Trolların “baş komandanı” Əli Kərimlinin ən böyük "uğuru"...
Bizi izləyin

Nida Təhlil

Trolların “baş komandanı” Əli Kərimlinin ən böyük "uğuru"...

AXCP-nin “troll ordusu” haqda audiofakt ortaya çıxandan sonra Əli Kərimli “təkzib” açıqlaması ilə çıxış etdi və özünü yenidən çətin vəziyyətə saldı.

“Cəbhəçilərdən troll olmur”, Əli Kərimli deyir və bununla “Cəbhəçisənsə, səndən hər şey olar, zorakılıq edə bilərsən, qanunları poza bilərsən, saxta profillər yaradaraq, istədiyin söyüşü söyə, istədiyin iddianı uydura bilərsən” təfəkkürü ilə hərəkət etdiklərini etiraf edir.

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səs yazısında Əli Kərimlinin statusunun altında şərh yazan minlərlə saxta profili idarə edənlərin adları bir-bir açıqlanır: Ayaz Məhərrəmli, Vasif Müzəffərov, İsgəndər, Natiq, Tahir, Rəşad, Lütfi və Rəşid Turabovun özü.

Bu, təkcə R.Turabovu acıqlandıran “troll ordusu”nun “manqa komandirləri”dir və onlarla belə şəxs şəbəkə olaraq fəaliyyət göstərirlər. Ordunun “baş komandanı” Əli Kərimli, “baş qərargah rəisi” Məmməd İbrahim və “müavinləri” İlham Hüseyn, Emil Səlimov və digərləridir.

Bütün siyasi bacarığı və potensialı yalnız “troll ordusu”nun “baş komandanı” olmağa yetən Əli Kərimli isə ifşa olunması qarşısında virtual aləmdə dolaşan bu “bədheybətlərinin” fəaliyyətinə, söyüş söyməsinə haqq qazandırır. “Cəbhəçilərdən troll olmur” deyir, lakin bu sözləri yazdığı statusun altında belə trolların yaratdığı mozaika göz oxşayır.

Bu mozaikada Əli Kərimlinin özünün “Saida Saridas”ı, “Zimon Vusal”ı, “Gunel Khalilova”sı, “Nura Elekberova”sı, “Fidan Anar”ı, “Seva Aliyeva”sı da əsas parçalardır. Trollarının dəstək şərhlərindən ürəyi soyumayan AXCP sədri qollarını çırmayıb, saxta profillərlə öz statusuna “təriflər” yağdırır.

Əli Kərimlinin “troll ordusu” ilə bağlı faktlar indiyə qədər dəfələrlə gündəmə gəlib, siyasi müzakirələrdə dəfələrlə onun “məcburi şərhlər” yazdırdığı vurğulanıb. Etiraf etməkdən qaçırdı, amma Rəşid Turabovun səs yazısında dedikləri trollarının Əli Kərimliyə qulaq asmadığını və onun məcburi tələblərindən bezdiyi aydın etiraf olunur. Özü isə əlahəzrət faktın qarşısından qaçmaq üçün trolların fəaliyyətini “tələbkar iş mühiti” adlandıraraq, xal qazanmağa cəhd göstərir. Həm də troll şəbəkəsinin mövcudluğunu etiraf edir: “Partiyada ciddi tələbkar mühit var. Nəinki mərkəzdə, hətta rayon şöbəsinin bir özəyində belə ciddi iyerarxiya var. Vaxtaşırı tapşırıqlar verilir”.

Bütün fəaliyyəti sosial şəbəkədə olan bir partiyada veriləcək tapşırıqlar məhz trolluqla bağlı ola bilər, Əli Kərimli özü bunu açıq etiraf edir. Və hakimiyyətin təbliğatını aparanlara troll dediyi halda özünün gerçək troll şəbəkəsini “fədakar dəstə” adlandırır. Doğrudur, bu, bir dəstədir, lakin saxta profillərlə onlara qarşı çıxan hər kəsi söymək fədakarlıqdırsa, bu, onların söyüşünü “fədakarlıq” adlandıran Əli Kərimlinin özünün siyasi mahiyyətini nümayiş etdirir.

“Hakimiyyətin trolları” iddiasına gəlincə, dəfələrlə müşahidə olunub ki, real ad və soyadı olan sosial şəbəkə istifadəçiləri Əli Kərimlinin statusuna alternativ fikir bildirdikdə, dərhal bloklanır və təhqirə məruz qalırlar. Və adətən AXCP sədrinin yalanlarını qəbul etməyən istifadəçilər əlavə profil yaradaraq, mövqelərini bildirməyə çalışırlar. Əli Kərimli isə bunu “hakimiyyətin troll dəstəsi” adlandırır. Halbuki, Azərbaycan siyasətində troll şəbəkəsinin ənənəsi Əli Kərimli tərəfindən qoyulduğu faktdır.

Xatırlayın, 2003-cü ildə Bakı küçələrini poliqona çevirmək cəhdiniz baş tutmadı və xalq məhz mahiyyətinizin çılpaqlığı ilə ortaya çıxdığı həmin hadisələrdən sonra sizlərdən birdəfəlik üz döndərdi. Sonrakı dövrdə, xüsusilə 2005-ci ildə rayon təşkilatlarınız “domino effekti” ilə dağılmağa başladı və real mübarizəni uduzduğunuz üçün virtual aləmə transfer etdiniz. Həmin vaxtdan etibarən “troll ordusu”nun təməlləri atıldı. Siyasi cameədə Natiq Adilovun əlinin altında 200 saxta profil olması haqda məsəl məşhurdur.

Keçmiş müşaviriniz Zərifə Məhəddinovanın “Günümün 24 saatı “facebook” arxasında oturub əlavə 20-30 saxta profillə “like” etməklə keçir” sözlərini xatırlayın.

AXCP-nin keçmiş funksioneri Ağaşirin Tanrıverdioğlunun dediklərini cəmiyyət unutmayıb.

İyrəncliklərə qədər gedən üzvlərdən ibarət xüsusi qruplar fəaliyyət göstərir; Sosial şəbəkələrdə bu işə Əli Kərimlinin özü nəzarət edir; Əli Kərimlinin evində 5-6 kompüteri var, göstəriş ondan Məhəmməd İbrahimə gəlir və kimi “məhv etmək” lazımdırsa, hücum başlanır;

Və hər şey faktlarla ortaya çıxandan sonra Əli Kərimli - “troll ordusunun” “baş komandanı” şəbəkənin daxilində söyüş söyən, hər cür iyrəncliyi edən, onu tərifləyən, alternativ fikirləri bloklayan, kimliyindən asılı olmayaraq, hətta ən yaxın silahdaşı hesab etdiyi adamın ailəsi olsa belə, ona qarşı çıxanları ağır təhqirlərə məruz qoyan qruplar yaratmasını “tələbkar iş mühiti” və “ciddi iyerarxiya” adlandırır, bununla fəxr etdiyini gizlətmir.

Bu ölkədə kimin kim olduğu, kimin nə işlə məşğul olduğu və bu xalqa necə xidmət göstərdiyi ortadadır. Belə görünür ki, Əli Kərimlinin ən böyük uğuru “troll ordusunun” “komandanı” olmaqdan başqa bir şey olmayacaq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm