Ərazilər qaytarılır: saatlar içində baş verəcək dəhşətlər - Ermənistandan SENSASİON BƏYANAT
Bizi izləyin

Nida Təhlil

Ərazilər qaytarılır: saatlar içində baş verəcək dəhşətlər - Ermənistandan SENSASİON BƏYANAT

Ermənistanda yarımhərbi siyasi partiya olan “Sasna srer” gözlənilmədən Nikol Paşinyanın Dağlıq Qarabağ siyasətinə qarşı bəyanat verib.

Publika.az
xəbər verir ki, bəyanatda Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ siyasətindən narahatlıq dilə gətirilib.

“Qüvvədə olan hakimiyyət “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış edir, lakin buna paralel olaraq, “Madrid prinsipləri”ndən və Respublika Partiyasının (keçmiş iqtidar) buna uyğun təşkil edilmiş konspektlərindən imtina etmir, həm də Qarabağın erməni və azərbaycanlı icmalarını bərabərləşdirən antimilli konsepsiyanın dirçəlişinə nail olur”, - bəyanatda bildirilir.

“Sasna srer” iddia edir ki, Ermənistan hakimiyyəti Qarabağda Rusiyanın geosiyasi oyunlarının toruna düşüb: “Mövcud hakimiyyət Qarabağ və digər strateji məsələlərlə bağlı kifayət qədər ciddilik göstərmir, bu, xalqımız və dövlət quruluşumuz üçün qarşısıalınmaz neqativ nəticələrə gətirib çıxara bilər. Geosiyasi mühit və milli maraqlar Qarabağın Ermənistana birləşdirilməsi üçün de-yure şans yaradıb. Bundan imtina etmək, xüsusilə keçmişə qayıtmaq cəhdi Ermənistanın və ermənilərin tarixi uğursuzluğu olacaq, hansı ki, bunun məsuliyyətini mövcud hakimiyyət daşıyır”.

“Sasna srer”in Paşinyana qarşı belə bir bəyanatla çıxış etməsi şübhəli suallara səbəb olur. Yarımhərbi qruplaşma 2016-cı ildə hərbi alayın binasını ələ keçirməklə Sarkisyan hakimiyyətinə qarşı qiyam təşkil etmişdi. Bu həmin vaxtlar idi ki, “aprel müharibəsi”ndən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni şərait yaranmışdı və informasiyalara görə, Sarkisyan hakimiyyəti Rusiyanın təklif etdiyi həll variantı ilə razılaşmışdı: rayonların qayıdışı, qaçqınların evlərinə dönməsi və sonda Qarabağın statusunun həll edilməsi.

“Sasna srer”in qiyamı bu prosesin ləngiməsinə səbəb oldu və həmin vaxt əsas ehtimal bu qiyamın Sarkisyan hakimiyyəti tərəfindən razılaşmadan imtina etmək üçün “daxili təzyiq” görüntüsü yaratmaq məqsədilə təşkil edildiyinə dair idi. Qiyamın yatırılmasından sonra qruplaşmanın rəhbəri Jirayr Sefilyan və tərəfdarları həbs olundu. Sarkisyanın devrilməsndən sonra hakimiyyətə gələn Nikol Paşinyan onları həbsdən azad etdi və siyasi qruplaşma kimi fəaliyyətlərinə yaşıl işıq yandırıldı. Paşinyan “Sasna sreri” hazırda “Qarabağ klanı”nı sonuncu qala olaraq gördüyü işğal altındakı Xankəndidən uzaqlaşdırmaq üçün istifadə edir. Qruplaşma həm Ermənistanda, həm də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində aktiv fəaliyyət göstərir və “Qarabağın Ermənistana birləşdirilməsi” tələbi ilə çıxış edir. Onların indi Paşinyana qarşı bəyanatla çıxış etməsi bir neçə versiyanı önə çıxarır:

1. Paşinyan avqustun 5-də Xankəndidə çıxış edərkən, “Miatsum”u (Qarabağın Ermənistana birləşdirilməsi ideyası) “diriltdi”. Mümkündür ki, o, bu gedişini həyata keçirmək üçün “ictimai təlabin olduğu” mənzərəsini yaratmaq niyyətindədir. Yəni “Sasna srer”lə Paşinyan arasında “danışılmış döyüş” başlanır. Paşinyan həm “Qarabağ Ermənistandır” deyir, həm də “Madrid prinsipləri”nə uyğun aparılan danışıqlarda iştirak edir. Ermənistanın baş naziri zaman-zaman bu iki mövqe arasında ziddiyyətli bəyanatlar verir və “Sasna srer”in bəyanatının ilk abzasında bu iki mövqe arasında ziddiyyətin xüsusi vurğulanması da deməyə əsas verir ki, Paşinyan onların dili ilə “xalqın tələbini” önə sürür.

2. Hərçənd, “Sasna srer”in Sarkisyana qarşı Qərbdəki erməni diasporu tərəfindən hazırlandığı versiyası da unudulmamalıdır. Bu versiyadan çıxış etsək, o zaman, erməni diasporu vaxtilə Sarkisyana qarşı çıxardığı qruplaşmadan indi Paşinyana xəbərdarlıq mesajı göndərmək üçün istifadə edir. Qruplaşma bir növ “xalqın danışan dili” missiyasını yerinə yetirir.

Faktiki olaraq, həmişə olduğu kimi yenə də Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili siyasətində həlledici faktor rolunu oynamaqdadır. Görünür, Paşinyan beynəlxalq təzyiq və müharibə təhlükəsi qarşısında danışıqlardan imtina edə bilmir, danışıqların davam etməsi isə real nəticələrin əldə edilməsi zərurətini yaradacaq və bu, indiki halda ən azı Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılması deməkdir. Belə situasiya onun hakimiyyətinin təhlükə altına düşməsi deməkdir. Manevr imkanlarını genişləndirmək və oyun qaydalarına yenilik gətirmək üçün Paşinyan “Sasna srer”in əli ilə “daxili müqavimət” hərəkatını ictimaiyyətləşdirir. Məqsəd mümkün qədər danışıq prosesini uzatmaq və həll variantını arxa plana keçirməkdir.

Erməni politoloq Aleksandr Kananyan qeyd edir ki, hakimiyyət istənilən ərazinin qaytarılmasının mövcudluğunu təhlükə altına atmaq olduğunu yaxşı anlayır.

“Bu, bütün keçmiş və gələcək hakimiyyətlərə aiddir. Ermənistanın istənilən hakimiyyəti ərazilərinin qaytarılmasına cəsarət edəcəksə, saaatlar içində iqtidarı itirəcək, hətta bəziləri öz həyatlarını belə itirməli olacaqlar. Bu, mütləq qanunauyğunluqdur”, - o vurğulayıb.

A.Kananyan Ermənistan hakimiyyətinə heç bir xəbərdarlıq etmədən “Madrid prinsipləri”ndən imtina etməyi də tövsiyə edir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm