Müsavatdan xaric olunan daha bir şəxs məhkəməyə üz tutur – AÇIQLAMA
Bizi izləyin

Nida.az

Müsavatdan xaric olunan daha bir şəxs məhkəməyə üz tutur – AÇIQLAMA

“Arif Hacılıya və bu işlərin başında duran əsas səbəbkar İsa Qəmbərə təşəkkür edirəm. Çünki Vurğun Əyyub kimi Azərbaycanda barmaqla sayıla biləcək ziyalını partiyadan bir rayon təşkilatının özək toplantısında çıxardılar. Bizi isə Divanın toplantısında”.


Bunu Publika.az-a açıqlamasında 6 may aksiyasının təşkilində iştiraka görə partiyadan çıxarılan Rahib Mirələmov deyib.


R. Mirələmov Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) onların fəaliyyətində nizamnamə pozuntusu olduğunu əsas gətirməsi ilə razılaşmayıb: “Bizim siyasi fəaliyyətimizdə hər hansı nizamnamə pozuntusu tapa bilməzlər. Nizamnamədə qeyd olunur ki, partiya üzvləri partiya rəhbərliyinin tutduğu siyasi xətti tənqid edən müxtəlif fikir və rəylər səsləndirə bilərlər. Yəni, Arif Hacılı və İsa Qəmbərin siyasi davranışlarını tənqid etmək Müsavat qarşı olmaq deyil. Bizi partiyanın hazırkı siyasi kursunu tənqid etdiyimiz üçün çıxartdılar. Amma adını Nizamnamə pozuntusu qoyurlar. Əslində bu avtoritarizmdir”.


R. Mirələmov proseslərin başında İsa Qəmbərin dayandığını deyib. Onun sözlərinə görə, İsa Qəmbər formal olaraq başqanlıqdan getsə də, partiyanı özü idarə edir: “İsa Qəmbər və Arif Hacılı hər şeyə dözümsüz yanaşır, köhnə kommunist təfəkkürü ilə hərəkət edirlər. Onları tənqid edənləri, yürütdükləri siyasəti bəyənməyənləri də partiyadan çıxarmaqla cəzalandırırlar”.


Keçmiş Müsavat üzvü Suraxanı rayon təşkilatının bütövlükdə istefa vermək istəyində olduğunu qeyd edib.


“Amma biz dostlarımıza bir qədər səbirli olmağı məsləhət görürük. Mən partiya rəhbərliyindən haqqımda söylədikləri xain, satqın ifadələrinə görə üzr istəmələrini tələb edəcəm. Əks təqdirdə, məhkəməyə müraciət edərək bütün deyilənlərə aydınlıq gətirilməsinə çalışacam. Onda kimin satqın, kimin xain olduğu ortaya çıxacaq”, - deyə o bildirib.


Qeyd edək ki, Müsavat Divanının dünən keçirilən toplantısında mayın 6-da Vurğun Əyyubun partiyadan çıxarılmasına və partiya rəhbərliyinin apardığı siyasətə etiraz olaraq qərargahın önündə keçirilən aksiyanın təşkilatçıları Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, üzvlər Rahib Mirələmov və Əli Qasımbəyli Nizamnamə tələblərini kobud şəkildə pozduqları səbəbi ilə partiyadan çıxarılıblar.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm