Şura Xocalıda hər iki valideynini itirmiş uşaqları dünyaya tanıdır
Bizi izləyin

Nida.az

Şura Xocalıda hər iki valideynini itirmiş uşaqları dünyaya tanıdır

Dünən İstanbulda Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalıda valideynlərini itirən uşaqlardan bəhs edən, türk və ingilis dillərində çap olunan “Böyüməyən uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, Mərmərə Universitetinin konfrans zalında keçirilən təqdimat mərasimində Şura sədri Azay Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Türkiyənin və Azərbaycanın millət vəkilləri, ölkəmizin İstanbuldakı baş konsulu, beynəlxalq təşkilatların və medai qurumlarının nümayəndələri, tarixçi professorlar iştirak ediblər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra “Böyüməyən uşaqlar” kitabında bəhs edilən uşaqlardan biri, bütün ailə üzvlərini Xocalı soyqırımı zamanı itirmiş Mehdi Əliyevin həyatından, başına gələn faciələrdən bəhs edən “Böyüməyən uşaqlar” sənədli filmi nümayiş etdirilib.

Film Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə qurumun nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkilib.

Toplantıda giriş sözü ilə açan Mərmərə Universitetinin tarix fakültəsinin dekanı prof.dr. Gülay Ögün Bezer Xocalı soyqırımının bütün türk dünyasının ortaq dərdi olduğunu bildirib.

Şura sədri, millət vəkili Azay Quliyev Xocalı soyqırımını “insanlığın üz qarası” adlandıraraq Türkiyə mediası və ictimaiyyətini milli məsələlərin dünyaya çatdırılmasında daha aktiv olmağa, birgə mübarizəyə səsləyib. Azay Quliyev bildirib ki, xarici ölkələrdə ermənilərin yalanlarının ifşa edilməsi yönündə Azərbaycan və türk icmaları səylərini birləşdirərək çalışmalıdırlar:“İki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında iş birliyi zəifdir. Biz Xocalını ildə bir dəfə yox, daim birlikdə anmalıyıq. Elə etməliyik ki, Ermənistan təmsilçiləri heç bir beynəlxalq toplantıda rahat otura bilməsin, hər kəs onlardan qətlə yetirilən bu günahsız insanların hesabını sorsun”.

Şura sədri “Böyüməyən uşaqlar” kitabının artıq ingilis, türk və alman dillərinə tərcümə olunaraq yayıldığını, fransız və digər dillərə də tərcüməsi üzərində iş aparıldığını bildirib.

Azay Quliyev Şuranın təşəbbüsü ilə Ermənistanın prezdenti, Xocali faciəsinin törədilməsində şəxsən iştirak edən Serj Sarkisyanın beynəlxalq səviyyədə hərbi cinayətkar kimi tanınması məqsədilə petisiya yaradilaraq 100 min imza toplandığını və BMT-yə təqdim olunduğunu bildirib: “Hazırda Ermənistanın prezidenti olan Serj Sarkisyan şəxsən bu hadisələrdə iştirak etdiyini, dinc əhalinin qırdığını etiraf edib. İndi isə vicdanı bu dərəcədə aşınmış bir insan türkləri soyqırımda ittiham edir. Halbuki, onun şəxsən özünün yaxın keçmişdə, 23 il əvvəl törətdiyi soyqırımla bağlı sənədlər mövcuddur”.

Türkiyə Böyük Millət Məslisinin sədr müavini Meral Akşener isə Xocalı hadisələrinin hüquqi olaraq soyqırım olduğunu bəyan edib. Xanım Akşener türk millətinin tarix boyu çoxsaylı qətliamlara, soyqırımlara məruz qaldığını bildirib: “Lakin biz mərd millət olduğumuza görə bu faciələri unutmağa meylliyik. Öncə öz millətimizi qəlbindən oyandırmalıyıq. Daha sonra beynəlxalq təşkilatları, bütün dünyanı bu hadisələrlə bağlı informasiya atəşinə tutmalıyıq”.

TBMM-nin sədr müavini həmçinin Bursada Sarkisyanın iştirakı ilə keçirilən futbol oyununda stadiona Azərbaycan bayrağının buraxılmamasına görə Türkiyə Böyük Millət Məclisi adından Azərbaycan xalqından üzr də istəyib.

“Böyüməyən uşaqlar” kitabının müəllifi, Azərbaycanın Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxışında indiyədək Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlardan danışıb. O, sənədlərlə təsdiqlənən bu soyqırıma görə Ermənistana qarşı təzminat davası açmağın vaxtının çatdığını bildirib.

Mərmərə Universitetinin prorektoru prof. Dr. Memet Akalın, Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini Mehmet Ali Dim, Mərmərə Universitetinin Qafqaz tarixi şöbəsinin rəhbəri prof. Okan Yeşilot çıxış edərək bu cür tədbirlərin sayının artırılmasının, erməniləri törətdiyi vəhşiliklərlə bağlı Türkiyədə daha güclü və sistemli təbliğatın aparılmasının zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı soyqırımında hər iki valideynlərini itirən insanlardan bəhs edən “Böyüməyən uşaqlar” kitabı dünyanın müxtəlif ölkələrinin parlamentlərinə, kitabxanalarına, beynəlxalq təşkilatlara göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm