İlham Əliyev görüləcək işlərlə bağlı dəqiq mesajlar ötürdü - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev görüləcək işlərlə bağlı dəqiq mesajlar ötürdü - ŞƏRH

“Gənclər siyasətinin xüsusi istiqamət kimi götürülməsi strateji seçimdir”.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, ölkə başçısının Kürdəmirə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin açılış mərasimindəki nitqi demək olar ki, ölkənin bugünkü iqtisadi, daxili və xarici siyasəti ilə bağlı rəy yaradan çıxış idi: “Növbəti mərhələdə Azərbaycanın bəzi istiqamətlərdə görəcəyi işlərlə bağlı dəqiq mesajlar aldıq. Xüsusilə də həyata keçirilən islahatlar və onun nəticələri ilə bağlı aydın təsəvvür formalaşdı. Hər halda bütün hallarda bunu görülən işlərin yekunu və qarşıda duran vəzifələrin konkret müəyyənləşdirilməsi baxımından əhəmiyyətli sayıram”.

A.Quliyev ASAN xidmət modelinin üstünlüklərindən də danışıb: “Bu idarəçilik və xidmət formasının populyarlaşmasının kökündə bir amil dayanır. Bu da ondan ibarətdir ki, ASAN xidmət modeli cəmiyyətin ürəyincədir. Xidmət forması vətəndaşları vaxt və resurs itkisindən demək olar ki, xilas etdi. ASAN xidmət xüsusilə də gəncləri mütərəqqi proseslərə cəlb etməyin ən səmərəli forması, eyni zamanda cəmiyyət və dövlət orqanları arasında ünsiyyətin tamamilə yeni və mütərəqqi bir formasıdır. Xidmət modelinin gətirdiyi mütərəqqi təzahürlərdən biri də könüllülər dəstəsinin artmasıdır. Könüllülər özlərini artıq bir neçə müstəvidə fəal göstəriblər. Hərəkat içərisindən zaman-zaman istedadlı və işə daha çox bağlanan gənclərin seçilməsi, irəliyə çəkilməsi öz effektini verir”.

Gənclər siyasətindən danışan baş redaktor qeyd edib ki, bu siyasətin xüsusi istiqamət kimi götürülməsi strateji seçimdir: “Xüsusilə də dövlət idarəçiliyində, biznes və başqa sahələrdə gənclərin rolunun artırılması yönündə atılan addımlar da fikrimcə, əhəmiyyətlidir və dövlətimizin maraqlarına cavab verir”.

Aydın Quliyev seçkilərlə bağlı prosesi isə belə təhlil edib: “Beynəlxalq müşahidəçilərin seçki ilə bağlı rəylərində pozitiv istiqamətdə olan dəyişikliklər təqdirəlayiqdir. Əgər bu günə qədər qərəzli mövqedə olanlar artıq müsbət rəylər verirlərsə, bu, ölkəmizin nailiyyətidir. Diqqətimi çəkən ən mühüm məsələ cənab Prezidentin pozuntulara yol vermiş şəxslərin cəzalandırılması ilə bağlı səsləndirdiyi fikirlərdir. Bu, olduqca əhəmiyyətlidir. Pozuntuların arxasında müxtəlif subyektlər dayanır. Yəni, namizədlərin bir-birinə qarşı apardığı “qara piar”ın gedişindən meydana çıxan pozuntular ola bilər. Yaxud da ki, ümumən seçkinin nəticələri ilə bağlı cəmiyyətdə şübhə oyatmaq istəyən müəyyən maraqlı siyasi qüvvələrin də əli ilə belə pozuntular həyata keçirilə bilər. Bunun arxasında duranların cəzalandırılması həm baş verən prosesin obyektiv mahiyyətinin üzə çıxarılması üçün əhəmiyyətlidir, həm də gələcəkdə belə hadisələrin baş verməməsi baxımından cəmiyyətə çox önəmli mesajdır”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm