İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”
Bizi izləyin

Nida Təhlil

İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”

Müasir geosiyasi proseslərdə din bir çox hallarda əsas təsir aləti olaraq ön plana çıxır, xüsusilə Yaxın Şərqdə baş verənlər və bu bölgədə əsas oyunçulardan olan İranın din üzərindən həyata keçirdiyi siyasi planları Cənubi Qafqaza aktiv şəkildə daşıması məsələni aktuallaşdırdı. Son illər İranın Yəməndəki “husi layihəsi”ni regiona transformasiya etmək istəyi, özünü şiəliyin hakimi kimi təqdim edərək, qonşu ölkələrdə bu inanca sahib olanları öz oxu ətrafına yığmaq cəhdləri və bunun üçün Əhli-beytin ən həssas nöqtələrindən istifadə etməsi problemi ikiqat təhlükəli edir. İranın region ölkələri, eləcə də Azərbaycan üzərindən həyata keçirməyə çalışdığı bu dini siyasi oxda hədəflərdən biri Gürcüstan azərbaycanlıları, yəni Borçalı mahalındakı soydaşlarımızdır. Bu bölgədəki soydaşlarımızın dini rəhbərliyinin Qafqaz Müsəlmanları İdarəsində olmadığını nəzərə alsaq, onların İranın əldə etmək istədiyi nəticələr uğrunda oynadığı oyunlar qarşısında daha müdafiəsiz olduğu məlum olur.

Hədəf Gürcüstanda yarım milyondan artıq azərbaycanlının İranı dini mərkəz kimi qəbul etməsi və ayətullahların fətvaları ilə hərəkət etməsinə nail olmaqdır. Hərçənd, bu, həm Azərbaycan, həmdə ümumilikdə region üçün təhlükəli gələcək vəd edir. Xüsusilə dinin siyasi dona büründüyü günümüzdəki Suriya, Yəmən, Livan kimi nümunələr, eləcə də Cənubi Osetiya və Abxaziya ssenarisində “Rus Pravoslav Kilsəsi Patriarxlığı”nın oynadığı təsir örnəyi bu təhlükənin traektoriyasını müəyyən etməyə imkan verir.



İranın Borçalı bölgəsinə dini müdaxiləsi uzun illər mövcud olub, lakin bu müdaxilənin miqyası 2011-ci ilə - Qafqaz Müsəlmanları İdarəsinin təsir gücünün itirilmədiyi vaxta qədər təhlükəli ola biləcək qədər böyük deyildi, yaxud belə görünürdü. İranın dini dairələri azərbaycanlıların kompakt yaşadığı bölgədə mədrəsələr açır, dini təbliğat aparır, xüsusilə gələcəkdə işinə yarayacaq adamlar yetişdirirdi. Lakin QMİ-nin bütün bölgədə təsir qüvvəsinin böyük olması, müftilərin təyin olunmasından tutmuş fətvaların verilməsinə qədər ən mühüm dini amillərin əlində cəmlənməsi ayətullahların yolunu bağlayırdı.

Geniş müdaxilə məhz 2011-ci ildən sonra başlandı: Gürcüstanda 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəf digər ölkələrin, xüsusilə Rusiya kilsəsinin təsirində olan xristian icmaları və Acariya müsəlmanları idi. Dalğa 2009-cu ildə Borçalı bölgəsinə çatdı və QMİ yalnız 3 il – 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı.

QMİ-nin Gürcüstanda dini təsiri əlindən alınandan sonra Gürcüstan dövləti müsəlmanları bir təşkilat altında birləşdirmək məqsədilə Gürcüstan Müsəlmanları İdarəsini (GMİ) yaratdı. Bu quruma sünni məzhəbinə məxsus inanclıların çoxluq təşkil etdiyi Acarıstanda uzun illər imam olmuş Camal Paksadzenin gətirilməsi də Tiflisin məzhəbindən asılı olmayaraq ölkədəki bütün müsəlmanları bir çatı altında birləşdirmək və nəzarət gücünü artırmaq istəyindən xəbər verirdi. 2012-ci ildə QMİ-nin Tiflis nümayəndəliyi təsis edilsə də əvvəlki təsir imkanlarını qaytarmaq mümkün olmadı.



Əvəzində İranın yolu açıldı və ilk hədəfi rəsmi Tiflisin yaratmaq istədiyi müsəlmanların mərkəzləşdirilmiş icması oldu. İranın dini mərkəzlərinin bu planında əsas kurator Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) və onun rəhbəri Mirtağı Əsədovdur. Bu qurum 2011-ci ildə Gürcüstanda dini birliklər haqqında qanunun qəbulundan sonra qeydiyyata alınsa da, sonrakı proseslər əslində Mirtağı Əsədovun əvvəldən İrana bağlı olduğunu və hərəkətə keçmək üçün şəraitin yetişməsini gözlədiyini deməyə əsas verir.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və qurumun rəhbəri Mirtağı Əsədovun əsas işi şiəlik kartını ortaya ataraq, Gürcüstan müsəlmanlarının bir çətir altında birləşməsini pozmaq oldu. Bu İranın ssenarisidir və məqsəd QMİ-nin timsalında Azərbaycanın dini təsirindən çıxarılmış azərbaycanlıları Əhli-beyt eşqi ilə ələ almaq və şiəlik adı altında Xomeyniçilik mərkəzlərinə bağlamaqdır.



Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin fəaliyyəti və qaldırdığı məhkəmə iddiaları da məqsədin nə olduğunu müəyyən etməyə imkan verir.

Müsəlmanların parçalanması: 2014-cü ildə Gürcüstanın baş naziri müsəlmanlar da daxil olmaqla dini konvensiyalara SSRİ dövründə dəyişmiş ziyanın qarşılanması üçün pul vəsaitinin ayrılması haqqında sərəncam verdi. Müsəlman icmasının bu kompensasiyanı alması üçün qeydiyyatdan keçmiş 3 təşkilatın, yəni Gürcüstan Müsəlmanları İdarəsi (GMİ), Bütün Gürcüstan Müsəlmanları Birliyi (BGMB) və Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) ya bir təşkilat altında birləşməli, ya da Təmsilçilik Şurası yaradaraq, bir şəxsi ümumi təmsilçi olaraq təyin etməli idilər.

GMİ və BGMB Təmsilçilik Şurası yaratmaqla razılaşsa da, GMADİ razı olmadı. Qurumun rəhbəri Mirtağı Əsədov Təmsilçilik Şurasında yalnız rəhbər olacağı təqdirdə təmsil olunacağını bildirdi. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) ayrılan vəsaiti iki quruma vermək istəyəndə Mirtağı Əsədovun rəhbərlik etdiyi qurum agentliyi məhkəməyə verdi. Birinci instansiya məhkəməsi onların əleyhinə qərar çıxaranda, apelyasiya məhkəməsinə üz tutdular. Apelyasiya məhkəməsi GMADİ-nin xeyrinə qərar verdi. Mirtağı Əsədovun istədiyi şərtlər qəbul olunmasa da, sonradan Təmsilçilik Şurasında yer almaq istəyi də məhz bölücülük işinin davam etdirilməsinə hesablanmışdı. GMİ və BGMB nümayəndələri bu gün də Əsədovun bölücülüyündən şikayət edirlər.



Məzhəb bölücülüyü: Mirtağı Əsədovun rəhbərlik etdiyi qurum Gürcüstanda Konstitusiya Məhkəməsinə müraciət edərək, şiə və sünni müsəlmanlarının ayrı idarə və icma olaraq tanınmasını tələb edir. Halbuki, təmsil olunduqları Təmsilçilik Şurasında həm şiə, həm də sünni məzhəbinin nümayəndələri yer alır.

Məscid davası: GMADİ-nin üçüncü məhkəmə işi isə İmam Əli adına Marneuli şəhərindəki məscidin Gürcüstan Müsəlmanları İdarəsinin nəzdindən çıxarılması və məscidi idarə edən Şuranın sərəncamına verilməsi ilə bağlıdır.

GMADİ-nin iddiaları əsasında baş verən bu məhkəmə prosesləri Gürcüstandakı müsəlmanların daxili qarşıdurması kimi görünə bilər, lakin arxa planda İranın oyunu sezilir.

1. Təmsilçilik Şurasında İrana bağlı Mirtağı Əsədovun rəhbər olması, bu baş tutmasa belə Şuranı içərindən dağıtmaq;
2. Şiəliyi xüsusi vurğulamaqla şiə məzhəbinə məxsus azərbaycanlıların ayrıca icma olaraq fəaliyyət göstərməsi və Mirtağı Əsədovun “şeyxliyi altında” İranın təsirinə keçməsi;
3. İmam Əli məscidini nəzarətə götürməklə bu “şeyxliyin” onillərdir azərbaycanlıların ibadət etdiyi məkandan idarə edilməsi;

Hədəf Nardaranda olduğu kimi, dini kantonun daha geniş formasının yaradılmasıdır.

Və bunun üçün “İran şeyxi” aktiv şəkildə dövriyyəyə daxil edildi.

İran Borçalı bölgəsində “Gürcüstan Əhli Beyt Cəmiyyəti”, “Əhli Beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, “Şəms” qrupu, “Əl Mustafa Beynəlxalq Universiteti” adı altına yaratdığı dini təmayüllü təşkilatlar vasitəsilə fəal şəkildə çalışır və təsadüfi deyil ki, bu dini təmayüllü təşkilatların idarəçiliyi Mirtağı Əsədovun əlindədir.

Bu şəxsin fəaliyyət tarixçəsinin əsas elementləri də bu və ya digər formada İrana bağlıdır. Belə demək mümkünsə, İran vaxtilə bölgənin dini cameəsinə yerləşdirdiyi “minanı” yaranmış şəraitdən istifadə edərək, partlatmağa başlayıb.

2011-ci ilin məlum proseslərindən bir müddət sonra Mirtağı Əsədov Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi. Bu ona Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini qeydiyyatdan keçirməyə və sonrakı dövrdə bölgədəki müsəlmanlar arasında təfriqə salacaq məhkəmə iddialarını qaldırmağa imkan verirdi. Gürcüstanda onun adı məhkəmə qalmaqalları ilə yanaşı, 2016-cı ilin fevralında İranın “arannews” agentliyinə verdiyi açıqlama ilə də yadda qalıb.



“İmam Əli adına Elm şəhəri Universiteti”ni açacağıq, bununla bağlı rəsmi icazə də alınıb”, - deyə Mirtağı Əsədov bildirirdi.

“Arannews” agentliyinin İranın dini təbliğatının əsas ruporlarınan olduğu sirr deyil, xüsusilə bu agentliyin azərbaycanlılara hesablanmış informasiya təbliğatı apardığı da məlumdur və Əsədov “arannews” üzərindən açıqlama yayması da təsadüf ola bilməzdi. O da təəccüblü deyildi ki, universitet azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəaliyyət göstərəcəkdi. Bu plan baş tutmadı, amma dini kantonun yaradılması fəaliyyəti davam edir.

Noyabrın 7-də Mirtağı Əsədovun saxlanılmasına ən çox reaksiyanın “arannews” və İrana bağlı digər media orqanlarının verməsi də bu şəxsin hansı dairələrin əmrində olduğuna bariz nümunədir. İranın dini dairələri və onların uzantıları bunu “Gürcüstan azərbaycanlılarının şeyxinə təzyiq” kimi təqdim etməyə davam edirlər. Hərçənd, Gürcüstanın “resonancedaily” saytı yazır ki, Mirtağı Əsədov küçədə telefonla danışdığı zaman nalayiq söyüşlər söyərək, ətrafdakıları narahat edib. Ona xəbərdarlıq edən polis əməkdaşlarına qarşı da sərt sözlər işlədib. Bundan sonra onun haqqında 30 sutkalıq həbs qərarı verilib.



Maraqlıdır ki, Mirtağı Əsədovu Gürcüstanda ən çox müdafiə edənlərdən biri də Yevangilis-Baptis Kilsəsinin baş keşişi Malkhaz Sonqulaşvilidir. Baptist keşiş hər il İraqın Kərbəla şəhərində İranın rəhbərliyi altında keçirilən Ərbəin mərasiminə qatılır. Sonuncu dəfə Ərbəin mərasimində o, hər kəsi bu mərasimə qatılmağa dəvət edib. Bu əlaqə və baptis keşişin Mirtağı Əsədovu müdafiə etməsi bir qədər şübhəli görünür.

Lakin burada İranın Ərbəin üzərindən apardığı siyasətin konturları da aydın sezilir. Əslində Gürcüstan azərbaycanlılarının təsir dairəsinə salınması prosesinin bir hissəsi də məhz Ərbəin yürüşü zamanı həyata keçirilir. Bu ilin statistikasına görə, Azərbaycanla yanaşı, Gürcüstandan olan minlərlə soydaşımız Bilasuvar sərhəd-keçid məntəqəsindən keçərək İrana, oradan da İraqa yollanıb. Bu marşrut İranın xüsusi xidmət orqanları üçün potensial “agent ovu" deməkdir.

Borçalıda bu işi məhz Mirtağı Əsədov İranda radikal dindar olaraq tanınan Davud Zariinin təlimatları altında həyata keçirir. İranın Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Davud Zarii mütəmadi olaraq Borçalı bölgəsinə gəlir və burada dini mərasimlərdə iştirak edir. Sonuncu dəfə o, noyabrın 7-də İmam Həsənlə bağlı keçirilən matəm mərasimində iştirak edib. Bu mərasim “Gürcüstan Əhli-beyt cəmiyyəti” və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-beyt Aşiqləri Forumu” və “Zeynəb Qadınlar Birliyi”nin birgə təşkilatçılığı ilə keçirilirdi.



Əvvəlki illərlə müqayisədə son dövrlər Borçalı azərbaycanlılarının Mirtağı Əsədov və onun nəzarət etdiyi İrana bağlı dini təşkilatlara qoşulması sürətlənib. Noyabrın 7-də keçirilən mərasimin görüntüləri də bunu açıq şəkildə göstərir. (http://www.ahlibeyt.ge/georgia/23072-gurcustanda-matem-merasimi-kecirildi-foto-video.html). Diqqətçəkən faktlardan biri isə Borçalıdakı məscidlərə dini ədəbiyyatın böyük qisminin İrandan gətirilməsidir. Hansı ki, bu dini siyasətin həyata keçirilməsində ilk əsas amillərdən biri hesab olunur.

Göründüyü kimi, İranın təhlükəli dini siyasətinin hədəflərindən biri məhz Gürcüstan azərbaycanlılardır və proseslər Borçalıda ayətullahlara bağlı dini kontonun yaradılması istiqamətində ciddi addımların atdıldığını göstərir. Burada önə çıxan suallardan biri də budur: bölgədəki oyunları həyata keçirən “İran şeyxi” Mirtağı Əsədov Tale Bağırzadə ola bilərmi?


Əsədovun silahlı qruplaşmasının olması haqqında informasiya yoxdur, hərçənd, sentyabrın 19-da Marnueli küçələrində edilən yürüş onun Gürcüstan azərbaycanlıları üçün yeni “Hasan Sabbah” ola biləcəyindən xəbər verir. Yürüşün bu tarixdə edilməsi İranın Ərbəin mərasiminə hazırlaşdığı fonunda xüsusi diqqət çəkir. İran Mirtağı Əsədovun rəhbərliyi ilə Marnuelidə həm Gürcüstana, həm də dolayısı ilə Azərbaycana “əzələ nümayişi” göstərdi. Yürüşdə İrandan gələn dindarların iştirakı və “arannews” başda olmaqla iranmeylli media orqanlarının bunu təntənəli şəkildə təqdim etməsi də bölgə üzərində təhlükəli oyunların oynandığını deməyə əsas verir. Hər-halda İranın Borçalıda dini kanton yaratmaq planlarına seyrçi qalmaq olmaz, əks təqdirdə, yaxın gələcəkdə təhlükənin miqyası daha da böyüyə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm