Nida Təhlil
Həcc, yoxsa Ərbəin: İslamın təməllərini yıxan siyasət
“Kərbəla Kəbədən üstündür” iddiaları zaman-zaman fikir
olaraq ortaya atılsa da, mövcud mənzərə bu iddianın
gerçəkləşdirilməsi üçün aktiv fəaliyyətin başlandığını göstərdi.
Bir neçə gün öncə Azərbaycandan Ərbəin mərasimində iştirak etmək
üçün İraqa gedənlərin açıqlanan sayı, ümumilikdə Ərbəin mərasimi
ilə bağlı aparılan təbliğat və bunun nəticələri isə həm İslam
dəyərləri, həm də bütün regionun dini kimliyinin yanlış yola
yönləndirilməsi kontekstində təhlükəli tendensiyalardan xəbər
verir.
İran Astarasında fəaliyyət göstərən “Ərbəin Mərkəzi”nin son
məlumatında deyilir ki, bu il Azərbaycandan 12 min zəvvar Ərbəin
mərasimində iştirak etmək üçün İrana, oradan da İraqa yola düşəcək.
Məlumatda diqqət çəkən məqamlardan biri də odur ki, “Ötənilki
statistika ilə müqayisədə bu il Ərbəin mərasiminə qatılan xarici
zəvvarların sayı 25 faiz artıb və bu artımın böyük əksəriyyətini
Azərbaycandan gedənlər təşkil edir”. Feysbukda “Eşq səfəri_Ərbəin”
səhifəsinin yaydığı videogörüntülərdə azərbaycanlıların Ərbəin
mərasimində iştirak etmək üçün artıq yola çıxdığı və İran-İraq
sərhədinə çatdığı öz əksini tapıb.
Hər il dünyadan milyonlarla insan Ərbəin mərasiminə qatılmaq üçün
yollara düşür. Ərəbcə “qırxıncı gün” mənasını daşıyan Ərbəin günü
şiəlikdə hicri təqvimi ilə Aşura günündən 40 gün sonra, yəni Səfər
ayının 20-ci günüdür. Həmin gün Məhərrəm ayının 10-cu günü
Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir. İmam
Hüseynin məzarı ilk dəfə Ərbəin günündə, yəni şəhid olmasından 40
gün sonra yad edildiyi üçün şiələr indiyə qədər bu günü müqəddəs
hesab edirlər.
Və məsələ heç də Ərbəin mərasiminin mənfi çalarlar daşıdığını
demək, yaxud şiə məzhəbinin inanclarına qarşı çıxmaq deyil.
Məsələnin təhlükə tərəfi İranın Ərbəin mərasimi üzərindən apardığı
siyasət və bu siyasətin İslamın ana təməllərinə qarşı olması, eləcə
də regionun dini kimliyinin siyasi hədəflərə alət edilməsidir.
İslamda əsas şərtlər, yaxud Ərbəin Həcc ziyarətini əvəz
edir?
İslam dininin 5 əsas şərti var və bu bütün məzhəblərdə eynilik
təşkil edir: Kəlmeyi-şəhadət; namaz; oruc; Həcc ziyarəti;
zəkat;
Allah hər bir müsəlmana bu 5 əsas şərti yerinə yetirməyi buyurur.
Məzhəbindən asılı olmayaraq, istənilən müsəlman üçün bu şərtlər
vacib hesab olunur, yerdə qalanlar isə daha çox şəriətdən irəli
gələnlərdir. İslamın təməllərinə qarşı çıxılmadığı təqdirdə
şəriətlər o qədər də təhlükəli hesab olunmur, lakin bu şərtlərə
qarşı hər hansı alternativin yaradılması və bunun təbliğ edilməsi
artıq Məhəmməd Peyğəmbərin rəsulu olduğu Allah dininin
sarsıdılmasına gətirib çıxarır. İranın dini dairələrinin Ərbəin
mərasimi üzərindən apardığı siyasətin mahiyyətində də məhz bu
təhlükələr aydın şəkildə sezilir.
Ayətullahların təbliğatı və onlara tapınanların
inamı: İran ayətullahları, eləcə də din adamları Ərbəin
mərasimini hər bir möminin yerinə yetirməsi vacib olan şərtlərdən
biri kimi təqdim edir. Məzhəbçilik şərtləri daxilində şiə dini
liderlərinin bu mövqeyini anlayışla qarşılamaq olar, lakin ortada
siyasi hədəflər və bu hədəflər üçün şiəlik üzərindən manipulyativ
təbliğatların mövcudluğu narahatlıq doğurur.
Birinci nümunə: ayətullahların təbliğatında
deyilir ki, “Məhəmməd Peyğəmbər (s) buyurur ki, dinin sütunu
namazdır. İmam Hüseyn buyurur ki, “Əhli-Beytin də sütunu Ərbəin
ziyarətidir”, yaxud, “Peyğəmbər (s) mənəvi süfrə açıb, bəşəriyyəti
bu süfrəyə çağırıb. İmam Hüseyn də eynən peyğəmbər kimi hərəkət
edib, ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca
çağırıb”.
Burada Allahın rəsulu ilə İmam Hüseynin eyniləşdirilməsi cəhdi
aydın görünür. Hərçənd, Həzrət Əlinin və onun nəslinin timsalında
Əhli-Beyt belə bir iddiada olmayıb, əksinə, belə iddialar
Əhli-Beytin xatirəsinə zidd olan yanaşmadır. Lakin bunun belə
təqdim edilməsi tarix boyu İranda teoloji quruluşun siyasi
maraqlarına xidmət edib.
Bunun acı nəticəsidir ki, zaman-zaman
ayətullahların dediklərinin Qurani-Kərimdə buyurulanlardan daha
“qiymətli” qəbul edilməsi, “Kərbəlanın Kəbədən üstün” olduğu
iddialarının dilə gətirilməsi, bir çox hallarda isə İmam Hüseynin
Məhəmməd Peyğəmbərdən üst qata çıxarılması və s. kimi möhvümatçı
düşüncələr kütləviləşir və bütün bunlar şiə icmalarının daha az
elmli təbəqələri üzərində ciddi təsir rıçağına çevrilir.
Bunun digər acı nəticəsidir ki, belə təbliğat
şiələrin şiəlik inancından çıxması və İslam dininin dəyərlərinin
parçalanmasına səbəb olur. Hərçənd, İranın şiəliyi bu kontekstdə
təqdim etməsində siyasi hədəfləri aydındır: bölgənin dini
kimliyi üzərində siyasi güc formalaşdırmaq.
Livanda Hizbullah və tərəfdarları, Yəməndə husilər, Suriyada
nüseyrilər və digər bu kimi şiəlik təməlləri üzərində qurulan
icmaların İrana bağlılığı və İranın bu qüvvələr üzərindən bütün
coğrafiyada həyata keçirdiyi siyasi maraqları çox şeyi
aydınlaşdırır.
- Hizbullah istənilən vaxt Livan dövləti üçün, eləcə də bütün
bölgədə “dəmir yumruq” rolunu oynayır;
- Yəməndə husilər İranın planlarına əsasən illərdir mərkəzi
hökumətə qarşı döyüşürlər;
- Suriyada nüseyri olan Bəşər Əsəd nümunəsi göz önündədir;
- İran körfəz ölkələri olan Bəhreyn, Küveyt və Qətərdə də şiə
kartından siyasi planlarda istifadə edir;
Məsələnin Azərbaycan insanı üçün daha da aydın olması üçün Nardaran
hadisələrini əyani sübut kimi göstərmək olar. Nardaran onilliklər
boyu İran ayətullahlarının fətvaları ilə hərəkət edir, Azərbaycan
dövlətini tanımırdı. Ayətullahlarının fətvaları ilə hərəkət edən
Tale Bağırzadə faktiki olaraq dövlətə qarşı silahlı qiyam
qaldırmağa cəhd etdi. Bu cəhdin qarşısı vaxtında alınmasaydı, böyük
ehtimalla gələcəkdə Azərbaycan Yəmənin taleyi ilə üzləşəcəkdi.
Bütün bunlar İrandakı teoloji quruluşun məhz şiə inancını siyasi
hədəfləri həyata keçirmək üçün vasitəyə çevirməsi nəticəsində
yaşananlardır. Və buna məhz Əhli-Beyti ilahiləşdirməklə, İmam
Hüseynin xatirəsinə zidd şəkildə onu Allahın rəsulu ilə eyni
mərtəbəyə qoymaqla, hətta İslam dininin təməl prinsiplərinin əksinə
çıxaraq, inanclıların inancı üzərində manipulyasiya etməklə nail
olur. Hərçənd, şiə məzhəbinin təməlləri bu gün İranın apardığı
təbliğatdan xeyli fərqlənir. İranın təbliğatı daha çox
Xomeyniçiliyin əsasları, hətta Xomeyniçiliyin bir qədər də təhrif
olunmuş forması üzərində qurulub.
Ərbəin mərasiminin tarixi mahiyyətindən çıxarılaraq, İslamın 5 əsas
şərtindən biri olan Həcc ziyarətinə alternativ olaraq təqdim
edilməsi də bu təbliğatın bir parçasıdır.
İkinci nümunə: ayətullahlar “namaz və Ərbəin
ziyarətinin insanı kamilləşdirdiyini” iddia edirlər. Həqiqətdə isə
bu, Allahın buyurduğu kimi “namaz və Həcc ziyarətinin insanı
kamilləşdirdiyi” olmalıdır.
Bu təbliğat nəticəsində Ərbəin mərasimi tarixi mahiyyətindən
çıxaraq, siyasi ideologiyaya çevrilib. Hər il müxtəlif ölkələrdən
bu mərasimə qatılanların sayının artması, şiə inancına sahib
olanlar arasında “Həccə yox, Ərbəinə gedin” fikirlərinin yayılması
və Ərbəinin Həcc ziyarətini əvəz etdiyinə dair iddiaların çoxalması
də bu təbliğatın nəticəsidir.
Təsadüfi deyil ki, son dövrlər Azərbaycanda da belə fikirlərə,
xüsusilə sosial şəbəkələrdə bu kontekstdə aparılan təbliğata rast
gəlinir. Diqqət çəkən əsas məqamlardan biri isə Həcc ziyarətini
Ərbəin ziyarəti ilə əvəz edilməsini deyənlərin Kəbənin yerləşdiyi
Səudiyyə Ərəbistanında mövcud kral hakimiyyətinin mənfi əməllərini
öz fikirlərinin arqumenti kimi təqdim etmələridir. Halbuki Həccə
ziyarətinin edildiyi Kəbə 14 əsrdir mövcuddur və Səudiyyəni idarə
edənlərin pis, yaxud yaxşı olmasının İslamın 5 əsas şərtindən
birinin “sıradan çıxarılması”na bəhanə olması absurd yanaşmadır.
Lakin təkcə bu arqumentə rast gəlmək belə təbliğatın İranın dini
dairələrinin mətbəxində hazırlandığı və məqsədin siyasi hədəflər
olduğunu açıq şəkildə göstərir:
a) Ərbəinin Həccə alternativ olaraq təqdim
edilməsi bütün şiə inanclıların Kəbəyə yox, Kərbəlaya gəlməsini
təmin etmək, beləliklə, İslam aləmində ikinci dini-siyasi mərkəzə
çevrilmək məqsədi daşıyır.
b) İran Ərbəin mərasimini İslamın əsas
şərtlərindən birinə çevirməklə, region ölkələrinin əhalisini öz
bayrağı altında toplamağı və istənilən vaxt bu gücdən siyasi
hədəflər üçün istifadə etməyi düşünür.
c) Ərbəinin Həcc ziyarəti ilə eyniləşdirilməsi
İrana həm də Səudiyyə Ərəbistanı ilə illərdir davam edən siyasi
mübarizədə lazımdır.
Görünür, İranın dini mərkəzləri üçün hədəfə aparan bütün yollar,
hətta İslamın təməllərinin yıxılması belə mübahdır.
Və İslam təməllərinin sarsıdılmasına gətirib çıxaran bu teoloji
strategiyaya Yəmən, Suriya və Yaxın Şərqin bir neçə ölkəsinin
üzləşdiyi vəziyyət, o cümlədən, Nardaran hadisələri fonunda
baxdıqda Azərbaycandan Ərbəin mərasiminə gedənlərin sayının
çoxalması həyəcanlıdır. Məlumatlara görə, Kərbəlaya hər il 20 min
nəfərə yaxın azərbaycanlı ziyarətə gedir. İraq hökumətinin
açıqladığı statistikada isə qeyd olunur ki, 2016-cı ildə 17 min
Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib. Onların 12 min
nəfəri məhz Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici
18 minə çatıb. “Ərbəin Mərkəzi”nin məlumatında bu il Azərbaycandan
ziyarətə gedənlərin sayının 12 min olduğu göstərilsə də, bu
rəqəmlərin daha da artacağı gözlənilir. Belə kütləviliyin gələcəkdə
yarada biləcəyi təhlükənin miqyasını təsəvvür etmək çətin
deyil.
Azərbaycan yüz illərdir şiə inancına mənsub insanların ölkəsidir.
Lakin heç vaxt toplum olaraq radikallığa, nəinki İslamın digər
məzhəblərinə, hətta qeyri-ənənəvi dinlər də daxil olmaqla bütün
dinlərə qarşı çıxmağa meylli olmayıb. Əksinə, bu gün Azərbaycanda
çoxluq təşkil edən şiə kəsimi sünnilərlə birgə vəhdət namazı qılır,
etiqad azadlığı dövlət səviyyəsində qorunur, bu siyasətin
nəticəsində yaranmış dini tolerantlıq bütün dini sivilizasiyalar
üçün örnək rolunu oynayır.
Təəssüf ki, zaman-zaman İranın müəyyən dini dairələrinin iki ölkə
arasındakı münasibətləri bir kənara ataraq, Azərbaycanda radikal
mərkəzlər yaradıb, dövlətə qarşı çıxarılması hallarının şahidi
olmuşuq. Nardaran hadisəsi və Tale Bağırzadənin terror qruplaşması,
sonuncu dəfə isə Gəncədə törədilən terror aktları bunun ən mənfi
nümunələri idi. Dövlət öz mövcudluğu və gələcəyi üçün təhlükə olan
bu tendensiyaları sıradan çıxartdı. Lakin silahlı terrorçuları
“şəhid” olaraq təqdim edən İranda müəyyən dini dairələrin
dəstəklədiyi “Nur-az”, “Eşq səfəri_Ərbəin”, “İlahi nəsihətlər”,
“Bermeki Müttəqi” kimi sosial şəbəkə səhifələri və bu dairələrə
bağlı xəbər saytlarının bu gün Azərbaycanda mövcud dini
tolerantlığa qarşı çıxması, inanclı insanlar arasında yanlış
təbliğat aparması təhlükənin hələ də mövcud olduğundan xəbər verir.
Bununla yanaşı, İranın dini dairələri tərəfindən maliyyələşən
müəyyən qrupların Azərbaycanda inanclılar arasında Ərbəin
təbliğatını aparması və mərasimə səfərlərin təşkil etməsi də diqqət
çəkir. Müşahidələr göstərir ki, İranın maraqlarına uyğun gəlməyən
şəxslər tərəfindən təşkil edilən adi ziyarətlərə süni maneələr
yaradılır, bəzən də nəzarət edilən sosial səhifələr vasitəsilə
onların əleyhinə məqsədyönlü kampaniya aparılır. Nəticədə şiə
məbədlərinə azərbaycanlıların ziyarətinin təşkili vahid mərkəzdən
yönləndirilir. Beləliklə, həm maliyyə vəsaitləri vahid mərkəzdən
idarə olunur, həm Ərbəin mərasimlərinin bəzi sirləri ört-basdır
edilir, həm də radikal şiəliyin bütün mexanizmləri iranlıların
əlində cəmlənərək Azərbaycanın ictimai-siyasi həyatına təzyiq
mexanizmləri yaradılır.
Nəticədə: İslamın təməllərini yıxaraq siyasi hədəflərə nail
olmaq istəyən dini dairələrin Azərbaycan daxilinə uzanan əlləri
çoxalır; Azərbaycan insanı yanlış təbliğata qurban gedərək, Allahın
buyurduğu dini şərtlərdən uzaqlaşır; Ərbəində İslam dininin
buyruğunun əksinə olaraq, “qan tökənlər” ölkəyə qayıdandan sonra
radikallığa meyllənir (Nardaran və Gəncə hadisələri məhz Aşurada
“qan tökmək” istəyənlər üzərindən həyata keçirildi); faktiki
olaraq, Ərbəinə gedənlərin beyinləri yuyulur və onların arasında
dövlətə qarşı potensial silah olaraq geri qayıdanların olmadığına
heç kim zəmanət verə bilməz;
Bəzi faktlar da bu təhlükənin miqyasını göstərir:
Məlumata görə, ötən ilki Ərbəin səfəri zamanı İranın nüfuzlu dini
xadimləri “zəvvar”lar arasında təbliğat aparıb. Bəzi zəvvarlar
istirahət adı ilə otellərdə yox, müxtəlif İran vətəndaşlarının
evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılıb. “Zəvvar”lar
arasında “moizə” oxuyanların sırasında Azərbaycan vətəndaşlarından
hazırlanmış “xüsusi ruhanilər”, İranda və ya postsovet
respublikalarında yaşayan və “Hüseyniyyun” adlı terror təşkilatı
yaradaraq Azərbaycanda siyasi hakimiyyəti ələ almaq istəklərini
qətiyyən gizlətməyən Cənub bölgəsindən olan Tohid İbrahimbəyli kimi
şəxslər kifayət qədərdir.
Ərbəin səfərində ən diqqətçəkən məqamlardan biri də insanların
piyada getdikləri yollarda onlara xidmət etmək üçün Azərbaycanın
ərazi bütövlüyü uğrunda şəhid olmuş Mübariz İbrahimov və Emin
Bağırovun adına xeymələrin (çadır) qurulmasıdır.
- Azərbaycanda dövlət quruluşuna qarşı silahla çıxan terrorçuları
“şəhid” adlandıranların Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid
olmuş qəhrəmanların adına xeymələr qurması nə qədər səmimi ola
bilər?
XÜSUSİ QEYD: Ötən il Ərbəin yürüşü zamanı Kərbəla,
Nəcəf və digər şəhərlərdə Nardaran hadisələrinə görə həbs edilən
şəxslərin çoxsaylı şəkilləri divarlara yapışdırıldı, onların
azadlığa buraxılması üçün şüarlar səsləndirildi. Həmin hadisələr
vaxtı silahlı müqavimət göstərdikləri üçün məhv edilmiş şəxslər
“şəhid övladları” kimi təqdim olundu. İranın Ərdəbil şəhərində
“Nardaran şəhidləri”nə yas mərasimləri təşkil edildi, həmin şəhərin
imam cüməsi Həsən Amili ilə görüşlər keçirildi.
- Azərbaycan torpaqlarını işğal edən Ermənistana siyasi-iqtisadi
dəstək verənlərin işğalçı erməni hərbi birləşmələri tərəfindən
şəhid edilənlərin adlarından istifadə etməsi nəyə hesablanıb?
Bu təbliğatın arxasında potensial tərəfdar yığmaq planı
dayanır:
1. Azərbaycandan Ərbəin mərasiminə gedənlər
üzərində empatiya qurulur;
2. Ərbəin səfərində Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhid olan qəhrəmanların adının yaşadılmasını görənlər geri
qayıdandan sonra Azərbaycana qarşı çıxan dini dairələrinin
potensial tərəfdarına çevrilir, hətta onların “şəhid” adlandırdığı
terrorçuları da Mübariz İbrahimov səviyyəsinə qaldırır;
3. Burada İranın Ermənistanın işğalçılıq
siyasətinə dəstək verməsi faktı Azərbaycan şəhidlərinin adı ilə
pərdələnir. Yəni “Ermənistana dəstək versəydik, onlarla döyüşdə
şəhid olanlara qiymət verməzdik” mesajı verilir.
4. Nəhayət, Azərbaycanın ərazi bütövlüyü uğrunda
şəhid olanlara “dini status” verilərək, inanclı insanların
rəğbətinin qazanılmasına cəhd edilir və gələcəkdə onlardan siyasi
proseslərdə istifadə etmək planlaşdırılır.
Və nə təsadüf ki, Ərbəin yollarında Azərbaycan şəhidlərinin adına
xeymələrin qurulduğu təbliğatını aparan “Nur-az”, “Eşq
səfəri_Ərbəin” kimi səhifələrdə son günlər “Azərbaycanda şəhidlərin
qan pulu verilmir” kimi yalan xəbərlər aktiv şəkildə
tirajlanır.
Göründüyü kimi, məsələ İmam Hüseyn eşqi, yaxud Kərbəla müsibəti
yox, bu amillər üzərindən nəinki konkret hansısa ölkənin,
ümumilikdə bütün regionun dini kimliyinin manipulyasiya olunması,
ən dəhşətlisi isə İslamın 5 əsas şərtinin siyasi maraqlara uyğun
dəyişdirilməsinə cəhdin edilməsidir.
Asif Nərimanlı
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO