nida.az

Şuşa bəyannaməsi hansı yeni reallıqları meydana gətirdi? – DETALLAR

“Tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. 1921-ci il Qars bəyannaməsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Qars bəyannaməsindən 100 il sonra imzalanan Şuşa bəyannaməsinə görə, Türkiyə artıq Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyinin təminatçısına çevrildi. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyırdı. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu Şuşanın və ümumilikdə Qarabağın təhlükəsizliyi baxımından faydalı olacaq”.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri və İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri qorxutdu:

“Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə bəyannamənin əleyhinə açıqlamalar yayımladılar. Rusiya rəsmi səviyyədə Şuşa bəyannaməsinin əleyhinə çıxmadı. Ancaq Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsinin və Türkiyənin Qarabağda möhkəmlənməsinin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirməyə başladılar. Azərbaycanın qarşısında dayanan vəzifə bir il öncəki kimi eynidir: İlham Əliyevin dediyi kimi Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halına gətirilməli, Qarabağda separatçılar tərksilah edilməli, Ermənistanla sərhəd tam nəzarətə götürülməli, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin edilməli və Zəngəzur dəhlizini işə salınmalıdır”.

Politoloq bildirib ki, bu bir ildə Türkiyə və Ermənistan təmsilçiləri arasında bir neçə görüş keçirilib, ancaq Ermənistan hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyib, Zəngəzur dəhlizinin açılmasına razılaşmayıb, 3+3 plaftormuyla bağlı da ciddi irəliləyiş yoxdur:

“Rəcəb Tayyib Ərdoğan Şuşadan sonra Bakıya gəldi və 16 iyunda Azərbaycan parlamentində çıxış etdi. Ərdoğan çıxışında bir sıra məsələlərə toxundu. Ərdoğan dedi ki, “Türkiyə bütün imkanlarıyla Azərbaycanın yanındadır”, “Qarabağı birgə inşa edəcəyik” və “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır”. Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək 3+3 platformasından Ermənistanın da qazanclı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Türkiyə Cumhurbaşqanı onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir. Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan Ankarada olan Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə təklif etdi ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Tiflisin 3+3 platformasıyala bağlı münasibəti bugünə qədər dəyişməyib. Gürcüstan işğalçı Rusiya ilə eyni platformada yer almaq istəmir”.

Elxan Şahinoğlu qardaş ölkənin Azərbaycanda hərbi bazalar yaratmaq məsələsinə də toxunub:

“Türkiyənin Azərbaycanda hərbi bazalarının varlığı bir il öncə olduğu kimi bu gün də aktualdır. Şuşa bəyannaməsi buna tam şərait yaradır. Bu həm Azərbaycanın, həm Türkiyənini, həm də çox önəmlisi Türkiyə-Azərbaycan hərbi ittifaqınını tələblərinə cavab verir. Rusiyanın Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarışmağa hüququ yoxdur. Birincisi, bu Azərbaycanın daxili işidir. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazası varsa, Türkiyənin Azərbaycanda niyə hərbi bazası olmamalıdır?!”

Qeyd edək ki, tarixi Şuşa Bəyannaməsi bir il əvvəl Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm