Tehran-“5+1“
Bizi izləyin

Nida.az

Tehran-“5+1“

"İranla "5+1" formatında aparılan nüvə danışıqlarından müsbət bir şey gözləmirəm". Bu sözləri Publika.Az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu aprelin 14-də İstanbulda keçirilən danışıqlara münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, İran bundan sonra da dünyanı qeyri-müəyyən vəziyyətdə saxlamağa çalışacaq: "İran bütün gücünü sərf edir ki, vəziyyət daha da mürəkkəbləşsin. Ona görə də İstanbul görüşündə İranın mövqeyində hansısa irəliləyişin olacağını gözləmirəm".

Qərbdə dialoqun yüksək dəyərləndirildiyi, İranın da Qərbin mentalitetinə dərindən bələd olduğunu dilə gətirən SİTM sədrinin fikrincə, rəsmi Tehran növbəti dəfə qarşı tərəfi aldatmağa ümidlidir: "İran Qərbi istədiyi qədər aldatmağın mümkünlüyünü düşünür. Qərbin də danışıqlarda iştirak etməkdə öz məqsədi var. Qərb dünyaya göstərmək istəyir ki, İran dialoq adı ilə bildiyini edir və vəziyyət müharibə həddindədir".

Bununla belə, İran ilə "5+1" (Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) ölkələri arasında İstanbulda planlaşdırılan nüvə danışıqları ilə bağlı hər iki tərəfdən müsbət mesajlar var. Danışıqlara qatılacaq İranın Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəliliyə "dini liderin şəxsi nümayəndəsi" statusunun verilməsi bunun əhəmiyyətli nümunəsidir. Ekspertlər bu vəziyyətin ümidverici əlamət kimi dəyərləndirirlər.

Almaniyada yerləşən Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Əlaqələri İnstitutunun direktoru Volker Pertes deyib: "İranlılar belə şeylər edirsə, bunun bir mənası olmalıdır". O, hesab edir ki, Səid Cəlili danışıq tərəflərinə: "Mənə etibar edə bilərsiniz, çünki arxamda dini liderin dəstəyi var" - demək istəyir.

İstanbulda 2011-ci ilin yanvar ayında keçirilən danışıqlarda Səid Cəlili müzakirələrə fayda vermək əvəzinə "5+1" ölkələri üçün qeyri-məqbul şərtlər irəli sürmüşdü. Cenevrədə 2009-cu ilin oktyabr ayında baş tutan nüvə danışıqlarında Qərblə Tehran razılaşma əldə etsə də və bu razılaşma prezident Mahmud Əhmedinejad tərəfindən dəstəklənsə də, İranın dini lideri ayətullah Əli Xamneyi tərəfindən rədd olunmuşdu.

Havay Universitetinin İran siyasəti üzrə mütəxəssisi Fəridə Faxri həmin prosesi İranda 2009-cu il seçkiləri sonrası yaşanan gərginliklə əlaqələndirir və hesab edir ki, bu günün şərtləri çox fərqlidir: "İran uranın zənginləşdirilməsində 2009-cu illə müqayisədə çox irəlidədir. Bununla bağlı olaraq sanksiyalar da sərtləşdirilib. "Yaşıl inqilab" yatırılıb, ayətullah Əli Xamneyi güclənib, Əhmedinejad isə böyük güc itkisi ilə üzləşib. İranlılar texnoloji inkişafın ABŞ-ın hesabına olacağına inanır".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm