• USD 1,7000 0,00% EUR 1,8463 +0,36%
    • GBP 2,1993 -0,00% RUB 0,0265 0,00%

Ağazadə-Arifoğlu dairəsinə atılan “bomba”…

Ağazadə-Arifoğlu dairəsinə atılan “bomba”…

Seçkinin qeydiyyat mərhələsi arxada qaldı: fərqli bir fəallıqla keçən qeydəalınma mərhələsində ciddi narazılıq olmadı. İki-üç istisna olmaqla, MSK bu mərhələni xüsusi gərginlik olmadan yekunlaşdıra bildi.

Axar.az xəbər verir ki, hazırda bir mandat uğrunda ortalama 13 iddiaçı mübarizə aparır.

İddiaçıların bu qədər çox olması insanların seçkiyə inamı kimi qəbul olunsa da, burada tənqidi məqam axtaranlar da var. O anlamda ki, bəziləri öz potensialını hesablamadan bu yarışa qoşulub.

Bunların heç biri seçki prosesinə kölgə salmır, əksinə, qoy hamı öz gücünü də, bacarığını da görsün, ən əsası sonda bu nəticəni qəbul etməyə hazır olsun.

Əlbəttə ki, həm parlamentin buraxılmasının, həm seçkilərin şəffaf şəraitində keçirilməsinin Prezident İlham Əliyevin iradəsi olduğu şübhəsizdir. Ölkədə həyata keçirilən ciddi struktur və kadr islahatları, hər sahədə yenilənmələr hakimiyyətin qanunverici orqanı olan Milli Məclisin də yenilənməsini zəriri etdi. İndi bir müxalifət lideri Rusiya Prezidenti Vladimir Putinin son dəyişikliklər təklifini ürəkdən dəstəklədiyini bəyan etdiyi halda, ötən il komandasının ən azı yarısını gənc kadrlarla əvəzləmiş, o cümlədən Baş naziri, Prezident Administrasiyasının rəhbərini dəyişən İlham Əliyevin bunca islahatlarını “görməməsinə” təəccüb etməmək də olar. Çünki ötən il ərzində islahatlar o qədər miqyaslı oldu ki, hətta Prezident özü də müşavirələrin birində hakimiyyətin daxilində islahatlara qarşı olanların mövcudluğunu açıqladı. O baxımdan Milli Məclisin yenilənməsi barədə Prezidentin iradəsi də bəzi qüvvələrin maraqlarına toxunduğu üçün gizli şəkildə fəaliyyətlərini davam etdirəcəkləri gözlənilən idi. Hələ ki, varlıqlarını gizlətməyə çalışan həmin hakimiyyət hərisləri seçkiləri normal məcradan çıxarmağa, süni gərginlik yaratmağa, ciddi beynəlxalq diqqət çəkmiş prosesdə dövlətin imicinə xələl gətirməyə çalışırlar. Bu əks-fəaliyyətin digər dost olmayan ölkələrin xüsusi xidmət orqanlarına bağlılığı da istisna deyil.

Bu proseslərin ən gözəgörünəni 35 saylı Xətai üçüncü seçki dairəsində yaşanır. Sanki kimlərsə seçkilərlə bağlı xüsusi plan həyata keçirmək istəyir. Bu plan isə seçki qanunvericiliyini pozmasa da, yaradılan şəraitdən sui-istifadə ilə diqqət çəkir. Yəni olduqca yaxşı düşünülən, qanunvericiliyi pozmayan, prosesi isə qızışdıran və gərginləşdirən “texnologiya”!

Məsələnin mahiyyəti odur ki, Mərkəzi Seçki Komissiyası bu seçkilərdə namizədlik üçün müraciət edənlərin heç birini kənarda qoymamaq, onların seçki prosesində iştirakını təmin etmək üçün nə mümkündürsə, onu da etdi. Hətta imza vərəqələrində müəyyən qüsurlara da göz yumuldu ki, narazılıq olmasın. Bunun bir səbəbi AŞPA-da Azərbaycanda namizədlərin qeydə alınmasına yaradılan maneə haqda yanlış rəyi aradan qaldırmaq idisə, digəri seçkilərin şəffaflığını və kütləviliyini təmin etmək istəyidir. Buna görə də çox ciddi pozuntuya yol vermədən DSK-ya sənəd təqdim edən namizədlərin hamısı qeydə alınaraq, seçkiyə buraxıldı.

Bu prosesdən isə bəziləri sözün bütün mənalarında sui-istifadə etdi və dediyimiz kimi, bunun ən bariz nümunəsi 35-ci dairədə yaşanır.

Niyə bu dairə? Səbəb aydındır: bu dairədə nəzarətində ictimai rəyə ciddi təsir imkanları olan media qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə rəqibdir. Hamı bu dairədə normal şərtlərlə bir seçki yarışı gözləsə, hətta namizədlər arasında “sərhədləri keçməmək”lə bağlı razılaşma olsa da, situasiya fərqli məcrada inkişaf edir: sanki bu dairəni 41-ci ilə - “müharibə dairəsinə” çevirməkdə kimlərsə maraqlıdır. Hansısa ucqar rayondan Rauf Abbasov adında adamı tapıb gətirmək, onu nəinki yaşamadığı şəhərdə, hətta bəlkə də istiqamətini bilmədiyi Xətai rayonunda deputatlığa namizəd etmək “bir baş”ın görə biləcəyi iş deyil. Məşhur filmdə deyildiyi kimi, 3-4 baş daha ağıllıdır. Bu “başlar” birləşərək, rəqibin səsini bölmək və seçiciləri çaşdırmaq üçün “xüsusi texnologiya” düşünüblər, MSK-nın mövqeyindən sui-istifadə edərək, onu qeydə aldırmağı da bacarıblar.

Niyyətləri əlbəttə ki, ölkə Prezidenti İlham Əliyevin islahatlarına dəstək verən, seçkilərdə həm ictimai, həm media sektorundan, həm də siyasi düşərgədən ciddi dəstək alan Rauf Arifoğlunun seçilmək şanslarının qarşısını almaqdır. Belə görünür ki, maraqları 35-ci dairə üzərində kəsişən o qüvvələr qarşıdakı günlərdə hətta provokasiyalara belə əl ata bilərlər. Namizədlə açıq görüşlər başladığı bir mərhələdə bunları etmək heç də çətin deyil.

Proseslə bağlı mövqeyini öyrənmək üçün Rauf Arifoğlunun Seçki Qərargahı ilə əlaqə saxladıq. Seçki Qərargahından yalnız onu dedilər ki, Rauf Arifoğlu hadisələri diqqətlə izləyir. Ehtiyac olarsa, qarşıdakı günlərdə bu iddialar barədə geniş açıqlama ilə çıxış edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR