“Relax” hadisəsi və axmaqların MƏNTİQİ
Bizi izləyin

Nida Təhlil

“Relax” hadisəsi və axmaqların MƏNTİQİ

Axmaqlığın elə axmaq bir məntiqi var: nə qədər böyük olarsa, sahibi bir o qədər özünə inamlı davranır və saldığı səs-küy də o qədər çox olur. Azərbaycan siyasətində iqtidar və müxalifət mübarizəsindən daha çox normal məntiqlə axmaq məntiqin mübarizəsi müşahidə olunur. İstənilən hadisəyə, onun baş verməsi və görülən tədbirlərə normal məntiqlə yanaşdıqda anlamaq çətin deyil, hərçənd, bir də daim axmaq məntiqin boy verdiyini görürük. Misal üçün, heç bir ölkənin sığortalanmadığı kimi hadisələr bəzən Azərbaycanda da baş verəndə dövlət mövqeyini dərhal ortaya qoyur, operativ şəkildə müdaxilə olunur və həllini tapır. Normal məntiq bunun belə də olmalı olduğunu qəbul edir, lakin axmaq məntiq bu hadisəni dərhal siyasiləşdirir, “hakimiyyət mübarizəsi”nin vasitəsinə çevirir və əksər hallarda dövlətə qarşı hərəkət edir.

Son “Relax” istirahət mərkəzində baş verənlər, dövlətin qanun çərçivəsində məsələyə dərhal reaksiyası, “qanunun şah” olması prinsipinin həyata keçirilməsi və bu məsələyə Əli Kərimli və ətrafının sərgilədiyi münasibət, hadisədən siyasi məqsədləri naminə yararlanmağa çalışması və prosesi dövlət əleyhinə çevirməsi normal və axmaq məntiqin nəticəsidir.

Ortada vergidən yayınma halı var. Rəsmi açıqlamadan da məlum olur ki, “Relax” potensial imkanlarından çox az vergi ödəyir. Bu, yolverilməzdir, çünki verginin tam və vaxtında ödəməsi dövlətin maliyyə imkanlarını gücləndirir, müxtəlif sosial, iqtisadi, humanitar və digər sahələrdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Həmçinin, qanun bütün fiziki və hüquqi şəxslərin vergi öhdəliklərini açıq şəkildə müəyyən edir, bundan yayınmaq, qanunla məsuliyyət daşımaq deməkdir. Azərbaycan Prezidenti də dəfələrlə verginin vaxtında ödənməsinin zəruri olduğunu diqqətə çatdırıb. “Relax” hadisəsi də göstərdi ki, vergidən yayınma qanunla tənzimlənir və bu məsələdə heç bir güzəşt ola bilməz. Vergilər Nazirliyinin belə məsələlərdə prinsipial mövqeyi təqdirəlayiqdir. O da məlumdur ki, “Relax” potensial imkanlarından az vergi ödəyən tək şirkət deyil, indiyə qədər bu kimi hallara qarşı adekvat tədbirlər görülüb, bundan sonra da davam edəcək. Hərçənd, respublika üzrə vergi ödəyicilərinə və vergi yığımında şəffaflığın təmin edilməsinə nəzərə yetirdikdə, bu faktı bütün ölkəyə şamil etmək olmaz.

“Relax” məsələsində ortada qanunun pozulması faktı var və qanunun aliliyinin təmin edilməsi istiqamətində dövlətin atdığı addımlar göstərir ki, belə hallara qarşı barışmaq mövqe sərgilənir.

Normal məntiq baş verənləri təbii qəbul edir, çünki qanunun pozulması və dövlətin bu kimi hallara qarşı addımlar atması var.

Hərçənd, cəmiyyətin bəlasına çevrilən axmaq məntiq sərgiləyənlər bu hadisəni də şəxsi ambisiyaları kontekstində təqdim etməyə çalışırlar. Əli Kərimli və ətrafı hadisəni faktiki olaraq, təhrif olunmuş formada təqdim edir və axmaq məntiqin nəticəsi olaraq, səs-küy salırlar.

Kərimli iddia edir ki, sən demə “Relax”da qanunun aliliyi təmin olunmayıbmış, bu, siyasi hakimiyyətin öz maraqlarından irəli gəlir, Azərbaycan hakimiyyəti bu hadisədə şəxsi münasibətləri önə çəkir. Bu yanaşma, ilk olaraq qanunun aliliyinə qarşı hörmətsizlikdir, çünki Azərbaycan Respublikasının qanunlarını hakimiyyət yox, dövlət müəyyən edib və bütün iqtisadi-siyasi münasibətlər dövlət qanunları ilə tənzimənir. Kərimli və ətrafının bu yanaşması dövlətin aliliyinə qarşı çıxmaqdır, hərçənd, onların tarixçələri və indiyə qədər mövcud fəaliyyətləri bunu o qədər də təəcüblü etmir. Lakin burada Kərimlinin Azərbaycan cəmiyyətini də axmaq yerinə qoymaq və öz axmaq məntiqini ictimai rəyə sırımaq cəhdi açıq müşahidə olunur. Onun məntiqindən belə çıxır ki, ölkədə dövlət qanun pozuntusuna qarşı hərəkət edirsə, burada mütləq hakimiyyətin şəxsi maraqları var. Bu, artıq axmaq məntiqin də üstünə çıxmaq deməkdir.

O zaman ortaya başqa suallar da çıxır: Əli Kərimlinin dövlət katibi olduğu hakimiyyətin dövründə törədilən cinayətlərin məsuliyyətini kim daşıyır? Uzaq tarix deyil, bu gün mələk donuna bürünmüşlərin bu ölkəni idarə etdikləri zaman insanlarla necə rəftar etməsini, qanunlara münasibətlərini heç kim unutmayıb.

Əli Kərimlinin təmsil olunduğu hakimiyyətdə daxili işlər naziri olan İsgəndər Həmidovun jurnalistlərə qarşı zorakılığını, insanların zinət əşyalarını zorla almasını, canlı efirə hücumunu, dövlət mülkünü mənimsəməsini, müdafiə naziri Rəhim Qazıyevin ordunu məhv etməsini, cəbhədəki vəziyyətlə bağlı dövləti və xalqı aldatmasını, Müdafiə Nazirliyində məsul vəzifə daşıyan Leyla Yunusun başının dəstəsi ilə redaksiyalara hücum etməsini, dövlət sirlərini satmasını, Qarabağ müharibəsinin gedişini ermənilərin xeyrinə dəyişdirəcək informasiyaları sızdırmasını kimin ayağına yazaq?!

Yaxud elə Kərimlinin özünün dövlət katibi səlahiyyətlərindən istifadə edərək, dövlət mülkiyyətini özəlləşdirməsinin, vəzifəsinin tələb etdiyi işləri bir kənara qoyaraq, var-dövlət toplamasının, başqa ölkələrin maraqlarının təmin edilməsi istiqamətində gördüyü işlərin məsuliyyətini kim daşıyır?!

Əgər ölkədə onların axmaq məntiqi normal məntiqi üstələsə, Kərimli vaxtilə Azərbaycanın başına açdıqları oyunlara görə də indiki hakimiyyəti günahlandıracaq, əslində bəzən buna cəhd etməmiş də deyil. Amma nə yaxşı ki normal məntiq var və Azərbaycan xalqı axmaqların məntiqinin arxasınca getmir. Axı belə təfəkkürə, belə məntiqə sahib olan birinin arxasınca necə getmək olar?! Bu məntiqlə Əli Kərimli “Relax”da xidmət sektorunda işləmək potensialına malikdir, siyasətçi olmaq yox...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm