Bakı-Hanoy xəttində strateji tərəfdaşlıq münasibətləri və güclənən əməkdaşlıq
Bizi izləyin

Nida Təhlil

Bakı-Hanoy xəttində strateji tərəfdaşlıq münasibətləri və güclənən əməkdaşlıq

Bakı-Hanoy xəttində strateji tərəfdaşlıq münasibətləri və güclənən əməkdaşlıq

Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri başlayıb. Bu səfərə müxtəlif aspektlərdən baxmaq mümkündür:

- Azərbayca və Vyetnam tarixi münasibətlərin inkişafı və əməkdaşlığın gələcək imkanlarının genişləndirilməsinə xidmət edəcək;
- Vyetnam Cənub-Şərqi Asiyanın əhəmiyyətli iqtisadi aktorlarından biridir və bu ölkə ilə münasibətlər Azərbaycanın regionun bazalarlarına çıxış imkanlarını genişləndirir;

Azərbaycan-Vyetnam münasibətlərində tarixi əlaqələr

Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixi hələ SSRİ dövrünə qədər gedir. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri iki xalq arasında əlaqələrin inkişafına təkan verən hadisələrdən biri olub. Həmin vaxt Azərbaycanın neft sənayesində qazandığı təcrübə Vyetnamın diqqətini cəlb edirdi. Sonrakı illərdə bu maraq konkret əməkdaşlıqla nəticələndi. Azərbaycanlı neftçilərin Vyetnamın enerji sektorunun formalaşmasında iştirakı iki ölkə arasında münasibətlərin iqtisadi təməlini yaratdı. 1981-ci ildə fəaliyyətə başlayan Vietsovpetro birgə müəssisəsi bu əməkdaşlığın ən mühüm nümunələrindəndir. Minlərlə azərbaycanlı mütəxəssisin Vyetnamda çalışması, yerli kadrların hazırlanmasına və neft sənayesinin inkişafına verdikləri töhfə iki ölkə arasında uzunmüddətli əlaqələrin yaranmasına şərait yaradıb. 1983-cü ildə ulu öndər Heydər Əliyevin Vyetnama səfəri də münasibətlərin inkişafında mühüm yer tutur. Həmin dövrdə qurulan əlaqələr sonrakı illərdə siyasi dialoqun və qarşılıqlı səfərlərin genişlənməsi üçün zəmin formalaşdırıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni müstəvidə davam etdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama, bir il sonra isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri ikitərəfli əlaqələrin yeni siyasi şəraitə uyğun inkişafına xidmət edib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlərin inkişafına xüsusi töhvə verib. Həmin səfər zamanı Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanat imzalandı. Birgə Bəyanatın imzalanması o demək idi ki, iki ölkə arasındakı münasibətlər artıq ayrı-ayrı sahələr üzrə epizodik təmaslarla kifayətlənmir. Tərəflər enerji, iqtisadiyyat, nəqliyyat, müdafiə sənayesi, təhsil və humanitar sahələrdə daha sistemli əməkdaşlıq qurmaq imkanına malikdirlər.

Azərbaycanın Cənub-Şərqi Asiya regionuna çıxışı

Vyetnamla münasibətlər Azərbaycanın fərqli regionlarla əlaqələrin inkişaf etdirilməsi siyasətində mühüm yer tutur. Cənub-Şərqi Asiya qlobal müstəvidə iqtisadi və siyasi çəkisi artan regionlardandır. Vyetnamla əlaqələrin gücləndirilməsi bu baxımdan Bakıya əlavə imkanlar qazandırır. Çünki söhbət təkcə ikitərəfli ticarətdən getmir. Azərbaycan bu ölkə ilə əməkdaşlıq vasitəsilə Cənub-Şərqi Asiyanın geniş iqtisadi məkanında mövqelərini möhkəmləndirə, regionun biznes dairələri ilə daha sıx əlaqələr qura bilər.

Vyetnamın da Azərbaycanla əməkdaşlıqda maraqlı olması təsadüfi deyil. Ölkə beynəlxalq ticarət əlaqələrini genişləndirməyə, ixrac istiqamətlərini artırmağa və yeni nəqliyyat marşrutlarından istifadə etməyə çalışır. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat sistemindəki mövqeyi bu baxımdan Hanoy üçün əhəmiyyətlidir.

Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlarda təmsil olunması siyasi dialoqun inkişafına da imkan verir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində qarşılıqlı təmaslar tərəflərin bir-birinin mövqelərini daha yaxından anlamasına şərait yaradır. Vyetnamın Azərbaycanın ərazi bütövlüyü məsələsində nümayiş etdirdiyi mövqe də ikitərəfli siyasi münasibətlərdə etimadın möhkəmlənməsinə xidmət edib. Bakı-Hanoy əməkdaşlığı Azərbaycanın Asiya istiqamətində diplomatik əlaqələrini genişləndirməklə yanaşı, beynəlxalq platformalarda tərəfdaşlıq imkanlarını da artırır.

Ticarət əlaqələri inkişaf edir

Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratsa da, mövcud göstəricilər bu sahədə hələ kifayət qədər istifadə olunmamış imkanların olduğunu göstərir.

2024-cü ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb. 2025-ci ildə isə bu göstərici 153,41 milyon dollar olub. Rəqəmlər ikitərəfli ticarətin həcminin dəyişkən olduğunu və onun daha dayanıqlı əsaslar üzərində qurulmasına ehtiyac duyulduğunu göstərir. Əsas məqamlardan biri ticarət əlaqələrinin məhsul və xidmətlər baxımından genişləndirilməsidir. Azərbaycanın Vyetnama ixrac etdiyi məhsulların çeşidinin artırılması, eyni zamanda Vyetnam istehsalçılarının Azərbaycan bazarında daha fəal iştirakı iqtisadi münasibətlərin davamlılığına müsbət təsir göstərə bilər. Xüsusilə kənd təsərrüfatı, qida sənayesi, kimya, emal sənayesi və müxtəlif istehlak məhsulları üzrə əməkdaşlıq imkanları araşdırılmalıdır. Bununla yanaşı, qarşılıqlı investisiyaların təşviqi və sahibkarların birbaşa əlaqələrinin genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

2025-ci ilin iyulunda Hanoyda Azərbaycan-Vyetnam Biznes Şurasının ilk iclasının və biznes forumunun keçirilməsi bu istiqamətdə atılmış addımlardandır. Belə platformalar dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələrinin də əməkdaşlıq prosesinə cəlb olunmasına imkan verir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın ROX Group şirkəti ilə tikinti, inkişaf və bərpaolunan enerji sahələrində memorandumların imzalanması da qarşılıqlı iqtisadi marağın artdığını göstərir.

Keçmişdən günümüzə qədər uzanan enerji əməkdaşlığı

Azərbaycan və Vyetnamı birləşdirən əsas iqtisadi istiqamətlərdən biri enerji sektorudur. Azərbaycanın neft-qaz sənayesindəki təcrübəsi Vyetnam üçün faydalı ola bilər. Eyni zamanda, Vyetnamın enerji sektorunda mövcud ehtiyacları və yeni investisiya layihələri Azərbaycan şirkətləri üçün əlavə fəaliyyət imkanları yaradır. 2025-ci ildə SOCAR ilə Vyetnamın milli neft-qaz şirkəti “PetroVietnam” arasında Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın institusional əsaslarını gücləndirib. Sənəd çərçivəsində kəşfiyyat, hasilat, texniki xidmət və kadr hazırlığı kimi sahələrdə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilir.

Bərpaolunan enerji və yeni texnologiyalar da Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən birinə çevrilə bilər. Azərbaycanın alternativ enerji mənbələrinin inkişafına yönəlmiş layihələri, Vyetnamın isə bu sahədəki iqtisadi imkanları qarşılıqlı investisiyalar üçün əlverişli zəmin yaradır. Günəş və külək elektrik stansiyaları, enerji infrastrukturunun modernləşdirilməsi və texnologiya mübadiləsi hər iki tərəfin maraqlarına cavab verə bilər.

Bakı və Hanoyu birləşdirən dəhlizlər

Azərbaycanın Vyetnamla əməkdaşlığında xüsusi əhəmiyyət daşıyan digər istiqamət nəqliyyat və logistika sektorudur. İlk baxışdan iki ölkə arasındakı böyük coğrafi məsafə iqtisadi əlaqələrin inkişafını çətinləşdirən amil kimi görünə bilər. Lakin Azərbaycanın beynəlxalq tranzit imkanları bu məsafənin yaratdığı məhdudiyyətləri müəyyən qədər aradan qaldıra bilər.

Vyetnamın istehsal etdiyi sənaye və istehlak məhsullarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycan üzərindən keçən marşrutlar alternativ imkanlar təqdim edir. Xüsusilə Orta Dəhlizin inkişafı bu istiqamətdə yeni perspektivlər yaradır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərindəki iştirakı ölkəmizi beynəlxalq yükdaşımalar sisteminin mühüm iştirakçılarından birinə çevirib. Vyetnamla bu sahədə əlaqələrin genişlənməsi isə tranzit potensialının yeni iqtisadi tərəfdaşlarla birləşdirilməsi deməkdir.

2026-cı ilin ilk doqquz ayında Vyetnamla əlaqəli tranzit yüklərinin Azərbaycan ərazisindən daşınması əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8,3 min tona yüksəlib. Gələcəkdə birbaşa hava əlaqələrinin yaradılması, logistika xidmətlərinin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi də iqtisadi münasibətlərin intensivləşməsinə kömək edə bilər.

Humanitar əlaqələr

Azərbaycan-Vyetnam münasibətləri humanitar bağlr üzərindən də qurulub. SSRİ dövründə 5 minə yaxın vyetnamlının Azərbaycanda ali təhsil alması bu əlaqələrin mühüm tarixi səhifələrindən biridir. Həmin şəxslərin bir çoxu sonradan Vyetnamda müxtəlif dövlət vəzifələrində, iqtisadiyyat, elm və digər sahələrdə çalışaraq iki ölkə arasında əlaqələrin qorunmasına töhfə veriblər. Bu gün həmin məzunların fəaliyyəti Bakı ilə Hanoy arasında humanitar münasibətlərin inkişafı üçün əlavə imkan yaradır.

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər də Azərbaycanın bu ölkə ilə münasibətlərində humanitar diplomatiyaya verdiyi önəmi göstərir. Təhsil müəssisələrinin tikintisi və təhsil layihələrinə göstərilən dəstək iki xalq arasında qarşılıqlı rəğbətin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Vyetnam arasında çoxşaxəli əlaqələr qurulub. Prezident İlham Əliyevin Vyetnama səfəri də münasibətlərin növbəti inkişaf mərhələsi üçün mühüm siyasi zəmin yaradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm