Qarabağ zəfərindən dövlətçilik ənənələrinə: Professor Prezidentin tezislərini təhlil etdi
Bizi izləyin

Nida Təhlil

Qarabağ zəfərindən dövlətçilik ənənələrinə: Professor Prezidentin tezislərini təhlil etdi

Qarabağ zəfərindən dövlətçilik ənənələrinə: Professor Prezidentin tezislərini təhlil etdi

Bakıda oktyabrın 27-29-da keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr olunub. Forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları və fərqli mədəniyyətləri təmsil edən nümayəndələri bir araya gətirərək qlobal problemlərin dialoq və əməkdaşlıq yolu ilə həllinə töhfə verməyi hədəfləyib. Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın tarixən multikultural dəyərlərə, dini və etnik tolerantlıq ənənələrinə sadiq olduğunu vurğulayıb. Dövlət başçısı, həmçinin milli həmrəylik, azərbaycançılıq ideologiyası, dövlətçilik ənənələri, müstəqilliyin qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı mühüm məqamlara toxunub.

Mövzu ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov Publika.az-a açıqlamasında Prezidentin çıxışında səsləndirdiyi tezislərin Azərbaycanın dövlətçilik tarixinin, milli kimliyinin və cəmiyyətin həmrəyliyinin dərindən araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.

Alim dövlət başçısının aşağıdakı fikirlərinə xüsusi diqqət çəkdi:

"Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur. Buna baxmayaraq, əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var idi. Son iki əsrdə isə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq".

Füzuli Qurbanov qeyd etdi ki, bu, çox dərin məzmun daşıyan və üzərində ciddi düşünülməli olan tezisdir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin və xalqının indiki şəraitdə, hazırkı mərhələdə həmrəy olmasının, vahid amal ətrafında birləşməsinin fəlsəfəsi çox qədim tarixlərə gedib çıxır. Hazırda həyata keçirilən dövlət quruculuğu strategiyası da bu birliyin təmin olunmasında mühüm rol oynayıb.

Alim bildirdi ki, azərbaycanlılar azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək qarşılarında duran problemləri həll edə biliblər. Söhbət Avrasiya məkanında ikinci nümunəsi olmayan tarixi nailiyyətdən gedir:

"İkinci Qarabağ müharibəsində və ondan sonrakı bir günlük antiterror əməliyyatı tədbirlərində həm ərazi bütövlüyünün tam bərpa edilməsi, həm də tam suverenliyə nail olunması məsələsini nəzərdə tuturam".

Filosofun fikrincə, məhz həmin hadisələr azərbaycançılığın xalqımız üçün sadəcə ideoloji anlayış deyil, həm də həyat tərzi olduğunu nümayiş etdirdi. Bu ideologiya azərbaycanlıların fəaliyyətində ciddi yer tutur və ən böhranlı anlarda özünü milli həmrəylik və birlik şəklində göstərir.

Fəlsəfə elmləri doktoru vurğuladı ki, bu birliyin formalaşmasının əsas səbəblərindən biri ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasi kursdur:

"Azərbaycanda dövlətçilik ənənələrinin yeni səviyyəyə yüksəlməsi, ölkənin dünya miqyasında nüfuzunun getdikcə artması ciddi daxili amillərlə bağlıdır. Azərbaycan məhz həmin daxili faktorlar əsasında birləşərək, güclənərək və qüvvətlənərək tarixi zəfər əldə etdi. Bu baxımdan, ölkənin qazandığı nailiyyətlərin arxasında cəmiyyətin həmrəyliyi, milli dəyərlərə bağlılığı və dövlətçilik ənənələrinin qorunması dayanır".

Füzuli Qurbanov hesab edir ki, bu məsələlər Azərbaycan ziyalıları və alimləri tərəfindən daha dərindən araşdırılmalıdır. O bildirdi ki, azərbaycançılıq ideologiyasının xalqın birliyindəki rolunun, dövlətçilik ənənələrinin qorunmasının və müstəqillik tariximizin nəzəri əsaslarının öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

"Azərbaycanın müstəqilliyi, suverenliyi və xalqın iqtidarla həmrəyliyi məsələsinin nəzəri və konseptual araşdırılmasına məhz azərbaycançılıq konsepsiyası daxilində çox böyük ehtiyac yaranmışdır. Bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsi və yeni səviyyəyə çatdırılması vacibdir. Ümid edirəm ki, azərbaycançılıq konsepsiyasının dövlət müstəqilliyinin, suverenliyin və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından daha geniş elmi müstəvidə öyrəniləcək", - deyə Füzuli Qurbanov fikrini yekunlaşdırdı.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm