Nida Təhlil
Viktor Orbanın süqutu: Bakı Avropada müttəfiqini itirir?
Macarıstanda Viktor Orbanın məğlubiyyəti ilə nəticələnən və Azərbaycan da daxil olmaqla bir sıra ölkələr üçün yeni çağırışlar yaradan seçkilər Avropanın qələbəsi kimi qiymətləndirilir. Brüssel “diktator” adlandırdığı Orbanı nəhayət “taxtından” endirə bildi, hərçənd, 10 ildən artıq ölkəyə rəhbərlik edən macar lider demokratik seçki ilə hakimiyyətə gəlmişdi və seçki ilə də getdi. Təkcə bu amil Orban haqqında “avtotarizm” iddialarının siyasi məqsədlərə hesablanmış təbliğat olduğunu deməyə əsas verir.
2010-cu ildə hakimiyyətə gələn Orbanın “günahı” Avropada Macarıstan mərkəzli siyasət izləməsi idi və bu, onu Brüsseldə, xüsusilə ultra-liberalların arzulamadığı liderə çevirmişdi.
- Üzvü olduğu Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən nəzərdən keçirərək, Brüsselin daxili işlərə müdaxilə edən mexanizmini zəiflətdi;
- Ölkədə “qeyri-liberal demokratiya” elan edərək, Avropanın “liberal dəyərləri”ni arxa plana keçirdi;
- İqtisadi siyasəti Aİ-dən müstəqil şəkildə həyata keçirmək, xüsusilə alternativ ticarət tərəfdaşları – Rusiya, Çin, Türkiyə, Hindistan və s. ilə işləmək xəttini tutdu;
- Ölkədə Soros şəbəkəsinə qarşı “müharibə” elan etdi;
- NATO üzvü olmasına baxmayaraq, milli təhlükəsizliyin təmin edilməsi siyasətini də izləyirdi: ordunun “Zrinyi 2026” proqramı çərçivəsində modernləşdirilməsi, yeni hərbi akademiyaların açılması və digər bu kimi addımlar belə nümunələrdəndir;
- 51 bəndlik Milli Təhlükəsizlik Strategiyasını yeniləyərək, 179 bəndə qədər genişləndirdi və “QHT-lərin milli təhlükəsizliyə təhdid yaratması” problemini də bura daxil etdi: bu, vətəndaş cəmiyyəti üzərindən müdaxilə siyasətini yürüdən liberal qanada zərbə demək idi;
- Ailə dəyərlərinin ultra-liberal təsirlərdən qorunması məqsədilə LGBT hüquqularını məhdudlaşdırdı.
Və Aİ ilə rəqabətdə olan Rusiya və Tramp Amerikası kimi güc mərkəzləri ilə müstəqil münasibətlər qurması, eyni zamanda, Türk Dövlətləri Təşkilatında yer alması Brüsseldə heç də xoş qarşılanmırdı. Orbanın devrilməsi qərarı hələ 2015-ci ildə - Soros şəbəkəsinə qarşı açıq mübarizəyə başladığı, 2018-ci ildə “Stop Soros” qanun layihəsini irəli sürdüyü vaxt verilmişdi. Lakin macar xalqı onu qoruya bildi. 2022-ci ildə Ukrayna müharibəsi başladıqdan sonra isə Orban Avropada alternativ siyasətin mərkəzində dayanan əsas fiqura çevrildi. O hesab edirdi ki, Ukraynaya görə Aİ Rusiya ilə qarşıdurmaya getməməli, xüsusilə enerji əməkdaşlığını davam etdirməlidir. Macarıstanın Rusiya ilə enerji əməkdaşlığını saxlaması da Brüsseldə “üsyan” kimi qarşılanırdı. ABŞ-da Trampın yenidən hakimiyyətə gəlişi Orbanın mövqelərini gücləndirən amilə çevrilmişdi, hərçənd, Vaşinqton-Brüssel xəttində uzaqlaşma Budapeşti geosiyasi mübarizə meydanına çevirdi. Xüsusilə iki amilin əhəmiyyətli rol oynadığı görünür:
1. ABŞ-ın Qərb yarımkürəsində möhkəmlənmək və Avropanın müdafiəsindən çəkilmək gedişləri;
2. Trampın Ukrayna münaqişəsinə yanaşması və Rusiya ilə anlaşmaq istəkləri.
Bu, Avropanın geosiyasi mövqelərini sual altına salır. Çünki Vaşinqton-Moskva xəttində baş verənlər təkcə Ukrayna məsələsinin arzuolunmaz formada həllini yox, ümumilikdə qlobal təsir dairələrinin bölünməsini özündə ehtiva edir. Ki, planda Aİ-nin geosiyasi mərkəz rolunun nəzərə alınmaması Brüsseli əks-həmləyə sövq edən amillərdəndir. Gürcüstanda məğlub olan Aİ qitədə mövqelərini gücləndirmək – Rusiya və ABŞ-ın müdaxilə imkanlarını neytrallaşdırmaq strategiyasını sürətləndirdi. Moldovada Sandunun qələbəsi ilk mühüm addım idi, hərçənd, Kişinyovdan fərqli olaraq, Budapeşt xüsusi əhəmiyyət daşıyırdı. Çünki Macarıstan Aİ üzvüdür və Orban Brüsseli dinləmirdi.
Niyə Maqyar?
Macarıstan uğrundakı geosiyasi mübarizədə əsas diqqətçəkən məqamlardan biri Orbanı məğlub edən Peter Maqyardır. Maqyar 2024-cü ilə qədər Orbanın “Fides” partiyasının üzvü olub və müxtəlif vəzifələrdə işləyib. Onun istefası və cəmi iki il sonra hakimiyyətə gəlişi müxtəlif suallara, xüsusilə Orbanın “hakimiyyəti ötürməsi” kimi fikirlərə yol açdı. Hərçənd, Budapeştdə geosiyasi mübarizə və Avropa İttifaqının maraqları fonunda bu yanaşma konspirologiyaya daha yaxın görünür. Brüsselin Maqyara seçki kampaniyasında verdiyi dəstək də diqqətdən qaçmayan məqamdır.
- Maqyarın hakimiyyət iddiası və seçkiyə hazırlığı Aİ ölkələri tərəfindən fəal şəkildə dəstəklənirdi;
- Bu ilin mart ayında Orbanın reytinqinə mənfi təsir edək “Səsin qiyməti” adlı sənədli film yayımlandı. Bir qrup jurnalistin Aİ-nin maliyyəsi ilə hazırladığı araşdırmada regionlarda, xüsusilə ucqar kəndlərdə hakimiyyətin seçicilərə təzyiqindən bəhs olunurdu.
- Macarıstanın xarici işlər naziri Peter Siyartonun Lavrovla Aİ-nin qərarlarının Rusiyaya çatdırılması haqda telefon söhbətinin sızdırılması da Brüsselin əməliyyatı idi: bu məlumatlar Orban haqqında “Putinin dostu” iddialarını gücləndirdi, eyni zamanda, hakimiyyətin Ukrayna münaqişəsi üzərindən milli maraqların qorunmasının yer aldığı kampaniyasına zərbə vurdu.
Hadisələr Maqyarın yolunun açıldığını deməyə əsas verir. Aİ-nin uzun illər tanıdığı macar müxalifətinə - solçulara yox, məhz Orbanın komandasından çıxan fiqura dəstək verməsi də təsadüfi deyildi. Çünki macar seçicilərinin mühafizəkar yanaşması sol-liberalların qələbə imkanlarını məhdudlaşdırır. Seçicilərin Orbanı onunla ideoloji yaxınlığı olan Maqyarla əvəzləməsi də göstərdi ki, macarları keçmiş hakimiyyətin Brüsseldə narazılıq doğuran siyasi xətti yox, sosial problemlər narahat edir. Əsas təbliğatını sosial problemlər üzərində quran Maqyar da ölkənin böyük hissəsini gəzərək, insanlarla birbaşa təmas qurmağı və nüfuzlu şəxsləri ətrafına toplamağı bacardı. Nəticə etibarilə, 16 illik Orban hakimiyyətindən yorulan və sosial problemlərin həllini istəyən macarlar yeni simaya dəstək verdilər.
İndi əsas suallardan biri Maqyarın izləyəcəyi siyasətdir. Macarıstanın yeni lideri artıq Brüssel tərəfindən alqışlanan açıqlamalar verir, Ukraynaya yardımın blokadadan çıxarılması da bunlardan biridir. Maqyarın macar elektoratının sosial istəkləri ilə yanaşı, mühafizəkar yanaşmasını da nəzərə alacağı, bu baxımdan, onun ultra-liberal siyasət yürütməyəcəyi ayındır. Lakin Orbandan fərqli olaraq, Brüssellə qarşıdurmaya getməyəcəyi, əsasən da Aİ-nin xarici siyasət kursuna yaxınlaşacağı gözlənilir.
Buna paralel olaraq, Rusiya ilə qarşıdurmadan da çəkinəcək, çünki Macarıstanın enerji asılılığının böyük hissəsi Moskvadan asılıdır. Maqyar da bəyan edib ki, “heç kim coğrafiyanı dəyişə bilməz, Rusiya və Macarıstan burada qalacaq, hökumət xam neft və qazı mümkün olan ən ucuz və təhlükəsiz yolla əldə edəcək”. Bu, Macarıstanın 2035-ci ilə qədər Rusiya enerjisinin müştərisi olacağı deməkdir.
İstisna deyil ki, Maqyar hökumətinin Rusiya ilə bağlı siyasəti Ermənistanda Paşinyan hakimiyyətinin yanaşmasının analogiyası olacaq: Aİ-nin ümumi siyasətinə uyğun davransa da, coğrafiyanın və ehtiyacların zərurətə çevirdiyi məsələlərdə əməkdaşlığı davam edə bilər.
Və Azərbaycan üçün əsas sual: Maqyar Orban olacaqmı?
Macarıstanda hakimiyyət dəyişikliyinin Bakı-Budapeşt xəttində kəskin dəyişikliklər yaradacağı ehtimalı zəifdir.
Birincisi, Macarıstan Azərbaycan qazının idxalçısıdır;
İkincisi, Rusiya qazından asılılığını azaltmağa çalışan Avropa Azərbaycana alternativ mənbə kimi yanaşır, bu kontekstdə, Budapeştin Bakı ilə enerji əməkdaşlığı Brüsseldə də dəstəklənir;
Üçüncüsü, Budapeştin Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvlüyünü ləğv edəcəyi ehtimalı azdır: Bakı ilə enerji əməkdaşlığı, Azərbaycanın Aİ-nin enerji tərəfdaşı olması, Avropanın gələcək təhlükəsizlik arxitekturasının qurulması və geosiyasi mövqelərini saxlaması məqsədilə Türkiyə ilə əməkdaşlıqda maraqlı olması kimi amillər Maqyarı “çətin seçim” qarşısında qoymur.
Hərçənd, Maqyarın Orban kimi Azərbaycan maraqları naminə Aİ-nin qərarlarına veto qoyacağını demək çətindir. Orban Aİ-nin Ermənistana birtərəfli dəstək siyasətində Azərbaycanın mövqeyini müdafiə edirdi və bu, Bakı üçün təsir rıçaqlarından birinə çevrilmişdi. İndi situasiya dəyişə, yaxud bu təsir rıçağı əvvəlki qədər effektiv olmaya bilər.
Bu kontekstdə “Orbanın gedişi ilə Bakı Avropadakı əsas müttəfiqini itirir” sualının cavabı açıq olaraq qalır.
Asif Nərimanlı
-
ABŞ14:05Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi
-
Sosial13:19İki idarə rəisini vəzifədən azad etdi
-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır
-
İqtisadi gündəm10:51Yenilənmiş 100 manatlıq pul nişanı buraxılır - FOTO
-
Region10:00Qərbin Cənubi Qafqazda planı budur - Lavrovdan sensasion iddia
-
Dünya09:48Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb
-
Dünya09:12Qərb çəkilir: Moskva və Pekinin qlobal nizamı dəyişdirmək planı bəlli oldu
-
Magazin208:12Attraksiondan yıxılan müğənni həyatını itirdi






































