Nida Təhlil
Prezidentdən strateji addım: bu sahədə idxal ləğv edilir
Tibbi ləvazimatlar tarix boyu, xüsusilə müharibə zamanlarında strateji mallar sırasında olub. Tənzif, pambıq, şpris, cərrah ipək sapı və digər ləvazimatlar nə qədər ucuz və adi görünsə də, tibdə ən çox istifadə olunan məhsullardır.
SSRİ dövründə Azərbaycanda tibb preparatları və onlar üçün xammal, eləcə də kalsium-xlorid, natrium-xlorid, yodlu kalium, ağ streptosid, cərrah ipək sapı, tənzif, pambıq, şpris istehsal olunurdu. II Dünya müharibəsində Azərbaycan ordunun strateji mallar olan yanacaq, silah-sursat, ərzaq, geyimlə yanaşı, tibbi ləvazimatlarla da təchiz olunmasında xüsusi rol oynayırdı.
Sovetlər dağılandan sonra müstəqilliyini bərpa edən Azərbaycanda bir çox zavodlar kimi tibbi ləvazimatların istehsal olunduğu müəssisələr də dağıldı. Azərbaycan bütün SSRİ-də tibbi ləvazimatların istehsal olunduğu ölkədən, bu malları idxal edən ölkəyə çevrildi. Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alanda şpris, tənzif, pambıq kimi xırda hesab olunan ləvazimatların olduqca əhəmiyyətli strateji mallar olduğu aydın olur. Belə strateji malların ölkəyə kənardan idxalı isə bizi çətinliklərin yaranmasından sığortalamırdı.
Bu baxımdan, mayın 16-da Prezident İlham Əliyevin Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılışını etməsini strateji addım olaraq dəyərləndirmək olar.
Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri olaraq, əczaçılıq məhsullarının istehsalının həyata keçirilməsidir.
2016-cı ildə parkda Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsal daha da genişləndiriləcəkdir.
2017-ci ildə isə sənaye parkında İranla birgə əczaçılıq zavodunun təməli qoyuldu. Zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcəkdir. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Türkiyə, Ukrayna, Almaniya və İsveçrə də əczaçılıq məhsullarının birgə istehsalı ilə bağlı Azərbaycana maraq göstərirlər.
Bu addımlar səhiyyə sistemində idxalın azaldılmasına hesablanıb. Beynəlxalq təcrübəyə əsasən, əhalinin rifah səviyyəsinin yüksəlməsi insanların öz sağlamlığına daha çox diqqət ayırması ilə nəticələnir. Azərbaycanda sosial-iqtisadi inkişaf nəticəsində əhalinin həyat səviyyəsinin hər il daha da yüksəlməsi ölkədə dərman istehlakını çoxaldır. Bu isə dərman istehsalının həyata keçirilməsini, bu sahənin idxaldan asılılığının azaldılmasını zəruri edir. Dövlət başçısının əczaçılıq sahəsinin inkişafına strateji xətt olaraq yanaşması və bu istiqamətdə artıq real nəticələrin əldə edildiyi addımların atılması buna hesablanıb.
“Diamed” şpris istehsalı zavodunun istifadəyə verilməsi bu istiqamətdə ilk mühüm addımlardandır.
Zavodun fəaliyyətə başlamasından gözlənilən nəticələr:
İdxalın aradan qalxması: Zavodda 150 milyon ədəddə müxtəlif tutumlu birdəfəlik şpris istehsal olunacaq. Müxtəlif tutumlu şprislərin ölkəyə idxalını orta hesabla 15 qəpikdən hesablasaq, bu, 22 milyon manatdan çoxdur. Bu təxmini hesablamadır. Dövlət büdcəsi qənaət etməklə yanaşı, 150 milyon şprisin istehsalı daxili bazarda bu məhsulun qiymətinin də ucuşlamasına səbəb olacaq ki, bu da daxili istehlakçıların xeyrinədir.
“Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq”.
Prezident İlham Əliyevin zavodun açılışı zamanı dediyi sözlər də bu addımın əhəmiyyətini göstərir.
İxrac: Zavodda istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu, ölkəyə valyuta axınının gəlməsi, o cümlədən, “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidinin və sayının artırılması deməkdir.
Yeni iş yerləri: zavodda 150 yeni iş yeri yaradılıb, gələcəkdə bunun artırılması nəzərdə tutulur.
Qeyri-neft sektorunun inkişafı: bu, sektorun inkişafı təkcə kənd təsərrüfatı, yaxud turizm sahəsi ilə məhdudlaşmır. İstənilən sahədə idxalın aradan qaldırılması və daxili istehsalın təmin edilməsi qeyri-neft sektorunun inkişafı deməkdir. Bu baxımdan, şpris zavodunun istifadəyə verilməsi bu istiqamətdə irəliyə doğru atılan addım hesab olunur.
Dövlət başçısı da qeyd etdi ki, bu, sənayemizin inkişafına verilən töhfədir: “Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək”.
“Diamed” şpris zavodunun istifadəyə verilməsi ərazi bütövlüyümüzün bərpası üçün baş verə biləcək mümkün müharibədə Ordumuzun strateji mallarla təminatının daxili istehsal hesabına həyata keçiriləcəyinə də zəmin yaradır.
Asif Nərimanlı
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI